Məmmədrzalı
Məmmədrzalı | |
---|---|
39°14′29″ şm. e. 48°18′03″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Cəlilabad rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 188 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 1.576 nəfər |
Məmmədrzalı — Azərbaycan Respublikasının Cəlilabad rayonunun Şorbaçı kənd inzibati ərazi dairəsində kənd.[1]
Tarixi
[redaktə | mənbəni redaktə et]Kəndin bünövrəsini XVIII əsrdə Məmmədrza adlı şəxs qoymuşdur. Məmmədrza və Məmmədrəhim qardaşları Cənubi Azərbaycandan gəlib. Məmmədrəhim orada qalmış, Məmmədrza isə bir müddətdən sonra Cəlilabadın bu ərazisinə gəlib burada məskunlaşmışdır.[2] Kənddə 1930-cu illərdə kolxoz yaradılıb. Sədri və direktoru Ağayev Davud Azadxan oğlu olub. 1950-ci illərdə Şorbaçıya birləşdirilib. Adı III Beynəlmiləl qoyulub. O, 1971-ci ildə sovxoz edilib. Sədri və direktoru Abbasov Ağalar Əjdər oğlu olub. 1991-ci ildə kolxoz yenidən parçalanıb və Məmmədrzalı kolxozu yaradılıb. Sədri Məmmədov Hidayət Nüsrət oğlu olub. Kənddə ibtidai məktəb 1932–33-cü tədris ilində açılıb. Müəllimi Salyandan Mirsədir, Lənkərandan Cabbarov Seyidağa olub. O, burada 17 il müəllim işləyib. 1949-cu ildə buradan gedib. 1953-cü ildə 7 illik məktəb yaradılıb. Direktoru Cəlilabaddan Həsənov Saroğlan Xanhüseyn oğlu, sonra Füzulidən Muradov Yusif, ondan sonra kənddən Əliyev İslam olub. 1980–1981-ci tədris ilində kənddə orta məktəb yaradılıb. Direktoru Ağayev Aslan Davud oğlu olub. O, 1993-cü ilə kimi bu vəzifədə işləyib. Ondan sonra Həsənov Sarxan Muxtar oğlu və Əzimov Balaxan Qocaxan oğlu,2011/2014-cü illərdə isə Həsənov Rakif Əlövsət oglu direktor olmuşdur. Məktəb kəndin Qarabağ müharibəsi Abışov Mürsəl Xanış oğlunun adını daşıyır.[2] 1930-cu illərdə Sovet hökuməti Məşhədi Teymur Eyvazovu və Hüseynov Əsədullanı varlı olduqları üçün həbs etmiş, əmlaklarını müsadirə etmişdir. Məşhədi Teymurun ailəsi Qazaxıstana sürgün edilmiş, evi isə 1970-ci ilə kimi kəndin ibtidai və əsas məktəb binası olmuşdur.[2] Kənddə 2 məscid var. Biri kəndin Məmmədrzalı, digəri isə Pornayim hissəsində yerləşir. Məmmədrzalı hissəsindəki məscid 1930-cu illərdə sürgün edilmiş Məşhədi Teymur Eyvazovun evidir. Pornayim hissəsində olan məscidi Mahmudov Qüdrət Ağaşirin oğlu kənd sakinlərinin köməyi ilə tikdirmişdir. Məscidin mollası Bayramov Füzuli Təzəxan oğludur. Kənddə Alışan, Sayad və Aman kimi din xadimləri olub. Mahmudov Sayad və Aman əmioğlanları Nəcəf təhsilli olublar.1930-cu illərdə həbs olunacaqlarını bilib ailələləri ilə birlikdə Cənubi Azərbaycana getmişlər.
Toponimikası
[redaktə | mənbəni redaktə et]Burovar silsiləşinin ətəyindədir. Yaşayış məntəqəsini mənımədrzalı nəslinə mənsub ailələr saldığı üçün bələ adlandırılmışdır. Oykonim "Məmmədrzagillər, Məmmədrzanın törəmələri" mənasındadır.[3]
Əhalisi
[redaktə | mənbəni redaktə et]2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1576 nəfər əhali yaşayır.[4] 1 yanvar 1914-cü il tarixinə olan məlumata əsasən kənddə əsasən etnik tatarlardan ibarət hər iki cinsdən toplam 152 nəfər əhali yaşayırdı.[5] 2016-cı ilin 1 yanvarına kimi burada 1718 nəfər əhali, 287 təsərrüfat, 150-dən artıq ev olmuşdur. İndiki kənd əvvəllər Yarlı, Məmmədrzalı və Pornayim adlanmış kəndlərdən təşkil olunmuşdur. Pornayim kəndi Əzimovlar, Salavatlı, Məhəmmədli, Xudaşlı, Qaradağlı; Məmmədrzalı kəndi Ağarzalı, Mahmudlu, Kərimli; Yarlı kəndi isə Hacı Abdullu və İsgəndərli nəsil-tirələrindən ibarətdir.
Böyük Vətən müharibəsi iştirakçıları
[redaktə | mənbəni redaktə et]- Əzimov Pişan Ağaşirin oğlu (əlil kimi qayıdıb)
- Əzimov Divanxan Balaş oğlu
- Əliyev Ruslan Nicat oğlu (hərbi xidmət borcun yerinə yetirərkən vəfat edib)
- Hüseynov Davaxan Şükür oğlu
- Hüseynov Qaçaxan Xudaşirin oğlu
- Məmmədov İzzət Əsəd oğlu
- Məmmədov Mahmud Rza oğlu
- Məmmədov Qədir (qayıtmayıb)
- Məmmədov Eynulla
- Ağayev Mahmudağa
- Adıyev Əli
- Əliyev Məmiş
- Əliyev Güşü
- Xudaşov Nəcəf
Kənd ərazisindəki mikrotoponimlər
[redaktə | mənbəni redaktə et]- Kolludağ – Bu fitooronim kəndin çərqində yerləşir. Bu dağda çoxlu qaratikan bitdiyi üçün dağ belə adlanır.
- Ağamalı dağı – Bu antropoornim kəndin qərbində yerləşir. Dağın ərazisi kənd sakini Ağamalının otlaq-biçənək yeri olub.
- İncəçay – Hidronimdir. Bu çay kəndin ortasından axır. O, mənbəyini Qarğılı dağlarından götürüb, Şorbaçının şimalından axan çayla birləşir. Üzərində kəndin otay-bu tayına keçmək üçün 5 körpü salınmışdır
- Niftalı komatı – Bu antropoadonim kəndin qərbində yerləşir. Oranı kənd sakini Niftalı kol-kosdan təmizləyib istifadə etdiyi üçün yer belə adlanır.
- Alim novası – Bu antropotoponim kəndin cənub-şərqində, dağın arasında yerləşir.
- Qurudərə — Bu oronim kəndin cənub-qərbində yerləşir. Burada yayda su olmadığı üçün belə adlanır.
- Küp çıxan – Kəndin cənub-qərbində Qurudərənin baş hissəsində yerləşir.
- Qədim qəbiristanlıq–Bu nekronim kəndin qərbindədir. Orada qədim baş daşıları var
- Kənd körpüsü –Dromonimdir. Kəndin ortasından axan axan çayın üzərində salınıb.
- Aşağı körpü – Kəndin şimal-şərqində, aşağı hissədə yerləşir.
- Bəşir bulağı – Bu antropohidronim kəndin şimalında, İncəçayın şimalındakı dərədə yerləşir. Onu kənd sakini Bəşir düzəltdiyi üçün bulaq onun adını daşıyır.
- Oratlı güneyi – Bu etnotoponim kəndin qərbindəki dağın cənubunda yerləşir. Vaxtilə oradan oratlılar yuxarı kəndə gəlib-getdiyi üçün yer belə adlanıb.
- Sucuq – Bu adonim kəndin cənub-şərqindəki sulu yerin adıdır.
- Sucuq bulaq – Bu hidronim kəndin Sucuq ərazisində yerləşir.[2]
İqtisadiyyatı
[redaktə | mənbəni redaktə et]Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı, əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
- ↑ 1 2 3 4 Mahmudağa Qasımov "Cəlilabadın tarixi, etnonimi və toponimi", Bakı- 2016
- ↑ Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
- ↑ Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
- ↑ "Кавказский календарь на 1915 год". Издан по распоряжению Наместника его Императорскаго Величиства на Кавказе, под редакцией А.А.Эльзенгера и Н.П.Стельмащука, Тифлис. Типография Канцелярии Наместника Е.И.В. на Кавказе, казённый дом. 1914./Оглавление: Глава — Отдел статистический: Список населенных мест Кавказа, стр. 154