Səfəvi-Şirvanşahlar müharibələri

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Səfəvi-Şirvanşahlar müharibəsi (1460-1539)
Tarix 1460-1539
Yeri Şirvan, Dağıstan
Nəticəsi Səfəvilər qalib gəldi.
Şirvanşahlar dövləti süqut etdi.
Münaqişə tərəfləri

Səfəvilər

Şirvanşahlar dövləti

Komandan(lar)

Şeyx Cüneyd
Şeyx Heydər
Şah İsmayıl Xətai
I Təhmasib

I Xəlilullah
I Fərrux Yasar
II İbrahim
Şahrux ibn Fərrux Yasar

Səfəvi-Şirvanşahlar müharibələri — XV-XVI əsrlərdə iki siyasi blok, Səfəvi və Şirvanşahlar arasında baş vermişdir. Bu müharibə əsasən Azərbaycanın şimalşimal-şərq əraziləri uğrunda olmuşdur.

Əsas məqalə: Samur döyüşü

Şeyx Heydər də atası kimi Şirvanı tutmağa çalışırdı. O, Şirvanşahdan Cüneydin ölümünün qisasını almaq istəyərək "kafir" çərkəzlər əleyhinə mübarizə bəhanəsi ilə 10.000 süvari qoşun topladı və Uzun Həsənin 1478-ci ildə ölümündən sonra yerinə keçən oğlu Sultan Yaqubdan Şirvanşah Fərrux Yasara məktub gətirməklə ondan Şirvan torpaqlarına daxil olan Dərbənddən keçərək, Dağıstana, çərkəzlər ölkəsinə getmək üçün icazə alıb yürüşə yollandı, oranı talan edərək çoxlu əsir götürdü və təntənə ilə Ərdəbilə qayıtdı. 1487-ci ildə çərkəzlər üzərinə ikinci dəfə basqın edən Şeyx Heydər 6.000 nəfər əsir alaraq, eyni yolla Ərdəbilə döndü.[1][2][3]

Növbəti səfər zamanı Şeyx Heydər atasının qisasını almaq üçün Şirvanşaha müharibə elan etdi.[4] Şirvanşah Fərrux Yasar qiymətli əmlakla ailəsini, habelə şəhər əhalisinin bir hissəsini Şamaxı yaxınlığındakı Gülüstan qalasına ötürdü, özü isə qızılbaşlar ilə döyüşə yollandı, ancaq Şeyx Heydər öz qoşunları ilə üzərinə hücuma keçəndə Şirvanşah Gülüstan qalasına çəkilməyə məcbur oldu. Qisas alan Şeyx Heydər Şamaxıda çoxlu adam qırdı və Şamaxını yandırdı. Sonra Heydər Gülüstan qalasını uzunmüddətli mühasirəyə aldı. Yeddi aya yaxın mühasirədə qalan Şirvanşah çıxılmaz vəziyyətə düşüb yardım üçün Sultan Yaquba müraciət etdi.

Sultan Yaqub qayınatası olan Şirvanşaha yardım etmək qərarına gəldi. Sultanın yaxınlaşması xəbərini eşidən Şeyx Heydər tələsik Şamaxının ətrafını tərk edərək Şamaxıdan 6 km şimal-şərqdə yerləşən Cabanıya çəkildi və oradan Dərbəndə tərəf yollandı. Şeyx Heydər Gülüstan qalasını mühasirədə saxlayarkən, Şirvanın müxtəlif yerlərinə dağılmış əmirlər Şirvan əyanlarından Kiçi Bəyin başçılığı altında toplaşaraq, üləmaların və zahidlərin razılığı ilə Şirvan qoşunlarından və əhalisindən 1.000.000 nəfərədək adam (şişirdilmiş rəqəmdir) yığıb Şeyx Heydərə qarşı cihad elan etdilər. Ancaq Şeyx Heydər Gülüstan qalasının mühasirəsindən əl çəkib, əksərən Şirvan kəndlilərindən ibarət bu qeyri-nizami qoşunu darmadağın etdi. Qızılbaş qoşunlarının tələsik getmələrini görən Fərrux Yasar Şeyx Heydərin qorxudan və ərzaq qıtlığından geri çəkildiyini güman etdi və onu təqib etmək məqsədilə qaladan çıxdı. Lakin onun qələbə çaldığını və qayıdıb Gülüstanın mühasirəsini davam etdirmək niyyətində olduğunu biləndə, Şirvanşah Şamaxıdan 20 km şimal-qərbdə yüksəklikdə yerləşən əlçatmaz Sulut qalasına sığınmağa məcbur oldu. Bu vaxt başda sərkərdə əmir Süleyman bəy Bicək oğlu və Ayba Sultan Yaqub olmaqla böyük qoşun Şeyx Heydərlə müharibədə Fərrux Yasara kömək etmək üçün Şirvana yollandı. Şeyx Heydər isə Dərbəndə doğru hərəkət edərək, onu mühasirəyə aldı.

Əmir əl-üməra Süleyman bəy Bicanoğlu qoşunları ilə viran edilmiş Şirvana daxil oldu. Şah Sulut qalasını tərk edərək, qoşunun qalan hissəsi ilə əmirlərə qoşuldu. Süleyman bəy qoşunları ilə Şeyx Heydərin ordusu Təbərsəranda qarşılaşdı. 9 iyul 1488-ci il ŞirvanşahınAğqoyunlu əmirlərinin birləşmiş qoşunları Şeyx Heydərin qızılbaşlılarına hücum etdi. Hər iki tərəf inadla vuruşurdu. Süleyman bəy vuruşmada yaralanıb, döyüşçüləri tərəfindən kənara çıxarıldı. Bu zaman Şeyx Heydər də oxla boynundan ölümcül yaralandı. Qızılbaşlar onu atdan endirib araya alaraq, düşmənin həmləsini dəf etməyə cəhd göstərdilər. Lakin qızılbaşların qüvvələri tükənmişdi və əmirin qoşunları onların cərgələrini pozdu. Qapıçı Əli ağa Şeyx Heydərin başını kəsərək əmirə gətirdi. Şeyxin həlak olduğunu görən qızılbaşlar döyüş meydanına qayıdaraq mərdliklə vuruşdular. Lakin əmirlərin və Şirvanşahların qoşunları onları məğlub və məhv etdilər. Sultan Yaqubun qərargahına göndərilən qasid döyüşün nəticəsi haqqında xəbərlə yanaşı, Şeyx Heydərin başını da apardı. Sultan Yaqub şeyxin başını bir neçə günlüyə tamaşaya qoyduqdan sonra anasına (Uzun Həsənin bacısı Xədicə Bəyim) verməyi əmr etdi.[5][6][7]

Əsas məqalə: Cabanı döyüşü

S. Aşurbəyliyə görə, Sultan Mahmud öldürüldükdən sonra Şeyxşah Şirvan taxtında ancaq Şah İsmayılın ali hakimiyyətini qəbul etmək və onun adından pul kəsdirməklə möhkəmlənə bilmişdi. Lakin Şirvanşah Şeyxşah Şirvanı müstəqil idarə etmək fikrindən əl çəkməmişdi. Şah İsmayılın h. 913 (1507/8)-cü ildə zülqədərlər tayfasının iğtişaşını yatırtmaq üçün Maraş vilayətinə işğalçılıq yürüşündən istifadə edən Şeyxşah İsmayıla ödəməli olduğu xəracı verməkdən boyun qaçırdı və onun elçilərinə ehtiram göstərmədi. 1507-ci ildən Şeyxşah yenidən öz adından sikkə zərb etdirməyə başladı. Şah İsmayıl Şeyxşahın xərac vermək istəməməsi ilə əlaqədar h. 915 (1509)-ci ilin sonlarında ikinci dəfə Şirvana yürüş etdi. O, Kür çayına çatıb onu ponton körpülərlə keçdi. Şahın gəlməsini eşidən Şeyxşah qüvvələr nisbətini nəzərə alıb Buğurt qalasına çəkildi. İsmayıl əmirlərini Şamaxını tutmağa göndərdi, özü isə qoşunlarının bir hissəsi ilə Bakıya yollandı. Bakı qalasının hakimi hədiyyələrlə şahın qərargahına gələrək itaət göstərdi və şəhərin açarlarını ona təqdim etdi. İsmayıl Bakıdan Şabrana getdi. Bu vilayətin valisi və digər Şirvan qalalarının hakimləri də şahın hüzuruna tələsərək, öz itaətlərini bildirdilər və buna görə mükafata və fəxri paltara layiq görüldülər. Şah həmin qalaların idarə olunmasını Lələ bəy Şamluya həvalə etdi.

Bakının fəthindən sonra İsmayıl Dərbəndə yaxınlaşdı. Dərbənd istehkamlarının möhkəmliyinə güvənən əmirlər Yar Əhməd ağa və Məhəmməd bəy əvvəlcə müqavimət göstərmək fikrində olsalar da, qısa müddət sonra qalanı təslim etdilər. Şah Mənsur bəyi Dərbənd hakimi təyin etdi. İsmayıl Şeyx Heydərin 22 il Təbərsəranda qalmış cənazəsinin qalıqlarını Ərdəbilə köçürüb orada ailəvi türbədə dəfn etməyi əmr etdi. Şirvana səfərindən sonra şahın uğurlarını və qələbələrini görən Şirvanşah Şeyxşah onunla yaxınlaşmaq qərarına gəldi və xərac verməyə razı oldu.

Əsas məqalə: Dövlətin süqutu

İki sülalə arasındakı qohumluq əlaqələri

[redaktə | mənbəni redaktə et]

Şah İsmayıl h. 916 (1510/11)-cı ildə Xorasanda Şeybək xana qalib gəldikdə Şeyxşah, digər hakimlər kimi, İsmayılın sarayına səfirlik göndərərək, onu təbrik etdi. Həmin vaxtdan şahla dostluq münasibətləri kəsilmirdi. 1518-ci ildə şahzadə Sam Mirzənin doğulması təntənəli şəkildə qeyd edilərkən Şah İsmayıl əmirləri Mirzə şah Hüseyni və Cəmaləddin Məhəmmədi Şirvana göndərdi. Onlar Şirvanşahı İsmayılın ona yaxşı münasibət bəslədiyinə əmin etdilər və Təbrizə gəlmək dəvətini yetirdilər. Şeyxşah cavabında onlarla birlikdə İsmayıla cins atlar, Bərdə qatırları, türk və Avropa parçaları, çoxlu pul, daş-qaş yolladı və oğlunu səfəvi sarayına göndərməyi, əgər şah əmr edərsə, şəxsən özünün gəlməsini vəd etdi.[8]

Şirvanşah söz verdiyi kimi oğlu, Sultan Xəlili qiymətli hədiyyələrlə Təbrizə, İsmayılın sarayına göndərdi və dostluq münasibətlərini daha da möhkəmləndirmək məqsədilə şahın qızını oğluna istədi. Təklif qəbul edildi və İsmayıl qızı Pərixan xanımı Şirvanşahın oğlu Sultan Xəlilə nişanladı. H. 919 (1523)-cu ildə Şah İsmayıl Şirvanşah Şeyxşahın qızı ilə evlənmək istədiyini bildirdi. O, həmin məqsədlə əmir Cəlaləddin Məhəmmədi və Dəmir bəyi qiymətli hədiyyələrlə Şamaxıya göndərdi. Bu təklifdən son dərəcə məmnun qalan Şeyxşah şahın elçilərini böyük ehtiramla qəbul edib, qızı Münəvvər xanımı onlarla və məiyyətin müşayiətilə şaha göndərdi. H.929-cu il zilhiccə ayının 25-də (5 noyabr 1523-cü il) Təbriz yaxınlığında Şah İsmayılla Şirvanşahın qızının dəbdəbəli toyu oldu.[9][10]

  1.  Tapиx-и Aмини, c.67-71, 117-119
  2. Mюнeджжим-бaши, c.72
  3. W.Hinz - Irans Aufstieg zum Nationalstaat. Gottingen, 1936, p.80-89.
  4. Tapиx-и Aмини, c.72-78
  5.  Tapиx-и Aмини, c.72-82
  6. Шapaф-xaн Бидлиcи, т.II, с. 140
  7.  O.A.Эфeндиeв - Oбpaзoвaниe азербaйджaнcкoro гocyдapcтвa Ceфeвидoв в нaчaлe XVI в., c.73-77.
  8. Həsən bəy Rumlu, s.108-109, 143-149, 169
  9. Mюнeджжим-бaши, c.173
  10.  Шapaф-xaн Бидлиcи, т.ц c.169

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]