Mir Teymur Yaqubov
Mir Teymur Yaqubov | |
---|---|
| |
6 aprel 1953 – 17 fevral 1954 | |
Əvvəlki | Mircəfər Bağırov |
Sonrakı | İmam Mustafayev |
aprel 1952 – aprel 1953 | |
Əvvəlki | vəzifə təsis edilib |
Sonrakı | vəzifə ləğv edilib |
iyun 1950 – aprel 1952 | |
Birinci katib | Mircəfər Bağırov |
Əvvəlki | Həsən Seyidov |
Sonrakı | Vitali Səmədov |
28 mart 1946 – 27 may 1950 | |
Əvvəlki | Stepan Yemelyanov |
Sonrakı | Ağasəlim Atakişiyev |
6 mart 1941 – 28 mart 1946 | |
Əvvəlki | Stepan Yemelyanov |
Sonrakı | vəzifənin adı dəyişdirilib |
aprel 1939 – mart 1941 | |
Birinci katib | Mir Cəfər Bağırov |
Sonrakı | Qəzənfər Məmmədov |
18 iyul 1938 – 7 aprel 1941 | |
Əvvəlki | vəzifə təsis edilib |
Sonrakı | Əziz Əliyev |
iyun 1936 – mart 1938 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 24 oktyabr (6 noyabr) 1904 |
Doğum yeri | |
Vəfat tarixi | 13 fevral 1970[1] (65 yaşında) |
Vəfat yeri | |
Partiya |
|
Fəaliyyəti | siyasətçi |
Rütbəsi | general-leytenant (1945) |
|
|
Təltifləri |
|
Vikianbarda əlaqəli mediafayllar |
Mir Teymur Mir Ələkbər oğlu Yaqubov (24 oktyabr (6 noyabr) 1904, Bakı – 13 fevral 1970, Bakı) — Azərbaycan-sovet partiya və dövlət xadimi, general-leytenant (1945), Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi (1953–1954), Azərbaycan SSR daxili işlər komissarı və naziri (1941–1950), Azərbaycan SSR Ali Sovetinin ilk sədri (1938–1941).
Həyatı
[redaktə | mənbəni redaktə et]Erkən illəri
[redaktə | mənbəni redaktə et]Mir Teymur Mir Ələkbər oğlu Yaqubov 24 oktyabr (6 noyabr) 1904-cü ildə Bakı şəhərində dənizçi ailəsində anadan olmuşdur.[2] Onun atası matrosluqdan kapitan rütbəsinədək yüksəlmişdir. Bununla belə, ailənin imkansızlığı səbəbindən Mir Teymur yalnız ibtidai təhsil ala bilmişdir.[3] 1916-cı ildə dördillik Bakı rus-tatar məktəbini bitirmiş, 1919-cu ilin may ayından 1920-ci ilin iyun ayınadək Əliyev qardaşlarının bankında kassir kimi çalışmışdır.[4]
Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Mir Teymur Yaqubov Bakı Sovetində işləmiş, 1920-ci ilin iyun ayından 1925-ci ilin sentyabr ayınadək burada kommunal təsərrüfatı idarəsinin böyük nəzarətçisi, 1925-ci ilin sentyabrından 1926-cı ilin avqustunadək təşkilat şöbəsinin məsul katibi olmuşdur. Həmin illərdə o, paralel təhsil almış, 1926-cı ildə fəhlə fakültəsinin axşam şöbəsini bitirmişdir. Eyni zamanda 1923-cü ildən Rusiya Kommunist Gənclər İttifaqının üzvü, 1925-ci ilin aprel ayından Rusiya Kommunist (bolşeviklər) Partiyası üzvlüyünə namizəd, 1927-ci ilin sentyabrından isə partiyanın üzvü olmuşdur.[2]
Mir Teymur Yaqubov fəhlə fakültəsini bitirdikdən sonra, 1926-cı ildə təhsilini davam etdirmək məqsədilə Moskvadakı Yerquruluşu İnstitutunda oxumağa göndərilmiş və buranı 1930-cu ildə mühəndis ixtisası üzrə bitirmişdir. Təhsildə nailiyyətlərinə görə aspiranturada saxlanılmış, eyni zamanda Lenin adına Ümumittifaq Kənd Təsərrüfatı Elmləri Akademiyasına ezam edilmişdir. Aspiranturanı bitirdikdən sonra o, dosent və kənd təsərrüfatının təşkili üzrə baş elmi işçi adını alaraq Bakıya qayıtmışdır.[3] Burada o, 1933-cü ilin may ayından 1934-cü ilin sentyabr ayınadək Azərbaycan Ali Kommunist Kənd Təsərrüfatı Məktəbinin tədris işləri üzrə prorektoru, kafedra müdiri vəzifələrində işləmişdir. 1934-cü ilin sentyabrında o, Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinə irəli çəkilmiş, kənd təsərrüfatı şöbəsində ali təhsil müəssisələri üzrə təlimçi işləmişdir. 1936-cı ilin mart ayında yenidən təhsil müəssisələrində işləmiş, Azərbaycan Ali Kommunist Kənd Təsərrüfatı Məktəbində və Bakı Yerquruluşu Texnikumunda müəllimlik etmişdir.[4]
Siyasi fəaliyyəti
[redaktə | mənbəni redaktə et]1936-cı ilin iyun ayında Mir Teymur Yaqubov Azərbaycan Lenin Kommunist Gənclər İttifaqı Mərkəzi Komitəsinin birinci katibi seçilmiş, 1938-ci ilin mart ayınadək burada çalışmışdır. 1938-ci il fevralın 13-də ÜİK(b)P Mərkəzi Komitəsi Siyasi Bürosunun qərarı ilə SSRİ Xalq Daxili İşlər Komissarlığının (NKVD-nin) Azərbaycan SSR üzrə xüsusi üçlüyünün üzvü təsdiq edilmişdir. Həmin dövrdə həmçinin 1-ci çağırış SSRİ Ali Sovetinin deputatı (1938–1946), Azərbaycan SSR Ali Sovetinin ilk sədri (1938–1941) seçilmişdir.[2]
Mir Teymur Yaqubov 1938-ci ilin mart ayında Azərbaycan KP MK-nın üçüncü katibi, bir il sonra, 1939-cu ilin aprel ayında Azərbaycan KP MK-nın təbliğat-təşviqat üzrə katibi təsdiq edilmiş və 1941-ci ilin mart ayına qədər bu vəzifədə çalışmışdır.[2] Paralel olaraq 1940-cı ilin mart ayından 1941-ci ilin mart ayınadək Azərbaycan KP MK təbliğat-təşviqat şöbəsinə başçılıq etmişdir.[4] 1941-ci ilin martında Azərbaycan SSR xalq daxili işlər komissarı təyin edilmiş, 9 il bu vəzifədə (1946-cı ilin mart ayından Azərbaycan SSR daxili işlər naziri kimi) çalışmışdır. Böyük Vətən müharibəsində Nasist Almaniyası birləşmələrində xidmət etmiş şəxslərin müəyyən edilməsi üçün respublikada xüsusi əməliyyatların aparılmasına nəzarət etmişdir.[2]
1950-ci ilin may ayında Mir Teymur Yaqubov partiya işinə keçməsi ilə əlaqədar olaraq daxili işlər orqanlarından həqiqi ehtiyata buraxılmış, iyun ayında isə Azərbaycan KP MK-nın ikinci katibi seçilmişdir. 1952-ci ilin aprel ayında Bakı vilayəti təşkil olunduqda Azərbaycan KP Bakı Vilayət Komitəsinin birinci katibi olmuşdur.[4]
O, 1937-ci ildən Azərbaycan KP MK-nın və Mərkəzi Komitə bürosunun üzvü olmuşdur.[3]
Respublika rəhbərliyində
[redaktə | mənbəni redaktə et]Azərbaycan KP MK bürosunun 6 aprel 1953-cü il tarixli qərarı ilə Mir Teymur Yaqubov Azərbaycan KP MK-nın birinci katibi təsdiq edilmiş, bu vəzifədə Mir Cəfər Bağırovu əvəz etmişdi. O, 1953-cü ilin iyul ayında keçirilmiş Azərbaycan KP MK və Azərbaycan KP Bakı Komitəsinin birgə plenumunda Mir Cəfər Bağırovun fəaliyyətini mənfi qiymətləndirən məruzə ilə etmişdi.[5] Lakin qısa müddət sonra özü də tənqidlərə məruz qalmışdı. Sov.İKP Mərkəzi Komitəsinin 1953-cü ilin sentyabrında baş tutmuş plenumunda Mir Teymur Yaqubovun mövqeyinə ilk ciddi zərbə endirilmiş, nitqləri Vyaçeslav Molotov və Lazar Kaqanoviç tərəfindən istehzalı replikalarla müşayiət olunmuşdu.[6]
1954-cü ilin yanvarında Sov. İKP MK əməkdaşlarından ibarət bir qrup Bakıya səfər etmiş, buradakı vəziyyət barədə Nikita Xruşşova göndəriləcək qeydlər hazırlamışlar. Həmin yazıda M. T. Yaqubovun və Teymur Quliyevin respublika rəhbərləri kimi fəaliyyəti son dərəcə mənfi qiymətləndirilmiş, kənd təsərrüfatının inkişafına yetərincə diqqət ayırmamaları, kabinet üslubunda işləyək partiya və sovet fəalları ilə yetəri qədər əlaqə yaratmamaları qeyd edilmişdir. Yaqubov həmçinin Mərkəzi Komitə bürosunun işini təşkil edə bilməməkdə, rəhbər kadrların dəyişdirilməsinə qarşı istəksizlikdə təqsirli bilinmişdi. Sov. İKP MK əməkdaşları sadalanan qüsurlara görə onun vəzifədən kənarlaşdırılmasını tövsiyə etmişdilər.[6]
Sonrakı illər və ölümü
[redaktə | mənbəni redaktə et]Ölkə rəhbərliyindən uzaqlaşdırıldıqdan sonra Mir Teymur Yaqubov 1954-cü ilin may ayından 1956-cı ilə qədər SSRİ Sənaye və Ərzaq Məhsulları Nazirliyinin "Azkonservtrest" respublika trestinin Xaçmaz konserv zavodunun direktoru vəzifəsində çalışmışdır.
Azərbaycan KP MK bürosunun 28 avqust 1956-cı il tarixli qərarı ilə o, Bağırovun cinayətkar, antipartiya və dövlət əleyhinə fəaliyyətlər həyata keçirmiş, sovet xalqının qırğınında bilavasitə iştirak etmiş, sosialist qanunauyğunluğunu pozan fəal şəriki kimi partiya üzvlüyündən xaric edilmişdir.
1957-ci ildən "Azprodstroy" respublika trestinin layihə-smeta qrupunda mühəndis işləmiş, 13 fevral 1970-ci ildə Bakıda vəfat etmişdir.[4]
Rütbələri
[redaktə | mənbəni redaktə et]Mir Teymur Yaqubov daxili işlər orqanlarında işlədiyi dövrdə aşağıdakı rütbələri almışdır:[4]
- Dövlət təhlükəsizliyinin baş mayoru — 29 mart 1941
- Dövlət təhlükəsizliyi komissarı — 14 fevral 1943
- 3-cü dərəcəli dövlət təhlükəsizliyi komissarı — 14 dekabr 1944
- General-leytenant — 9 iyul 1945
Təltifləri
[redaktə | mənbəni redaktə et]- "Lenin" ordeni — 27 aprel 1940
- İki dəfə "Qırmızı bayraq" ordeni — 15 iyun 1943, 24 avqust 1949
- "Qırmızı əmək bayrağı" ordeni — 25 fevral 1946
- "Qırmızı ulduz" ordeni — 28 noyabr 1941
- "Qafqazın müdafiəsinə görə" medalı[3]
- "1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı[3]
- "XDİK-in əməkdar işçisi" — 24 aprel 1943[4]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Петров Н. В. Кто руководил органами госбезопасности: 1941—1954 (rus.). Мемориал, 2010. ISBN 966-95519-0-0
- ↑ 1 2 3 4 5 Якубов Мир Теймур // Большая российская энциклопедия (rus). 17 января 2023. 2023-12-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-06.
- ↑ 1 2 3 4 5 Мир Теймур Мир Әләкбәр оғлу Ягубов // Коммунист. № 42 (8254). 28 феврал 1950-ҹи ил. С. 2.С.-2&rft.edition=8254&rfr_id=info:sid/az.wikipedia.org:Mir Teymur Yaqubov" class="Z3988">
- ↑ 1 2 3 4 5 6 7 Никита Петров. Кто руководил органами госбезопасности: 1941—1954 (rus). Москва: Звенья. 2010. səh. 958. ISBN 966-95519-0-0.
- ↑ Эльдар Исмаилов. Власть и народ: послевоенный сталинизм в Азербайджане: 1945–1953 (rus). Баку: Адильоглы. 2003. səh. 330–332.
- ↑ 1 2 Эльдар Исмаилов. Азербайджан: 1953–1956 гг. Первые годы «оттепели» (rus). Баку: Адильоглы. 2006. səh. 95–96.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- "Arxivlənmiş surət". 2012-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-08-06.
- 6 noyabrda doğulanlar
- 1904-cü ildə doğulanlar
- Bakıda doğulanlar
- 13 fevralda vəfat edənlər
- 1970-ci ildə vəfat edənlər
- 65 yaşında vəfat edənlər
- Bakıda vəfat edənlər
- Sovet İttifaqı Kommunist Partiyasının üzvləri
- "Lenin" ordeni ilə təltif edilənlər
- "Qırmızı bayraq" ordeni ilə təltif edilənlər
- SSRİ-nin "Qırmızı əmək bayrağı" ordeni ilə təltif edilənlər
- "Qırmızı ulduz" ordeni ilə təltif edilənlər
- "Qafqazın müdafiəsinə görə" medalı ilə təltif edilənlər
- "1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı ilə təltif edilənlər
- Əlifba sırasına görə vəzifəli şəxslər
- SSRİ Ali Sovetinin II çağırış deputatları
- SSRİ Ali Sovetinin III çağırış deputatları
- Azərbaycan ateistləri
- Azərbaycan SSR Ali Sovetinin I çağırış deputatları
- Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibləri
- Azərbaycan Kommunist Partiyası Bakı Vilayət Komitəsinin birinci katibləri
- Azərbaycan SSR daxili işlər nazirləri
- Azərbaycan generalları
- Azərbaycanlı generallar