Nizami (simfoniya)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Nizami simfoniyası
Bəstəkar Fikrət Əmirov
Forma simfoniya
Premyera
Hissələr Andante Maestoso
Allegretto
Andante Molto Sostenuto
Allegro con Brio

Nizami simfoniyası — azərbaycanlı bəstəkar Fikrət Əmirovun 1947-ci ildə Nizami Gəncəviyə həsr etdiyi simli orkestr üçün simfoniya. Dahi şair Nizami Gəncəvinin xatirəsinə həsr edilmiş simfoniya şairin anadan olmasının 800 illiyi münasibətlə yazılmışdır.

Bəstəkar simfoniya üzərində dəfələrlə işləmiş, onun ikinci və üçüncü redaksiyalarını yaratmışdır. Simfoniyada Nizaminin ümumiləşmiş obrazı yaradılmışdır. Bəstəkar şairin obrazına ehtiramla yanaşır və ona xüsusi münasibət bəsləyir ki, bu da əsərə səmimilik, incəlik, gənclik təravəti, lirik hərarət və romantik ruh verir. Eyni zamanda simfoniya özunün fəlsəfi mənası və lakonik ifadə tərzi ilə diqqəti cəlb edir. Bu cəhət son illərdə yazılmış bir çox əsərlərin musiqisinə xas kameralıq tendensiyasını qabaqlamışdır. Buna görə də musiqidə ifadə olunan gizli hisslər, düşüncələr, əhvalatlar da təbii qavranılır.

Simfoniya dörd hissədən ibarətdir. Ayrı-ayrı hissələrin formaları, bir çox inkişaf üsulları, şübhəsiz, klassik simfoniya ilə əlaqənin olduğunu göstərir. Simfoniyanın hissələrindən qabaq dinləyicini istiqamətləndirmək məqsədilə Nizaminin əsərlərindən götürülmüş poetik epiqraflar verilmişdir.

Mənbə və mövzular

[redaktə | mənbəni redaktə et]
Fikrət Əmirovun "Nizami" simfoniyasını yazarkən əsərlərindən istifadə etdiyi – Azərbaycan şairi Nizami Gəncəvinin rəssam Qəzənfər Xalıqov tərəfindən 1940-cı ildə çəkilmiş bədii təsvir portreti, Azərbaycan Milli İncəsənət Muzeyi.[1]

Nizami yaradıcılığını tanınmış filosof, ədəbiyyatşünas və sənətşünaslar, elm və dövlət xadimləri yüksək qiymətləndirmiş, onun həyatı və əsərləri əsasında müxtəlif mövzularda romanlar, pyeslər yazılmış, şəxsiyyətinə həsr edilmiş poema və şeirlər qoşulmuşdur.[2]

Nizami irsi uzun zamanlar ərzində dünya elmi-ədəbi fikrinin diqqət mərkəzində olmuşdu. Azərbaycanda şairin əsərləri dəfələrlə nəşr olunmuş, ədəbi irsinin öyrənilməsi və tanıdılması sahəsində müxtəlif işlər həyata keçirilmiş, çoxlu sayda tədqiqatlar meydana gətirilmiş, eləcə də dünya nizamişünaslığında ilk dəfə olaraq əsərlərinin elmi-tənqidi mətni hazırlanmışdır. Bu proseslərin intensiv şəkil almağa başlaması əsasən Nizami Gəncəvinin anadan olmasının 800 illik yubileyi ərəfəsinə təsadüf etmişdir.[3] Şairin yubileyinin dövlət səviyyəsində qeyd olunması ilə bağlı ilk qərar 1939-cu ilin iyul ayının 25-də qəbul edilmiş, lakin İkinci Dünya Müharibəsi səbəbindən yubileyin yalnız 1947-ci ildə qeyd olunması mümkün olmuşdur. İkinci Dünya Müharibəsinin başlanması səbəbi ilə yubiley günü blokada şəraitində olan Leninqradda - Dövlət Ermitajında qeyd edilmişdi. Şairin yubileyi təntənəli surətdə keçirilməsi yalnız 1947-ci ildə Bakıda mümkün olmuşdur.[4] Sözügedən illərdən etibarən Nizaminin dövrü, həyatı və yaradıcılığı bağlı yeni-yeni araşdırmalar aparılmışdır. Gəncədə dəfn olunduğu yerdə Nizami Gəncəvinin məqbərəsi ucaldılmış, xatirəsinin əbədiləşdirilməsi istiqamətində silsilə xarakterli tədbirlər həyata keçirilmişdir.[3]

Nizami Gəncəvi həyatı və yaradıcılığının əsas tədqiqatçılarından biri olan Səadət Abdullayeva qeyd edir ki, "Nizaminin yüksək ideyalı əsərlərinə, əlbəttə, bəstəkarlar biganə ola bilməzdilər. Bunu şairin poemaları əsasında klassik musiqinin demək olar ki, bütün janrları üzrə yazılan əsərlər – operalar, baletlər, simfoniyalar, simfonik poemalar, simfonik və xoreoqrafik süitalar göstərir."[5]

Nizaminin sözlərinə xor-poemalar, qarışıq xor ilə fortepiano üçün əsərlər, solist, xor və simfonik orkestr üçün poemalar, səs və kamera orkestri üçün lirik mahnılar yazılmışdır. Onlarla yanaşı, Nizami qəzəllərinə çoxlu sayda mahnı və romanslar da bəstələnmişdir. Səadət Abdullayeva yazır ki, "Üzeyir Hacıbəyovun "Sənsiz" və "Sevgili canan" əsərləri ilə Azərbaycan milli musiqisində yeni – "musiqili qəzəl" və ya "qəzəl-romans" janrının əsası qoyulmuşdur. Maraqlıdır ki, şairin qəzəlləri onlara musiqi qoşulandan sonra daha çox populyar olmuşdur."[5]

Nizami obrazı onun adı ilə adlanan opera və baletdə canlandırılmışdır. Nizami Gəncəvinin xatirəsinə simli simfoniya, vokal-simfonik poema, kantata, vokal-oratoriya, simli kvintet, elegiya, muğam etüdləri, xor əsərləri, poema ithaf olunmuşdur. Nizaminin əsərləri əsasında səhnələşdirilən dram əsərlərini və çəkilən filmləri də musiqi müşayiət edir. Bütün bu əsərlər Azərbaycan musiqi mədəniyyətinin zənginləşməsində və bəstəkarların yaradıcılıq fəaliyyətinin zənginləşməsində rol oynamışdır.[5]

  1. Н. М. Миклашевская. Становление и развитие искусства социалистического реализма в Советском Азербайджане: 1920–1945 гг. (живопись, графика, скульптура, театрально-декорационное искусство). — Б.: Элм, 1974. — С. 64. — 178 с.
  2. Səadət Abdullayev, 2018. səh. 8
  3. 1 2 Səadət Abdullayeva, 2018. səh. 18
  4. Səadət Abdullayeva, 2018. səh. 17
  5. 1 2 3 Səadət Abdullayeva, 2018. səh. 25