Qıfılbənd

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Qıfılbənd — aşıq deyişmələri zamanı tətbiq edilən spesifik şeir. Forma baxımından, əsasən, qoşmadır. Bəzən bağlama da adlandırılır. Adətən, sazçalma və şeir texnikası baxımından bir-birini üstələyə bilməyən aşıqlar qıfılbəndə əl atırdılar. Qıfılbəndlərin böyük əksəriyyəti dini-mistik təsəvvürlərlə, tarixi əfsanələrlə, təbiət hadisələri ilə bağlı olur, aşıqların müşahidə qabiliyyətini, ümumiləşdirmə istedadını, intellektini, ətraf aləm, mühüt haqqında təsəvvürlərini aşkara çıxarmağa imkan verir. Xalq sənətkarlarından Meşkinli Məhəmmədin aşağıdakı qıfılbəndi bu poetik forma haqqında təsəvvür yarada bilər:

O nə quşdu ildə çəkər bir qiyyə,
Qiyyəsində yüz min nahaq qan olu?
Nə qaladı dörd yüz qırx dörd bürcü var,
Onda üç yüz altmış altı xan olu?

O kimdi ki, hamı zaddan ucadı?
O kimdi ki, istəkləri bicadı?
O kimdi ki, on dördündə qocadı?
Otuza yetəndə növcəvan olu?

Nə anadı, yeyər balasın özü,
Nə əli var, nə ayağı, nə gözü?
O kimdi ki, iki başı, dörd üzü,
Üç, beş, yeddi nədi, nümayan olu?

Nə cansızdı dindircəyin verir səs,
Onda yoxdu ət, qan, sümük heç həvəs,
Meşkinli Məhəmmədnən hər kim etsə bəhs,
Bir müəmma deyər, sərgərdan olu.

Qıfılbəndin cavabı forma və qafiyə baxımından suala uyğun gəlməlidir. Yalnız belə olduqda aşıqlar deyişməni davam etdirə bilərdilər. Aşıq Ələsgərlə Aşıq Bəhramın qıfılbəndi buna bariz nümunə ola bilər:

Aşıq Ələsgər:
Məğrurluq eyləyib ustadam deyən,
O hansı ağacdı, tağı yeddidi?
O ağacdan bir quş yuva salıbdı,
Çarpaz sinəsinin dağı yeddidi.

Aşıq Bəhram:
Ustadam deyənlər məğrur olmasın,
Cəsəd damarının səri yeddidi.
Sinə yuvasında məskən salıbdı,
Ürək bir quş olsa, pəri yeddidi.

Qıfılbəndə cavab tapa bilməyən aşıq sazını verərək məğlub kimi meydanı tərk etməli olurdu.[1]

  1. Elçin. Seçilmiş əsərləri. 10 cilddə. IX cild. Bakı: ÇİNAR-ÇAP, 2005, səh.407
  • Elçin. Seçilmiş əsərləri. 10 cilddə. IX cild. Bakı: ÇİNAR-ÇAP, 2005, 509 səh.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]