Malavi gerbi
Malavi gerbi | |
---|---|
Detallar | |
Armiger | Malavi |
Təsis edilib | 30 iyun 1964 |
Vikianbarda əlaqəli mediafayllar |
Malavi gerbi Afrika ölkələrindən biri olan Malavi tərəfindən rəsmi olaraq istifadə edilən gerbdir. 30 iyun 1964-cü ildə ölkənin hələ Nyasaland kimi müstəqilliyini əldə etmədiyi dövrdə qəbul edilmiş olan gerb rəsmi gerb kimi istifadə edilmiş, daha sonra isə ölkə 6 iyul 1964-cü ildə Malavi adı ilə Birləşmiş Krallıqdan tam müstəqilliyini əldə etdikdən sonra yeni ölkənin rəsmi dövlət gerbinə çevrilmişdir.
Gerbin mərkəzi hissəsində yerləşən qalxan yuxarıdan aşağıya doğru üç hissəyə bölünmüşdür. Qalxanın yuxarı hissəsində gümüşü fonda yaradılmış iki mavi dalğa yerləşir. Qırmızı fonlu mərkəzi hissədə hərəkət edən qızılı şir, qalxanın aşağı hissəsində isə qara fonda yerləşdirilmiş üfüqdən çıxan yeddi şüalı günəş təsvir edilmişdir. Qalxanın yuxarı hissəsində isə sağda və solda qırmızı-sarı tükləri olan cəngavər dəbilqəsi vardır. Dəbilqənin üstündə isə eyni rəngləri olan dəbilqə qabarığı vardır. Dəbilqənin üstündə həm də üfüqdən çıxan günəşin qarşısında dalğalı mavi-ağ xətlər üzərində yerləşdirilmiş qanadları açılmış balıq qartalı təsviri var. Qalxanın hər iki tərəfində isə təbii rənglərində verilmiş və dağın üstündə dayanan aslan və bəbir ön pəncələri ilə qalxanı tuturlar. Heraldik nöqteyi-nəzərdən aslan qalxanın sağ tərəfində, bəbir isə qalxanın sol tərəfində yerləşdirilmişdir. Gerbin altındakı şüar lentində isə “Vəhdət və Azadlıq” (Unity and Freedom) sözləri yazılmışdır.
Gerbdə təsvir edilmiş olan mavi və ağ rəngli dalğalar ölkənin mühüm gəlir mənbəyi olan Malavi gölünü simvolizə edir. Gerbdəki qalxanın mərkəzi hissəsində yerləşən aslan Britaniya gerbindən ilhamlanaraq ora yerləşdirilmiş, qalxanın içərisindəki günəş isə Afrika ölkələrinin azadlığını və müstəqilliyini simvollaşdırır. Gerbin alt hissəsində təsvir edilmiş olan dağ təsviri isə ölkənin ən hündür nöqtəsi olan Mulanje dağını simvolizə edir.
Tarixi gerblər
[redaktə | mənbəni redaktə et]-
Britaniya Mərkəzi Afrika Protektoratı gerbi (1893-1907)
-
Nyasaland gerbi (1914-1925)
-
Nyasaland gerbi (1925-1964)
-
Rodeziya və Nyasalend Federasiyası gerbi (1953-1963)