Qəmər bəyim Şeyda

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Qəmər bəyim Şeyda
Doğum tarixi 1881
Doğum yeri
Vəfat tarixi 1933
Vəfat yeri
Atası Ata xan Abraxanov[d]
Anası Böyükxanım Cavanşir[d]
Fəaliyyəti şair, yazıçı
Əsərlərinin dili Azərbaycan dili

Qəmər bəyim Şeyda (1881 Şuşa — 1933 Bakı) — azərbaycanlı şairə və dramaturq.[1]

Qəmərnisə bəyim Ata xan qızı 1881-ci ildə Şuşa şəhərində Qəmərnisə adı ilə Ata xan Abraxanov və Böyük Xanım Cavanşirin ailəsində xanadan olmuşdur.[2] İbrahimxəlil xan Sarıcalı Cavanşirin qız nəvəsidir. Ata xan vəfat edən zaman Qəmər bəyim hələ gənc idi. Atasının ölümündən sonra qardaşı Məhəmmədin himayəsində olmuşdur. Məhəmməd onun üçün evdə dərs verəcək müəllimlər tutmuş, onu ikinci pillə təhsil almaq üçün Şuşa Məktəbinə getməyə həvəsləndirmişdir.[3] Yeniyetmə kimi, öz dövrünün məşhur şairəsi Natavana "Məclisi-Üns"də təqdim edilmiş, Natavan da öz növbəsində Qəmər bəyimin istedadını təsdiqləməklə birlikdə, ona Şeyda təxəllüsünü vermişdir.[3] Qəmər bəyim Şeydanın yaradıcılığında Xurşidbanu Natəvanın güclü təsiri olmuşdur.[3]

Qəmər bəyim Sadıq bəy Vəzirovla ailə qurmuşdu.[4] Bahadur bəy, Nadir bəy adlı oğulları, Leyla xanım, Sənubər xanım, Həmidə xanım və Əntiqə xanım adlı qızları vardı.[4]

Lakin ötən yüzilin 20-ci illərində Azərbaycanda baş vemiş hadisələrdə, yeni həyat və mübarizə burulğanında öz nicatını axtaran Qəmər bəyim həyat yoldaşını itirmiş, Bakıda, Naxçıvanda, Ordubadda, Şərurda yaşamalı olmuşdur. O, mədəni həyatdan geri qalmamaq üçün çalışmış, təhsilini artırmış, kəndli qadınlar arasında önəmli ictimai işlər aparmışdır.

1924-cü ildə Qəmər bəyim Şeyda Bakıya köçür. Oğlu Bahadurun iş yeri tez-tez dəyişdiyi üçün o, Bakıda, Naxçıvanda, Tiflisdə yaşamalı olur. Bahadur Naxçıvana Xalq Səhiyyə komissarı vəzifəsinə təyin olunanda həmin vaxt o da oğlu ilə oraya gedir. – Naxçıvanlı qadınlar arasında maarifçilik işi aparır, qabaqcıl qadın aydın kimi bölgənin ictimai həyatında fəal iştirak edir. Qəmər bəyim tez-tez doğma yurduna, boya-başa çatdığı, həyatının mühüm bir hissəsini yaşadığı Qarabağa baş çəkir, keçmiş tanışları, qohum-əqrəbaları ilə ovqatlaşır, Şuşada yaşayan qızını ziyarət edirdi. O, həm də xarakter keyfiyyətləri və davranışları ilə xalqın rəğbətini qazanmış, əsil türk qadınına xas olan cəsurluğu və hünəri ilə tanınmışdır.

Qəmər bəyim Şeyda 1933-cü ildə Bakıda vəfat etmişdir.[5] Bildirilir ki, öldüyü zaman çox sayda əlyazmaları olsa da, onların hamısı günümüzə gəlib çatmamışdır.[5]

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Qəmər bəyim şairə idi və daha çox, yazdığı qəzəllərə görə tanınırdı.[3] Öz dövrünün məşhur şairələrindən olan Qəmər bəyim bir digər şairə Ziba Ərdəbili ilə ideya və şer mübadiləsində də olmuşdur.[3]

Qəmər bəyimin günümüzə bir neçə şeiri gəlib çatıb. Hüzn, kədər və şikayət motivləri həmin şeirlərin aparıcı leytmotivini təşkil edir. Qəmər bəyim Şeydanın Natəvanın təsirinə daha çox məruz qaldığı şeirlərindən görünür. Əslində, Qəmərbəyim Şeyda Natəvan üslubunda yazıb-yaradıb. Sadə, realist şeirlərində nəcib və insani hisslər, səadət, məhəbbət öz dərin bədii ifadəsini tapıb. Şair əsərlərində əruz vəzninin ahəngdar bəhrlərindən geniş istifadə edib ki, bu da onun qəzəllərinin daha da oxunaqlı olmasını şərtləndirib.

Qəmər bəyim həmçinin dramaturgiya ilə də məşğul olmuşdur. Onun yazdığı və dramaturgiya əsəri olan "Zülmün daşqını"nın əlyazması, həmçinin "Ağan canı" Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar İnistitutunda saxlanılmaqdadır.[4]

Gözəl şeirlər müəllifi olan istedadlı şair qələmini dramaturgiya sahəsində də sınamış, “Zülmün daşqını” (1918) adlı altı pərdəli pyes yazmışdır. Həmin pyesi ilə özünü dramaturq kimi də təsdiqləyən Qəmər bəyim Şeydanın bu əsəri ona özəlliklə məşhurluq gətirmişdir. Bu dramda müəllif yüzilin qan davaları, varlı bəylər, ağalar arasında gedən, sonu faciə ilə bitən feodal çəkişmələri və ədavət, düşmənçilik nəticəsində baş verən milli qırğınları təsvir edib. Pyesdəki hadisələrin yaratdığı gərginlik, doğurduğu kədər hissi Qəmər bəyim Şeydanın feodal çəkişmələrinə dərin sənətkar etirazını ifadə edir.

Qəmər bəyim və Məclisi-Ünsdən olan digər qadın şairələr 2018-ci ildə Azərbaycanda başladılan layihə üçün ilham mənbəyi olmuşdur.[6] Bu sərgi Azərbaycan Respublikasının yüzüncü ildönümü münasibətilə keçirilən mərasimlərin bir hissəsi olmuşdur.[7]

  1. "Azərbaycan qadın şairləri antologiyası". Bakı: Avrasiya Press, 2005, səh.114.
  2. "Azerbaijan Gender Information Center". www.gender-az.org. 2011-12-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-02.
  3. 1 2 3 4 5 ""Məclisi-üns" ün yetirməsi: Qəmər bəyim Şeyda". medeniyyet.az (ingilis). 2021-10-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-02.
  4. 1 2 3 "Gamarbeyim Sheyda (1881-1938)". www.azerbaycanli.org. İstifadə tarixi: 2020-04-02.[ölü keçid]
  5. 1 2 "Natəvanın "tələbəsi" Qəmər bəyim Şeyda..." Milli.Az (az.). 2012-07-25. 2021-10-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-03.
  6. "Сквозь время -". m.zerkalo.az. 2018-10-12. 2021-10-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-03.
  7. "Кураторский проект - "Сквозь время" - ФОТО (AZpress.AZ, Агдес Багирзаде)". azpress.az. 2020-10-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-03.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]