Qabırrıçay
Qabırrıçay | |
---|---|
azərb. Qabırrıçay, gürc. იორი (İori) | |
| |
Ölkələr | |
Şəhər | |
Mənbəyi | Böyük Qafqaz |
• Yüksəkliyi | 2700 m |
Mənsəbi | Mingəçevir su anbarı |
Uzunluğu | 320 km |
Su sərfi | 9,82 m³/san |
Su sistemi | Mingəçevir su anbarı/Kür/Xəzər dənizi |
Su hövzəsi | Xəzər dənizi |
Hövzəsinin sahəsi | 4800 km² |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Qabırrıçay (gürcücə İori (იორი), saxurca Q'arbi (Къарби)) - Gürcüstan və Azərbaycan ərazisində çay, Qanıxçayın (gürcücə Alazani) sol qolu.
Etimologiyası
[redaktə | mənbəni redaktə et]Qabırrıçayın adı qədim yunan qədim Roma müəlliflərinin əsərlərində Kambis kimi qeyd edilmişdi.
Qafqaz Albaniyasının İberiya ilə sərhədində yerləşən əyaləti də Kambisena adlanırdı. XIX əsrin ortalarına aid bəzi mənbələrdə çayın adı Qambori kimi də qeyd olunmuşdur.
Bəzi tədqiqatçıların fikrincə, Qabırrı adı Albaniyanın Kamb (Kambisena) əyalətinin adının və çayın adının gürcücə variantında qorunub saxlanan "İori" / "Yori" çay adının birləşməsindən yaranmışdır. Sonralar təhrif olunaraq Qabırrı şəklinə düşən Kambiori isə "Kamb əyalətindən axan Yori, Kamb Yorisi" mənasındadır. Yori hidronimi isə bəzi Nax-Dağıstan dil və ləhçələrində (məsələn, avarca ior / or (гІор)) "çay" mənasını verən sözdən və gürcü dilində əksər isimlərin sonuna artırılan "-i" şəkilçisindən ibarətdir.
Qabırrı toponiminin yayılma arealı genişdir. Şirvan düzündə Qabırrı adlı qışlaq da mövcuddur. Qabırrı eyni zamanda Şamaxı rayonundakı Quşçu kəndinin əhalisinin tirələrindən birinin adıdır. Keçən əsrdə Cavad qəzasında "Kabırra" və Ərəş qəzasında "Kabırrı" kənd adları da Qabırrı toponimi ilə eyni mənşəlidir.
Ehtimal ki, qabırrı türk (Azərbaycan) mənşəli tayfanın adıdır. Digər bir mülahizəyə əsasən Qabırrı hidroniminin əsasını cığatay ləhcəsində yalnız fel formasını mühafizə edən "səs-küy salmaq", "gurultu qoparmaq", "coşmaq, hiddətlənmək" mənalı qabır sözü təşkil edir. Təbiidir ki, çaya "səs-küylü, gurultulu" adı onun səciyyəvi cəhətinə görə verilmişdir. Türkmənistanda Qabırrıarık, Azərbaycanda Qabırrı çaylarının adı eynimənşəlidir. Bəzi tədqiqatçıların fikrincə, bu hidronimin adı kəbirli tayfasının adı ilə əlaqədardır.
Haqqında
[redaktə | mənbəni redaktə et]Qabırrıçayın uzunluğu 320 km, hövzəsinin sahəsi 4,8 min km²-dir. Hazırda Mingəçevir su anbarına tökülür. Başlanğıcını Böyük Qafqazın cənub yamacından (2560 m) alır. Yuxarı və orta axımı Gürcüstan ərazisindən, aşağı axımında isə 10 km məsafədə Azərbaycanın Samux rayonu ilə Gürcüstanın sərhəddi boyunca axır.
Samqori suvarma şəbəkəsinin yaradılması ilə əlaqədar olaraq çayın suyunun bir hissəsi kanallar vasitəsilə Tbilisi su anbarına axıdılır.
Çayın mənbəyi
[redaktə | mənbəni redaktə et]Qabırrıçay öz suyunu qar, yağış və yeraltı sulardan alır. Mənsəb yaxınlığında orta illik su sərfi 15,6 kub m/san-dir. Axımın 47%-i yazda, 26%-i yayda, 16%-i payızda, 11%-i isə qışda keçir. Qabırrıçay orta lillənməsi 500-700 q/kub m-dir. Suyu hidrokabonatlı-natriumlu olmaqla 500-1000mq/l minerallaşmaya malikdir.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı,2007.
- Qabırrıçay Arxivləşdirilib 2006-09-23 at the Wayback Machine
- Река Иори в Большой советской энциклопедии