Şiş tərəfi ilə bir yerə sancılmaq, girmək, soxulmaq (ucu iti şeylər haqqında). Ayağıma mıx batdı. Barmağıma iynə batdı. – Tikan olub ayağa batınca, gül ol yaxaya sancıl. (Ata. sözü). // məc. Batan kimi, girən kimi hiss olunmaq; sancmaq. Gözümə elə bil bir şey batır. Qulağıma sanki bir şey batıb. – Müctəhidzadənin bu sözləri sanki iynə olub ürəyimə batdı. M.S.Ordubadi.
Suyun dibinə dalmaq, cummaq, düşmək. Suya batıb çıxmaq. Dalğıc suya batıb gözdən itdi. Ağac sudan yüngül olduğu üçün batmır. Vedrə suyun dibinə batdı. // Qərq olmaq, suda boğulmaq. Barkas tufana düşdü və dərhal batdı. Balıqçıların hamısını qurtardılar, amma balıqları batdı. // Yapışan, özlü, qəliz, qatı bir şeyin içinə girib çıxmamaq. Araba getmədi əsla qabağa; Deyəsən batmış idi bir batağa. A.Səhhət. // məc. dan. Bir şeyin həddindən artıq çoxluğunu göstərir. İşin içində batmaq. Kağızların içində batmışam, çıxa bilmirəm. Borca batmaq.
Örtülmək, bir şeyin altında, yaxud arasında qalıb görünməmək, görünməz hala gəlmək, itmək. Taxıl o qədər hündürdür ki, adam arasında batır. Xırda daxmalar meşənin içində batıb gedir. – Yaylaq deyib ellər dağa köçəndə; Gül-çiçəyə tamam batar o dağlar. H.K.Sanılı. Bütün kainat qar altında batmış kimi idi. Mir Cəlal. Dağüstü şəhəri qaranlıq içində batıb gedirdi. S.Rəhimov.
Qürub etmək, gözdən itmək. Gün batdı. – [Dost] sənə cavab vermədən əvvəl səndən soruşur ki, günəş saat neçədə batır. M.F.Axundzadə. Axşamdır, gün batmış, şəfəq saralmış; Çölə zülmət çökmüş, hava qaralmış. A.Səhhət. Günəş artıq batmaq üzrə idi. S.Rəhman.
Məhv olmaq, zay olmaq, puç olmaq, heçə çıxmaq, hədər getmək, yox olmaq. Bütün qoyduğum əmək batdı. Bütün günüm batdı. Onun bütün pulları batdı. // Əldən çıxmaq, itmək. [Zibeydə:] Ağa Həsənə getməsən, bilirsənmi ki, altmış min tümən batar? M.F.Axundzadə. [Nəcəf bəy:] Nə vaxt sənin məndə iki quruşun batıbdır ki, gənə batsın. Ə.Haqverdiyev. // İflas etmək, müflis olmaq, heç bir şeyi qalmamaq. // məc. Ölmək, qırılmaq, tələf olmaq, məhv olmaq. Bütün mal-qara batdı. – [Ocaqqulu:] Sən öl, Vəliyulla, ev yiyəsinə qalsa, adam acından batar. S.Rəhimov.
Yox olmaq, yerlə bir olmaq, məhv olmaq. Zəlzələdən bütün şəhər batdı. – .. İnqilab günlərində qarışqa yuvası kimi qaynaşan küçələr indi zəlzələdən batmış kimi susub durmuşdur. M.S.Ordubadi.
Çökmək, çuxura düşmək. Ordları batmaq. Gözləri batmaq. – Pinəçi [Səriyyə xalaya] ordları batmış, yarpaq kimi saralmış və arıqlamış Ayazı və Niyazı göstərdi. M.İbrahimov.
Əsəri, izi, nişanəsi qalmamaq, yox olub getmək. Adı batmaq. İzi batmaq.
Bulaşmaq, bulanmaq. Palçığa batmaq. Kağız mürəkkəbə batıbdır. – Üstüm-başım qana və qanlı torpağa batmışdı. M.S.Ordubadi. [Qəhrəman] alınan, bölünən və göndərilmək üçün bağlanan dərs kitablarının tozuna batır. S.Rəhimov. // Başdan-başa örtülmək, basmaq. Cütçü batıb qan-tərə, yer şumlayır; Şumladığı torpaqları tumlayır. M.Ə.Sabir.
Tutulmaq. Səsi batmaq. Qulağı batmaq.
məc. dan. Qalib gəlmək, üstün gəlmək, gücü çatmaq. Hətta nikolaylara batan olubsa da, fazillərin sözünü danışmağa bir kimsə cürət eləməyib. C.Məmmədquluzadə. _ Bata bilməmək – qalib (üstün) gələ bilməmək, gücü çatmamaq. Xanın adamları həramilərə bata bilmədi. (Nağıl). Qoşun nə qədər hər tərəfdən hücum etdisə, dəlilərə bata bilmədi. “Koroğlu”. [Bədəl:] Bizə bu dağların arasında heç bir qüvvət bata bilməz. Ə.Haqverdiyev.
məc. Təsir etmək. Bu uşaqlara heç bir söz batmır. – Neyləyəsən, xalqa sözün batmadı; Hiylələrin bir kəsi aldatmadı. M.Ə.Sabir.
Bir sıra isimlərə qoşularaq, mürəkkəb feillər və müxtəlif ifadələr düzəldilir; məs.: ağlına batmaq, beyninə batmaq, günaha batmaq. ◊ Batıb çıxmaq – gah görünmək, gah yox olmaq. Axşam buludlar arasında batıb çıxan ayın işığında on altı atlı .. arana doğru enməyə başladı. Çəmənzəminli. Batıb qalmaq məc. – çıxa bilməmək, tamamilə ilişib qalmaq, çıxılmaz vəziyyətə düşmək.