Zərflik

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Zərflik — cümlənin ikinci dərəcəli üzvü. Zərflik hərəkətin icrasını və ya əlamətin meydana çıxmasını müxtəlif cəhətdən izah edir.[1] Zərflik əksərən feili xəbərə, az hallarda isə ismi xəbərə aid olur.

Zərflik cümlədə əsasən feili xəbərə, həmçinin adlarla, xüsusilə, sifətlərlə ifadə olunan ismi xəbərə aid olub, hərəkət və əlamətin icra və meydana çıxma tərzini, zamanını, yerini, kəmiyyətini, səbəbini, məqsədini, şərtini, dərəcəsini və s. bildirən II dərəcəli cümlə üzvüdür.[2]

Zərflik əsasən feili xəbərə, bəzən də ismi xəbərə aid olur. Məs: Elə danış ki, maraqlı olsun.(Tərzi-hərəkət zərfliyi)

Zərfliklər haraya? necə? nə qədər? nə üçün? nə məqsədlə? və s. suallara cavab verir.

Cümlədə yeri

[redaktə | mənbəni redaktə et]

Zərflik xəbər zonasına aid olduğu üçün, adətən mübtəda ilə xəbər arasında yerləşir. Zərfliyin əksər növləri bu tələbə cavab versə də, bəzi növləri xüsusən , zaman, yer, qarşılaşdırma zərflikləri daha çox cümlənin əvvəlinə meyil edir.

İfadə vasitələri

[redaktə | mənbəni redaktə et]

Zərflik əksərən zərflərlə – tərzi-hərəkət, zaman, yer, miqdar zərfləri ilə ifadə olunur. Məsələn: Səkinə xala sakitcə çəkilib getdi.

Zərflik yer və zaman mənalı isimlər, feli bağlamalar, qoşmaların artırıldığı isim və məsdərlər, sual əvəzlikləri və s. ifadə olunur.

Mürəkkəb zərfliklər ismi və feli birləşmələrlə ifadə olunur. Məs: Onlar dərsi danışmadan 4 aldılar.

Zərflik quruluşca sadə və mürəkkəb olur. Sadə zərfliklər bir vahidlə, yəni sadə, düzəltmə və mürəkkəb sözlərlə ifadə olunur. Mürəkkəb zərfliklər feili bağlama, feili sifət və məsdər tərkibləri, III, II növ təyini söz birləşmələri ilə (bəzən I növ təyini söz birləşmələri ilə) ifadə olunur.

Məna növləri

[redaktə | mənbəni redaktə et]

Zərfliyin aşağıdakı məna növləri vardır:

  • Tərzi-hərəkət zərfliyi;
  • Zaman zərfliyi;
  • Yer zərfliyi;
  • Kəmiyyət zərfliyi;
  • Səbəb zərfliyi;
  • Məqsəd zərfliyi;
  • Dərəcə zərfliyi;
  • Qarşılıq-güzəşt zərfliyi;

Tərzi-hərəkət zərfliyi

[redaktə | mənbəni redaktə et]

İşin, hərəkətin icra tərzini, vəziyyətini bildirir. Necə?, nə cür?, nə tərzdə?, nə vəziyyətdə? suallarından birinə cavab olur. Tərzi-hərəkət zərfləri, feili bağlama, feili bağlama tərkibləri, qoşmalı isimlər, sual əvəzlikləri, qoşmalı frazeoloji vahidlərlə ifadə oluna bilirlər. Məsələn, Qatar yavaş-yavaş stansiyaya yaxınlaşırdı; Sevda onu ürək ağrısı ilə xatırlayırdı; O, əlini qoynuna qoyub dənizə tamaşa edirdi; O, qırğı kimi irəli cumdu; O, anasıtək gözəl idi.[1][2]

Tərzi-hərəkət zərfliklərinin bir sıra məna növləri vardır. İşin, hərəkətin keyfiyyətini bildirən tərzi-hərəkət zərflikləri, müqayisə bildirən tərzi-hərəkət zərflikləri, hal-vəziyyəti əks etdirən zərfliklər.[2]

İşin, hərəkətin keyiyyətini bildirən tərzi-hərəkət zərfliyi sifətlə, zərf kimi dərk olunan sözlərlə və frazeoloji vahidlərlə ifadə oluna bilir.

Müqayisə bildirən tərzi-hərəkət zərflikləri də işin, hərəkətin icra tərzini bildirir. Lakin bunların məzmununda bir obrazlılıq, bənzətmə olur. Müqayisə bildirən tərzi-hərəkət zərfliyi kimi, qədər, tək, təki və s. qoşmanın artırıldığı söz və birləşmələrlə ifadə olunur.

Tərzi-hərəkət zərfliyinin bir qismi işin, hərəkətin icra tərzini bildirməklə yanaşı, iş görənin özünün də hal-vəziyyətini əks etdirir.

Zaman zərfliyi

[redaktə | mənbəni redaktə et]

İşin, hərəktin və eyni zamanda əlamətin müəyyən bir zamanla bağlı olduğunu bildirir: nə vaxt? nə vaxtadək? və s. kimi suallardan birinə cavab verir. Zaman zərfliyinin ifadə vasitələri aşağıdakılardır:

  1. Zaman zərfliyi ilk növbədə sadə, düzəltmə, mürəkkəb zaman zərfi ilə ifadə olunur. Məsələn: Sabah uşaqların müəlliməsini qonaq çağırmaq istəyirəm.
  2. Zaman mənalı isimlər: Mən Azərlə uşaqlıqdan tanış idim.
  3. Zaman mənalı qoşmalar (Məsələn: əvvəl, sonra, qabaq, bəri və s.) bir sıra söz və birləşmələrə qoşularaq zaman zərfliyi vəzifəsində çıxış edir: Pələng hücumdan qabaq nərə çəkər
  4. Təyini söz birləşmələri. I növ təyini söz birləşmələrinin tərəfləri, adətən ayrı-ayrılıqda cümlə üzvləri olur. Lakin tərəflərdən biri, xüsusilə ikincisi çox zaman semantik cəhətdən zəifləyir. Bu zaman tərəflər bir-birindən ayrılmır və nəticədə birlikdə zaman zərfliyi kimi çıxış edir: Sən yaman gündə öz ilqarından ayrı düşmə. II və III növ təyini söz birləşmələri də zaman zərfliyi kimi çıxış edirlər. Əriyir yaz günü güzeydki qar.
  5. Feili bağlama və feili bağlama tərkibləri: Səhər məni yola salanda camaatın qarşısında ağlasan səndən inciyərəm.
  6. Bəzən sonu an, vaxt, zaman sözləri ilə bitən feili-sifət tərkibi də cümlədə zaman zərfliyi olur. Məktəbdə oxuduğu vaxt qış və yay tətillərində yoldaşları ilə şəhərə həmin bu kəsə cığırla gedib gələrdi.

Məna növləri : Zaman zərfliyinin bir qismi ümumi zaman məzmununa malik olur: Qəm çəkə, Musa dayı, dünya həmişə belə qalmaz. İşin çıxış, başlanğıc zamanını bildirib haçandan? sualına cavab verir: Binadan, başdan qanun belədir.İşin qurtaracaq zamanını bildirir: Ordan bura gəlincə bir az ömür qazandım. İşin həm başlanğıcını, həm də qurtaracq zamanını bildirir: Səhərdən axşama qədər külək məni vurmasa, gecələr rahat yuxum gəlməz.

İşin, hərəkətin, hadisənin yerini bildirir. Hara? haraya? harada? haradan? suallarına cavab verir.

Yer zərfliyinin ifadə vasitəsi:

Yer zərfləri ilə : Aşağıda, deyəsən, pişik var.

Məkan bildirən isimlərlə : Bu gün məktəbdə tədbir olmalıdır.

Şəxs əvəzliyi ilə : Sabah bizə gedək.

II növ ismi birləşmələrlə : Dəniz qırağında böyük bir bayraq var.

III növ ismi birləşmələrlə : Yolun kənarında ağac var.

  1. 1 2 DİM "Azərbaycan dili", ŞƏRQ-QƏRB 2019, səh. 223–225
  2. 1 2 3 Buludxan Xəlilov "Müasir Azərbaycan dili (sintaksis), BAKI-2017