Vəl
Vəl — Azərbaycanın etnoqrafik bölgələrində geniş yayılmış universal döyüm aləti. Vəl ağır və möhkəm oduncaqlı ağacdan, əsasən, palıddan düzəldilirdi. Yerli iqlim şəraitindən, taxıl növünün bəlimindən və qoşqu qüvvəsindən asılı olaraq, vəlin tay və qoşa olmaqla, quruluşca iki növünə təsadüf olunurdu.
Vəl taylarının uzunluğu təxminən 1,5–1,7 m-ə qədər, eni 60–70 sm, qalınlığı isə 7–8 sm olurdu. Döyüm prosesini sürətləndirmək və məhsuldar etmək üçün vəlin işlək alt hissəsində açılmış gəzlərə xırda daş parçaları pərçimlənirdi. Bəzən bu daşları xırda metal parçaları ilə də əvəz edirdilər. Bu isə döyüm prosesini xeyli tezləşdirməyə imkan verirdi.
Vəlin qabaq hissəsi bir qədər yuxarıya doğru qatlanmış vəziyyətdə düzəldilirdi. Bunun sayəsində vəlin xırmanda hərəkəti nizama salınır və küləşin topalanıb bir yerə yığılmasının qarşısı alınırdı. Vəlin qabaq hissəsində "vəlbənd" adlanan düzbucaqlı formalı xüsusi çıxıntı düzəldilirdi. Vəli boyunduruğa qoşmaq üçün vəlbəndin kənarlarında kərt açılırdı. Vəlbəndə keçirilən ip və ya zəncir vasitəsilə vəl boyunduruğa birləşdirilirdi.
Vələ, adətən, tək at və ya bir boyun öküz qoşulardı. Taxıl döyümündə vaxtilə daş vəldən də istifadə olunmuşdur. Daş vəl, əsasən, bazalt daşından hazırlanırdı. Onun uzunluğu təxminən 70–80 sm, eni 50–60 sm, qalınlığı 18–20 sm, ağırlığı isə 70–80 kq-a qədər olurdu.10 Əsasən, dağavar bölgələrdə işlənən daş vəlin girdə növünə də təsadüf olunurdu. Qabırğalı formada yonulmuş girdə vəli hərəkət etdirmək üçün onun hər iki başında oyuq açılırdı. Daş vəlin ağac çərçivəsinin ox rolunu oynayan çıxıntıları həmin oyuqlara keçiriləndən sonra o, boyunduruq və ya gərdənbəndə qoşulurdu.[1]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Əkinçilik alətləri". 2021-10-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-04-15.