Unuqay

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Unuqay
Unuqayın yolçuların gözünə ən çox göründüyü forma — ağ keçi
Unuqayın yolçuların gözünə ən çox göründüyü forma — ağ keçi
Yaşadığı yer Qəbiristanlıq ətrafı ərazilər
Sehrli gücləri Ayaqların uzanması,
güclü bədən,
xəstəlik yayma (kəkələmə, axsama)
Zəif cəhətləri İynə-sancaq,
dindarlıq
Əsas formaları
Məlumat
Növü Tanrı
Dönərgə
Cinsi Erkək

Unuqay və ya Hal anasının keçi dönərgəsiAzərbaycan mifologiyasında bədheybət. Atlıların və arabaçıların qarşısına keçi formasında çıxaraq onları aldadır və uzun müddət davam edəcək tibbi qüsurlara (kəkələmə, axsama) səbəb olur. Hal anası kimi iynə-sancaqdan qorxur.

Unuqay qəbiristanlıq ətrafı ərazilərdə görülür. O, əsasən axşamüstü, qaranlıq çökərkən insanların rastına çıxır. Unuqay çox zaman yoldan keçən atlıya və ya arabalı yolçuya sahibi olmayan keçi kimi görünür. Yolçu keçinin bədheybət olduğunu bildikdən sonra onun ayaqları uzanmağa başlayır. Ayaqlarının uzanması ilə birlikdə Unuqayın gücü də artır. Mətnlərin, demək olar ki, hamısında hava işıqlanmağa başlayanda bədheybət qəbiristanlığın kənarına çatır və özü arabadan düşüb qəbiristanlığa girir. Araba sahibinin isə dili tutulur, açılandan sonra isə onda nitq qüsuru olaraq kəkələmə qalır.[1]

Mətnlərin bir hissəsində sahibsiz keçini görən atlı onu tərkinə alır. Bir qədər yol getdikdən sonra isə canına istilənmə gələn keçinin ayaqları uzanır və atın üstündə adam kimi oturub atlını sıxır. Sıxılmağa başlayan atlı tapdığının Unuqay olduğunu başa düşür. Bu mətnlərdə çox ağır və güclü təsəvvür edilən bədheybət atlını xəstələndirir və o, sağalandan sonra axsamağa başlayır.[1]

Unuqay Hal anası ilə oxşar şəkildə ata minib ona əziyyət verir, Halın qadın dönərgəsi kimi iynədən, sancaqdan qorxur. Buna görə də Unuqayı tutmaq üçün iynə və sancaq taxıb işlətmək olar. Mifoloji mətnlərə görə Hal anasını zəiflətmək üçün iynənin qadının 64 paltarına sancıldığı haldan fərqli olaraq, Unuqayda iynənin sancılacağı zəif yerlər boyun və bel damarıdır.[1]

Nadir mətnlərdə Unuqay cinlərlə bağlı hekayələrdə olduğu kimi adamları aldadıb onları qəbiristanlığın içinə aparır və ya hamilə qadın yatarkən onun üstünə çıxıb uşağı tələf edir.[1]

Yayıldığı yerlər

[redaktə | mənbəni redaktə et]

Şəkinin Göynük kəndlərində (Aşağı GöynükBaş Göynük) Unuqay mifoloji qəhrəmanına tez-tez rast gəlinir. Burada Unuqayla bağlı 16 mətn qeydə alınmışdır. Halın keçi dönərgəsi ilə bağlı inancların azərbaycanlıların yaşadığı digər bölgələrdə vaxtilə mövcud olduğu düşünülsə də, Qaraqoyunlu mahalına aid bir nümunə istisna olmaqla mifoloji mətnlərdə buna rast gəlinmir. "Əlinə bərkcə dəydimi?" mətnində keçi dönərgəsi nə Unuqay, nə də başqa adla adlandırılmır.[1]

Unuqayda görülən ətraf üzvlərin uzanması xüsusiyyəti Naxçıvanın Sədərək rayonunda qeydə alınmış Çıntırqayış (Kəndirqayış) bədheybətində də vardır. Unuqayın rast gəldiyi yolçuya namaz üstündə doğulmasını deməsi ("Səni ananı namaz üstə doğufdu, ayağım yerə çatardı, sən gününə baxardın") motivi isə "Əjdahaya çevrilən uşaq" mifində və Dərələyəz fokloruna aid bir mifoloji mətndə qeydə alınmışdır.[1]

Al anası. Əzim Əzimzadə, 1939
  • Hal anası. Pislik ilahəsi.
    • Hal anasının keçi dönərgəsi. Şəki və Qaraqoyunlu mətnlərində rast gəlinir.
      • Unuqay/Maşşax/Kafdar. Şəki mətnlərində keçi dönərgəsinə verilən əsas ad Unuqaydır. Digər istifadə olunan ad olan Maşşax göynüklülər tərəfindən gözlərinin rəngi göy olan insanlara da deyilir.[2]
        • Heyvan forması. Erkək keçi, oğlaq formasındadır. Keçinin rəngi mifoloji mətnlərin çoxunda ağ, yalnız bircə mətndə qaradır.
        • Əsas forma. Keçinin ayaqlarının uzanması, bədənin güclənməsi, atın üstündə insan şəklində oturması ilə ortaya çıxır.
        • Nənəqay. Adı keçən mətn olmasa da, Unuqayın variantı hesab edilir. Şəkidə geniş istifadə edilən bu ad paltarı səliqə ilə geyinməyən qadınlara verilir.[1]
  1. 1 2 3 4 5 6 7 Süleymanova, 2012. səh. 60-64
  2. Şəki folklor örnəkləri. II kitab. Bakı, "Elm və təhsil", 2014, 408 səh.
  • Ləman Vaqif qızı Süleymanova. Şəki folklor mühiti, Bakı, 2012. – 248 səh.