Layzan

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Tarixi Azərbaycan əraziləri
Layzan
Ümumi məlumatlar
Bölgə Azərbaycan
Əsası qoyulub VI əsr
İndiki adı Lahıc

LayzanTarixi Azərbaycan ərazisində olmuş vilayət. Şirvanşahlar dövlətinin tərkibinə daxil olmuşdur.

V.F.Minorskinin fikrincə, Layzan vilayəti Girdimançayın yuxarı axarındakı müasir Lahıc vadisində yerləşirdi. O, erkən orta əsrlərdə Sasanilərin vassal məlikliklərindən biri, – X-XI əsrlərdə isə Şirvanın tərkibində idi. [1] Əl-Məsudinin [2] və "Tarix-i əl-Bab"ın verdiyi məlumata görə Layzan vilayəti X əsrin əvvəlində Layzanşahın əcdadından irs qalmış mülkü idi. O, h.305 (917)-ci ildə Şirvanı tutdu, öz qohumlarını öldürərək, Şirvanşah titulunu da qəbul etdi.

Layzan məlikliyinin inzibati mərkəzi Lahıc idi. Beləliklə, V.F.Minorskiyə görə, Layzan vilayəti müasir İsmayıllı rayonundakı Lahıc şəhəri və ətraf kəndlərin və Layzan məlikliyi dairəsinə daxil olan bölgələrin (Məlhəm, Qonaqkənd, Zarat və s.) ərazisinə müvafiqdir. [3] [4]

Lahıcın əhalisi İrandan, Gilanın Lahican vilayətindən gəlmə olub, ehtimal ki, VI əsrdə Sasani hökmdarı I Xosrov Ənuşirəvan tərəfindən Sasanilər dövlətinin şimal sərhəd əyalətlərinə köçürülmüşlər. [5] [6] Lahıc adlı yaşayış məntəqələri hal-hazırda Zaqatala, Göygöl rayonlarında Abşeronda (Ləhəş kəndi – təhrif olunmuş Lahıc) da vardır.

Lahıcın öyrənilməsi bu orta əsr şəhərinin yüksək abadlıq səviyyəsinə – daş döşənmiş küçələr, meydanlar, daxili həyətlər atmosfer yağıntılarının axması üçün ölçülüb-biçilmiş şaquli planlaşdırma, kanalizasiya sistemi, dağ çeşmələrindən içməli su ilə yaxşı təchiz edilməsi – malik olduğunu göstərir. [7] Lahıcın planlaşdırma strukturunun, memarlıq görünüşünün, eləcə də, abadlığının xüsusiyyətləri, yəqin ki, onun Layzan məlikliyinin inzibati-siyasi mərkəzi kimi əhəmiyyətindən irəli gəlirdi. Lahıc, eyni zamanda, orta əsrlərdə Şirvanın mis sənayesinin məşhur sənətkarlıq mərkəzi olub, Cənubi Qafqaz ölkələrinə, İranTürkiyə şəhərlərinə ixrac edilən mis qabları və silahları ilə şöhrət qazanmışdı. Sulut kəndi vasitəsilə ŞamaxıAzərbaycanın digər şəhərləri, habelə qonşu Dağıstanla ticarət aparılırdı.

Lahıc dərin çökəklikdə, demək olar ki, Girdiman çayının mənbəyində, Niyaldağın diibndə yerləşib, üzük qaşı kimi hər tərəfdən keçilməz dağlarla əhatə olunmuşdur. Yalnız iti Girdiman çayı Elgədik və Niyaldağ dağları arasından Lahıc aşırımını yarıb keçir. Lahıc şəhərinin ortasından onu ikiyə bölərək Girdiman çayına tökülən iti Lulə Dərəsi çayı axır. Lahıc öz məscidi və meydanı olub, qədim adlarını qoruyub saxlayan bir sıra məhəllələrə bölünür: buradakı Dər-Həsən məhəlləsində çarvadarlar, Murodunda dəmirçilər və çarvadarlar, Bədoyunda keşduzlar, tacirlər, misgərlər, Ağəlidə misgərlər yaşayırdılar. [8]

Şəhərciyin ən yüksək hissəsi Zəvərə məhəlləsi (keşduzlar) və Dərə-Hamam adlanır. Lahıc əhalisi ta qədimdən kustar üsulla mis qablar düzəltməklə, bu məqsədlə xüsusi kömür hazırlamaqla, habelə çarvadarlıqla – hazır məhsulu müxtəlif yerlərə daşıyıb satmaq və əvəzində xammal alıb gətirməklə məşğul olmuşlar. [9] Əgər ŞirvanArranın Bakı, Qəbələ, Şabran, Beyləqan, Gəncə və digər şəhərlərində saya və şirli saxsı qablar istehsal edilirdisə, Lahıcda buna bənzər mis qablar hazırlanırdı. Lahıc qabları rəngli keramika rəsmləri əvəzinə, bədii oyma ilə işlənmiş xalça naxışlarını xatırladan naxışlarla bəzədilirdi. "Hüdud əl-aləm"də (982) göstərilir ki, bütün dünyada məşhur olan yun parçalar və xalçalar üç nahiyədə – Şirvan, Xursan və Layzanda, [10] yəni indiki Şamaxı, Bakı, Quba, Qonaqkənd, Lahıc və b. yerlərdə istehsal olunurdu.

  1. Mинopcкий, c.32-33, 107.
  2. Əl-Məsudi Mürüc... s.190-192, 211-212
  3. Mинopcкий, c.48-49, 107
  4. Hüdud əl-aləm, s.406-409
  5. Əl-Məsudi. Mürüc... s. 189-190
  6. A.П.Фитyни. Иcтopия пocлeднeй cтoлицы Шиpвaнa. " зв. Aзкoмcтapиc", вып.III. Бaкy, 1927, c.81-83
  7. M.H.Maмeдбeйли. Лaгич – peмecлeнный цeнтp Aзepбaйджaнa XVШ-XIX вв. Бapтoльдoвcкиe чтeния 1976 г. M.,1976, c.63-64
  8. S. Aşurbəyli – Şirvanşahlar dövləti, Bakı, 2007
  9. Фитyни. Иcтopия, c.75-80
  10. Hüdud əl-aləm, s.144-145, fars mətni, 11. ЗЗa-ЗЗv.