Azərbaycanın regional müttəfiqlik təklifi - Cənubi Qafqaz Evi - ŞƏRH

Azərbaycanın regional müttəfiqlik təklifi - Cənubi Qafqaz Evi - ŞƏRH Son bir əsrdə Azərbaycan, Gürcüstan və Ermənistanın taleyinin bir-birinə bağlı olduğu sübuta yetirilib. Bu ölkələrdən birini o birinə xəyanət hər üçü üçün faciə ilə nəticələnib. 1918-ci ilin martın ermənilərin azərbaycanlılara qarşı soyqırımı Cənubi Qafqa
Analitika
30 Oktyabr , 2023 15:24
Azərbaycanın regional müttəfiqlik təklifi - Cənubi Qafqaz Evi - ŞƏRH

Son bir əsrdə Azərbaycan, Gürcüstan və Ermənistanın taleyinin bir-birinə bağlı olduğu sübuta yetirilib. Bu ölkələrdən birinin o birinə xəyanəti hər biri üçün faciə ilə nəticələnib. 1918-ci ilin martında ermənilərin azərbaycanlılara qarşı soyqırımı Zaqafqaziya seyminin süqutuna səbəb olub. Qeyd edək ki, Zaqafqaziya Demokratik Federativ Respublikası 1918-ci il aprelin 22-dən mayın 26-dək mövcud olub. Həmin dövrdə Gürcüstan hakimiyyəti də Ermənistanın, ermənilərin azərbaycanlılara qarşı soyqırımının qarşısını almaqda acizlik göstərib.

1918-ci il mayın 26 və 28-də yaradılan müstəqil respublikaların ömrü isə çox sürmədi. Bolşevik Rusiyası Cənubi Qafqazı işğal etdi. Yerində Zaqafqaziya Sovet Sosialist Federativ Respublikasını qurdu.

Cümhuriyyət dövründə və ondan əvvəl Azərbaycan “Qafqaz Evi”nin yaradılması təşəbbüsü ilə çıxış edib. Hətta Azərbaycan Xalq Cümhuriyyətinin mühacirətdə olan üzvləri Gürcüstandan olan həmkarları ilə birlikdə bu ideyanı reallaşdırmağa çalışıb. Ancaq tarix, reallıq və hadisələr “Qafqaz Evi”nin belə tezliklə qurulmasının mümkünsüzlüyünü sübut edib.

Bu ideya növbəti dəfə SSRİ dağılandan sonra, 1990-cı illərin əvvəlində yenidən gündəmə gəlsə də bir sıra səbəblərdən reallaşması mümkün olmadı.

Hazırda isə Azərbaycan, Gürcüstan və Ermənistanın birlikdə "Cənubi Qafqaz Evi" yaratması üçün şərait və şərtlər daha uyğundur.

Rəsmi Bakı belə bir təşəbbüslə çıxış edir. Azərbaycan Prezidenti İlham Əliyev 2022-ci ildə Gürcüstana səfəri zamanı məsələni siyasi gündəmə gətirib. O qeyd edib ki, Bakı ilə İrəvan arasında sülh əldə olunacağı təqdirdə Cənubi Qafqazda sülh bərqərar olacaq və əməkdaşlıq üçün imkanlar yaranacaq. Dövlət başçısı 3 respublika arasında bu istiqamətdə məsləhətləşmələrin başlanması ilə bağlı fikir mübadiləsi aparıldığını vurğulayaraq rəsmi Bakının bu prosesə hazır olduğunu da açıqlamışdı. Azərbaycan Prezidenti, əslində, regionda sülh olacağı halda faktiki olaraq "Qafqaz Evi" ideyasının reallaşmasının mümkünlüyündən bəhs edib.

Dövlət başçısı bu il oktyabrın 8-də Gürcüstana növbəti səfəri zamanı da Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasının regionda tamamilə yeni vəziyyət yaradacağını, Cənubi Qafqaz ölkələrinin əməkdaşlığa üçtərəfli formatda başlaya biləcəklərini vurğulamaqla yanaşı, həm də bu normallaşma prosesində Gürcüstanın vasitəçiliyi məsələsini də qeyd etmişdi.

Prezident bununla regional əməkdaşlıq, Ermənistanla münasibətlərin normallaşması üçün kənar qüvvələrə ehtiyac olmadığına da işarə edib. Yəni rəsmi Bakı, Tbilisi və İrəvan öz aralarında olan problemləri birinin vasitəçiliyi ilə həll edə bilərlər. Onsuz da Azərbaycanla Ermənistan arasında diplomatik vasitəçiliyi Gürcüstan həyata keçirir. Bu, o deməkdir ki, hər iki tərəf rəsmi Tbilisiyə daha çox etibar edir.

Regiondan kənar vasitəçilər 30 ildən artıqdır Azərbaycanla Ermənistan arasındakı münasibətlərin tənzimlənməsinə heç bir əməli töhfə verə bilmir. Çünki onlar bir qayda olaraq regional maraqlarını da vasitəçilik zamanı qabardırlar. Bu halda bölgə dövlətlərinin talelərini özlərinin həll etməsi daha məntiqi və real olar.

Odur ki, Azərbaycan Prezidentinin bu mesajı həm də Gürcüstanın üzərinə vasitəçi missiyasının qoyulmasıdır.

Rəsmi Bakının sülh təklifi və onun ətrafında cərəyan edən hadisələrlə bağlı təşəbbüsləri hələ də Ermənistan tərəfdən qaneedici şəkildə dəyərləndirilmir.

Hadisələr dəfələrlə isbatlayıb ki, Cənubi Qafqazın taleyi birmənalı olaraq Azərbaycan, Gürcüstan və Ermənistandan asılıdır. Bu üç ölkədən birinə və ya hər üçünə havadarlıq etmək istəyənlər regiona fəlakət gətirib.

Odur ki, yüz ildən artıq yaşı olan "Qafqaz Evi" ideyası üçün regionda sülhün təmin edilməsi vacib, başlıca məsələdir. Sülh həm də Cənubi Qafqaz ölkələrinin öz aralarında problemləri razılaşdırması deməkdir. Çünki bunun həyata keçməsinə bir qayda olaraq regiondan kənar qüvvələr öz işğalçılıq siyasəti və təcavüzkar davranışı ilə mane olublar. Nəticədə hər üç respublika çox ciddi problemlərlə üzləşib, milli dövlətçiliyini və ya suverenliyini itirib.

Azərbaycan Cənubi Qafqazın problemlərinin region çərçivəsində həllinə tərəfdardır. Ölkəmiz Gürcüstanın vasitəçilik təşəbbüsünü irəli sürməklə yeni əməkdaşlıq formatı üçün etimad mühitinin yaranmasını təklif edir. Rəsmi Bakı Cənubi Qafqaz ölkələri arasında yeni əməkdaşlıq formatının yaradılmasını, bunun ümumilikdə bölgənin inkişafına xidmət edəcəyini bəyan edir. Bu, həm də regional əməkdaşlıq, təhlükəsizliyin təmin edilməsi, müttəfiqliyin yaranması deməkdir.

Azərbaycan Prezidentinin tapşırığına uyğun olaraq 2023-cü il oktyabrın 25-də Baş nazir Əli Əsədovun Gürcüstana səfəri cənab Prezidentin bəyan etdiyi üçtərəfli format konsepsiyası çərçivəsində baş tutmuşdu. Əli Əsədov, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili və Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüşün bir neçə saat davam etməsi perspektivdə yeni görüşlərin keçiriləcəyinə ümidi artırır.

"Cənubi Qafqaz Evi" ideyasının reallaşması üçün tarixi fürsət yaranıb. Azərbaycan və Gürcüstan strateji müttəfiq, dost və tərəfdaşdır. Hər iki dövlət çətin günlərində bir-birinə dəstək olub. Gürcüstan ərazisində azərbaycanlıların varlığı, Azərbaycan ərazisində gürcülərin yaşaması bu iki dövləti biri-birinə daha da yaxın edir. Bu kimi amillər qarşılıqlı etimadın olduğunu da sübut edir.

Beləliklə, Prezident İlham Əliyevin irəli sürdüyü proqram çərçivəsində əməkdaşlıq Cənubi Qafqazda yeni mühit yarada, yeni iqtisadi layihələrin icrasına yol aça bilər. Bu, region ölkələrinin inteqrasiya olunmuş modelinin yaranmasını da şərtləndirər. Azərbaycanla Gürcüstan arasında iqtisadi, nəqliyyat və s. istiqamətdə bir sıra layihələr icra olunur, yenilərinin də reallaşacağı gözlənilir. Bu, iki ölkə arasında etimadın, biri-birinə sayğının və xoşniyyətli münasibətin nəticəsidir. Qarışıq dünyada Cənubi Qafqazda etimad mühitinin yaranması, sülh, əməkdaşlıq, təhlükəsizliyin təmin edilməsi bölgəni bir çox fəsadlardan qoruya bilər. Odur ki, Ermənistan da havadarlarına arxalanaraq regional təhlükəsizliyi təhdid etməkdən, sürətlə silahlanmaqdan, əsassız ərazi iddiaları ilə çıxış etməkdən, pozuculuqdan və s. bu kimi davranışlardan əl çəkərsə, yeni regional modelin tərkib hissəsi ola bilər. Bu, həm də Ermənistan dövlətinin gələcəyi üçün vacibdir. Çünki "Cənubi Qafqaz evi" beynəlxalq aləmdə təhlükəsizliyin təmininə və əməkdaşlığa örnək ola bilər. Bu, Mərkəzi Asiyanı da regiona yaxınlaşdırar.

Son xəbərlər

Orphus sistemi