Varlıq və zaman
Varlıq və zaman | |
---|---|
alm. Sein und Zeit | |
Müəllif | Martin Haydeqqer |
Orijinalın dili | alman dili |
Ölkə | |
Orijinalın nəşr ili | 1927 |
Varlıq və zaman (alm. Sein und Zeit) — alman filosof Martin Haydeggerin varlıq anlayışından bəhs etdiyi ən mühüm əsəri. “Varlıq və zaman” 1927-ci ildə nəşr olunduğu andan etibarən dünya miqyasında intellektual hadisəyə çevrilmiş və qitə fəlsəfəsində XX əsrin əlamətdar əsərlərindən biri kimi tanınmışdır. Kitab XX əsr fəlsəfəsinə, xüsusən də ekzistensializm, hermenevtika və dekonstruksiyaya əhəmiyyətli təsir göstərmişdir.
“Varlıq və zaman”ın yazılmasına təsir edən səbəblər arasında Haydeggerin sələfi olan iki alman filosofunun əsərləri var idi. Birinci əsər Frans Brentano tərəfindən Aristotelə görə varlığın mənası, ikincisi isə Edmund Husserlin "Məntiqi araşdırmalar" əsəridir. Brentano əsəri Husserlin fəlsəfəsinə əhəmiyyətli təsir göstərmişdir, o da öz növbəsində Haydeggerin müəllimi olmuş və onun işi sonuncunun maqnum əsərinə ilham vermişdi. “Aristotelə görə varlığın mənası” Haydeggeri varlıq məsələsini öyrənməyə ruhlandırdı və yaradıcısı Edmund Husserl hesab edilən fenomenoloji metod, Haydeggerin varlıq məsələsini həll etməyə çalışdığı üsuldur.
Məzmunu
[redaktə | mənbəni redaktə et]Haydegger öz traktatının ilk fəsillərində Platonun varlığın mənası məsələsini yeniləmək lazım olduğu fikrini izləyir. O deyir ki, “varlıq” ən ümumi anlayışdır, lakin eyni zamanda insanlar üçün heç də başa düşülən deyil. İkincisi, “varlıq” anlayışını dəqiq müəyyənləşdirmək mümkün deyil, lakin biz onun mənası nədir sualına cavab verməkdən də imtina edə bilmərik. Üçüncüsü, insanlar ekzistensial məfhumlarla əhatə olunmasına baxmayaraq, bu, varlığın mənasının aydın olması anlamına gəlmir. Beləliklə, Haydegger iddia edir ki, varlıq və onun mənası məsələsinə yenidən nəzər salmaq lazımdır. Daha sonra filosof öz əsərində “Varlıq”, “Zaman”, “Dasein”, “Hermenevtika”, “Ekzistensializm” və s. kimi anlayışları təsvir edir[1].
Haydegger üçün varlıq məsələsi onun əsərinin əsasını təşkil edirdi. Onun fikrincə, varlıq məsələsinin inkişafı müəyyən bir mövcudatın onun varlığında işıqlandırılmasıdır. Mövcudatlar olmadan varlıq da ola bilməz, onlar bir-biri ilə sıx bağlıdır. Varlıq həmişə mövcudatların varlığıdır. Üstəlik, varlıq ancaq zamanın üfüqündə dərk edilə bilər. Dasein Haydeggerin yaradıcılığının əsas anlayışlarından biridir. Onun fikrincə, Dasein varlığı sorğulamaq qabiliyyətinə malik bir mövcudatdır. Bu anlayışın mənası müvəqqətilikdir. Yəni yalnız insan öz faniliyini, varlığın müvəqqətiliyini dərk edə bilər ki, öz varlığını da dərk edə bilsin. Dasein ekzistensiya ilə müəyyən edilir. Beləliklə, Haydeggerə görə, ekzistensiallıq mövcud olan varlıqların bir növ quruluşudur[1].
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 "Хайдеггер Мартин Бытие и время". www.odinblago.ru. 2018-06-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-04.