Mahmud xoca Behbudi
Mahmud xoca Behbudi | |
---|---|
Mahmudxoʻja Behbudiy | |
Doğum tarixi | |
Doğum yeri | Baxşıtəpə kəndi, Buxara əmirliyi, Rusiya imperiyası |
Vəfat tarixi | (44 yaşında) |
Vəfat yeri | |
Təhsili | |
Fəaliyyəti | şair, yazıçı |
Əsərlərinin dili | özbək |
Mükafatları |
Mahmud xoca Behbudi(1875-1919) — Özbəkistan ziyalısı, Cədidizmin öndərlərindən.
Həyatı
[redaktə | vikimətni redaktə et]Rusiya İmperiyasının ən son işğal etdiyi bölgələr Türküstanın Səmərqənd və Buxara bölgələri oldu. Yeni işğal altına düşən bölgələrin əhalisi Rusiyanın qanun-qaydalarına heç də asanlıqla tabe olmaq istəmirdi. Əsarətə qarşı sərt və qəti mübarizə aparanların sayı az olsa da, əhalinin böyük bir qismi gizli müxalifətdə idi.
Xalqı əsarətdən qurtarmaq istəyənlər isə fərqli mübarizə yolları seçmişdilər. Kimisi açıq silahlı müqavimət təklif edirdisə, kimisi orta əsir idarəçiliyini geri qaytarmaq istəyir, xalqın döyüş ruhunu özünə qaytarmağa çalışır, islam dinindəki cihadı təbliğ edirdi. Ziyalıların bir qismi isə xalqı maarifləndirməyi, sonra azadlıq mübarizəsinə qaldırmağı düşünürdü. Mahmud xoca Behbudi dindar bir ailədə doğulsa da, soykökü Əhməd Yəsəviyə bağlansa da o cihadın deyil, maarifçiliyin tərəfdarlarından idi.
Müfti ailəsində doğulan, necə deyərlər Yəsəvi dərvişlərinin arasında böyüyən Mahmud gələcəyin ən öndə gedən maarifçilərindən- cədidçilərindən olmuş, həyatını da əqidəsi yolunda qurban vermişdir.
1875-ci il yanvarın 20-də Səmərqənd yaxınlığındakı Baxşıtəpə kəndində anadan olan Mahmud ilk təhsilini evdə atasından almışdır. Müntəzəm Yəsəvi dəvrişlərinin toplaşdığı təkyələrə gedib onları dinləsə də mədrəsə təhsili almağı da diqqətdən kənarda qoymamışdır. Səmərqənd və Buxara mədrəsələrində təhsilini başa vurduqdan sonra bir neçə il də mədrəsədə dərs demişdir. Səmərqənddə ikən Avropa təhsili, Avropa mədəniyyəti ilə yaxından tanış olan həmyerliləri ilə tez-tez vətəninin və xalqının taleyini müzakirə edən Mahmud xoca Behbudi 1900 ildə hac ziyarətinə yola düşür. Onun məqsədi yalnız müqəddəs yeri ziyarət edərək hacı adı alıb qayıtmaq olmur. Səfər zamanı Kırımda, Qafqazda, Osmanlı dövlətinin müxtəlif şəhərlərində, yəni İstanbulda, Məkkədə, Mədinədə, Qahirədə, eləcə də Efiyopyada və b. yerlərdə olur, müxtəlif dünyagörüşlü insanlarla fikir mübadiləsi edir. Ziyarətdən sadacə mömin bir müsəlman kimi deyil, dünyagörüşü dəyişmiş, bilikləri artmış, milli məsələyə dərindən bələd olmuş bir ziyalı kimi dönür. Səmərqəndə gəldikdən sonra Avropa təhsil sistemi ilə Şərq təhsilinin sintezindən yaranmış bir məktəb açır. Çağdaşı olan bir çox dindarların hələ də qəzet, jurnal oxumağa xoş baxmadıqları, hər cür texniki tərəqqini qəbul etmədikləri bir zamanda hacı olmuş Mahmud xoca Behbudi qəzet-jurnallarla sıx əməkdaşlıq edir, soydaşlarını texniki tərəqqinin son nailiyyətlərindən yararlanmağa həvəsləndirirdi. Buna görə də məşhur bir nəsildən olan, İslamda yeni bir yol-təriqət yaratmış Əhəmd Yəsəvinin soyundan gələn Mahmud xoca Behbudi heç də birmənalı qarşılanmır. Mahmud xoca Behbudi yalnız onun açdığı məktəbdə deyil, bütün cədidçilərin məktəblərində dərslik çatışmamazlığının bir problem kimi ortada durduğunu görür. Bu problemi aradan qaldırmaq üçün işə girişir. 1903-cü ildən başlayaraq cədit məktəbləri üçün dərs kitabları yazmaya başlayır Bir –birinin ardıncan “Muntəxab-ı cuğrafiya-yı umumi”, “Kitabu'l-etfal”, “Müxtəsər tarih-i islam”, “Ameliyat-ı islam”, “Mədxəl-i cuğrafiya-yı umrani”, “Muxtəsər cuğrafiya-yı Rusi” adlı dərs kitablarını yazır. Mahmud xoca Behbudi dərs kitablarını yazdıqdan sonra onların nəşrinin yaratdığı çətinliklərlə üzləşir. Odur ki, özü mətbəə avadanlıqları, şirift alaraq nəşriyyat işinə başlayır. Onun nəşriyatında dərs kitabları ilə yanaşı, xəritələr, Türküstanı tanıdan və Türküstanın ictimai, siyasi, iqtisadi vəziyyətindən bəhs edən kitabların nəşrinə başlanır. O, nəşr etdiyi kitabların satışını təşkil etməklə yanaşı kitab ala bilməyənlərin vəziyyətini nəzərə alıb bir ümumi kitabxana da açır. Ziyalıları, millətin öndə gedənlərini, həmişə bölgə əhalisinin böyük bir qisminin təhsil ala bilmədiyi üçün oxuma-yazmanı bacarmadığı məsələsi rahatsız edirdi. Savadsız əhalini maarifləndirmək, teatrla, səhnə mədəniyyəti ilə tanış etmək üçün Mahmud xoca Behbudi 1912-ci ildə “Pədərkuş”, yəni ata qatili pyesini yazmaqla Türküstanda dramaturgiyanın əsasını qoymuş olur. Azərbaycan dramaturqlarının və Türküstana qastrola gedən səhnə xadimlərinin təsiri ilə yazılmış bu əsər bölgədə böyük əks-səda doğurur. Belə ki, yerli həvəskarlar 1913-cü ildə Daşkənddə pyesi səhnələşdirirlər. Tamaşa uğurlu alındığından Türküstanın başqa şəhərlərində də səhnəyə qoyulur. Cahilliyi, pul, var-dövlət hərisliyini tənqid edən “Pədərkuş” pyesinin təsirilə bir çox əsərlər yazılır və səhnələşdirilir. Türküstandakı cədidcilik hərəkatının qurucularından sayılan Mahmud xoca Behbudi bir jurnalisd, publisisd kimi də səmərəli fəaliyyət göstərmişdir. İsmayıl bəy Qaspıralının Baxçasarayda nəşr etdiyi “Tərcüman” qəzetinin daimi müəlliflərindən olmuş, 1913-cü ildə “Səmərqənd”, 1914-cü ildə “Oyna”, yəni “Ayna” qəzetini nəşr etməyə başlamışdır. Bölgədə çap olunan “Türküstan vilayətinin qəzeti”, “Tərəqqi”, “Xurşud”, “Tüccar” və b. qəzetlərdə çap etdirdiyi 200-ə yaxın məqalə ona böyük şöhrət qazandırmışdır. Mahmud xoca Behbudi millətinin əsarətdən qurtarmasını istədiyi kimi, yerli sahibkarların, bəy və mirzaların, kəndlilərə tutduğu divana da son verilməsinə çalışırdı. Sosial ədələt uğrundan mübarizənin öncüllərindən olduğuna görə mühafizəkarların çoxu onu sevmirdi. Qəribəsi budur ki, cədidçilər də, yerli bəylər, mirzolar, tacirlər də Rusiya əsarətindan qurtarmağa can atsalar da sosial ədalət məsələsindəki fikir ayrılığı onların birgə mübarizə aparmasına maniə olurdu. Onların bu qarşıdurmasından hakim dairələr, mustəmləkə dövlətin məmurları nəinki bacarıqla yararlanır, hətta onlar arasındakı ziddiyətləri daha da dərinləşdirirdilər. Bu ziddiyyətlərin dərinləşməsi nəticəsində 1919-cu ilin martında səyahətə çıxan Mahmud xoca Behbudini, Şəhrisəbzdə Buxara əmirinin məmurları həbs edir. İki aylıq işgəncələrdən sonra isə Karşı şəhərində edam edilir. Mahmud xoca Behbudi, mübarizəsinin öz həyatına son qoyacağını sanki görürdü. Ölümündən əvvəl yazırdı: “Əgər bizim həyatımız hürriyyət və хalqın xoşbəхtliyi, səadəti üçün qurbanlıq kimi gərək оlsa, biz ölümü də minnətdarlıqla qəbul еdərik”. Mahmud xoca Behbudini cağdaşı olan şair və yazıçı Sədrəddin Ayni 1920-ci ildə yazdığı bir şeirində onu "Turan dühası" kimi dəyərləndirirdi.