Qərb tuyası

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Qərb tuyası
Elmi təsnifat
Beynəlxalq elmi adı

Qərb tuyası (lat. Thuja occidentalis) — bitkilər aləminin i̇ynəyarpaqlılar şöbəsinin i̇ynəyarpaqlılar sinfinin sərvlər dəstəsinin sərvkimilər fəsiləsinin tuya cinsinə aid bitki növü.

Vətəni Şimali Amerika nın şərq hissəsidir. Təbii şəraitdə çökəkliklərdə, bataqlıqlaşmış sahələrdə bitir. Cavan yaşlarında piramida formalı, sonralar isə yumurtavarı çətir əmələ gətirir. əlverişli şəraitdə hündürlüyü 15–20 m-ə çatır, gövdəsinin diametri isə 90 sm-dən artıq olur. Gövdəsinin qabığı qırmızımtıl, bozumtul və ya bozumtul-qəhvəyidir. Budaqlarının qabığı hamar və qonurdur, çoxillik budaqları isə bozumtul-qəhvəyidir, üzləri çat-çatdır və xırda-xırda qopub tökülür. İynəyarpaqları 4 mm uzunluqda, pulcuqvarı, budağa möhkəm yapışmış, yay ayında tünd-yaşıl, payız-qış aylarında qonur-yaşıl rəngdə olur, ağac üzərində 2–3 il qalır.

Qozaları 0,8–1,0 sm uzunluqda olub, payızda yetişir. Toxumları yastılaşmışdır və sarı rəngli iki yan qanaqcığı vardır. Zəif boy atır, kölgəyə və quraqlığa, soyuğa, tüstüyə və qaza davamlıdır, lakin optimal rütubətli torpaqda, əhəngli torpaqlarda daha yaxşı inkişaf edir. Möhkəm oduncağından mebel istehsalında istifadə edilir, yarpaqlarından isə təbabətdə və ətriyyatda istifadə edilir. Çətirin formasına, iynəyarpaqlarının rənginə görə bir çox forma müxtəlifliyi vardır. Yaşıllaşdırmada Thuja occidentalis f. compacta, Thuja occidentalis f. globasa, Thuja occidentalis f. aureovariegata və s. formalarından da istifadə olunur. Tək, qrup əkinləri, canlı çəpərlər üçün məsləhət görülür. Azərbaycan da Gəncə, Zaqatala, Qazax, Lənkəran, Bakı şəhərlərinin yaşıllıqlarında təsadüf edilir.

  1. Linnæi C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 2. S. 1002.