Xocəsən
Xocəsən | |
---|---|
40°24′47″ şm. e. 49°46′20″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 30 m |
Saat qurşağı | |
Xocəsən[1] — Azərbaycan Respublikasının Binəqədi rayonunun inzibati ərazi vahidində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Bakı şəhərinin Binəqədi rayonunun Xocəsən şəhər tipli qəsəbəsi Biləcəri qəsəbə inzibati-ərazi vahidi tərkibindən ayrılaraq, bu şəhər tipli qəsəbə mərkəz olmaqla Xocəsən qəsəbə inzibati-ərazi vahidi yaradılmışdır.[2]
Tarixi
[redaktə | mənbəni redaktə et]Xocasən qəsəbəsinin adı tarixdə ilk dəfə V–VI əsrlərdə çəkilmişdir. Qədim İpək Yolunun üstündə yerləşən bu kənd bəzi mənbələrdə Xoca Həsən, bəzilərində isə Hacı Həsən kimi səsləndirilmişdir.[3]
Tarixi mənbələrdə qeyd olunur ki, bu kənd XVII əsrdə yaşamış zəmanəsinin tanınmış taciri Xoca Həsənin şərəfinə belə adlandırılmışdı. Tarixçi Sara Aşurbəyli bu kəndin adını "Xocasən" kimi qeyd edib və bunun mənasını ərəblərin dövründə vergi yığan məntəqə kimi göstərib. Qədim İpək yolunun üstündə yerləşən kəndin arxa hissəsi Qobu dağları, ön hissəsi Kiçik və Böyük Daş adlanan dağlarla əhatə olunub. Kənddə üç qəbilə olub: Yarəhmədlilər (Dağıstandan gələnlər); çobanlar (qara Siyəzəndən gələnlər); hamamçılar (Qubadan gələnlər).
Bu kənddə 3 ovdan (su yığıb saxlamaq üçün qurulan yeraltı hovuz) yerləşir. Onlardan biri-Ortalığ adlanan ovdan öz varlığını qoruya bilməsə də digər iki ovdan-Hökməli yolunun üstündə yerləşən Hökməli ovdanı və Hacı Rəsul Ovdanı hal hazırda kəndin ərazisində öz varlığını qoruyub saxlayıb. Kənddən təxminən min metr şimalda (indiki "Pepsi" zavodu yaxınlığında) qədim Şah Abbas karvansarası olub. Bu karvansara 1947-ci ilədək hərbi hissə kimi istifadə olunub. Hərbi hissə oradan köçürüləndən sonra sovet ordusu tərəfindən dinamit qoyularaq partladılıb. Kəndin qədim məscidi də var. Ancaq məscid təmirsiz vəziyyətdədir.[4]
Müxtəlif vaxtlarda kənd və qəsəbə kimi gah ayrıca inzibati ərazi vahidi, gah da Biləcəri qəsəbə inzibati ərazi dairəsinin tərkibində mövcud olmuşdur.
İnzibati ərazi dairəsinə Xocəsən və Sulutəpə qəsəbələri daxildir. Qəsəbələr hal-hazırda tam bir-biri ilə birləşmiş və faktiki olaraq bir qəsəbə olmuşdur.
Xocəsən qəsəbəsinin ərazisi 18 kv. km olmaqla rayon mərkəzindən 9 km məsafədə yerləşir. Hər iki qəsəbədə birlikdə qeydiyyatda olan əhalinin sayı 21800 nəfər, faktiki isə 50 000 nəfərdən çoxdur.
Qəsəbədə 3 orta məktəb (103, 217, 313 saylı), 1 uşaq bağçası (328 saylı), 1 səhiyyə müəssisəsi, qəsəbə klubu və 1 kitabxana, 10-a yaxın sənaye müəssisəsi fəaliyyət göstərir. Eyni zamanda “Stend Atıcılığı İdman Komleksi” və Bakı Beynəlxalq Avtovağzalıda qəsəbə ərazisində yerləşir.
Qəsəbə ərazisində fəaliyyət göstərən müəssisələrdən sərinləşdirici içkilər istehsalı ilə məşğul olan "Pepsi-cola", "Coca-Cola", "Lider Cola", "Aqua-vita" müəssisələri var.
Qəsəbə ərazisində Böyük Vətən müharibəsində həlak olmuş xocəsənlilərin xatirəsinə inşa edilmiş abidə kompleksi mövcuddur.
Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Xocəsən qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi 1999-cu ildə yaradılmış, işçilərinin sayı 5 nəfərdir.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Xocasən, Xocəsən, yoxsa Xocahəsən?". 2022-10-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-11.
- ↑ "Azərbaycan Respublikasının bəzi rayonlarının inzibati-ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı". 2022-06-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-22.
- ↑ "Arxivlənmiş surət". 2022-03-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-05-08.
- ↑ "Xocasəndə yerləşən baxımsız ovdandan FOTOREPORTAJ". 2022-10-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-11.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Bakının bir hissəsini Xocəsənə köçürəcəklər Arxivləşdirilib 2010-08-07 at the Wayback Machine
- http://www.binegedi-ih.gov.az/az/page/165.html
Həmçinin bax
[redaktə | mənbəni redaktə et] Bakı şəhəri haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |