Qulu Məhərrəmli

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Qulu Məhərrəmli
Doğum tarixi 2 noyabr 1954(1954-11-02) (70 yaş)
Doğum yeri
Elm sahəsi jurnalistika
Elmi dərəcəsi
Elmi adı
Təhsili
Mükafatları Azərbaycan Respublikasının əməkdar jurnalisti
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Qulu Məhərrəmli (tam adı: Məhərrəmli Qulu Məmmədqulu oğlu; 2 noyabr 1954, Zəngilan rayonu) — Azərbaycan jurnalisti, televiziya tənqidçisi, publisist, filologiya elmləri doktoru, BDU-nun professoru, AZLEKS elektron lüğətlər toplusunun baş redaktoru, "Jurnalistikanın inkişafına yardım" fondunun sədri, Azərbaycan Respublikasının "Əməkdar jurnalist"i (2006).[1]

Vikipediya-Azərbaycan İB-nin Qafqaz Universitetindəki tədbirində (18.04.2012)

Qulu Məhərrəmli 1954-cü ildə Zəngilan rayonunda anadan olub. Orta təhsilini Şuşa şəhərində alıb. 1978-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Həmin ildə təyinatla Azərbaycan televiziyasına göndərilib və "Xəbərlər" baş redaksiyasında reportyor kimi fəaliyyətə başlayıb.

Televiziyanın müxtəlif baş redaksiyalarında müxbir, redaktor, böyük redaktor, şərhçi, şöbə müdiri, proqram rəhbəri, baş redaktor, siyasi icmalçı və departament direktoru vəzifələrində çalışıb.

1991-ci ildən müntəzəm efirə çıxıb, "1000 saniyə" və "24 saat" xəbər verilişlərini aparıb. 1994-cü ilə kimi AzTV-nin əsas xəbər proqramlarının aparıcısı kimi fəaliyyət göstərib.

1993–1995-ci illər arasında "7 gün" populyar analitik-informasiya verilişinin, həmçinin AzTV ekranında efirə çıxan ilk müəllif proqramının ("Təfsilat"-1995) müəllifi və aparıcısı olub.

1995-ci ilin martında Azərbaycan televiziyasının siyasi icmalçısı təyin edilib. Eyni zamanda həmin illin avqustundan hər gün efirə çıxan "Səhər" musiqi-informasiya proqramına da rəhbərlik edib. Uzun müddət (1995–2007) bu qurumun baş redaktoru olub.

Beynəlxalq və dövlət əhəmiyyətli tədbirlərdən, rəsmi toplantılardan canlı yayımlanan reportajlar aparıb, dövlət başçılarının xarici səfərlərindən çoxsaylı hesabat və reportajlar hazırlayıb.

1995-ci ilin noyabrından 1996-cı ilin yanvarına kimi qısa müddətdə Xəbərlər baş redaksiyasına rəhbərlik edib.

2005-ci ildə AzTV şirkətdən Qapalı Səhmdar cəmiyyətə (QSC) çevrildikdən sonra "Səhər" proqramının baş redaktoru və teleradionun siyasi icmalçısı təyin edilib.

2007-ci ilin aprelində Azərbaycan televiziyasının "Müəllif proqramları və xüsusi layihələr" departamentinin direktoru təyin olunub. Həmin il oktyabrın 2-də AzTV ilə əmək müqaviləsi sona yetib.

2007-ci ilin oktyabrın 3-dən Xəzər TV-də jurnalist fəaliyyətini davam etdirib. 2007–2012-ci illər arasında həmin TV-də "Dost məclisi" və "Gündəm" proqramlarını aparıb. Eyni zamanda 2014-cü ilə kimi Xəzər TV-nin məsləhətçisi və siyasi icmalçısı olub.

2014-cü ilin mayında akademik Tofiq Hacıyevin dəvəti ilə AMEA-nın İ. Nəsimi adına Dilçilik İnstitutunda fəaliyyətə başlayıb, institutun Monitorinq şöbəsinin müdiri vəzifəsində çalışıb. 2016-cı ildə Dilçilik institutunu tərk edib.

2016-cı ildə Azleks.az elektron lüğətlər toplusunun yaradılmasında iştirak edib və onun baş redaktoru təyin edilib.

Q. Məhərrəmli müxtəlif mövzularda 20-yə yaxın sənədli televiziya filminin ssenari müəllifidir. Bu filmlərin bəziləri beynəlxalq festival və müsabiqələrdə nümayiş etdirilib. Bir neçə xarici çoxseriyalı filmin Azərbaycan dilinə dublyajının bədii rəhbəri olub.

1982-ci ildən elmi fəaliyyətlə məşğul olan Q. Məhərrəmli 1989-cu ildə "Radiodramaturgiya dili" mövzusunda namizədlik, 2004-cü ildə isə "Televiziya dili: funksiya və struktur" mövzusunda doktorluq dissertasiyası müdafiə edib. Jurnalistika üzrə ölkədə ilk elmlər doktorudur. Elmi araşdırmalarında jurnalistikanın və medianın ümumi nəzəriyyəsi, televiziya və radionun tarixi, aktual elmi-nəzəri problemləri, o cümlədən ekran-efirin mürəkkəb dil sisteminin öyrənilməsi əsas yer tutur.

Q. Məhərrəmli 1991-ci ildən Bakı Dövlət Universitetində pedaqoji fəaliyyətə başlamış, 1998-ci ildə baş müəllim, 2002-ci ildə dosent vəzifələrini tutmuşdur. 2006-cı ildən Televiziya və radio jurnalistikası kafedrasının professorudur. 30-dan çox kitabın, o cümlədən bir neçə monoqrafiya, populyar dərslik və dərs vəsaitlərinin, həmçinin izahlı lüğətlərin müəllifidir.

Jurnalistika və elmi-pedaqoji fəaliyyəti ilə əlaqədar 60-a yaxın xarici ölkədə olmuşdur. Media problemlərinə həsr edilmiş nüfuzlu beynəlxalq toplantılarda, media forumlarında dəfələrlə Azərbaycan jurnalistikasını və jurnalistika elmimizi təmsil etmişdir. Avropa Şurasının MDB ölkələrində mətbuat azadlığı üzrə ekspertlərindən biridir.

2005–2008-ci illərdə Azərbaycan Mətbuat Şurası sədrinin müavini olmuş və "Şikayətlər üzrə komissiya"ya rəhbərlik etmişdir. Hazırda "Jurnalistikanın inkişafına yardım mərkəzi" adlı qeyri-hökumət təşkilatının rəhbəridir. Jurnalistika sahəsində ən yüksək mükafatlara ("Qızıl qələm", "H. B. Zərdabi", "Media açarı" və s.) layiq görülmüşdür.

Hazırda BDU-nun Multimedia və elektron kommunikasiya kafedrasının professorudur.

Qulu Məhərrəmliyə 4 noyabr 2006-cı ildə Azərbaycan Respublikasının "Əməkdar jurnalist"i fəxri adı verilmişdir[1].

2017–2020-ci illər arasında GünAz TV-də yayımlanan həftəlik "Mətbuat aynasında" populyar proqramının aparıcı olub.

2017-ci ildən Ayna TV-nin "Aynada" verilişinin, 2019-cu ildən isə Pressklub TV yutub kanalının "Mətbuat klubu" proqramının aparıcısıdır.

Çap olunmuş kitablarının ümumi siyahısı

[redaktə | mənbəni redaktə et]

Elmi araşdırmalar (monoqrafik əsərlər)

[redaktə | mənbəni redaktə et]
  1. Radiodramaturgiya dili (monoqrrafiya). Bakı: Elm, 1990.
  2. Televiziya haqqında etüdlər. Bakı: Azərnəşr, 1996.
  3. Действие у микрофона (монография). Баку: Элм, 1998.
  4. Televiziya nitqi və ədəbi tələffüz. Bakı: Təhsil, 1999.
  5. Radio dalğalarında. Bakı: Azərnəşr, 1999.
  6. Audiovizual nitq (monoqrafiya). Bakı: Elm, 2000.
  7. Ekran və ədəbi dil. Tehran: Zindegi, 2001.
  8. Televiziya dili (monoqrafiya). Bakı: Elm, 2002.
  9. İctimai televiziya. Prinsiplər, reallıqlar, perspektivlər. Bakı: Bakı nəşriyyatı, 2003.
  10. Sədayi Təbriz. Tehran: Əsim, 2006.(fars dilində).
  11. Azərbaycan efiri: tarix və müasirlik. Bakı: Nurlan, 2006. (müştərək)
  12. Radioteatr dəvət edir… Bakı: Elm və təhsil, 2010.
  13. Radio verilişlərinin dili və üslubu. Bakı: Elm və təhsil, 2011.
  14. Jurnalistikanın əlifbası. Bakı: Kitab klubu, 2014.
  15. Ekran və ədəbi dil. Tehran, Nəğm-eyi zendegi, 2015.-240 s. (ərəb qrafikasında Azərbaycan dilindədir).
  16. Radyo tiyatrosu sanati. Ankara, Gülnar yayınları 2020.-152 s.(türk dilində).

Dərsliklər, dərs vəsaitləri

[redaktə | mənbəni redaktə et]
  1. Televiziya və radio tamaşaları (dərs vəsaiti). Bakı, Təhsil, 1999 (Aydın Dadaşovla)
  2. Kütləvi kommunikasiya və dil (dərs vəsaiti). Bakı: Çaşıoğlu, 2004.
  3. Televiziya jurnalistikasının əsasları (metodik vəsait). Bakı: BDU nəşriyyatı, 2005.
  4. Radio dərsləri. Tarix, nəzəriyyə, təcrübə (dərs vəsaiti). Bakı: Nurlan, 2007.
  5. Jurnalistikanın əsasları (dərslik). Bakı: Elm və təhsil, 2008.
  6. İctimai yayım monitorinq aynasında (metodik vəsait). Bakı: JİM, 2009.
  7. Mediada debatlar (metodik vəsait). Bakı: Yeni nəsil JB, 2009 (Arif Əliyev və Zeynal Məmmədli ilə).
  8. Jurnalistikanın əsasları. 2-ci nəşr (dərslik). Bakı: Qanun, 2012.
  9. Radio jurnalistikası: təməl biliklər (dərslik). Bakı: Elm və təhsil, 2013.
  10. Radio jurnalistikası. Bakı, Avropa Şurasının nəşri, 2017. −98 s. (A. Kərimova, V. Əlibəyli və T. Əliyeva ilə)

İzahlı lüğətlər

[redaktə | mənbəni redaktə et]
  1. Kino, televiziya, radio terminləri. Bakı: Ensiklopediya PNB, 2002.
  2. Mediada işlənən alınma sözlər. Bakı: Elm, 2008.
  3. Məktəblinin alınma sözlər lüğəti. Bakı: Altun kitab, 2014 (müştərək).
  4. Azərbaycan dilinin frazeologiya lüğəti. 7000-ə yaxın frazeoloji ifadənin izahı Bakı, Altun kitab, 2015. (Rafiq İsmayılovla).
  5. Jurnalistika terminləri lüğəti. Bakı, Altun kitab, 2016. −272 s. (Elçin Şıxlı ilə)
  6. Azərbaycan dilinin frazeologiya lüğəti. 2-ci nəşr. Bakı, Altun kitab, 2018 (R. İsmayılovla).
  7. Məsəllər, deyimlər. Etimoloji lüğət. Bakı: Altun kitab, 2019.-336 s. (R. İsmayılovla)
  8. Yeni alınma sözlər lüğəti. Bakı. Azərbaycan Dövlət Tərcümə Mərkəzi, 2021.

Elmi-publisistik əsərləri

[redaktə | mənbəni redaktə et]
  1. Danışır Təbriz. Bakı, Nurlan, 2004.
  2. Zamanın rəngləri (məqalələr toplusu). Bakı: Elm və təhsil, 2013.
  3. Gələcəyə ön söz. Publisistik məqalələr toplusu. Bakı: Altun kitab, 2019.
  1. Azərbaycan dili (1979–1981) (veriliş) (müəllif və aparıcı)
  2. "Azərbaycan dünya meridianlarında" (1982–1984) (veriliş) (müəllif və aparıcı)
  3. "7 gün" analitik-informasiya proqramı (1993–1995) (veriliş) (müəllif və aparıcı)
  4. Azərbaycan qaçqınları (film, 1995) (ssenari müəllifi)
  5. "Təfsilat" müəllif proqramı (1995–1997) (veriliş) (müəllif və aparıcı)
  6. Böyük ömrün anları (film, 1996) (ssenari müəllifi)
  7. Okean üzərindən körpü (film, 1996) (ssenari müəllifi)
  8. "Gerçəklik" müəllif proqramı (1997–2002) (veriliş) (müəllif və aparıcı)
  9. Qobustan (film) (ssenari müəllifi)
  10. Müstəqil Azərbaycan (film, 1997) (ssenari müəllifi)
  11. "Səhər" musiqi-informasiya proqramı (1995–2007) (veriliş) (müəllif və aparıcı)
  12. Mingəçevir (film, 1998) (ssenari müəllifi)
  13. Alman Yunus (film, 1999) (ssenari müəllifi)
  14. Antropoloji sənəd (film, 1999) (ssenari müəllifi)
  15. Məyusluq. Nəcəf Nəcəfov (film, 2000) (ssenari müəllifi)
  16. Üç dəniz əfsanəsi (film, 2001) (ssenari müəllifi)
  17. "Səhra gülü" (sənədli film 2006) prodüser
  18. "Dost məclisi" (2007–2010) (veriliş) (müəllif və aparıcı)
  19. "Gündəm" (2011–2013) (veriliş) (müəllif və aparıcı)

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]