Məhbus
Məhbus və ya dustaq — öz istəyi əleyhinə azadlığından məhrum olunmuş şəxs. Məhbusluq həbs, azadlığın məhdudlaşdırılması, əsirlik və digər yollarla formalaşa bilər. Bu termin həbsxanada azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər barəsində işlədilir[1] və məhkəmə prosesi zamanı cavabdeh qismində çıxış edən təqsirlədirilən şəxsə münasibətdə istifadə edilmir.
İngilis hüququnda
[redaktə | mənbəni redaktə et]"Məhbus" həbsdə saxlanılan şəxsi bildirən hüquqi termindir.[2]
1992-ci il Məhbusların təhlükəsizliyi haqqında Aktın 1-ci maddəsində verilən anlayışa görə, "məhbus" məhkəmə qərarının icrası nəticəsində həbsxanada saxlanılan şəxsdir.[3]
"Məhbus" sözü feloniyaya görə təqsirləndirilən şəxsləri bildirən hüquqi termin olmuşdur və misdiminor (ing. misdemeanour) törətmiş şəxslərə şamil edilmirdi.[4] 1967-ci il Cinayət Hüququ haqqında Aktın 1-ci maddəsinə əsasən misdiminor ilə feloniya arasında fərqin aradan qalxması ilə o da öz əhəmiyyətini itirmiş oldu.
Qlanvil Vilyams məhkum olunmamış şəxslərə "məhbus" deyilməsi praktikasının "haqsızlıq" olduğunu qeyd etmişdir.[5]
Tarixi
[redaktə | mənbəni redaktə et]Məhbusların mövcudluğuna dair ən qədim tapıntılar bizim eradan 8,000 il əvvələ qədər gedib çıxır və Aşağı Misirdə aşkar edilmiş ibtidai qəbirlərlə sübut edilmişdir. Bu sübut Liviyalıların Buşmenləri köləyə çevirdiyini nümayiş etdirirdi.[6][7]
Psixoloji təsirlər
[redaktə | mənbəni redaktə et]Təkbaşına məhkumluq
[redaktə | mənbəni redaktə et]Məhbuslara mənfi təsir edən başlıca səbəblər sırasında onların uzun müddət məhkumluqda təkbaşına qalması qeyd edilir. Onların cəmiyətdən, sosial əlaqələrdən təcrid olunması məhbusların əqli durumuna ciddi mənfi təsir edir.
Uzunmüddətli məhkumluq depressiyaya səbəb ola və beynin fiziologiyasını dəyişə bilər. Cəmiyyətdən təcrid olunma nəticəsində məhbuslar artıq dərəcədə həssas olur və ona nəzarət edənlərin təsirinə qarşı zəiflik göstərirlər. Sosiallıq və cəmiyyətlə qarşılıqlı əlaqələr nəticəsində təmin edilən dəstək məhbusların uzunmüddətli məhkumluğa davam gətirməsi üçün ilkin şərtlərdir.
Məhbuslar uzun müddət təkbaşına kamerada qaldıqdan sonra cəmiyyətdən uzaqlaşmanın paradoksal təsirini nümayiş etdirirlər. Və zaman keçdikcə cəmiyyət içərisində olmaq istəyi öz yerini qorxuya verir. Eləcə də, halsız və keyimiş olmaq ehtimalları çox olduğundan azadlığa çıxdıqdan sonra uzun müddət davranışlarına nəzarət edə bilmirlər. Həmçinin, nəzarət edilmək və davranışlarına məhdudiyyət qoyulması üçün həbsxana rejiminə ehtiyac duya və ondan asılı vəziyyətə düşə bilərlər.
Uzunmüddətli məhkumluqda qalmaq məhbuslarda kliniki depressiyanın və uzun müddət nəzarət zəifliyinə səbəb olan pozuntuların inkişafına səbəb ola bilər. Əvvəldən psixi xəstəliyi olanlar isə psixiatrik simptomların inkişafı baxımından daha yüksək riskdədirlər. Bu zaman onlarda özünü yaralama, intihar meylləri və psixoz müşahidə olunur.
Stokholm sindromu
[redaktə | mənbəni redaktə et]Stokholm sindromu kimi tanınan psixoloji sindrom, paradoksal bir fenomen olub, zaman keçdikcə girovların onları girov götürən şəxslərə qarşı müsbət duyğularının inkişaf etdiyini göstərir.
Hüquqları
[redaktə | mənbəni redaktə et]ABŞ
[redaktə | mənbəni redaktə et]Həm federal, həm də ştatlar səviyyəsində məhbusların hüquqları qanunla tənzimlənir. ABŞ-da məhbuslar Konstitusiya çərçivəsində tam hüquqlu hesab edilməsələr də, qəddar və qeyri-adi cəzaları qadağan edən Səkkizinci düzəlişlə müdafiə olunurlar.[8]
Artan araşdırmalar məhbuslar, idarələr və cəmiyyət üçün müsbət formada səciyyələnən nəticələri təhsillə əlaqələndirir. Müxtəlif tədqiqatlar bunu göstərməyə kömək edir. Məsələn, 1997-ci ildə Merilend, Minnesota və Ohayo ştatında 3,200 məhbusa yönəldilmiş bir tədqiqat göstərirdi ki, yenidən təhsil almaq təkrar həbs olunma ehtimalını 29 faiz azaltmışdı. 2000-ci ildə Texas Təhsil Nazirliyi azadlıqdan məhrum edilərkən universitet diplomu olan 883 qadın və kişinin uzunmüddətli tədqiqatını aparmış və bütövlükdə residivizmin dərəcəsinin 40–43 faiz arasında dəyişməsi ilə müqayisədə tədqiqata cəlb edilmiş şəxslər arasında residivizmin 27,2 (AA dərəcəsini bitirənlər) və 7,8 faiz (BA dərəcəsini bitirənlər) arasında dəyişdiyini aşkar etmişdir. Beləliklə də, tədqiqatlar onu göstərir ki, təhsil residivizmin azalmasına əhəmiyyətli dərəcədə təsir edir.[9]
Azərbaycan
[redaktə | mənbəni redaktə et]Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 10-cu maddəsində məhbusların əsas hüquqları qeyd olunub. Buna əsasən, cəzaların icrası və çəkilməsi zamanı məhkumların aşağıdakı hüquqları vardır:[10]
- cəzanı insan şəxsiyyətinə hörməti təmin edən şəraitdə çəkmək;
- ictimai faydalı əməklə məşğul olmaq;
- bədən tərbiyəsi və idmanla məşğul olmaq;
- istirahət etmək;
- pensiya və ya sosial müavinət almaq;
- ilk tibbi yardım daxil olmaqla, tibbi rəydən asılı olaraq ambulator və ya stasionar şəraitdə tibbi yardım almaq;
- öz hüquq və vəzifələri barədə, o cümlədən məhkəmə tərəfindən təyin edilmiş cəzanın icrası qaydası və şərtləri barəsində məlumat almaq;
- hüquq və azadlıqlarının müdafiəsi üzrə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada təklif, ərizə və şikayətlə dövlət dilində və ya başqa dildə müraciət etmək, zəruri hallarda isə bu məqsədlər üçün cəzanı icra edən müəssisə və ya orqan tərəfindən təqdim edilən tərcüməçi xidmətindən istifadə etmək;
- cəzanın icrası və çəkilməsi ilə əlaqədar barəsində qəbul edilən qərarlara dair öz rəyini bildirmək və ya onlardan şikayət etmək;
- dini ayinlərin icra edilməsində iştirak etmək;
- hüquqi yardım almaq;
- psixoloji yardım almaq;
- təhsil almaq və peşə hazırlığı keçmək;
- əcnəbi, vətəndaşlığı olmayan və ya qaçqın statusuna malik olan məhkumların qısa müddətdə şəxsi məsələlər üzrə öz dövlətlərinin Azərbaycan Respublikasındakı diplomatik və konsulluq nümayəndəlikləri ilə və ya onlara himayədarlığı öz üzərinə götürmüş milli, yaxud beynəlxalq təşkilatlarla əlaqəyə girmək;
- cəzanın çəkilməsinin təxirə salınması və ya onun ləğv edilməsi, xəstəliyə görə cəzanı çəkməkdən azad edilməsi, ittiham hökmünün icrası müddəti ilə əlaqədar cəza çəkməkdən azad edilməsi, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi, cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsi, cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi, amnistiyanın tətbiq edilməsi, müalicə müəssisəsində saxlanma vaxtının cəzaçəkmə müddətinə daxil edilməsi, məhkumluğun vaxtından əvvəl götürülməsi üçün ərizə ilə məhkəməyə, əfv edilmək üçün isə Azərbaycan Respublikasının Prezidentinə bilavasitə və ya qanuni nümayəndələrinin vasitəsilə, habelə yetkinlik yaşına çatmayan və ya fiziki qüsurlardan, yaxud psixi xəstəlikdən əzab çəkən məhkumlar barəsində isə onların müdafiəçilərinin və qanuni nümayəndələrinin vasitəsilə müraciət etmək.
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Prisoner - Definition and More from the Free Merriam-Webster Dictionary". Merriam-webster.com. 2016-10-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-04-19.
- ↑ John Rastell. Termes de la Ley. 1636. Page 202. Digital copy Arxivləşdirilib 2022-06-30 at the Wayback Machine from Google Books.
- ↑ The Prison Security Act 1992, section 1(6) Arxivləşdirilib 2022-06-29 at the Wayback Machine
- ↑ O. Hood Phillips. A First Book of English Law. Sweet and Maxwell. Fourth Edition. 1960. Page 151.
- ↑ Glanville Williams. Learning the Law. Eleventh Edition. Stevens. 1982. Page 3, note 3.
- ↑ "Historical survey > Slave-owning societies Arxivləşdirilib 2007-02-23 at the Wayback Machine". Encyclopædia Britannica.
- ↑ Thomas, Hugh: The Slave Trade Simon and Schuster; Rockefeller Centre; New York, New York; 1997
- ↑ "Prisoners' rights | LII / Legal Information Institute". Topics.law.cornell.edu. 2012-03-02. 2011-08-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-04-19.
- ↑ SpearIt, Restoring Pell Grants for Prisoners- Growing Momentum for Reform http://papers.ssrn.com/sol3/papers.cfm?abstract_id=2814358 Arxivləşdirilib 2022-07-07 at the Wayback Machine
- ↑ "Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi. Maddə 10". 2018-09-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-12-07.