Kyuya Fukada

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Kyuya Fukada
yap. 深田久弥
Doğum tarixi 11 mart 1903(1903-03-11)
Doğum yeri
Vəfat tarixi 21 mart 1971(1971-03-21) (68 yaşında)
Vəfat yeri
Vəfat səbəbi insult
Təhsili
  • Tokio İmperiya Universiteti[d]
Fəaliyyəti yazıçı, romançı, alpinist
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kyuya Fukada (深田 久弥, Fukada Kyuya?, 11 mart 1903, Dayşoci[d], İşikava prefekturası21 mart 1971, Kaya dağı[d]) – Yaponiya yazıçısı və alpinisti. "Yaponiyanın 100 məşhur dağı" əsəri ilə tanınır.

İlk illəri və ədəbi karyerası

[redaktə | mənbəni redaktə et]

Kyuya Fukada 11 mart 1903-cü ildə İşikava prefekturasının Kaqa şəhərində yerli bir mətbəəçinin oğlu kimi doğulmuşdur. Yaşadığı ərazidə yerləşən Haku dağı onun dırmaşdığı ilk dağ olmuşdur. Fukui orta məktəbinin üçüncü sinfində oxuyarkən bu dağın 2.702 metrlik zirvəsinə dırmaşmışdır. Məktəbdə oxuyarkən ədəbiyyat və alpinizmə maraq göstərməyə başlamışdır.[1]

Fukada 1921-ci ildə Fukui orta məktəbindən məzun olduqdan sonra Kanazavada yerləşən 4 nömrəli liseyə daxil olmaq istəmiş, lakin imtahandan kəsilmişdir. Eyhey məbədində keçirdiyi üç ay daxil olmaqla bir illik əlavə təhsildən sonra 1 nömrəli Tokio liseyinə daxil olmuşdur. Böyükləri onun cüdo klubuna qoşulmasına istəsələr də, Fukada ilk yay tətilində Şimal Alp dağlarına dırmaşmağa yollanmışdır.[1]

Fukada 1925-ci ilin yanvarında Hokuriku regionundan olan digər şagirdlərlə birlikdə liseyin ədəbi qəzetinin qurulmasında iştirak etmişdir. Liseydəki sonuncu ilində haykular yazmağa başlasa da, növbəti il Tokio Universitetinə daxil olduqdan sonra bu janra marağı azalmışdır. Universitetin ədəbiyyat fakültəsində oxumağa başladıqdan sonra bir ay sonra İo dağına dırmaşan dostu Yoşimuranın ölümünə şahidlik etmişdir.[1]

Fukada universitetin ikinci kursunda oxuyanda "Kaizo" ədəbiyyat jurnalının heyətinə qoşulmuşdur. 1930-cu ildə bir kənd həkimi haqqında hekayə yazmışdır. Bundan sonra Aomoridən olan gənc qızlar haqqında hekayələr yazmağa başlamış, bu hekayələri "Tsuqaru işləri" adı ilə nəşr etmişdir. 1930-cu ildə jurnaldan və universitetdən ayrılaraq özünü ədəbiyyata həsr etməyə qərar vermişdir. 1931-ci ildə hərbi xidmətə çağırılmış və Kanazavada on aylıq hərbi təlimdən keçmişdir. 1932-ci ildə "Asunarau" adlı hekayəsi nəşr olunmuşdur. 1932-ci ildə Fukada həyat yoldaş ilə birlikdə Kamakuraya köçmüş və Kamakura ədəbi çevrəsinə daxil olmuşdur.[1]

1937-ci ilin fevralında "Asahi Shimbun" ona qəzet üçün roman yazmaq barədə təklif irəli sürsə də, Çin ilə Yaponiya arasında başlayan münaqişə barədə xəbərlərə yönələn qəzet bu roman layihəsini ləğv etmişdir. 1943-cü ilin martında İkinci Dünya müharibəsinə yollanan Fukada Nankində xidmət etməyə başlamış və 50–60 nəfərdən ibarət taqımın komandiri təyin olunmuşdur. Bir gecə baş verən kiçik vuruşma istisna olmaqla onun taqımı heç bir döyüşdə iştirak etməmişdir. Müharibə təcrübələri əsasında yazdığı "Bizim taqım" romanı 1948-ci ilin avqustunda nəşr olunmuşdur.[1]

Fukadanın öldüyü Kaya dağında Fukadaya qoyulmuş abidə.
Kyuya Fukada Memorial Muzeyi.

Fukada 1932-ci ilin oktyabrında yazıçılar Hideo KobayaşiHidemi Kon ilə birlikdə Hoo dağına dırmaşmışdır. O, 1935-ci ilin iyununda Yaponiya Alpinizm Klubunun 1586-cı üzvü seçilmişdir. 1940-cı ilin iyununda gələcək həyat yoldaşı Koba Şiqeko ilə birlikdə Amakazari dağını fəth etməyə cəhd göstərsə də, pis hava şəraitinə görə bunu bacarmamışdır.[1]

1950-ci illərdən etibarən Fukada ədəbiyyat dünyasından uzaqlaşmağa və daha çox alpinizmlə maraqlanmağa başlamışdır. 1953-cü ildə Manaslu dağının zirvəsini fəth etmək istəyən yapon ekspedisiyasının cəhdidən sonra həmin ilin iyununda "Gakujin" alpinizm jurnalı üçün məqalələr yazmağa başlamışdır. Onun yazdığı məqalələr 1956-cı ilin iyulunda "Himalay: Dağlar və insanlar" adı ilə nəşr olunmuşdur. 1957-ci ildə "Himalay alpinizminin tarixi: Səkkizminliklər" əsəri çapdan çıxmışdır.[1]

Fukada 1958-ci ilin martında gəmi ilə Kobedən Kəlkütəyə çatmış, ordanda da Katmanduya yollanmışdır. Rəhbərlik etdiyi şəxsi ekspedisiyanın hədəfi Leonqpo Qanq dağının zirvəsinə çatmaq olsa da, uğursuz olmuşdur. Yaponiyaya qayıtdıqdan sonra "Yaponiyanın 100 məşhur dağı" əsəri üzərində işləməyə başlamışdır. O, daha əvvəllər 1934-cü ildə Yaponiya dağları haqqında "Bizim dağlarımız" kitabını nəşr etdirmiş, 1940-cı ildə "Yamagoya" jurnalı üçün dağlar haqqında məqalələr yazmışdır. "Yaponiyanın 100 məşhur dağı" 1964-cü ilin iyulunda nəşr olunmuşdur. O, bu əsərə görə 1965-ci ilin yanvarında Yomiuri Ədəbiyyat Mükafatını qazanmışdır.[1]

Fukada alpinizmlə yanaşı Mərkəzi Asiyaİpək yolunun tarixi ilə maraqlanmışdır. "Asahi Shimbun" qəzetindən olan bir neçə müxbirlə birlikdə İpək Yolu Tədqiqat Partiyasını təşkil etmişdir. Onun qrupu Mərkəzi Asiyaya çatmaq üçün 1966-cı ilin yanvarında Yokohama limanından Rusiyanın Naxodka şəhərinə yola düşmüşdür. Almaniyaya çatdıqdan sonra Avstriya, YuqoslaviyaYunanıstandan keçərək İstanbulBeyruta çatmışdırlar. Daha sonra qatarla Mərkəzi Asiyaya yola düşmüşdürlər. Fukada 63-cü doğum gününü 11 mart 1966-cı ildə Səmərqənddə yerləşən hoteldə keçirmişdir. Fukada qrupu ilə Türkiyəyə qayıdaraq Ağrı dağını fəth etmək istəsə də, pis hava şəraitinə görə uğursuz olmuşdur. Tədqiqat qrupu İranƏfqanıstandan keçərək mayda LahorDelhiyə çatmışdır. Onlar səyahətin 4-cü ayında İpək yolu səyahətini tamamlamışdırlar.[1]

Fukada Tokioya qayıtdıqdan sonra 1968-ci ilin aprelində Yaponiya Alpinizm Klubunun vitse-sədri təyin olunmuşdur. Maddi vəziyyətini yaxşılaşdırmaq üçün İpək yolu xatirələrini yazmağa başlamışdır. Setaqayadakı evini ziyarət edən Cunko Tabey onunla məsləhətləşdikdən sonra 1970-ci ildə III Annapurna dağına dırmaşmışdır.[1]

Fukada 21 mart 1971-ci ildə 6 yoldaşı ilə birlikdə Kaya dağına dırmaşarkən insult keçirmiş və 2 saat sonra ölmüşdür.[1]

Şəxsi həyatı

[redaktə | mənbəni redaktə et]
Fukadanın ilk həyat yoldaşı və yazıçı Yao Kitabatake.

Ədəbiyyat jurnalının təşkil etdiyi bir müsabiqənin işlərini dəyərləndirərkən ondan 7 ay kiçik olan yazıçı Yao Kitabatake ilə tanış olmuşdur. Cütlük 1929-cu ildə Tokio yaxınlığında yerləşən Abiko qəsəbəsində yaşamağa başlasalar da, Fukudanın atası onların evliliyinə qarşı olmuşdur. Cütlük ancaq 11 il sonra – Fukadanın atasının 1940-cı ilin martındakı ölümündən sonra evlənə bilmişdir.[1]

Toydan 2 ay sonra liseydəki ilk sevgisi olan Koba Şiqeko ilə qarşılaşmış və aralarında münasibətlər yaranmışdır. 1942-ci ilin avqustunda Şiqekonun Fukadadan övladı olmuşdur. Bir il sonra Kitabatake bu münasibəti öyrənsə də, Fukada hərbi xidmətə yollanaraq ailə münaqişəsindən yayınmışdır. Müharibədən qayıtdıqdan sonra Şiqeko və uşağı ilə yaşamağa qərar vermiş, 1947-ci ilin iyununda Kitabatakedən boşanmışdır. Həmin ərəfədə Şiqekodan ikinci uşağı doğulmuşdur. Ailə 8 il Dayşocidə yaşadıqdan sonra əvvəlcə Kanazavaya, 1955-ci ilin ortasında Tokioya köçmüşdür.[1]

1975-ci ildə Fukadaya Kaqa şəhərinin fəxri vətəndaşı adı verilmişdir.[2] 2002-ci ildə Kaqa şəhərində Kyuya Fukada Memorial Muzeyi açılmışdır.[3] 2003-cü ildə Yaponiyada Fukadanın anadan olmasının 100 illiyi münasibətilə ona həsr olunmuş, arxa fonda Haku dağının təsviri olan poçt markası buraxılmışdır.[4]

  1. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 Fukada, Kyuya. One Hundred Mountains of Japan (ingiliscə). University of Hawaii Press. 2014. ISBN 9780824847852. İstifadə tarixi: 13 aprel 2024.
  2. "深田久弥について". Kyuya Fukada Memorial Muzeyi (yaponca). 10 may 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 aprel 2024.
  3. "施設紹介". Kyuya Fukada Memorial Muzeyi (yaponca). 19 may 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 aprel 2024.
  4. "「山を愛した文学者(深田久弥生誕100年)」". Japan Post (yaponca). 2016-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 aprel 2024.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]