Qız qalası (balet)
Qız qalası | |
---|---|
| |
Tipi | Klassik balet |
Bəstəkar | Əfrasiyab Bədəlbəyli |
Librettist | Əfrasiyab Bədəlbəyli |
Xoreoqraf |
Sergey Gevorkov Vaxtanq Nadiradze-Vronski |
Janr | balet |
Yaradılıb | Qız Qalası əfsanəsi əsasında |
Premyera |
|
Rəssam | Fyodor Qusak |
Vikianbarda əlaqəli mediafayllar |
Qız qalası – ilk Azərbaycan baleti[1] və müsəlman şərqində ilk balet.[2][3] Üç pərdə, proloq və epiloqdan ibarət olan baletin musiqisi və librettosu Azərbaycan bəstəkarı Əfrasiyab Bədəlbəyliyə məxsusdur.[1]
Baletin premyerası 18 aprel 1940-cı ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində baş tutmuşdur. Quruluşçular Sergey Gevorkov və Vaxtanq Nadiradze-Vronski, rəssam isə Fyodor Qusak olmuşdur.
Baletin yeni redaksiyası 24 oktyabr 1999-cu ildə işlənmişdir. Yeni redaksiyanın müəllifi Yuliana Əlikişizadə, əsas rolların ifaçısı Mədinə Əliyeva və Gülağası Mirzəyev olmuşlar. Yeni musiqi redaktəsinin müəllifi isə Fərhad Bədəlbəylidir. Baletdə həmçinin Afaq Məlikovanın rəhbərlik etdiyi Dövlət Rəqs Ansamblının üzvləri də iştirak etmişlər.
Tarixçəsi
[redaktə | mənbəni redaktə et]Neft Bakısında dəniz kənarında, qədim qalanın divarları arxasında yüksələn Qız qalası haqqında dastan xalq arasında geniş yayılmışdır. Zəhimli Cahangir xan haqqında qədim rəvayət nəsildən-nəslə keçir. O, öz qızı Gülyanağı sevmədiyi kişi ərə vermək istəyir və qızının tələbi ilə qala tikdirir, Gülyanaq toy günü özünü qalanın damından dənizə atır. Bəstəkar bu əfsanənin süjetini öz musiqi əsərinə əsas götürərək milli Azərbayan incəsənətinin inkişafı tarixində yeni səhifə açan ilk Azərbaycan baletini yaratmışdır.
Yerli konservatoriyanın yetişdirməsi olan Bədəlbəyli gənc bəstəkarların elə bir dəstəsinə daxil idi ki, həmin dəstə nəinki musiqi yazısı texnikasına yiyələnməyə can atır, həm də xalq yaradıcılığını dərindən öyrənir, xalqdan səmərəli surətdə öyrənir. Bədəlbəyli öz baletində gözəl orkestrovka vermiş, bəstəkar fikrini sərbəst inkişaf etdirmiş, habelə xalq melodiyalarının gözəlliyindən həvəs və diqqətlə istifadə etmişdir. "Şələqoy", "Ay bəri bax" kimi xalq havaları orkestrin ifasında xüsusilə təravətli, rəvan və dolğun səslənir, bu havaların əsasında emosional rəqslər yaradılmışdır. Bədəlbəylinin musiqisi bədii yüksəkliyinə görə fərqlənməklə yanaşı, həm də son dərəcə aydın və anlaşıqlıdır.
Klassik balet musiqisinin əsil xalq rəqsləri ilə məharətlə əlaqələndirilməsi bütövlükdə tamaşanın məzmun və üslubunu müəyyən etmişdir. İştirak edən şəxslərin musiqi xarakteristikasının relyefliyi və bir çox səhnələrin dərin lirik xüsusiyyətə malik olması da bu əsərin böyük məziyyəti hesab olunur.
Baletin yaradıcı kollektivi öz qarşısına xalq rəqslərində saxta şablonçuluqdan qaçmaq, xalq əfsanəsini bədii realist vasitələrlə göstərmək vəzifəsini qoymuş və buna nail ola bilmişdir. Baletin müvəffəqiyyət qazanmasında baş balerina Qəmər Almaszadə, quruluşçu rejissor Hidayətzadə, baletmeyster Kevorkov və Vronski, artistlərdən Sara Mirəliyeva, Əbilova, Boyman, Cəfərova, Bataşov, Urvantsev və başqaları böyük rol oynamışlar. Rəssam Qusak tamaşaya gözəl üslub tərtibatı vermişdir.[4]
Artıq 1938-ci ilin başlanğıcında, Moskvada keçiriləcək "Azərbaycan mədəniyyəti ongünlüyü" astanasında əsərin partiturası hazır imiş, lakin, göstəriləcək tamaşaların siyahısı təsdiqləndiyindən, baletin tamaşaya qoyulması məsələsi sonraya saxlanıldı.[5] Burada o zamankı yerli hakimiyyətin milli kadrlara şübhə ilə yanaşması da öz işini görmüşdü. Yalnız 1940-cı ildə "Qız qalası", nəhayət, böyük çətinliklərdən sonra işıq üzü görmüşdü. Və ayrıca vurğulamalıyam ki, əsas partiyanın (ifa kəsiminin) ilk yaradıcısı bəstəkarın həyat yoldaşı, ilk Azərbaycanlı balerina və daha sonra quruluşcu baletmeyster, füsünkar Qəmər Almaszadə idi.
O zamanlar müəllifin özü gənc dirijor olsa da, sonrakı illərdə opera və balet teatrımızın demək olar ki, bütün repertuarını,- tamaşalar toplumunu öz gənc çiyinlərində "daşımalı", daha doğrusu, yaşatmalı idi. Burada yada salmaq yerinə düşərdi ki, Ə. Bədəlbəyli cavanlığında çox fəal təfsirçi dirijorluğu ilə seçilirdi. Onun dirijor çubuğu Dmitri Şostakoviçin, Pyotr Çaykovskinin, N. Myaskovskinin XVIII simfoniyalarının, Fikrət Əmirovun "Şur" simfonik muğamının və çox-çox digər şah əsərlərin öhdəsindən gəlibmiş.
Ə. Bədəlbəyli savadlı və geniş dünyagörüşü olan sənətkar, iti qələmli publisist və alim idi. Məhz onun çox yetkin etnoqrafik bilikləri və bilgiləri sonucunda baletin ilk redaksiyasının quruluşundakı bütövlük aydın nəzərə çarpırdı. Baletin librettosu ədəbiyyatçı və sıravi librettoçuların yazdıqlarından köklü seçilirdi. Bu məzmunun bütün xırdalıqları, ifaçılıq ünsürlərinin aydın, geniş açıqlandığı əsil quruluşçu baletmeyster librettosu idi.[5]
Baletin ilk tamaşasınadək çox böyük təşkilatı və psixoloji çətinlikləri aradan qaldırmaq lazım gəlmişdi. Və belə ağır məqamda Üzeyir bəy öz köməyini əsirgəməmişdi. İlk tamaşadan sonra Üzeyir bəy Hacıbəyov "Pravda" qəzetindəki çıxışında "Qız qalası"nı yüksək qiymətləndirərək, baletin gələcək taleyinə irəlicədən xeyir-dua vermişdi.
Fərhad Bədəlbəyli baletin tarixçəsi haqqında danışarkən qeyd edir ki, "Bu baletin çox maraqlı taleyi var. Nəinki 1938-ci ildə, hətta 1959-cu ildə Moskvada mədəniyyət ongünlüyünə hazırlıq zamanı çoxları istəməyib ki, baleti Balşoy Teatrda göstərsinlər. Sonra qəsdən günorta vaxtına salmışdılar ki, gedən az olsun. Lakin görəndə ki, günorta tamaşasında camaat bashabas salıb, axşam baleti bir daha təkrarlamalı olublar. Ümumiyyətlə, Əfrasiyab Bədəlbəyli ömrü boyu belə ədalətsizliklərin ağrısını çox çəkib. Məsələn, konservatoriyaya onu yaxın buraxmırdılar. Baxmayaraq ki, çox gözəl alim və musiqişünas idi. Fəxri ad məsələsində və çox-çox başqa məsələlərdə də həmçinin böyük ədalətsizliklər görüb."[5]
Premyerası
[redaktə | mənbəni redaktə et]"Qız qalası" baletinin o zamankı M. F. Axundov adını Azərbaycan Dövlət opera və balet teatrı səhnəsində ilk quruluşu respublikanın xalq artisti, rejissor İ. Hidayətzadə və baletmeyster V. İ. Vronski tərəfindən həyata keçirilmişdi. Tərtibatçı rəssam, Azərbaycan respublikasının əməkdar incəsənət xadimi F. Qusak idi. Həm rejissor, Həm baletmeysterin quruluşda cəsarətli addımları başlıca məqsədə çatmaq, – xalq rəqsləri ilə Avropa rəqs texnikasını çarpazlaşdırmaq yönündə atılmışdı. Yəni milli çalarlar mütləq saxlanmalı idi. Və baletin musiqisi də həmin məqsədə imkan verirdi. Baletin məzmunundan irəli gələn "divertismentli" səhnələşdirmələrə baxmayaraq, burada maraqlı və kəskin-dramatik səhnələrə də yer verilmişdi. Lakin quruluşda əsas vurğulanma Poladla Gülyanağın alovlu və mətin sevgisi çevrəsinə düşürdü.
Tamaşada məzmunun açıqlanması yönündə pantomimadan geniş faydalanmışdılar. Eyni zamanda baletin quruluşunda "variasiya" və "adajio"-lar, "Qu gölü", "Raymonda", "Don Kixot" baletlərində olduğu kimi, klassik ənənələrə uyğunlaşdırılmışdı.
Gülyanağın ilk ifaçısı – ilk azərbaycanlı balerina Qəmər Almaszadənin çıxışı çox yüksək dəyərləndirmişdi. Onun ilhamla, şövqlə Gülyanaq surətini rəqslə təfsiri, gənclik təravəti ilə dramatik yaşantıları üzvi birləşdirməsi mütəxəssislər tərəfindən, biri-biri ilə səsləşən, coşğun heyranlıqla qarşılanmışdı. 25 aprel 1940-cı il tarixli "Pravda" qəzetində Ü. Hacıbəyov baletin tamaşaya qoyulması ilə bağlı çıxış edərək yazırdı:
"İstedadlı balerina Q. Almaszadə ayrıca vurğulanmalıdır. Öz ifasında o, xoreoqrafiya sənətinin çağdaş texnikası ilə xalq rəqsini yaradıcı şəkildə birləşdirə bilmişdir. Onun yaratdığı Gülyanaq surəti inandırıcılığı, dolğunluğu, bütövlüyü ilə seçilir və uzaq keçmişdən bizlərə xatirə kimi görünən "azərbaycanlı qadının faciəsinin ifadəsi kimi bizi həyəcanlandırır. "[4]
Baletin ilk quruluşunda Cahangir xanın surəti sırf pantymima kimi düşünülmüşdü və Anatoli Urvantsevin ifasında olduqca yaddaqalan surət kimi tanınırdı. Poladın igid, barışmaz surəti isə sonralar respublikanın xalq artisti adı qazanmış, o zaman gənc Konstantin Bataşova tapşırılmışdı.
İkinci redaktə
[redaktə | mənbəni redaktə et]"Qız qalası"nın 1959-cu ildə daha yeni, – ikinci quruluşunun baletmeysteri, sonralar SSRİ xalq artisti və professor adına layiq görülmüş Qəmər Almaszadə idi. Onun qardaşı Ənvər Almaszadə tamaşaya yeni bədii tərtibat vermişdi. 1959-cu ilin yeni redaksiyasında Poladla Gülyanağın faciəsi, Cahangir xanın zalım yaramazlığı daha kəskin vurğulanmışdı. Bununla bağlı "Sovetskae kulutura" qəzetinin 28 may 1959-cu il tarixli sayında çap olunmuş tənqidçi – sənətşünas N. Elyaşın "Azərbaycan baletinin tamaşaları" başlıqlı məqaləsində oxuyuruq:
"Baletmeyster əfsanəvi surətləri genişmiqyaslı, el gücünü əks etdirən, onun daşıyıcıları olan qəhrəman surətlər kimi təfsir edir. Səmimi, coşğun gənc Poladın da, zərif, həyəcanlı Gülyanağın da səhnə yaşamında biz lap öncədən yenilməzliyi, barışmazlığı duyuruq. Və əsərin faciəli sonluqla bitməsinə baxmayaraq, məhz belə təfsir sayəsində "Qız qalası" qəhrəmanlıq ruhunda, olduqca nikbin səslənir. "[6]
1959-cu il quruluşunda xan surətinin tamamilə yeni təfsiri ilə rastlaşırıq ki, bu da əsərin bədii kəsərini qat-qat artırır. 2-ci redaktənin uğurlarından elçilik edən qadın surətini göstərmək olar. Xumar Zülfüqarovanın ifasında həmin surət də olduqca bədii kəsərli və yaddaqalan idi. Baletin ən gərgin dramatik məqamları hadisələrin gedişində rəqs yolları ilə öz həllini tapırdı. "Qız qalası"nın 2-ci redaktəsinin ifaçıları arasında SSRİ xalq artisti Leyla Vəkilovanı ayrıca vurğulamaq lazımdır. Onun səmimiyyət və ilhamla yaratdığı Gülyanaq surəti sevgilisi Poladla səhnələrdə şairanəliyi, Cahangir xanla səhnələrdə isə yenilməzliyi ilə seçilirdi. Əsərin proloqunda bədbəxt ananın ümidsizliyini də, sonrakı səhnələrdə gənc qızın düşdüyü çıxılmaz vəziyyəti də Leyla Vəkilova rəqs dili ilə tamaşaçılara inandırıcı çatdıra bilirdi. "[5]
L. Vəkilovanın oyundaşları arasında Cahangir xanın öz qəddarlığı qədər parlaq surətini yaratmış K. Bataşovun və öz sevgisini xanın pəncələrindən igidliklə qorumağa çalışan Polad surətinin yaradıcısı, respublikanın xalq artisti Məsud Məmmədovun adları Azərbaycan balet tarixində silinməz izlər qoymuşlar.
Üçüncü redaktə
[redaktə | mənbəni redaktə et]Fərhad Bədəlbəyli tərəfindən edilmiş son redaktə və quruluşda baletin dramaturji xətti köklü dəyişdirilib. İlk növbədə, uzaq keçmişdə xan qızının dünyaya gəlişinin sonralar sirrə çevrilməsini açıqlayan Proloq tamaşadan çıxarılıb.
Balet I pərdədən başlayır və burada öz gənc dostlarının dövrəsində Poladla Gülyanaq toylarına hazırlaşırlar. "Aypərinin xatirələri" səhnəsində, – öncəki redaktələrdə, Gülyanaq (atasının bağışladığı) bilərziyi yerə salır və heyrətlə belə bahalı bilərziyin hansı yolla əldə edildiyini soruşur. Aypəri düşüncələrində uzaq keçmişə qayıtsa da, belə əziz gündə qanqaralıq salmamaq üçün bilərziyi özünün bağışladığını bildirir.
Sonuncu quruluşda həmin səhnə köklü dəyişdirilib: Aypəri Gülyanağın toya hazırlığını tələsdirir. Öncəki redaktə və quruluşun III pərdəsində, o zamanki tamaşaçıların səbirsizliklə gözlədikləri "Aypərinin sirri açması" səhnəsində həmçinin. Yeni quruluşda Aypərinin saraya gəlişi ancaq xana yalvararaq qızın nişanlı olduğunu bildirməsi və ona rəhm edərək taleyi ilə oynamamaq xahişi ilə bağlıdır. Bütün məzmun dəyişmələri də, öz növbəsində, yeni libretto ilə bağlıdır.[5]
Üçüncü redaktədə Gülyanaq surəti Azərbaycan Respublikasının əməkdar artisti Mədinə Əliyevaya tapşırılıb. Mədinə xanımın ifasının öz oxşarsız özəllikləri var. O, biri-birindən köklü seçilən öncəki və sonuncu quruluşlarda da görünmüşdü. Əsərdə qeyri-səmimilik və qondarmaçılıqdan uzaq, tamaşaçının yaşantılarını oyadan və tamaşadan sonra düşündürən başlıca qəhrəman surəti yaratmaq üçün şəxsiyyətin bütövlüyü gərəkdir. Mədinə xanımın yaratdığı Gülyanaqda oynaqlıq, şuxluqla yanaşı, sədaqət və yüksək mənəviyyat görünür.
M. Əliyeva canlandırdığı obraz haqqında deyir:
"Yeni quruluş tamamilə yeni məzmun və yeni libretto deməkdir. V təbii ki, Gülyanağı dəyişdirmək və üzərində cərrahiyyə işi aparmaq yox, yeni Gülyanaq yaratmaq lazım gəldi. Librettoda "ata-qız" xətti artıq yoxdur, sevgililəri biri-birindən ayırıblar, lakin hər ikisi ilqarından dönmür. Və tamaşanın faciəli sonluğuna baxmayaraq, onların məhəbbəti mənəvi saflıq və yenilməzlik rəmzi kimi ucadan da ucadır."[5]
Balet truppasının bədii rəhbəri Yuliana Əlikişizadə baletin yeni redaktəsi haqqında deyir:
"Librettonun yeniliyi özünü doğruldur, tamaşanın mahiyyətcə uduşu göz qabağındadır. "Qız qalası" çox uzun səhnə ömrü sürüb, tamaşaçı alqışları qazanıb. Lakin məzmunda "ata-qız" xətti həmişə təəccüb doğurur, milli mənəviyyata heç cür uyğun gəlmirdi. Hazırkı baletin başlıca ideyası isə zülmkar hökmdarın məhəbbət, sədaqət və mənəviyyatla, saflıqla mübarizədə məğlubiyyətidir. Baletin xoreoqrafiyasına gəldikdə isə, Qəmər xanım Almaszadənin quruluşundan mümkün olanı saxlamışıq. Yeni partitura və libretto ilə bağlı bir sıra lazımsız bölümləri çıxarmaq şərtilə. Bir sıra rəqs bölümləri, mən deyərdim, uğurlu alınıb. Məsələn, I və III pərdələrdə. Dövlət rəqs ansamblının iştirakına gəldikdə isə, milli baletdə belə rəqqasların çıxışları maraqlıdır və lazımdır. Uğurlarımızdan biri də budur ki, biz çox qısa zamanda, Polad və Cahangir xan surətlərinin yaradıcıları olmuş iki gənci – Gülağası Mirzəyev və Yuri Lobaçovu hazırlaya bilmişik. Onlar üçün belə böyük yaradıcılıq işi çox böyük peşəkarlıq imtahanıdır."[5]
Azərbaycan Dövlət rəqs ansamblının bədii rəhbəri Afaq Məlikova deyir:
"1999-cu ilin may ayında professor Fərhad Bədəlbəyli mənə müraciət edib, öz ideyası ilə bölüşdü. İdeyanın mahiyyəti belə idi ki, Dövlət rəqs ansamblı yeni quruluşda iştirak etsin. Təklif çox gözlənilməz idi və məndə çaşqınlıq hissi yaratdı. Öncədən razılaşmadım, çünki, balet tamaşası qarşısında böyük məsuliyyət, klassik balet truppası ilə birgə çıxışın öz çətinlikləri, simfonik orkestrlə uyuşmağın çətinlikləri razılaşmağa imkan vermirdi. Baxmayaraq ki, kollektivimizdə hər bir rəqqas və rəqqasə ixtisasçı, sənətçidirlər və xoreoqrafiya məktəbi bitiriblər. Lakin sonra Ə. Bədəlbəylinin xatirəsinə, Qəmər Almaszadənin əvəzsiz sənətkarlığına, ilk milli baletimizə və Fərhad Bədəlbəylinin qeyrətinə hörmətim bütün inamsızlıqlara üstün gəldi və mən məzuniyyətdən sonra qərara gələ bildim. O ki, qaldı xoreoqrafiya baxımından çətinliklərə, tam arxayınlıqla deyə bilərəm ki, rəqs bizim sənətimizdir və "bizimkilər" uğurla çıxış etdilər. Mən I pərdədəki "Şalaxo" rəqsini, III pərdədə isə "Gürcü rəqsi" və "Nəlbəki" rəqsini nəzərdə tuturam. Bir sözlə, ansamblımızın tamaşada iştirakı ən xırda ünsürlərədək mükəmməl işlənmişdi. Elə böyük çətinliyimiz olmadı."[5]
Opera və balet teatrının baş dirijoru Cavanşir Cəfərov deyir:
"Baletin yeni redaksiyası əsərin yeni variantıdır. Mən məzmunu nəzərdə tuturam. O ki, qaldı orkestrləşmə məsələsinə, bu tamamilə yeni partituradır. Və çox gözəl işlənib. Musa Mirzəyev özüllü, "azman" partituralar yaratmağı sevir və onları sevə-sevə yaradır. Əlbəttə, həmin partituranı hazırlamağın ən başlıca çətinliyi, onun tutumu, sanballığından savayı, vaxtın azlığı idi. Mən partituranın köçürülmüş əlyazmasını ancaq sentyabrın ilk günlərində gördüm. Orkestr partiyaları isə sentyabrın 15-də əldə olunub orkestrə paylandı. Yəni əslində bircə aya baletin musiqi kəsimini hazırladıq. Çox ağır, lakin çox maraqlı iş oldu. Simfonik inkişafın arasıkəsilməzliyi tamaşanın dinamik alınmasına imkan yaratdı. Orkestr çalarlarının gözəlliyi mənim lap özümü belə ovsunlamışdı. Balet truppası və Dövlət rəqs ansamblı ilə birgə məşqlər isə cəmi on gün çəkdi. Doğrudur, 4, 5, hətta 6 saat məşq edirdik və hamılıqla boynumuza düşən məsuliyyəti başa düşürdük. Ümumiyyətlə, dirijor üçün asan-çətin partitura, fikrimcə, yoxdur və ola da bilməz. Klassik partituralar nə qədər "duru", "şəffaf" olsalar da, böyük diqqət tələb edir. Bununla yanaşı, deməliyəm ki, "Qız qalası" baletinin yeni redaksiyasını, tutumuna görə, ancaq hazırda dirijorluq etdiyim "Min bir gecə" baletinin partiturası ilə tutuşdura bilərəm. Və bu baxımdan, qazandığımız uğur şəxsən məni arxayın salmır. Əksinə, belə düşünürəm ki, hər tamaşa bu partitura üzərində yaradıcılıq işinin davamıdır."[5]
Bəstkar Musa Mirzəyev deyir:
"1937-ci il "Koroğlu" operasının tamaşaya qoyulduğu, 1940-cı il isə ilk milli baletimizin – "Qız qalası"nın yaranışı illəri sayılır. Üzeyir bəylə bir yöndə, bir axarda üzmək, – özü də bir gəmidə üzmək,- həm o zaman üçün, həm də bugünkü baxımdan, sözsüz ki, böyük yaradıcı qoçaqlıq, sənət igidliyi sayılmalıdır. Və ilk milli janr yaradıcısı təşəbbüsündə bulunmaq da o cümlədən. Deyilənlərlə yanaşı, "Qız qalası"nın meydana gəlişi tamamilə qanunauyğundur."[5]
Librettosu
[redaktə | mənbəni redaktə et]Baletin ilk librettosu onun müəllifi Əfrasiyab Bədəlbəylinin qələmindən çıxan bütün ədəbi, publisistik və elmi əsərlərə xas olan düzgün biçimliliyi ilə seçilirdi.
Qəddarlığı ilə tanınmış Bakı hökmdarı Cahangir xan, oğlu – varisi doğulacağını səbirsizliklə gözlədiyi halda, qızının dünyaya gəlişini qəzəblə qarşılayır. O uşağı öldürməyi, anasını isə köləyə çevirməyi əmr edir. Lakin vəzirin uşağa yazığı gəldiyindən, onu dayəsinə verib, saraydan gizlicə çıxmalarına kömək edir…
…Artıq 18 il keçmiş və körpə qızcığaz füsunkar gözələ çevrilmişdir. Həmişə şən, gülərüzlü Gülyanaq xoşbəxtdir, çünki onun sevib-seçdiyi Polad adında igid var. Və talelərinin birləşəcəyi gün artıq yaxınlaşıb
Toyun ən qızğın yerində xan öz adamları ilə qasırğa kimi kəndlilərin üstünü alır. Qızın gözəlliyi və vaxtı ilə sevdiyi keçmiş arvadı ilə oxşarlığı onu heyrətə salır. Xan qərar verir ki, Gülyanaq onun arvadı olmalıdır. Lakin Polad sevgilisindən əl çəkə bilməz və onun uğrunda zülmkarla mübarizəyə hazırdır. Cahangir xanın əmri ilə Polad ölməlidir. Öz sevgilisinin həyatını xilas etmək üçün Gülyanaq xanın arzusunu yerinə yetirməyə razılaşır, lakin şərt qoyur: xan onun üçün dənizlə dövrələnən hündür qala tikdirməlidir. Cahangir xan razılaşır və onun əmri ilə kəndlilər hər yerdən qovulub tikintiyə gətirilirlər.
Nəhayət, qala tikilib qurtarır. Xan toyu başlamağı əmr edir. Hətta Gülyanağın onun doğma qızı olduğunu öyrənsə də, ondan əl çəkmək istəmir. Poladla xanın döyüşü sonuncunun ölümü ilə qurtarır. Cahangir xan üçün onun məhəbbəti rəmzi olan qala, Gülyanaq üçün ölüm qülləsinə çevrilir: ümidzisliyindən o özünü dənizə atır…[7]
Sonrakı əlavələr
[redaktə | mənbəni redaktə et]1959-cu ilin mayında Moskvada keçirilmiş Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyünə hazırlıq dövründə "Qız qalası" baleti bəstəkar tərəfindən yenidən işlənmişdi. Dəyişmələr aşağıdakılardan ibarət idi:
İlk libretto və redaktədə xanın öz adamları ilə kəndə soxulması öz hərəmxanasını genişləndirmək məqsədi güdürdü. Gülyanağın gözəlliyinə valeh olan hökmdar onunla evlənmək qərarına gəlir. Və, Gülyanağın onun doğmaca qızı olduğunu biləndə belə, qərarını dəyişmir.
1959-cu ilin yeni redaktəsində Cahangir xan Gülyanağın keçmiş arvadı ilə qəribə oxşarlığından heyrətə gəlir, lakin onun özünün doğma qızı olduğunu son məqamda öyrənir. Milli çaları gücləndirmək üçün elçi qadın surəti də artırmalardan biridir.
2-ci redaktədə tikinti səhnəsinə yenidən baxılmış, daha sonra isə həmin səhnə qısaldılmışdı. Tikinti səhnəsindən sonrakı "Xanın xəyalları" şəkil-bölməsi "Poladın xəyalları" şəkil-bölməsi ilə əvəzlənmişdi. Həmin şəkil – bölmə qaranlıq məhbəsə salınmış Poladın sevgilisi haqqında düşüncələri, onun yuxusunda Gülyanağa qovuşmağı (İrəm bağında) və şərlə zorakılıq rəmzi Şəddadla qarşıdurması səhnələrindən ibarət idi.
1959-cu ildə Moskva ongünlüyü üçün Aypərinin Gülyanaq haqqında söylədikləri (xanın doğma qızı olduğu haqqında) I pərdədən III pərdəyə keçirilmişdi. Sonrakı dövrdə daha bir sıra dəyişikliklər aparılmışdı. Məsələn, II pərdə – "Poladın yuxusu", "Gülyanağın yuxusu" ilə əvəzlənmiş, lakin sonrakı məzmun olduğu kimi saxlanmışdı.[5]
Klaviri
[redaktə | mənbəni redaktə et]1959-cu ildə Moskvada keçiriləcək mədəniyyət ongünlüyümüzlə bağlı klavir çap olunmalıydı. Lakin çiyninə düşən işin çoxluğundan müəllif klavirin çapa hazırlığını daim gecikdirirdi. Əslində, əsərin əsil klaviri yox dərəcəsində idi, çünki bəstəkar əsəri klavirsiz, birbaşa partitura şəklində yazmışdı. Bunun oxşarlarını Q. Qarayevin baletlərindən misal gətirmək olar. Klavirlər çox sonralar, partituralar əsasında "biçimlənir", yaxud "işlənirdilər".
Yeni librettoya görə, əsərin proloqu tamamilə aradan qaldırılmalı, yəni proloqun musiqisi də həmçinin. Lakin bəstəkar M. Mirzəyev musiqini "qoruyub saxlamaq" qərarına gəlir. Bütövlükdə, yeni, ikipərdəli balet biçimləndi ki, onun artıq proloqu yox, yeni epiloqu – sonluğu var idi. II və III pərdələrin birləşdirilməsi, yaxud arasıkəsilməz ifası beynəlxalq standartlara yaxud qəliblərə uyğun yeni tamaşanın başlıca cəhətlərindən biridir.
Əsərin musiqisində ciddi yığcamlamalar, ixtisarlar yeni librettodan, – Fərhad Bədəlbəylinin] redaktəsindən irəli gəlir. Bir sıra, sözün əsil mənasında, "dramatik balet" bölümləri aradan götürülüb. Məzmun dəyişikliyi pantomimalar üçün yazılmış musiqi bölümlərini lazımsız etdi. Yeni redaktəli I pərdədə arasıkəsilməz simfonik-rəqsi inkişaf gedir. Yeni redaktənin bir sıra bölümləri simfonik konsertlərdə ifa olunmaq üçün də yararlıdır. Məhz uvertüranın materialının əvəzsizliyi onun əsasında yeni sonluq (epiloq) bəstələməyimə imkan verib.
Burada vurğulamaq lazım gəlir ki, Əfrasiyab Bədəlbəylinin musiqi mövzuları onu Üzeyir Hacıbəyovun ləyaqətli şagirdi kimi dəyərləndirir. Müəllifin musiqi mövzularına xas olan "üslub təmizliyi", "zövqi naqislik və xətaların" yoxluğu onu bir sıra bəstəkarlardan, o cümlədən, istedadlardan daha seçimli görməyə imkan yaradır.
I pərdədə məzmun birbaşa toya hazırlıqdan başlayır. Bu səbəbdən ananın qızı ilə III pərdədəki görüşü başqa məna daşıyır. Üçüncü redaktədə qonaqların gəlişi genişləndirilib. Yeni librettoya görə yerdəyişmələr çoxdur. Təkrarlamalara yol verilmir. Cəmi bir təkrar (xanın çıxışı) var ki, onun da orkestr çalarları öncəkindən tamamilə seçilir. Vaxtı ilə xanın mövzusu dəfələrlə səslənirdi. Sevgililərin "Adajio"-su genişləndirilib və konsertlərdə ayrıca ifa oluna bilər.
Əsərin orkestrləşməsinə gəldikdə, redaktənin istər harmonik, istər polifonik, istərsə də orkestr çalarları baxımlarından ölçüyəgəlməz zənginliyi göz önündədir. Orkestr dolğun səslənir. Məsələn, əski partiturada "pedallıq" anlamı yox dərəcəsində idi. Yeni redaktə "pedallıq"ların geniş çeşidli toplumundan faydalanır. Hətta çalğıçılar üçün əlverişsiz tonallıqlar əlverişliləri ilə əvəzlənib.
Burada tamamilə yeni harmonik dil və yeni orkestrləşmədən danışmaq daha düzgün olardı. Məsələn, valtornaların yeri və vəzifələri ən böyük bəstəkarların yaradıcılığı səviyyəsində ən yüksək və ən nəfis tələblərə cavab verir. Digər tərəfdən, "Gülyanağın rəqsi"ndə mis alətlər susur, simlilər çox tutumlu səslənir, və rəqs daha yaddaqalan, daha yaşantılı görünür. Əslində bütün toy rəqsləri tamamilə yenidən bəstələnib.[5]
Azərbaycan Respublikası xalq artisti, professor, tamaşanın bədii rəhbəri və librettoçusu Fərhad Bədəlbəyli deyir:
"Baletin yeni redaksiyası ideyası uzun illərdir ki, məni düşündürürdü. Əlbəttə, köhnə libretto çox gözəl yazılmışdı, mən deyərdim ki, çox "intriqalı" libretto idi. Hamı böyük maraq və gərginliklə izləyirdi ki, "görəsən tamaşanın axırı nə ilə qurtaracaq?". Lakin milli mənaviyyata bu bir növ sataşmaq deməkdi. Sovet dövrünün məhsulu idi. Əfrasiyab əmim özü deyərdi ki, ədəbiyyatçılar, tarixçilər, tənqidçilər bizim tarixdə, folklorda belə məzmuna rast gəlinmədiyini, yad ünsür olduğunu tez-tez onun nəzərinə çatdırardılar. Aydındır ki, kommunist sinfi mübarizə ideologiyası xanı lap binamus etmək üçün dəridən qabıqdan-çıxmalıydı. Gəlin düzünü deyək. 50 yaşında xan cavan bir qıza aşiq olub, onu alsaydı, yaxud hərəmxana saxlasaydı, böyük günah işlətməzdi. Təbii bir şey olardı… Lakin atanın öz doğma övladına ehtirası…, yolverilməzdir. Və belə məzmun, açığını deyim məni çox-çox illərdir ki, incidirdi. Digər tərəfdən, əsərin orkestr səslənməsi. "Qız qalası" baleti Əfrasiyab Bədəlbəylinin ilk böyük əsəri və tələbə ikən yazdığı diplom işi idi. Sonrakı operalarında orkestr tamamilə başqa cür, daha dolğun səslənir. Dövr dəyişdikcə, bədii tələblər də dəyişir. Özünüz bilirsiniz ki, hətta İ. Stravinski kimi böyük bəstəkar da öz əsərlərini neçə dəfə redaktə edib, hətta əldə olan musiqi materialını saxlamaqla köklü dəyişikliklər aparıb. M. Musorqskinin "Boris Qodunov" operasının 2 redaktəsi var: N. Rimski-Korsakovun və D. Şostakoviçin. Buna oxşar misallar çoxdur. Mənim məhz Musa Mirzəyevə müraciət etməyimin səbəbi onun çox yüksək zövqü və dərin orkestr bilicisi kimi tanınmağındadır. Ən nəhayət, o, Əfrasiyabın dostu idi, bu isə çox vacibdir. Bir il öncə fikrimi, səbrimi bir yerə yığıb, özüm oturdum və yeni libretto yazdım. Yəqin ki, köhnə tamaşanı görənlər bilir: proloqda baletdən çox pantomima var idi. Və proloqsuz balet nə musiqi, nə rəqs baxımından heç nə itirmədi. Əksinə, birbaşa musiqili-xoreoqrafik inkişafın gedişinə yol açdıq. Klaviri gözdən keçirdikdə də görünür ki, xanə-xanə, – dram əsərinə yazılmış musiqini xatırladırdı "Qız qalası". Bütövlük çatmırdı. İndi isə baleti hər yerdə, istənilən ölkədə göstərmək, tamaşaya qoymaq olar. Çünki dinamiklik artıq var. Lakin nə dərəcədə var, – onu mütəxəssislər və tamaşaçılar deyə bilər. Hələ ki. tamaşaçılardan razılıq edənlər daha çoxdur."[5]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 Музыкальная энциклопедия. Гл. ред. Ю. В. Келдыш. Т 1. А — Гонг. 1072 стб. с илл. М.: Советская энциклопедия, 1973
- ↑ Чингиз Абдуллаев: "Вместо того, чтобы отталкивать нас, россиянам надо менять свои взгляды и отношение к народам бывших союзных республик" Arxivləşdirilib 2014-05-31 at the Wayback Machine
…первый балет на мусульманском востоке появился у нас.
- ↑ Большая Cоветская Энциклопедия. Гл. ред. А. М. Прохоров, 3-е изд. Т. 1. А — Ангоб. 1969. 608 стр., илл.; 47 л. илл. и карт, 1 отд. л. табл.
- ↑ 1 2 "Ü. Hacıbəyli – Qz qalası baleti, "Pravda" qəzeti, 1940-cı il, 25 aprel (rus dilində)". 2013-04-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-07-18.
- ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 ""Qız Qalası":III miniliyə vəsiqə". 2020-08-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-07-18.
- ↑ N. Elyaş – Azərbaycan baletinin tamaşaları, Sovetskae kultura qəzeti, 1959, 28 may
- ↑ "Балет Девичья башня, либретто". 2010-10-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-07-19.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Əfrasiyab Bədəlbəyli "Qız qalası" baleti — I pərdə
- Əfrasiyab Bədəlbəyli "Qız qalası" baleti — II pərdə
- "Qız qalası" baletindən saray rəqsi
- "Qız qalası" baletindən vals
- "Qız qalası" baletindən xalq rəqsi Kikican
- "Qız qalası" baletindən xalq rəqsi Şalaxo (Şələqoy)
- "Qız qalası" baletindən Azərbaycan qızlarının rəqsi
- "Qız qalası" baletindən kədərli qızların rəqsi
- "Qız qalası" baletindən Gülyanaq və Poladın adajiosu