Natiq Fərəcullazadə

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Natiq Fərəcullazadə
Doğum tarixi 24 yanvar 1960(1960-01-24) (64 yaş)
Doğum yeri
Fəaliyyəti rəssam
Təhsili
Stillər realizm, modernizm
Mükafatları "Azərbaycan Respublikasının əməkdar rəssamı" fəxri adı — 2018

Natiq Nadir oğlu Fərəcullazadə (d. 24 yanvar 1960, Bakı) — Azərbaycan boyakarı, heraldika ustası, Azərbaycanın əməkdar rəssamı (2018).

Natiq Fərəcullazadə 24 yanvar 1960-cı ildə Bakı şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra 1979-cu ildə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbini, 1984-cü ildə isə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirmişdir. 2005-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür.[1]

Yaradıcılığı

[redaktə | vikimətni redaktə et]

Natiq Fərəcullazadə əsasən rəngkarlıqla məşğul olur. O, bir müddət Türkiyədə fəaliyyət göstərmişdir. 2003-cü ildə Ankarada yaradılmış "Disney qəhrəmanları parkı"nın bədii kompozisiyasının müəlliflərindən biri və bu şəhərdə yerləşən "Şeraton" mehmanxanasının relyef dekorativ kompozisiyasının müəllifi olmuşdur.[2]

Natiq Fərəcullazadənin yaradıcılığında realizmdən modernizmə doğru yönəlmə mühüm yer tutur. Onun "Qırmızı çətirli qız", "Çəmənlikdə", "Yorğunluq", "Xəyallar", "Səhər", "Kitabxanaçı", "Hörüklü qız", "Əbədi payız", "Abşeron qadınları", "Ruhlara dua", "Sevgi", "Şəhid önündə", "Həyat və təbiət", "Uzaq sahillərdə", "Abşeron motivi", "Söhbət", "Yağışlı gün" və s. əsərləri bu sinifə daxildir.[1]

Rəssamın yaradıcılığının sonrakı illərində heraldika xüsusi yer tutmuşdur. O, Azərbaycanın bir sıra orden və medallarının eskiz müəllifidir. Bundan əlavə, Natiq Fərəcullazadə Azərbaycanda və xaricdə təşkil edilən beynəlxalq idman yarışları üçün medal eskizləri hazırlamışdır. Rəssam "Əsrin müqaviləsi - 20 il", "Naxçıvan Muxtar Respublikasının 90 illiyi", "TANAP" xatirə-pul nişanlarının, I Avropa Oyunlarının xatirə medalının, Üzeyir Hacıbəylinin 130 illik yubiley medalının, Nizami Gəncəvi medalının, "Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)" yubiley medalının, "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)" yubiley medalının, "Rəşadət" ordeninin, "Şücaətə görə" medalının və başqa nümunələrin müəllifidir.[3]

Natiq Fərəcullazadən bir çox sərgilərdə iştirak etmişdir. Onun qatıldığı ilk sərgi 1985-ci ildə Leninqrad şəhərində keçirilmiş "SSRİ-nin 60 illiyi" (SSRİ Rəssamlar Akademiyası) olmuşdur. Bundan əlavə o, "Vətənin gəncliyi" (Respublika sərgisi. Bakı, 1987), "Şüşə və keramika" (I Respublika sərgisi. Bakı, 1987), "Kiçik Forma" (Respublika sərgisi. Bakı. 1988), "31 Mart Soyqırımı" (Muzey Mərkəzi. Bakı, 2010), "Xocalı Soyqırımı" (Müsabiqə. Bakı, 2011) kimi sərgilərdə də iştirak iştirak etmişdir.[4] 1995-ci ildə İstanbulda rəssamın 35 illik yubileyinə,[2] 2010-cu ilin 22–28 yanvarında isə Azərbaycan Rəssamlar İttifaqının "Vəcihə Səmədova" adına sərgi salonunda rəssamın 50 illik yubileyinə həsr olunmuş fərdi sərgiləri keçirilmişdir. Onun əsərləri Azərbaycanda və xaricdə muzey və şəxsi kolleksiyalarda saxlanılır.[1]

  1. 1 2 3 "Rəngkar və heraldika ustası" (az.). medeniyyet.az. 2021-07-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 yanvar 2018.
  2. 1 2 "Tanınmış rəssam Natiq Fərəcullazadə fərdi sərgi açacaq" (az.). azeri.net. 2021-07-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 yanvar 2018.
  3. "Rəngkar və heraldika ustası" (az.). anl.az. 2019-01-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 yanvar 2018.
  4. "Rəssamlar → Natiq Fərəcullazadə" (az.). azculture.az. 2018-07-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 24 yanvar 2018.
  5. "Dövlət qulluqçularına fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). president.az. 2021-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 yanvar 2018.