Məzmuna keç

yük

Wiktionary saytından

azərbaycanca: yük

Mənalar :

  1. Daşınmaq, aparılmaq üçün hər cür şey, daşınmalı olan mal və s. Yükü boşaltmaq. Heyvanın dalına yük çatmaq. – Ağ dəvə düzdə qaldı; Yükü Təbrizdə qaldı; Oğlanı dərd apardı; Dərmanı qızda qaldı. (Bayatı). _Yük heyvanı – yük daşıyan heyvan. // İçində şey olan torba, kisə, yeşik və s. Yükləri bir yerə yığmaq. // Eyni mənada saylarla. [Heydər bəy:] Heç kəs qorxudan gedib gətirə bilmir. Məgər handa bir rəşid və qoçaq adam cürət edib bir yük, iki yük çıxarda bilər. M.F.Axundzadə. O ki qaldı danışığımız, cümlətani bir yük buğda olmuşdur. S.Rəhimov. // Ağır şey; ağırlıq. Bu bir yükdür ki. Yük maşını – ağır şeylər (yük) daşımaq üçün böyük avtomobil. Bahadır çayçı dükanının qabağında bir-iki yük maşınına yaxınlaşdı. S.Rəhman. Yük vurmaq – yük yükləmək. Paroxoda yük vurmaq.
  2. Səliqə ilə üst-üstə yığılmış yorğan-döşək, xalça-palaz. Bu zaman bir quş alaçığın ağzından ildırım kimi şığıyıb yükün altına soxuldu. A.Şaiq. Bütün avadanlıq evin yuxarı tərəfinə yığılıb, üstünə köhnə palaz çəkilmiş yoxsul bir yükdən ibarət idi. İ.Əfəndiyev. // Yük yığılan, camaxatan. Yorğan-döşək yükdədir. Yükdən bir yorğan götürdü. – Kilim, gəbə yükdədi; Gözlərim gədikdədi; Dönüb geri baxsana; Sevdiyin yar dikdədi. (Bayatı). _ Yük sandığı – üzərinə yük yığmaq üçün iri sandıq. İki dəst yorğan-döşək, nazbalış, iki yük sandığı, bir neçə mücrü, taxçalara qoyulası mücrülərin altına gümüşdən məmul zirəndazlar tədarük görüləcəkdir. R.Əfəndiyev. Yük yeri – yük yığmaq üçün divarda açılan yer, şkaf.
  3. məc. Ağır vəzifə, məsuliyyətli iş; məsuliyyət. Mən bu yükü öhdəmə götürə bilmərəm. Bu yükün altından çıxmaq çətin olacaqdır. – Rüstəm kişi, doğrudan da, yükünün ağır olduğunu hiss etdi. M.İbrahimov. // məc. Yorucu, əziyyətli, sıxıcı iş; qayğı, sıxıntı, ağırlıq. Bu da bizə bir yük oldu. Bu yükün altından məni qurtar. – Gülsümün yükü və dərd-qəmi gündən-günə artmaqda idi. Ə.Haqverdiyev.
  4. fiz. Hər hansı bir cisimdə olan elektrikin miqdarı. Müsbət yük.

Tərcümələr Dünya xalqlarının dillərində

[redaktə]

Ural-Altay dil ailəsi: Türk qrupu

[redaktə]

türkcə: yük azərbaycanca: yük