Proton (raket)
Proton (UR-500, "Proton-K", "Proton-M") — Rusiya daşıyıcı raketi. Raketdən ağır yüklərin kosmosa çıxarılması üçün istifadə olunur. Proton avtomatlaşdırılmış kosmik aparatları həm Yerin orbitinə, həm də açıq kosmosda uzaq məsafələrə daşıya bilir. "Proton" XX əsrin 60-cı illərinin əvvəlində yaranmışdır. Əvvəlcə Raket 2 proqramı çərçivəsində 30–100 meqaton mərmilərin kontinentlərarası nəqli üçün nəzərdə tutulan raket kimi layihələndirilmişdir. 1965-ci ildə bu məqsəddən yayınaraq aya uçuş proqramı daxilində kosmosa uçan raket kimi inkişaf etdirilir. 16 iyul 1965-ci ildə ilk alınmayan startından sonra onun üzərində çoxlu sayda təkmilləşdirmə işləri aparılır. Hazırda bu raket dünyada ən etibarlı daşıyıcı sayılır. Çatışmayan cəhəti ətraf mühitə mənfi təsir göstərən hipergolen və toksik qaz qarışıqlarıdır. 2000-ci illərin ortalarından etibarən Proton raket-daşıyıcısının yeni modifikasiya olunmuş variantı Proton-M həm Rusiyaya məxsus kosmik aparatların, həm də xarici kommersial kosmik yüklərin kosmosa çatdırılması üçün istifadə olunur.
Tarixi
[redaktə | mənbəni redaktə et]1960-cı illərin əvvəllərində SSRİ rəhbərliyi kosmosa həm ağır yüklü hərbi məqsədli yüklərin, həm də bir neçə min ton trotil ekvivalentli döyüş başlıqlarını çıxara bilən ağır daşıyıcı raketlərin yaradılmasında maraqlı idi. Bu raketlərin layihələrndirilməsi işini Korolyev adına Energiya Raket-Kosmik korporasiyasınını konstruktor bürosuna tapşırıldı. Həmin vaxt korporasiya R-9 qitələrarası ballistik raketlərin hazırlanması ilə məşğul idi. Vladimir Çelomeyin səyləri nəticəsində, SSRİ Nazirlər Şurası 16 mart və 1 avqust 1961-ci il qərarlarına uyğun olaraq, OKB-52 konstruktor zavodu UR-200 qitələrarası ballistik raketin layihələndirilməsinə başladı. Bir il sonrakı sərəncama əsasən daha müasir UR-500 (digər adı Proton) raketinin layihələndirilməsinə başlanıldı. UR-500 raketinin baş konstruktoru Pavel İvensen təyin edildi. 1962-ci ildə bu vəzifəyə Yuri Trufanov, daha sonra isə Dmitri Poluxin təyin edildi. Bütün bu dövr ərzində layihənin icraçı məsul konstruktoru Vitali Vırodov olaraq qaldı. Raketin hazırlanmasına üç il vaxt verildi.
İlkin layihələndirməyə əsasən UR-500 parallel olaraq birləşdirilmiş 4 ikimərtəbəli raketdən ibarət idi. Bu variantın daha dərindən incələnməsi nəticəsində məlum oldu ki, belə variantda hazırlanan raket arzu olunan ağırlıqda yükü qaldırmaq imkanında deyil. Raketin daha dərindən hazırlanması layihəsinin tədqiqi nəticəsində, OKB-23 üçmərtəbəli sxemlə mərtəbələrin tandem şəklində yerləşdirilməsi variantını seçdi. Bununla belə, yuxarı mərtəbələrin hazırlanmasında UR-200 raketinin dəyişdirilmiş variantından istifadə edildi. Raket həm hərbi variantlarda: Qlobal orbital bombardmanı üçün və qitələrarası ballistik raket kimi (uçuş məsafəsi 12.000 km), həm də ağır çəkili peyklərin kosmosa çatdırılması üçün daşıyıcı raket kimi hazırlanırdı. Raket Xruniçev adına Dövlət kosmik Tədqiqat və İstehsal Mərkəzində hazırlanır və hissələrlə dəmiryolu vasitəsilə Baykonur kosmodromuna çatdırılırdı.
Raketin hazırlanması layihəsi Nikita Xruşşov tərəfindən tam dəstəklənirdi.