Sarkoma
Sarkoma | |
---|---|
XBT-10-KM | C49 |
XBT-9-KM | 171.9[1], 171[1] |
XBT-O | 8800/3 |
MeSH | D012509 |
Vikianbarda əlaqəli mediafayllar |
Sarkoma[2] — bədxassəli şişdir, mezenximal (birləşdirici toxuma) mənşəli hüceyrələrdən yaranan xərçəng növüdür.[3] Birləşdirici toxuma sümük, qığırdaq, əzələ, yağ, damar və ya digər struktur toxumaları əhatə edən geniş bir termindir və sarkomalar bu toxumaların hər hansı birində yarana bilər.[3][4] Nəticədə, şişin yarandığı xüsusi toxuma və hüceyrə növünə görə təsnif edilən sarkomanın bir çox alt növləri var.[5]
Sarkomalar ilkin birləşdirici toxuma şişləridir, yəni birləşdirici toxumalarda yaranır.[6] Bu, bədənin başqa yerindən (məsələn, ağciyər, döş toxuması və ya prostat vəzi) xərçəngin birləşdirici toxumaya yayıldığı zaman meydana gələn ikincil (və ya "metastatik") birləşdirici toxuma şişlərindən fərqlidir.[7] Sarkomalar, yarandıqları hüceyrə növünə görə təsnif edilən beş fərqli xərçəng növündən biridir.[8] Sarkoma sözü yunanca σάρκωμα sözündən götürülmüşdür, 'ətli ifrazat və ya maddə' mənasını verir.[9][10]
Klassik xərçəngdən fərqli olaraq daha tez və qısa müddət ərzində inkişaf edir. Xüsusən də, uşaqlıqda birləşdirici və əzələ toxumalarının daha aktiv böyüməsi səbəbindən uşaqlarda daha tez-tez residivlərə səbəb olur. Ölüm sayına görə bədxassəli xəstəliklər arasında xərçəngdən sonra ikinci yeri tutur.[10]
Sarkomaların ümumi təsnifatı
[redaktə | mənbəni redaktə et]Sarkomaların aşağıdakı növləri ayırd edilir.
- Sərt toxumalarda baş verən sarkoma.
- Osteogen sarkoma.
- Parosteal sarcoma
- Yuinq sarkoması
- Xondrosarkoma
- Retikulosarkoma
- Yumşaq toxumalarda (əzələ, yağ və s.) əmələ gələn sarkoma.
- Alveolyar yumşaq toxuma sarkoması
- Angiosarkoma
- Sitosarkoma
- Hemangiosarkoma
- Bədxassəli lifli histiositoma
- Dermatofibrosarkoma
- Dəri sarkoması
- Daxili orqanların sarkomaları (ağciyərlər, yemək borusu, sidik kisəsi və s.)
- Mədə-bağırsaq stromal şişləri (GIST)
- Sinovial sarkoma
- Neyrogen sarkomalar
- Liposarkoma
- Limfosarkoma
- Kaposi sarkoması
- Leiomyosarkoma
- Limfangiosarkoma
- Neyrofibrosarkoma
- Fibrosarkoma
- Rabdomiyosarkoma
- Fərqlənməmiş pleomorfik sarkoma
- Epiteloid sarkomalar
Şişin diferensasiyası
[redaktə | mənbəni redaktə et]Hansı bədən toxumasında olmağından əlavə, sarkomalar inkişaf xüsusiyyətlərinə, inkişaf tezliyinə görə də bir-birindən fərqləndirilir. Bunlar aşağı, orta və ya yüksək dərəcəli sarkomalardır. Aşağı dərəcəli sarkomalar, adətən cərrahi yolla müalicə olunurlar. Bəzən radiasiya və kemoterapiyadan istifadə olunur. Orta və yüksək dərəcəli sarkomalar daha tez-tez cərrahiyyə, kimyaterapiya və ya radiasiya terapiyasının kombinasiyası ilə müalicə olunur. Yüksək dərəcəli şişlərin metastaz vermə ehtimalı daha yüksək olduğundan, belə sarkomalar daha aqressiv hesab olunur.[11] Bir çox sarkomanın kemoterapiyaya həssas olmasının kəşfi xəstələrin sağ qalma müddətini əhəmiyyətli dərəcədə yaxşılaşdırmışdır. Məsələn, kemoterapiyadan əvvəlki dövrdə lokallaşdırılmış osteosarkoması olan xəstələrin sağ qalma ehtimalı təxminən 20% idisə, indi bu nisbət 60-70% -ə yüksəlmişdir.[12]
Epidemiologiya
[redaktə | mənbəni redaktə et]Statistikaya görə sarkomalara olduqca nadir (bütün bədxassəli şişlərin 1% -i) rast gəlinir.[13] Lakin, sürətli invaziv böyüməsi və tez-tez əməliyyatdan sonrakı ağırlaşmalar (metastazlar və residivlər) səbəbindən xərçəng xəstələri arasında klassik xərçəngdən sonar ölüm nisbətinə görə 2-ci yeri tuturlar.
Sarkomalara hər yaş qrupundan olan insanlar arasında rast gəlinir. Sümük sarkomalarının təxminən 50%-i və yumşaq toxuma sarkomalarının 20% -i 35 yaşdan kiçik insanlarda müşahidə olunur. Leiomyosarkoma, xondrosarkoma və mədə-bağırsaq stromal şişləri (GİST) kimi bəzi sarkomalar uşaqlara nisbətən böyüklərdə daha çox rast gəlinir. Yuing sarkomasına, osteosarkomaya, sümük sarkomalarının əksəriyyətinə həm uşaqlarda, həm də gənclərdə daha çox rast gəlinir. Məsələn, yumşaq toxuma sarkomaları bütün insan xərçənglərinin təxminən 1%-ni təşkil edir. Rusiyada uzun illərdir ki, kişilər və qadınlar arasında insident 100.000 əhaliyə müvafiq olaraq 2,13 və 1,83 olaraq qalır. Xəstəliklərin təxminən 30-33%-i 30 yaşdan kiçik insanlarda qeydə alınmışdır. Uşaqlarda yumşaq toxuma sarkomaları bütün xərçənglər arasında ən çox görülən beşinci xərçəngdir.[14]
Yumşaq toxuma sarkomalarının müxtəlif formalarının rast gəlinmə tezliyi:
- bədxassəli lifli histiositoma (29,4%),
- liposarkoma (15%),
- sinovial sarkoma (10,5%),
- rabdomiyosarkoma (4,8%),
- leyomiosarkoma (11,6%),
- angiosarkoma (2,5%),
- neyrogen sarkoma (6,7%),
- nadir və təsnif edilməmiş sarkomalar (16%).
Sümük şişlərinin intensiv inkişafı sosial əhəmiyyətli yaşda baş verir. Bu dövr ən çox həyatın ikinci onilliyində baş verir. 30 yaşdan yuxarı insanlarda sümük sarkomalarının tezliyi 100.000 əhaliyə 0,2-dir.[15]
Patoloji anatomiya
[redaktə | mənbəni redaktə et]Sarkomaların özlərinə məxsus xüsusiyyəti ondan ibarətdir ki, sarkomalar müxtəlif növ birləşdirici toxumalardan əmələ gəlirlər.[16] Bununla belə, qarışıq mənşəli bədxassəli yenitörəmələrin bir növü də qeydə alınmışdır və bu karsinosarkoma adlanır.
Xondrosarkoma üçün aşağıdakı patoloji vəziyyətlər xarakterikdir:
- Periferik lokalizasiyanın xondrosarkoması sümüyün kortikal təbəqəsinə bitişik, bəzən də sümüyün müxtəlif dərinliklərə qədər böyüyən sıx bir şiş kimi müəyyən edilir;
- Şiş sıx elastik konsistensiyalı olsa da, çürümə və ya qanaxmaların olması halında daha yumşaq xarakter daşıyır. Qonşu toxumalardan aydın fərqlənmə nəzərə alınmır. En kəsiyinə baxsaq onun qığırdaqlı tərkibinə malik olduğunu görərik;
- Mikroskopik müayinə zamanı şiş bəzən xondromaya bənzəyir və aydın hüceyrə atipiyası olan yetişməmiş hüceyrələrdən ibarətdir;
- Əsasən şiş nümunəsi mikrosarkoma şəklindədir. Burada qeyri-müntəzəm formalı xondroblastlara sahib, zəif formalaşmış hüceyrələri olan qığırdaq toxumasının sahələrinə rast gəlmək olar.[16]
Ümumi etiologiyası
[redaktə | mənbəni redaktə et]Sarkomanın yaranma səbəbləri müxtəlifdir:
- Xərçəng öncəsi xəstəliklər (sarkomaların etiologiyasının əsasını təşkil edir);[10]
genetik meyl, bəzi genetik sindromlar və irsi xəstəliklər;
- Kimyəvi və fiziki kanserogenez;
- Radiasiya;[17]
- Onkogen viruslar (məsələn, herpes virusu (HHV-8));[18]
- Maliqnizasiya (bədxassəli şişlər);
- Mexaniki toxuma zədələnməsi (zədə almaq, yanıq və digər xəsarətlər);
- Yetkinlik dövründə sürətli hormonal dəyişikliklər. Bud sümüyünün sarkoması əsasən uşaqlarda və yeniyetmələrdə baş verdiyindən, sümük toxumasının intensiv böyüməsi onun baş vermə səbəblərindən biri hesab olunur. Uzun boylu oğlanların bu xəstəliyə daha çox məruz qaldığı müəyyən edilmişdir.[13]
Klinik təzahürləri
[redaktə | mənbəni redaktə et]Xəstəliyin klinik göstəriciləri və gedişatı hüceyrələrin bioloji xüsusiyyətlərindən və şişin yerləşməsindən asılıdır. Sarkomaların əksəriyyəti üçün ilk simptom böyüyən şiş kütləsinin qeydə alınmasıdır. Sümük sarkoması zamanı xəstəliyin ilk əlaməti təsirlənmiş sümük bölgəsində gecə başlayan və ağrıkəsicilərin qəbulu ilə praktiki olaraq aradan qalxmayan ağrıların olmasıdır. Şişin böyüməsi nəticəsində qonşu orqan və toxumalar patoloji prosesə məruz qalır və bu da müvafiq simptomların yaranmasına gətirib çıxarır (məsələn, şiş damarları və ətrafdakı toxumaları sıxışdırır, onların zədələnməsinə səbəb olur).
Bəzi sarkoma növləri, məsələn, parosteal sümük sarkoması olduqca yavaş böyüməsi ilə xarakterizə olunur və bir neçə il ərzində demək olar ki, asimptomatik olaraq mövcud ola bilir. Sarkomaların digər növləri (adətən yüksək proliferativ aktivliyə malik aşağı dərəcəli şişlər, məsələn, rabdomiyosarkoma), əksinə, sürətli (bir neçə ay və ya hətta həftə ərzində) irəliləmə, geniş lokal yayılma və erkən metastaz ilə xarakterizə olunur. Bəzi sarkoma növləri (məsələn, liposarkomalar) bədənin müxtəlif yerlərində eyni vaxtda və ya ardıcıl əmələ gələ bilir ki, bu da onların müalicəsini və yayılmasını olduqca çətinləşdirir.
Diaqnozun və müalicənin ümumi üsulları
[redaktə | mənbəni redaktə et]Sarkomalara diaqnoz qoymaq üçün müxtəlif üsullardan istifadə edilir. Bu üsullar aşağıdakılardır:
- Xəstənin müayinəsi,
- laboratoriya testləri (histositoloji, sitokimyəvi və s.),
- rentgenoqrafiya,
- ultrasəs,
- Doppler angioqrafiya,
- Maqnit rezonans tomoqrafiyası (MRT),
- Biopsiya (açıq və ya kəsik, qapalı və ya kəsik),
- Kompüter tomoqrafiyası (KT),
- Radionukleotid müayinəsi (məsələn, texnetium-99 radioizotopunun izomeri - 99Tcm).
Diaqnozun qoyulmasının ən böyük əhəmiyyəti (xüsusilə adekvat müalicənin seçilməsi üçün) şişin yerli yayılmasını və uzaq metastazların olub-olmamasını öyrənərək, xəstəliyin mərhələsinin müəyyən edilməsidir.
Müalicəsi
[redaktə | mənbəni redaktə et]Sarkomaların əsas müalicə üsulu əməliyyatdır. Əgər şiş bədəndən uğurla çıxardılarsa, bədənin bütün funksiyaları qorunur və əməliyyat əlilliyə səbəb olmur.[10] Lakin çox vaxt şiş çıxarıldıqdan sonra ağciyərlərdə bədxassəli böyümə müşahidə olunur.[19]
Əlavə müalicələrə həm əməliyyatdan əvvəl, həm də əməliyyatdan sonra verilən kemoterapi və radiasiya terapiyası daxildir.[11] Kimyaterapiya bir çox sarkomalı xəstələrin, xüsusən də sümük sarkomasından (osteosarkomalar, Yuinq sarkoması) əziyyət çəkənlərin vəziyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdırır.[11] Əsasən, xəstələr üçün müalicə prosesi təxminən bir il və ya daha artıq davam edən uzun və çətin prosesdir.[11] Müalicə üsullarının hamısının birlikdə tədbiqi ən təsirli üsul hesab edilir.
Proqnozları
[redaktə | mənbəni redaktə et]Bədxassəli şişin dərəcəsi, şişin mərhələsi, böyüməsi, şişlərin müalicəsi və müalicənin effektivliyi olmaqla proqnozlar bir sıra amillərdən asılıdırlar.[20]
Yumşaq toxuma sarkomaları, (liposarkoma, rabdomiyosarkoma) əsasən, yaxşı nəticələnmir. Bunun əsas səbəbi isə onların erkən metastaza meyli ilə əlaqələndirilir. IV mərhələdə olan yumşaq toxuma sarkomalarında 5 illik yaşama əmsalı 20%-dən az olaraq müəyyən edilir.[14] Yumşaq toxuma sarkoması olan xəstələrdə müalicənin yaxşı nəticələnməsinə təsir edən amillər əsasən bunlardır:
- Yaş həddinin 50 yaşdan aşağı olması;
- aşağı dərəcəli sarkoma;
- şiş sahəsində ağrı;
- şişin ölçüsünün kiçik olması və ətraflarda yerləşməsi;
- metastazların olmaması.
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 Disease Ontology (ing.). 2016.
- ↑ F. Y. Talıbov, N. T. Zamanov, G. R. Ələkbərova, N. R. Abdullayeva. Revmatologiya (Terminlər, anlayışlar). Bakı, "Elm və təhsil", 2022.
- ↑ 1 2 Tobias J. Cancer and its Management (Seventh). Chichester, West Sussex, PO198SQ, UK: John Wiley & Sons, Ltd. 2015. 446. ISBN 978-1-118-46875-3.
- ↑ DeVita Jr V. DeVita, Hellman and Rosenberg's Cancer: Principles & Practice of Oncology (10th). Philadelphia, PA: Wolters Kluwer Health. 2015. 1241–1313. ISBN 978-1-4511-9294-0.
- ↑ Amin MB. AJCC Cancer Staging Manual, Eight Edition. Chicago, IL: Springer International Publishing AG Switzerland. 2017. 471–548. ISBN 978-3-319-40617-6.
- ↑ Tobias J. Cancer and its Management (Seventh). Chichester, West Sussex, PO198SQ, UK: John Wiley & Sons, Ltd. 2015. 446. ISBN 978-1-118-46875-3.
- ↑ "Metastatic Cancer". National Cancer Institute (ingilis). 2015-05-12. 2017-04-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-22.
- ↑ "Defining Cancer". National Cancer Institute. 17 September 2007. 25 June 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 June 2014.
- ↑ σάρκωμα.
- ↑ 1 2 3 4 Петерсон Б. Е. Онкология (учебник для мед. ин-тов). — М.: Медицина, 1980. — 447 с.
- ↑ 1 2 3 4 Buecker, P (2005). «Sarcoma: A Diagnosis of Patience». ESUN 2 (5). Retrieved 2009-04-15.
- ↑ Longhi A, Errani C, De Paolis M, Mercuri M, Bacci G (Oct 2006). «Primary bone osteosarcoma in the pediatric age: state of the art». Cancer Treat Rev. 32 (6): 423-36. doi:10.1016/j.ctrv.2006.05.005. PMID 16860938
- ↑ 1 2 "Саркома кости: симптомы, причины, лечение". 2013-04-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-04-18.
- ↑ 1 2 "Саркомы мягких тканей". 2013-04-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-04-17.
- ↑ "Выступление координатора EESG A.A.Феденко на конференции «Человек и лекарство»". 2013-04-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-04-17.
- ↑ 1 2 Справочник по онкологии / под редакцией проф. Б. Е. Петерсона. — Ташкент: Медицина, 1966. — 500 с.
- ↑ Эпидемиология саркомы.[ölü keçid] Пер. с англ. Н. Д. Фирсова (2017).
- ↑ "Причины сарком". 2013-04-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-04-18.
- ↑ "Саркома и всё, что нужно знать про её диагностику и лечение". 2013-02-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-04-17.
- ↑ "САРКОМА". 2013-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-04-17.
Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Справочник по онкологии / под редакцией проф. Б. Е. Петерсона. — Ташкент: Медицина, 1966. — 500 с.
- Петерсон Б. Е. Онкология (учебник для мед. ин-тов). — М.: Медицина, 1980. — 447 с.