Tarixi-Qızılbaşan

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Tarixi-Qızılbaşan
fars. تاریخ قزلباشان
Müəllif Anonim
Janr Tarixi
Mövzu Qaraqoyunlu, Ağqoyunlu və Səfəvilər dövlətində fəal rol oynamış türkmən tayfaları və bəyləri haqqında məlumat
Orijinalın dili Farsca
Ölkə Səfəvilər dövləti
Orijinalın nəşr ili 1605-ci il

Qızılbaşlar tarixi, Tarixi-Qızılbaşan[1] (fars. تاریخ قزلباشان‎) — anonim müəllif tərəfindən qələmə alınan Səfəvi dövründən bəhs edən tarixi qaynaq. Əsərdə Qaraqoyunlu, AğqoyunluSəfəvilər dövlətində fəal rol oynamış türkmən tayfaları və bəyləri haqqında məlumat verilir.

Müəllifi məlum olmayan, "Tarixi-Qızılbaşan" adlı bu əsər 1599–1605-ci illər arasında yazılmışdır. Mövzu ilə bağlı tədqiqat aparan Babək Cavanşir bunun səbəbini belə izah edir:[2]

  1. Müəllif əsərin bir yerində yazır: "1598–1599-cu illərdə Şah Abbasın Xorasanı özbəklərdən xilas etdiyində Hüseyn Sultan Əfşarın tiyulu olan Fərah və İsfizar da o həzrətə tapşırıldı."
  2. Nüsxənin yazılma tarixi 1604-cü ilə təsadüf edir. Bu da əsərin bu tarixdən əvvəl yazıldığını göstərir.
  3. Əsərdə 1592-1593-cü ildə Sadlı boyundan Zülfüqar xandan bəhs olunur və qeyd edilir ki, hal-hazırda vəzifədədir. Zülfüqar xan 1609-cu ildə öldürülüb. Bu o deməkdir ki, əsər bu tarixdən öncə tamamlanıb.

Əsər Səfəvi dövlət idarəsində və orduda xidmət etmiş Qızılbaş tayfalarının və mühüm əmirlərin qısa tərcümeyi-hallarına həsr edilmişdir. Bundan əlavə, türkmən tayfaları AğqoyunluQaraqoyunlu dövlətləri ilə də əlaqələndirilir və onların qısa xülasəsi verilir. Kitaba bəzi kürd və lor tayfaları da daxil edilmiş və lorlar haqqında iki rəvayət nəql edilmişdir.

Əsərin müəllifi haqqında orta əsr mənbələrdə hər hansı bir məlumata rast gəlinmir. Kitabın məqsədi Qızılbaş tayfaları haqqında məlumat vermək olduğu üçün bəzi tarixçilər əsərin Qızılbaş türkmən bir şəxs tərəfindən qələmə alındığını düşünürlər. Bundan başqa, əsərin ehtiva etdiyi məlumatların genişliyi və əhatəliliyinə görə müəllifin Səfəvi saray Divanında çalışan vəzifəli şəxslərdən biri olduğu da ehtimal olunur. Əsərdəki məlumatların Şah Abbasın katiblərindən biri olan İsgəndər bəy Münşinin 1629-cu ildə tamamladığı "Tarixi-aləmarayi-Abbasi" əsəri ilə bənzərlik göstərməsi də bu ehtimalı qüvvətləndirir.[3] İsgəndər bəy Münşi öz əsərini "Tarixi-Qızılbaşan"dan sonra yazmışdır. İsgəndər bəy öz əsərində Səfəvi şahlarından danışarkən, Şah İsmayıldan "Xaqani-Süleyman şan", Şah I Təhmasibdən "Şahi Cənnətyeri", Şah Məhəmməd Xüdabəndədən "Nəvvabı İskəndər şan", Şah I Abbasdan isə "Həzrəti Əla" və "Şahı Zilullah" kimi bəhs etmişdir. Bu ifadələrə biz məhz "Tarixi-Qızılbaşan" əsərində də rast gəlirik. Bundan başqa "Tarixi-Qızılbaşan" kitabında Qızılbaş tayfaları haqqında məlumatlara İsgəndər bəy Türkmənin əsərində daha əhatəli şəkildə rast gəlinir. Hər halda isgəndər bəy Münşinin əsəri müqayisə edilməyəcək qədər geniş olsa da, əsəri yazarkən anonim müəllifin adı keçən əsərindən bəhrələndiyi güman edilir.[3]

Əsərin müəllifi kitabın heç bir yerində adını çəkməsə də, əsərin sonunda "...bu məzlumun "Əhsənüt-təvarix"ində deyildiyi kimi...” deyir. Aparılan tədqiqatlara baxmayaraq, müəllif və onun digər əsəri olan "Əhsənüt-təvarix" haqqında bu günə qədər heç bir məlumata rast gəlinməyib.[4]

Əsərdə bəhs olunan tayfalar

[redaktə | mənbəni redaktə et]

Sağ cinahda yerləşən tayfalar

[redaktə | mənbəni redaktə et]

Bu hissədə Səfəvi dövründə dövlət idarə və təşkilatlarında mühüm vəzifələr tutan tayfa başçıları və əmirlərdən bəhs olunur.

Şamlı tayfası — Əsərdə Şamlı tayfasının Hələb, Ədirnə, Tərsüs və digər Şam şəhərləri ətrafında yaşadıqları qeyd olunub. Müəllif yazır ki, onlar Şanlı Səfəvi xanədanının müridləridirlər və Şah İsmayıl dövründə bütün oymaqlardan böyük idilər. Daha sonra bu tayfaya mənsub Hüseyn bəy Lələ, Abdin bəy Sərutərcan, Durmuş xan Şamlı, onun qardaşı Hüseyn xan Şamlı, Zeynal xan, Ağzıvar xan, Zeynəddin Sultan, Vəli Xəlifə, Əliqulu xan, Hüseyn xan, Nəcəfqulu xan kimi şəxslərin adları çəkilir.[5]

Rumlu tayfası — Bu tayfa Tokat, Sivas, Amasya, Farava, Məşhədvali və başqa Rum şəhərlərində yaşayır. Ən böyük əmirləri Cahanşahdır. Bir digər əmir isə Hüseyn bəydir.[6][7]

Ağacəri tayfası — Əli bəy Cahanşah dövründə böyük əmir idi.[8][9]

Bayramlı tayfası — Cahanşah dövrünün məşhur əmiri Şahəli bəy bu tayfaya mənsubdur. Daha sonra bu tayfadan Şahsuvar bəyin adı çəkilir.[10][9]

Əkrəmi tayfası — Bu tayfa 24 qoldan ibarətdir.[11][9]

Ördəkli tayfası — Bu tayfadan heç kəs əmirlik etməyib.[11][9]

Qaracarlu tayfası — Bu tayfadan da heç kəs əmirlik etməyib.[11][9]

Ağqoyunlu tayfaları
[redaktə | mənbəni redaktə et]

Əsərin bu hissəsində ağqoyunlulardan Bayanduri qövmi kimi bəhs olunur. Daha sonra Ağqoyunlu şahlarının adları və onlar haqqında qısa məlumat verilir.

Bayanduri tayfası — Əsərdə qeyd olunur ki, bu tayfanın böyük əmiri Bayandur bəy ibn Rüstəm bəy ibn Murad bəy ibn Qara Osmandır. Daha sonra Eybə Sultan, Əbülfəth bəy, Murad bəy haqqında məlumat verilir.[12][13]

Mosullu tayfası — Burada Əmir bəyin Həsən şah dövründə əmir əl-üməra olduğu bildirilir. Daha sonra onun qohumu Sufi Xəlil, Əmir xan, Zülfüqar bəy ibn Noxud Sultan, Əmir xan ibn Məhəmmədi bəy, Məhəmməd xan, Heydər Sultan və Sultan Məsum xanın adı çəkilir.[14][13]

Pornak tayfası — Bu tayfanın böyük əmiri Şahəli bəydir. Tayfaya mənsub digər şəxslərdən — Mənsur bəy, Mürtəzaqulu xan, Barik bəy, Həsən bəy Şəkəroğlu, Mürtəzaqulu xan, Pirbudaq xanın adı çəkilir.[15][16]

Şeyxavənd tayfası — Onlar Həzrət Sultan Şeyx Səfi əl-həqq və-d-dinin nəslindəndirlər. Böyük əmirləri Məsub bəy Səfəvidir. Bir digər əmirləri Zeynaləbidin bəydir.[17][18]

Çəpni tayfası — Bu tayfa Trabzon ətrafındakı Yuxarı Canik və Aşağı Canikdəndir. Onlar Oğuz xanın oğlu Gün xanın nəslindəndirlər. Burada Şahəli Sultan və Məhəmməd bəy Cəlaloğlu haqqında məlumatlar var.[19][18]

Bayat və Bozçalu tayfası — Bu tayfa Oğuz xanın oğlu Gün xanın övladlarındandır. Bu tayfada böyük əmirlər az olmuşdur. Onlardan Süleyman bəy, Hacı Üveys, Seyf bəy, Şahverdi Sultan, Uğurlu Sultan, Məhəmməd Sultan haqqında məlumat verilir.[20][18]

Ərəbgirlu tayfası — Onlar Ərəbgir vilayətinin Çimişgəzək mahalındandır. Şah İsmayıl dövründə onların arasında böyük əmir olmayıb.[21][22]

Xınıslı tayfası — Bu tayfa Xınıs, Tərcan və Qarahisardandır. Böyük əmirləri Ərzincan valisi Həsən bəy Eyqutoğlu idi. Onların böyük əmirlərindən Div Sultan Şah İsmayıl dövründə Bəlx hakimi, daha sonra əmir əl-üməra olub. Şah Təhmasibi taxta çıxarıb. Digər əmirlərdən Əmir Sultan, Zəif Yusifin oğlu Sufiyan Xəlifə, Nurəli Xəlifə, Süleyman Sultan, Şirvan valisi Aras Sultan, Yusifcan Sultan haqqında məlumat verilir.[21][22]

Təkəli tayfası — Bu tayfa Məntəşa eli, Aydın eli, Sərxan eli, Həmid eli, Kermiyan və Ədasya diyarındandır və bu vilayətlərə bir yerdə Təkə eli deyirlər. Tayfanın mötəbər əmiri Yekan bəy Şah İsmayılın dövründə böyük əmir imiş. Digər bir əmir Çuhə Sultan Div Sultanın ölümündən sonra əmir əl-üməra olub. Daha sonra Çuhə Sultanın ölümü barədə hadisə danışılır. Haqqında məlumat verilən digər əmirlər bunlardır: Azərbaycan hakimi Uləma bəy, Məhəmməd bəy Şərəfəddinoğlu, Çərkəs Həsənin oğlu Qazi xan, Burun Sultan, Əli Sultan.[23][24]

Türkman tayfaları
[redaktə | mənbəni redaktə et]

Bu hissədə qeyd edilir ki, türkman tayfaları iki qola ayrılır: Qaraqoyunlu və Ağqoyunlu[25][26]

Qaraqoyunlu tayfaları
[redaktə | mənbəni redaktə et]

Burada Qaraqoyunlu dövləti həmçinin dövlət başçıları haqqında qısa məlumata yer verilib.

Alpaut tayfası — Bu tayfanın böyük əmiri Pir Məhəmməd bəydir. Bir digər böyük əmirləri Rüstəm bəy Təvaçi, Pir Məhəmməd Sani, Qaraxan bəy, Sərxan bəy, Məhmad bəyin adları çəkilir.[27][28]

Baharlı tayfası — Onların böyük əmiri Əliəşkər bəydir. Onun övladları Pirəli bəy, yarəli bəy, Bayram bəy də böyük əmirlərdəndir. Bu tayfaya mənsub digər əmirlər — Şahvəli bəy, Bayram xan.[27][29]

Cagirli tayfası — Böyük əmiri Əmir Bəstamdır. Bu tayfaya mənsub digər əmirlər - Əbülfəth bəy, Ömər bəy, Əli bəy. [30][31]

Bu hissədə haqqında məlumat verilən digər tayfalar bunlardır — Qaramanlu tayfası, Sədli tayfası, Hacılı tayfası, Bayburtlu tayfası, Varsaq tayfası, Evoğlu tayfası, Qaracadağlı tayfası.[32]''[33]

Kürd tayfaları haqqında
[redaktə | mənbəni redaktə et]

Bu bölmədə kürd tayfalarından qısaca məlumat verilir. Sultan Səlahəddin Yusif ibn Nəcməddin Əyyub və Misir, Şam və Yəməndə 100 ilə yaxın hakimiyyətdə olmuş Əyyubilər haqqında danışılır.[34][35]

Lur tayfaları haqqında
[redaktə | mənbəni redaktə et]

"Tarixi-Qızılbaşan" əsərinin Lurlar haqqında olan bu bölməsində yazılır:[36][37]

" Luristan təxminən 300-cü ildə o diyarın hakimi olmuş iki qardaşın adı ilə iki hissəyə bölünmüşdür: Bədr – Böyük Lurun valisi, Mənsur – Kiçik Lurun valisi. Uzun müddət Luristanın hakimliyi onların əlində idi. Onların böyük padşahı Nəsirüddövlə ibn Mərvan; əlli iki il Cəzirə və Diyarbəkrdə sultanlıq etmiş və 453-cü ildə vəfat etmişdir. Ondan sonra övladları Nəsr, Səid və Mənsur o diyarda hakimlik etmişlər. "

Sol cinahda yerləşən tayfalar

[redaktə | mənbəni redaktə et]

Ustaclı tayfası — Onlar öz köçləri ilə Ərzincan yaxınlığında Şah İsmayıla qoşulublar.

Xan Məhəmməd Ustaclı 7 il Şah İsmayılın adından Diyarbəkr hakimi olub. Çaldıran döyüşündə həlak olub. Qara xan Ustaclı Diyarbəkr əmir əl-ümərası, Çayan Sultan isə I Şah İsmayılın əmir əl-ümərası idi.[10] Bu tayfaya mənsub haqqında məlumat verilən digər şəxslər — Köpək Sultan, Abdulla xan (Şah İsmayılın bacısı oğlu), Məntəşa Sultan, Bədr xan, Şahqulu Sultan (Çayan Sultanın qardaşı oğlu), Şahəli Sultan (Çayan Sultanın qardaşı oğlu), Sədrəddin xan, Əhməd Sultan Sufioğlu, Şahqulu Sultan Yekan.[38][39]

Əsərdə Şah Təhmasibin vəfatından sonra bu tayfadan hakim olan digər əmirlərin siyahısı verilir:[40][41]

" Piri bəy Rey hakimi idi. Məhəmməd Sultan Çuxursəd əmir əl-ümərası idi. Məntəşa Sultanın oğlu Temir xan Sistan hakimi idi. Vəli bəy Xorasan mahallarından birində idi. Hüseyn bəy Yüzbaşı sarayda idi. Allahqulu Sultan və İbrahim bəy Xorasanın bəzi mahallarına hakim idilər. Pirqulu bəy də Xorasanda idi. Mahmud bəy Nişaburda idi. Çıraq Sultan və Mustafa bəy Xoy şəhərində idilər. Şahqulu Sultan Yekanın oğlanları Mürşüdqulu Sultan və İbrahim Sultan Xorasanda istiqlal bayrağı ucaltdılar. "

Zülqədr tayfası — Burada qeyd edilir ki, bu tayfa Əlbistan və Mərəşdə yaşayır və özlərinin müstəqil padşahları olub. Məsələn, Məlik Aslan, Nəsirəddin, Süleyman və Əlaüddövlə. Daha sonra bu tayfaya mənsub Şiraz hakimlərinin siyahısı verilir. Adı çəkilən digər əmirlər — Məhəmməd xan Zülqədroğlu, Şahqulu Xəlifə, Şahrux xan, Ümmət xan, Əli xan, Yaqub xan, Nədir xan.[42][41]

Əfşar tayfası — Səfəvi imperiyasının xidmətində olan əfşarlar, Ağqoyunlu dövründən İran və Anadoluda yaşayıblar.[42] Əfşarlar Ağqoyunlu ordusunda da əhəmiyyətli gücə malik idilər. Əsərdə adı çəkilən bir qismi Şamdan gələn qruplar Şimali İraqda Məmlük dövlətinin xidmətində olan qruplardan ayrılıb Səfəvi dövlətinin quruluşunda iştirak ediblər. Əfşar sözünün mənası ovda çevik olan kimi açıqlanır. Daha sonra Atabəy Məhəmməd Cahan Pəhləvan dövründə, Ağqoyunlu dönəmində və Səfəvi dövlətində vəzifəli bir sıra Əfşar əmirlərinin adları çəkilir.[43] Onlara misal olaraq, Danə bəy Şah İsmayıl dövründə böyük əmr idi. Şahqulu Sultan isə Kirman hakimi, Sevindik bəy qorçibaşı olub Şah Təhmasibin yaxın adamlarından imiş. Burada Təhmasibin vəfatı zamanı hakim olan əmirlərin adları verilib:[44]

" Qulu Sultan — Kerman hakimi, Xəlil xan — Kuhkiluye hakimi, Hüseyn Sultan — Fərah hakimi, Xosrov bəy, Şahəli bəy və Əliyar bəy — Xorasan mahallarında, Həmzə bəy — Azərbaycanda və Məhəmməd bəy Farsda idi. "

Bu hissədə Şah Abbas dövründə hakim vəzifə tutan Əfşar əmirlərinin də adları verilib.[44]

Qacar tayfası - Bu tayfa Gəncə və Bərdə də məskunlaşıb bir qismi isə Şamdan gəlib.[45] Kitabda adı çəkilən Piri bəy Şah İsmayılın atası Şeyx Heydərin Şirvanşahlarla döyüşdüyü son döyüşdə iştirak edib. Əsərdə Qudurmuş xan ləqəbli Dəracə Sultan kimi bəhs olunan şəxsin əsl adı Əcə Sultandır. I Muradı öldürdüyü üçün bu ləqəbi almışdır. Digər bir şəxs Sultan Ziyadoğludur. Ziyadoğlu ailəsi Şah Təhmasib dövründə Gəncə və Qarabağ bəylərbəyində hakim idilər. Şah Təhmasibin vəfatı zamanı xidmətdə olan əmirlər bunlardır:[46][47]

“Yusif Xəlifə Gəncə hakimi idi . Mirza Əli Sultan orduda idi. Qubad bəy Xorasanda idi. Hüseyn bəy Şirvanda idi. Süleyman bəy paytaxt Qəzvində idi.”

Nüsxə və nəşrləri

[redaktə | mənbəni redaktə et]

Əsərin elm aləminə məlum olan yeganə nüsxəsi Tehranda Məlik Milli Kitabxanasında yerləşir Nüsxənin yazılış tarixi hicri 1013-cü il (m. 1604–1605) kimi qeyd edilib. Əsər nəstəliq xətti ilə qələmə alınıb. 155 vərəqdən ibarətdir və hər səhifədə 9 sətir yerləşir. Nüsxə oxunaqlı yazı ilə yazılıb, səhv və qüsurlara çox az rast gəlinir. Müəllif əsəri hər hansı bir şah və ya səlahiyyətli şəxsə təqdim etməyib. Buna baxmayaraq kitabın əvvəlində Şah İsmayılın mədhinə yer verilib. "Tarixi-Qızılbaşan" əsəri 1982-ci ildə ilk dəfə Mir Həşim Mühəddis tərəfindən nəşrə hazırlanıb. Daha sonra 1993-cü ildə Bakıda M.Ə. Məhəmmədi tərəfindən Azərbaycan türkcəsinə tərcümə edilərək əlavə şərhlərlə nəşr edilib. Kitab 2015-ci ildə Tufan Gündüz tərəfindən türk dilinə tərcümə olunub.[2]

  1. Məhəmmədi, 1993. səh. 3
  2. 1 2 Cavanşir, 2007. səh. 25
  3. 1 2 Gündüz, 2015. səh. 14
  4. Cavanşir, 2007. səh. 24
  5. Aydoğmuşoğlu, 2014. səh. 94
  6. Gündüz, 2015. səh. 27
  7. Məhəmmədi, 1993. səh. 8
  8. Aydoğmuşoğlu, 2014. səh. 95
  9. 1 2 3 4 5 Məhəmmədi, 1993. səh. 9
  10. 1 2 Aydoğmuşoğlu, 2014. səh. 96
  11. 1 2 3 Gündüz, 2015. səh. 28
  12. Gündüz, 2015. səh. 41
  13. 1 2 Məhəmmədi, 1993. səh. 14
  14. Gündüz, 2015. səh. 42
  15. Gündüz, 2015. səh. 43
  16. Məhəmmədi, 1993. səh. 15
  17. Gündüz, 2015. səh. 45
  18. 1 2 3 Məhəmmədi, 1993. səh. 16
  19. Gündüz, 2015. səh. 46
  20. Gündüz, 2015. səh. 47
  21. 1 2 Gündüz, 2015. səh. 48
  22. 1 2 Məhəmmədi, 1993. səh. 17
  23. Gündüz, 2015. səh. 51
  24. Məhəmmədi, 1993. səh. 18
  25. Gündüz, 2015. səh. 55
  26. Məhəmmədi, 1993. səh. 20
  27. 1 2 Gündüz, 2015. səh. 63
  28. Məhəmmədi, 1993. səh. 23
  29. Məhəmmədi, 1993. səh. 24
  30. Gündüz, 2015. səh. 64
  31. Məhəmmədi, 1993. səh. 25
  32. Gündüz, 2015. səh. 65-69
  33. Məhəmmədi, 1993. səh. 25-27
  34. Gündüz, 2015. səh. 69
  35. Məhəmmədi, 1993. səh. 27
  36. Gündüz, 2015. səh. 71
  37. Məhəmmədi, 1993. səh. 28
  38. Gündüz, 2015. səh. 75
  39. Məhəmmədi, 1993. səh. 29
  40. Gündüz, 2015. səh. 79
  41. 1 2 Məhəmmədi, 1993. səh. 31
  42. 1 2 Aydoğmuşoğlu, 2014. səh. 97
  43. Gündüz, 2015. səh. 84
  44. 1 2 Məhəmmədi, 1993. səh. 33
  45. Aydoğmuşoğlu, 2014. səh. 98
  46. Gündüz, 2015. səh. 93
  47. Məhəmmədi, 1993. səh. 36
  • M. Ə. Məhəmmədi. Qızılbaşlar tarixi. Bakı: Azərbaycan nəşriyyatı. 1993. səh. 48.
  • Tufan Gündüz. Tarih-i Kızılbaşan. İstanbul: Yeditepe Yayınevi. T.C. Kültür ve Turizm Bakanlığı. 2015. səh. 134.
  • Cihat Aydoğmuşoğlu. Tarih-i Kızılbaşan adlı anonim esere göre Safevi Çağı Türkmen Aşiretleri. 2. İstanbul. XI. Milli Türkoloji Kongresi bildirileri. 2014. səh. Aydoğmuşoğlu.
  • Babək Cavanşir. İRAN’DAKİ TÜRK BOYLARI ve BOY MENSUBU KİŞİLER (SAFEVÎ DÖNEMİ – I. ŞAH TAHMASB HÂKİMİYETİNİN SONUNA KADAR / 1576). İstanbul: T.C. Mimar Sinan Güzel Sanatlar Üniversitesi Sosyal Bilimler Enstitüsü Tarih Anabilim Dalı Ortaçağ Tarihi Programı. 2007. səh. 896.