Tayson Gey (ing.Tyson Gay) — ABŞ atleti. Osakada keçirilən 2007 Yüngül Atletika üzrə Dünya Çempionatında 100 metr, 200 metr və 4 x 100 metr bayraq yarışında qızıl medal qazanmışdır. 22 iyun 2007-də Amerika çempionatında 100 metri 9,84 saniyəyə qaçaraq ilin ən yaxşı dərəcəsini əldə etmişdir. Daha sonra avqust ayında həmin məsafəni dünya çempionatında 9,85 saniyəyə qaçmış və dünya rekordçusu Asafa Paueli keçməyi bacararaq ilk dünya çempionluğunu qazanmışdır. Dörd gün sonra 200 metri 19,76 saniyəyə qaçaraq bu kateqoriyada da dünya çempionluğunu əldə etmişdir. 4 x 100 metr yarışında ABŞ komandası ilə birlikdə daha bir qızıl medal qazanaraq Marita Koç, Karl Lüis, Maykl Conson, Moris Qrin və Ellison Feliks ilə birlikdə bir dünya çempionatında üç qızıl medal birdən qazanma müvəffəqiyyətini əldə edən atletlərdən biri olmuşdur. 16 avqust 2009-da Berlində təşkil edilən 2009 Yüngül Atletika üzrə Dünya Çempionatının finalında 100 metri 9,71 saniyəyə qaçaraq yarışı Useyn Boltun gerisində, 2-ci bitirməsinə baxmayaraq tarixin ən yaxşı 3-cü dərəcəsini əldə etmiş və ABŞ rekordunu qırmışdır.