Kulturologiya
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Kulturologiya (lat. cultura, q.yun. λόγος) — ümumbəşəri və milli mədəni proseslərin obyektiv qanunauyğunluqlarını, insanların maddi və mənəvi həyatının mühüm hadisələrini özündə ehtiva edən elm. Bu elm insanların maddi maraq və tələbatlarının yaranıb formalaşdığı ilkin şərtləri və amilləri öyrənir, mədəni dəyərlərin artırılması və gələcək nəsillərə ötürülməsini həyata keçirir.
Kulturologiya – mədəniyyəti, sivilizasiyanı, onun tarixini, insanla mədəniyyətin qarşılıqlı əlaqəsini və qarşılıqlı təsirini öyrənir, insanın həyatda öz yerini tapmasında səmərəli rol oynayır. Kulturologiya bir tərəfdən mədəniyyəti, mədəniyyət tarixini, insanla mədəniyyətin qarşılıqlı əlaqəsini, digər tərəfdən isə insanın ona təsirini və əks-təsirini öyrənir.[1]
Bir çox dünyəvi elmləri, o cümlədən, tarix, fəlsəfə, sosiologiya, etnoqrafiya, arxeologiya, etika, estetika və s. özündə birləşdirən kulturologiya təbii ki, bu elmləri zaman-zaman öz süzgəcindən keçirmiş, müxtəlif dövrlərdə onlardan lazımınca faydalanmışdır. Kulturologiya özündə çox mühüm olan həyat layihələrini açıqlayan, eyni zamanda mədəni cəmiyyətin əsas komponentlərini özündə əks etdirən və insanşünaslığa xidmət edən nəhəng bir elm sahəsidir.
Mahiyyəti
[redaktə | mənbəni redaktə et]Bu gün dünyada kulturologiya elmi haqqında fikirlər mübahisəlidir. İstər Şərqdə, istərsə də Qərbdə müxtəlif alim və tədqiqatçılar arasında bu elm haqqında yekdil bir fikir və ideya mövcud olmasa da, mübahisəli-müqayisəli nəzəriyyələr və kulturoloji baxışlar bu elmi daha dərindən, hərtərəfli anlamağa imkan yaradır. Üst Paleolit dövründən – yəni "Homo Sapiyens"in ("Ağıllı insan"ın) meydana gəlməsindən başlayaraq ta bu günə qədər insanlar böyük bir kulturoloji mənəvi-əxlaqi dəyərlər məcmusu yaratmış və bu toplum mənəvi irs şəklində nəsildən-nəslə ötürülərək kulturologiya tarixini daha da zənginləşdirmişdir.
Şifahi ənənədən gələn qədim türk mif, əfsanə, rəvayət və nağılları, dastanları, mövsüm və mərasim nəğmələri Oğuznamələr,"Kitabi-Dədə Qorqud", "Manas", "Bilqamıs", "Altunyarıq", "Maday Kara" sırasından olan bahadırlıq dastanları; habelə yazılı təcrübənin "Divani lüğatit-turk" (Mahmud Qaşğarlı), "Qutadğu bilik" (Balasaqunlu Yusif Has Xacib)," Ətabətul-həqayir" (Əhməd Yuğnəki),"Divani-Hikmət (Əhməd Yəsəvi) və s. kimi örnəkləri kulturologiya elminin zəngin ənənəyə və tarixi bir kökə malik olmasını bir daha təsdiqləyir.
Yer üzündə yaşayan insanlar zaman-zaman müxtəlif ictimai – iqtisadi formasiyalarda öz həyat, məişət və davranış tərzləri ilə bağlı olaraq zəngin bir tarixi – kulturoloji irs qoyub getmişlər. Tarixi keçmişimizi əks etdirən məhz bu maddi mənbələr və yazlı qaynaqlar vahid bir küll halında cəmləşərək mədəni sərvət toplusu kimi tariximizi kulturoloji baxımdan öyrənməyə və dərk etməyə əsas verir. Bu baxımdan bizə miras qalan kitabələr, yazılı qaynaqlar, qayalar, daşlar, sümük və gil lövhələr və s. məhz bu gün tarixi – kulturoloji mənbələr kimi xüsusi əhəmiyyətə malikdir.
Müxtəlif tipli qəbir abidələri : daş qutu qəbirlər, torpaq qəbirlər, kurqanlar, küp qəbirlər, taxta qutu, katakomba və onlardan əldə edilmiş materiallar məhz bizə qədim insanların adət – ənənələri, dünyagörüşləri, dini inancları və s. haqqında geniş kulturoloji məlumatlar verir. Doğru deyiblər ki,"keçmişini bilməyən, bu gününü başa düşməz".
Qədim Daş dövründə meydana gəlmiş ənənəvi xüsusiyyətlər bütün sonrakı dövrlərdə də bu və ya digər formada özünü büruzə vermişdir. Bu da ondan irəli gəlir ki, insan heç zaman öz yaratdığını unutmamış, onu yaşatmaq və gələcək nəsillərə çatdırmaq üçün layiqli varislər yetişdirmişdir. Mənəvi sərvətlərin qorunmasında varislik prinsipi böyük rol oynamışdır. Xalqımızın möhtəşəm kulturoloji abidələrindən sayılan Qobustan qayaları üzərindəki təsvirlərin çoxu, eramızdan əvvəlki dövrlərə aiddir. Bu abidə üzərində qədim tariximizi əks etdirən və yaşadan çoxlu sayda şəkillər və kulturoloji təsvirlər vardır.
Tarixi
[redaktə | mənbəni redaktə et]Kulturologiya tarixi müxtəlif cəmiyyətlərdə və ictimai-iqtisadi formasiyalarda mədəni həyatı öyrənir, əsas mədəni-tarixi tiplərin nailiyyətlərini və xüsusiyyətlərini aydınlaşdırmağa səy edir. Kulturoloqların mühüm vəzifəsi isə ən uzaq keçmişdə yaşamış insanların mədəni həyatını və qloballaşan müasir dövrün sosial-mədəni tendensiya və proseslərini düzgün və hərtərəfli təhlil etməkdir. Qeyd edək ki, kulturologiyanın obyektləri canlı insanlar, mədəniyyətin yaradıcı və daşıyıcıları, həmçinin mədəni hadisələr, proseslər və müəssisələrdir.
Kulturologiya bir elm kimi XX əsrin əvvəllərində meydana gəlmişdir. Onun yaranmasında ABŞ kulturantropoloqu və kulturoloqu Lesli Alvin Vayt (1900–1975) xüsusi rol oynamışdır. Lesli Alvin Vayt öz nəzəriyyəsini "Kulturologiya" adlandırmışdır. Lesli Alvin Vaytın bu elmi tədqiqatı "insan və kulturologiya" anlayışlarını əhatə etdiyindən kulturologiya elmi dünya ictimaiyyətinin diqqət mərkəzinə çevrilmişdir. Kulturologiya ümumbəşəri və milli mədəni proseslərin obyektiv qanunauyğunluqlarını, insanların maddi və mənəvi həyatının mühüm hadisələrini özündə ehtiva etdiyi halda, kulturologiya tarixi elmin keçdiyi yolu tədqiq edir, kulturoloji fikrin inkişaf mərhələlərini təsnif edir, müxtəlif elmi istiqamətlərə aid kulturoloji nəzəriyyə və müddəaları ümumiləşdirir.
Müasir mədəniyyətşünaslığın əsas məktəbləri, cərəyan və istiqamətləri
[redaktə | mənbəni redaktə et]Muasir mədəniyyətşünaslığın bir neçə məktəbi vardır. Onların arasında tədqiqata yanaşma tərzlərinin müxtəlifliyi vardır. Əsas məktəblər aşağıdakılardır[2]:
Simvolik məktəb
[redaktə | mənbəni redaktə et]Bu cərəyan mədəni irsi insanlar tərəfindən yaradılmış simvollar kimi təsəvvür edirlər. Sonra isə bu simvollar informasiya şəklində nəsildən nəsilə və başqa adamlara keçir. Mədəniyyətin bütün prosesləri, insan dilində olducu kimi, kommunikativ (simvolları ötürmə) mahiyyəti qəbul edilir. Bu simvollar başqa simvollarla (elmdə, incəsənətdə və s.) birlikdə dünyanın tamlıcını verir. Tanınmış nümayəndələri De Sossür, Kassirer və Levi-Strosdur[2].
Naturalist məktəb
[redaktə | mənbəni redaktə et]Bu cərəyanın nümayəndələri mədəniyyəti insanın ətraf mühitə uyğunlaşması kimi təsəvvür edirlər. Onların fikrincə mədəniyyət insanın bioloci tələbatlarından irəli gəlir. Mədəniyyət insanın dünyaya uyğunlaşması vasitəsindən bir şey deyil, necə ki heyvanlar instinktlər vasitəsilə həyat sürürlər. Bu cəhətdət bu məktəb darvinizma yaxınlaşır. Tanınmış nümayəndələri F. Hamilton, Q. Spenser, Z. Freyd, B. Malinovski, K. Lorens, K. Yunqdur[2].
Psixoloji məktəb
[redaktə | mənbəni redaktə et]Bu cərəyanın nümayəndələrinə görə, mədəniyyət xalqın ruhudur.
Sosioloji məktəb
[redaktə | mənbəni redaktə et]Burada mədəniyyətin mənşəyini tarixdə, ilahi vəhydə, bioloji zərurətdə, psixologiyada deyil, insan cəmiyyətində və təşkilatlarında təsəvvür edirlər. Tanınmış nümayəndələri T. Eliot, P. Sorokin, A. Veber, T. Parsonsdur[2].
Aksioloji məktəb
[redaktə | mənbəni redaktə et]Bu cərəyan mədəniyyətşünaslıqda ən çox yayılıb. Yəni burada mədəniyyət mənəvi və maddi dəyərlərin toplusudur. Tanınmış nümayəndələri Rik-kert, Koqen, Münsterberq, Vundt, Brentano, Meynonq.
Tarixi məktəb
[redaktə | mənbəni redaktə et]Burada mədəniyyətin mənşəyini tarixi proseslərdə görürlər. Tanınmış nümayəndələri O. Penqler, A. Toynbidir[2].
Sosioloji cərəyanlar
[redaktə | mənbəni redaktə et]- Təkamülçülük (mədəniyyətə təkamül qanunlarında baxışı);
- Diffuzionalizm (mədəniyyətin axması — ticarət, köç, istila və s.) təkanlı proseslər nəticəsində yayılmasıdır.
- Funksionalizm (mədəniyyət bir tamlıqdır, onun tədqiqi tamlığı hissələrə bölmək vasitəsilə həyata keçirilir, hissələrə əhəmiyyət verilir, bir-birləri ilə muqayisə olunarlar).
- Strukturalizm (mədəniyyəti dil qrammatikası struktur şəklində kimi tədqiq etmə)[2].
Kulturoloji problemlərin tədqiqi
[redaktə | mənbəni redaktə et]Kulturologiya dünyaya, sosial reallığa, mədəni-mənəvi aləmə, insanın oradakı yeri və roluna bir küll halında baxır. Bu elm eyni zamanda universal dəyərləri, keçmişin mənəvi irsini, cəmiyyətin mövcud bədii-mənəvi komponentlərini real gerçəklik baxımından təhlil edir. Kulturologiya dünyada gedən qlobal prosesləri, həm də xalqımızın mənəvi-əxlaqi dəyərlərinin qorunub saxlanılmasını, inkişaf etdirilməsini və gələcək nəsillərə çatdırılmasını öz qarşısına bir məqsəd və vəzifə kimi qoyur. Kulturologiya həm də müxtəlif sivilizasiyaların biri-birinə münasibətini, insan faktorunun təbiətə, istehsala, ətraf mühitə və s. amillərlə qarşılıqlı əlaqəsini araşdırır və onun inkişaf meyillərini öyrənir. Bu baxımdan informasiya-kommunikasiya və rəqəmsal texnologiyaların tətbiqi, iqtisadi cəhətdən inkişaf etmiş ölkələrdəki mədəniyyət sənayesinin təşəkkülü kulturoloji prosesləri qloballaşan dünyada ön plana çəkir. Dünyada gedən bu tendensiyalardan və mürəkkəb qlobal proseslərdən baş çıxara bilən kulturoloq kadrların hazırlanması isə bu gün ölkəmiz üçün daha vacib əhəmiyyətə malikdir.
Kulturologiya insanın ictimai şüuru və yaradıcılığı əsasında formalaşan bir anlam olsa da o, həm də hər bir yaradıcı fərdin meydana gətirdiyi yenilikləri, oxşar yaradıcılıqların daima təkrarlanan mənəvi mühitidir. Bu mühit həm yaradıcılığa, həm də milli mentalitetin inkişafına təsir edən müxtəlif amillərlə zəngindir. Məhz bu zənginliklər isə bu gün cəmiyyətdə mübahisə doğuran "mədəniyyətşünaslıq" və ya "kulturologiya" kimi anlamların yaranmasına, onların ictimai şüurda möhkəm yer tutmasına zəmin yaradır. kulturologiya insanın mədəni mövcudluğunun müxtəlif formalarını əsaslı şəkildə əlaqələndirən və cəmiyyətdə şəxsiyyətin əxlaqi keyfiyyətlərini hərtərəfli tədqiq edən bir elmdir. İnsanın mədəni mövcudluq formalarının nəzərdən keçirilməsinin tarixi və nəzəri üsulları kulturologiyada özünün əməli həlli yollarını tapır.
Kulturologiya (lat. cultura — becərmə, tərbiyə etmə, ehtiram etmə; q.yun. λόγος (logos) – məna, səbəb) – insanın və bəşəriyyətin yaradıcı həyatı və fəaliyyəti haqqında elmdir. O, insanın həyat fəaliyyətinin mahiyyət, xüsusiyyət, tarixi nailiyyəti, inkişaf qanunları, texnologiyaları və dəyişdirici imkanlarını aşkarlayır. O, idrakın elə bir çoxpilləli piramidasıdır ki, onun pillələrini qalxarkən, insan tədricən xüsusi elmi biliklərə yiyələndikcə, bu gününü pozitiv idarə etmək, dəyişmək, daha yaxşı gələcək qurmaq qabiliyyətlərini dəfələrlə artırıb müdrikliyə yaxınlaşır
Kulturologiyanın yeri və predmeti haqqında hətta XXI əsrin əvvəllərində də vahid fikir formalaşmamışdır. Əsasən iki –təcrid etmə və inteqrativ mövqelər geniş yayılmışdır. I mövqeyə görə kulturologiyanın özünün, yəni başqa elmlərin heç birinə bənzəməyən baxışı vardır. II mövqeyə görə isə əksinə, kulturologiya mədəniyyət haqqında sosial və humanitar biliklərin sintezidir. Kulturologiya fənni bir-birilə əlaqədar aşağıdakı vəzifələri həll etməlidir.
- Mədəniyyətin əsas tarixi tipləri, qanunauyğunluqları, funksiyası, strukturu və mahiyyəti haqqında zəruri olan minimum biliklərin verilməsi;
- Xüsusi və humanitar biliklərin harmonik əlaqələndirilməsi, peşə etikası və mənəviyyatın işlənilməsi yardım göstərilməsi;
- Müxtəlif milli-mədəni, etno –konfessional və digər platformaların tənqidi, yaradıcı qavrayışına imkan yaradılması;
- Mədəni simvollar dünyasında, incəsənət, ədəbiyyatda musiqidə və s.-də istiqamətlərdən baş açmağa, kömək edilməsi;
- Mədəniyyətin sosial-dəyişdirici funksiyalarını dərk edilməsi və qavranılması metodların işlənib hazırlanması;
İnkişafı
[redaktə | mənbəni redaktə et]Kulturologiyanın inkişafı ictimai, humanitar və təbiət elmlərinin metod və nailiyyətlərinin istifadəsi ilə əlaqədardır. Onlar arasında tarix, fəlsəfə, məntiq, psixologiya, sosiologiya, etika, estetika, etnoqrafiya, dinşünaslıq, arxeologiya, coğrafiya, filologiya, sənətşünaslıq, linqvistika, hermenevtika, semiotika, numizmatika, toponimika, sinergetika, politologiya, iqtisadiyyat, ekologiya, ontologiya,, qnoseologiya, dövlətşünaslıq, hüquqşünaslıq, ölkəşünaslıq, futurologiya, diplomatiya tarixi, inzibati idarəetmə, menecment, qlobalistika, riyaziyyat. informatika və digər elmlər vardır.
Müasir həyatda sosial və humanitar elmlərin ənənəvi metodlarına tabe olmayan mürəkkəb sosial-siyasi problemləri düzgün konseptual görmək, planlaşdırmaq və sistemli həll etmək məsələsi cəmiyyətmizin aktual problemlərindən biridir.
Bir elm kimi, kulturologiyanın banisi haqlı olaraq, amerika antropoloqu Lesli Alvin Vayt hesab edilir. Onun 1949-cu ildə nəşr olunmuş "Mədəniyyət haqqında elm" kitabı mədəniyyət və onun qeyri-adi inqilabi dəyişdirici imkanları haqqında keyfiyyətcə yeni, daha yüksəksəviyyəli təsəvvürlərin yaranmasına səbəb oldu. O, humanitar biliklər sahəsində yeni ənənələrin formalaşmasına təsir edərək, ictimai elmlərin inkişafına öz zəngin töhfələrini vermişdir.
Dünya kulturoloji fikri ilə tanışlıq göstərir ki, mədəniyyət və mədəni inkişaf problemləri hələ antik dövrdən qabaqcıl insanları narahat etsə də, kulturologiyanın elm kimi təşəkkül tapması üçün şərait XIX əsrdə antropologiya, etnologiya, sosiologiya və psixologiyanın inkişafı nəticəsində əmələ gəldi. Kulturologiyanın təşəkkül və inkişafının aşağıdakı mərhələlərini qeyd etmək olar:
- İnsan və onun dünyasının tədqiqi ilə məşğul olan etnologiya və antropologiyanın inkişafı (XIX əsrin axırlarına qədər);
- Sosiologiya və psixologiyanın təşəkkülü və inkişafı (XIX əsrin axırlarından);
- Öz fəaliyyət və inkişaf qanunauyğunluqları olan bəşəriyyətin mədəniyyəti haqqında elm olan kulturologiyanın təşəkkülü və inkişafı (XX əsrin ortalarına yaxın);
- Sistemli kulturoloji tədqiqatların intensiv inkişafı (XX əsrin II yarısından etbarən).
Kulturologiya elmi yaranmazdan əvvəl mədəniyyət anlayışına müxtəlif yanaşmalar olmuşdur. Bir çox mədəniyyətlər üçün səciyyəvi olan ilkin ümumi inkişaf qanunları və qanunauyğunluqları əvvəl etnologiya, sonra isə mədəni və sosial antropologiya çərçivəsində öyrənilirdi. Etnologiyanın formalaşması XIX əsrin 80-ci illərinin sonlarında bəşəriyyətin tarixi inkişaf proseslərinin öyrənilməsi çərçivəsində baş verirdi. Onun vəzifələrinə – mədəniyyətin təbii tarixinin, mədəni tərəqqinin mərhələlərinin, mədəni təkamülün aşkar edilməsi və müxtəlif mədəniyyət və cəmiyyətlərin düşüncə tərzinin dəyişməsinin aşkarlanması daxil idi. Kulturologiya yaranmazdan əvvəl insanların həyatını öyrənən elmlərdən biri etnologiya olmuşdur. Mədəniyyətin tədqiqində bir sıra alimlərin mülahizləri və təklifləri olmuşdur. Və bu mülahizləri, təkliflərin şərhini vermək ən önəmli məsələlərdən biridir.
İbtidai mədəniyyətin tədqiqatçısı, etnologiyada təkamül cərəyanının banisi ingilis etnoqrafı Eduard Taylor öz tədqiqatlarını insan və sivilizasiya problemlərinin öyrənilməsinə həsr etmişdir. Digər xalqların həyatını tədqiq edərkən, o, ilk dəfə olaraq, vəhşilik, barbarlıq və sivilizasiya pillələri ilə irəliləyən insan mədəniyyətinin obyektiv tarixi inkişaf qanunauyğunluqlarını dərk edib araşdırmağa çalışmışdır. Taylor tarixi prosesin təhlili üçün tipoloji müqayisə və "qalıqlar metodu"-dan istifadə edərək, mədəniyyətin inkişafında təbii səbəb və nəticə əlaqələrini aşkar etmişdir. O, mədəniyyəti müstəqil inkişaf edən sahələrin vəhdəti kimi nəzərdən keçirərək, haqlı olaraq qeyd edir ki, maddi mədəniyyət ruhi mədəniyyətin törəməsidir. Sonrakı əsərlərində alimin tədqiqat obyekti bütövlükdə cəmiyyətin sosial mədəniyyəti olmuşdur.
Mədəniyyət fenomenlərinin səhra etnoloji tədqiqatlarının pioneri, ibtidai cəmiyyət nəzəriyyəsinin banisi, amerika etnoqrafı və tarixçisi Lüis Morqan bəşəriyyətin tarixinin vəhdət və tərəqqidən ibarət olması ideyasını iddia etmişdir. Kulturologiyanın digər sosial-humanitar elmlərlə qarşılıqlı əlaqəsi mədəniyyətlərdə təkamül və diffuziya hadisələrinin izahını da araşdırırdı. Mədəniyyət hadisəsilə bağlı bir sıra məktəblər mövcud olmuşdur. Etnologiya mədəniyyəti iki tip etnoqrafik təfsir – mədəniyyətlərdə təkamül və diffuziya hadisələrinin izahı, vasitəsilə tədqiq edirdi. Təkamül nəzəriyyəsi müxtəlif coğrafi regionların oxşarlığını insan psixikasının eyniliyi və şəraitin ümumiliyi ilə şərtlənən müstəqil hadisə kimi nəzərdən keçirirdi. Miqrasiya ilə bağlı mədəni diffuziyaya əsaslanan etnoloji təfsir isə təkamül nəzəriyyəsini inkar edərək, onun biologiyadan iqtibas edildiyini söyləyirdi. Bu cərəyanın nümayəndələri öz etnoloji məktəblərini – "tarixi etnologiya" amerika məktəbini (Boas, Kryober, Uissler) və alman "mədəni tarixi məktəbi"-ni (Ratsel, Frobenius, Şmidt) yaratmışlar.
Amerika tarixi-etnoloji məktəbinin xidməti ondan ibarət olmuşdur ki, onlar mədəni birliyi izah edən və mədəni dəyişikliyi idarə edən universal bioloji və və psixoloji qanunları aşkar etmişlər. Alimlər göstərmişlər ki, bütün mədəniyyətlərə aid olmasına baxmayaraq, bu qanunlar müxtəlif formalarda təzahür olunur. Bu məktəb daxilində mədəni dinamika, mədəniyyətin inteqrasiyası, şəxsiyyət və cəmiyyətin, "mədəni arealların" qarşılıqlı təsiri mədəni cəhətlərin yayılması və s.
Kulturologiyanın sosial-humanitar elmlərlə qarşılıqlı əlaqəsi yarandığı dövrdən olmuşdur. Kulturologiyanı , Antropologiya elminin davamı kimi göstərmək olar. Çünki, hər iki elm predmetinə görə bir-birinə yaxın elmlərdir. Antropologiya elmi əsasən Amerikada yaxşı inkişaf etmişdir.
Amerika antropoloqu Frans Boasın diqqət mərkəzində insanların sosial adət, fiziki səciyyə və dillərinin oxşar və fərqli cəhətləri problemi dururdu. Onun tədqiqat obyektləri – Amerika hindularının folklor, təsviri incəsənət mifləri, sənətləri, qohumluq sistemləri, psixologiyaları və mədəni əraziləri idi. Boas insanın bioloji və mədəni mahiyyətini "Boas antropologiyasının dörd sahəsi" adını almış metodlarla öyrənirdi. Onlar bioloji tədqiqat üçün ölçü və statistikaya; dilçilik üçün qramatik təhlil və testləşdirməyə; kulturoloji hadisələr üçün yayılma analizi və bütöv tədqiqatlar; mədəni keçmişin öyrənilməsi üçün isə, stratiqrafik arxeoloji tədqiqatlara əsaslanır. Taylor, Loui, Uisslerin mədəni antropologiyası ənənələrinin dirçəldilməsinə istinad edən Boas, mədəniyyətin təkamül prosesləri ilə fəal məşğul olmağa başlayır. Alim amerika antropologiyasına alman mədəni-tarixi məktəb ənənələrini gətirərək, orada tarixi etnologiya məktəbini yaratdı. Təhlilin tarixi metodlarını təkamülçülüyün nəzəri ümumiləşdirmələrinə qarşı qoyub, səhra təcrübəsi tədqiqatlarına istinad edən Boas, mədəniyyətin – inteqrasiyası, diffuziyası və onların qarşılıqlı təsirlə bütövləşməsindən ibarət, ikililik anlayışını yaratdı. Müxtəlif mədəniyyətlərin universal və oxşar cəhətlərini qeyd edən təkamülçü yanaşmanın əhəmiyyətini inkar etməyən alim, hər bir mədəniyyətin öz inkişafının nəticəsi olan özünəməxsus xüsusiyyətlərin mühüm əhənmiyyətini göstərmişdir. Boasın xidmətləri ondan ibarət olmuşdur ki, o, XIX əsrin təkamül antropologiyasına ciddi töhfələr vermiş və amerika antropologiyasının başlıca məfhumu olan "mədəniyyət" anlayışının tanınmasına nail olmuşdur.
Yuxarda qeyd etdiyimiz kimi kulturologiya sosail-humanitar elmlərlə qarşılıqlı əlaqəsi nəticəsində inkişaf edir. Və kulturologiyanın araşdırılmasında sosial –humanitar elmlərlə məşğul olan bir sıra alimlərin böyük rolu vardır. Və bu sıradan Alman mədəni-tarixi məktəbin də rolu olmuşdur.
Alman mədəni-tarixi məktəbi, mədəniyyətin inkişafı haqqında təsəvvürlərin subyektiv-emosional səciyyə çərçivəsindən kənar, tarixin dürüstlük meyarı olması fikrindən çıxış edirdi. Alman etnoloqları "inkişaf nəzəriyyəsi" daxilində mədəniyyətin inkişafına təkamülçü baxışları inkişaf etdirərək, qeyri-avropa xalqlarının və alman dilli etnosların mədəniyyət və mədəni proseslərini, T. Vays, Y. Lippert və bu nəzəriyyənin digər tərəfdarları, mədəni əlamətlərin məkan və zaman daxili zahiri oxşarlıqlarını insan psixologiyasının vahidliyi ilə izah edirdilər. Alman alimləri tərəfindən, həm də, mədəni-mifoloji, mədəni-coğrafi və mədəni-tarixi təlimlər, sonralar isə – etno-psixologiya, etno-sosiologiya və funksional sosiologiya daxilində diffuziya prosesləri öyrənilmişdir. Müasir alman etnologiyasının mühüm xidmətlərindən biri, mədəniyyətə etnotəkamül və diffuziyaçı yanaşmalardan – sistemli bir baxış yaratmasındadır. Alman mədəniyyətinin daim zənginləşdirilib proqressiv inkişafı məqsədilə digər mədəniyyətlərin tədqiqi zəruriliyinin dərk edilməsi mühüm prinsipial dövlət əhəmiyyəti daşıyırdı. Mədəniyyətin və onun sosial institutlarının struktur və funksional ölçülərini vurğulayan A. Radkliff-Braun, B. Malinovski, K. Levi-Strossun əsərlərində etnoloji tədqiqatlar daha da inkişaf etdirilmişdir.
Kulturologiyanın sosail-humanitar elmlərlə əlaqəsi mədəniyyət hadisəsinə bir sıra yanaşmaların yaranmasına gətirib çıxartmışdır. İngilis etnoqrafı və sosioloq, etnoqrafiya sahəsində funksional məktəbin görkəmli nəzəriyyəçisi Alfred Radkliff-Braun "sosial antropologiya" –nın yaradıcısı və müasir antropologiyada sistemli yanaşmanın təşəbbüsçüsüdür. Onun hazırladığı sosial antropologiyanın induktiv metodu, mədəniyyət hadisəsinin əsasını təşkil edən ümumi qanunların dərk edilməsində mühüm alət kimi istifadə olunmuşdur. Kulturologiya mədəniyyət haqqında elm olmasına baxmayaraq, mədəniyyət anlayışına etnoloji sosioloji cəhətdən yanaşmalar da olmuşdur.
İngilis etnoqraf və sosioloqu, etnoqrafiyada funksional məktəbin banisi olan Bronislav Malinovski, məğzini insan ehtiyacları təşkil etdiyi, sosial institut və fəaliyyət məhsullarının məcmusundan ibarət mədəniyyətin elmi nəzəriyyəsini yaratmağa can atırdı. Struktur antropologiyanın banisi, mədəniyyət hadisələrinin öyrənilməsində tarixi faktorlara xüsusi əhəmiyyət verən və müasir kulturologiyanın təşəkkülünə ciddi təsiri olan fransız etnoqraf və sosioloqu Klod Levi-Stross, müxtəlif mədəniyyətlərin obyektiv köklərini müəyyənləşdirməyə cəhd göstərmişdir. Onun təklif etdiyi etnoloji təfsirlər dünya mədəniyyət tarixinin yazıyaqədərki dövrünün tarixi rekonstruksiyasına təsir göstərmişdir.
Müxtəlif ölkələrin alimlərin mədəniyyətlə bağlı müxtəlif istiqamətlərdə apardıqları tətqiqatları kulturologiyanın sosial-humanitar elmlərlə qarşılıqlı əlaqəsində əksini tapmışdır. Kulturologiyaya ən çox yaxın olan elm antropologiyadır, həmişə Kulturologiya ilə qarşılıqlı əlaqədə olmuşdur. Və bir-birindən bəhrələnmişdilər. Məlumdur ki, insanın təbiətdə və sosial mühitdə mövcudluğunun fundamental problemlərini öyrənən antropologiya bir elm kimi, bir sıra sosial və bioloji elmlər də daxil olmaqla, idrakın kifayət qədər geniş sahəsini əhatə edir. O, insanın bioloji tarixini, onun psixologiya və genetikasını, paleontologiya, arxeologiya, etnoqrafiya, etnologiya, sosiologiya, mifologiya, linqvistika, sosial coğrafiya və demoqrafiya sahələrini əhatə edir. XIX əsrdə antropologiya daxilində, predmet sahəsi insan və mədəniyyətin qarşılıqlı münasibətləri və mədəniyyət yaradıcı, eyni zamanda yaradan insanın genezis problemi olan mədəni antropologiya formalaşır.
XX əsrin əvvəllərində həm antropologiyanın inkişaf məntiqi, həm də elmin inkişafı üçün səciyyəvi olan diferensasiya və inteqrasiya prosesləri bütövlükdə insan mədəniyyətini və onun tədqiqat metodlarını, elmi fikri yeni axtarışlara stimullaşdıran bütöv sosial-tarixi sistem kimi anlamağın yeni tələblərini ortaya çıxardı. Alimlər arasında sənayedən əvvəlki mədəniyyətlərin öyrənilməsindən – bugünkü mürəkkəb cəmiyyətlərin, insan və insan mədəniyyətinin sistemli tədqiqinə keçməyin zəruriliyinin dərk edilməsi və bu sahədə müxtəlif yolların axtarışı baş verirdi. Belə ki, İ. Kantın qaldırdığı, insanın mövcudluğu və mahiyyəti barədə problemə cavab olaraq, fəlsəfi antropologiyanın, aksiologiyanın və idrak sosiologiyasının banilərindən biri, alman filosofu Maks Şeler mədəniyyətə, insan varlığı ilə şərtlənən təbiət və fəaliyyətin humanistləşdirilməsi vasitəsi kimi baxmağı təklif edir. 1928-ci ildə, o, insan varlığının müxtəlif sahələrinin konkret elmi tədqiqini onun fəlsəfi idrakı ilə vəhdətdə öyrənilməsini nəzərdə tutan, insan haqqında əsaslı bir elm yaradılması məsələsini irəli sürdü. Alim bu elmə bütün bütün elm sahələrinin. eləcə də antropologiyanın daxil edilməsini təklif edirdi.
Lakin zamanın tələbi ilə mədəni antropologiya tərəfindən qoyulmuş bu problemə ən tutarlı cavabı cavabı – amerikanın yenitəkamülçü antropoloqu, F. Boasın tələbəsi Lesli Alvin Vayta vermək müyəssər oldu. Əsas vəzifəsinin yalnız keçmişi öyrənmək deyil, eləcə də, bəşəriyyətin müasir inkişafının aktual problemlərinin araşdırılması, mədəniyyətin sistemli tədqiqi üçün metodoloji və nəzəri bazanın hazırlanması olduğunu qeyd edən alim, yeni elmin yaradılması zərurətini əsaslandırdı. Vaytın 1949-cu ildə çap olunmuş "Mədəniyyət haqqında elm" kitabı mədəniyyət və onun qeyri-məhdud dəyişdirici imkanları haqqında təsəvvürlərin inkişafında inqilabi çevriliş, keyfiyyətcə yeni səviyyə oldu. O, ictimai elmlərin inkişafına, humanitar biliklərin yeni ənənələrinin yaranmasına mühüm töhfə oldu. Antropologiya, psixologiya, sosiologiya, tarix və ekologiyanın nailiyyətlərindən istifadə edib, müəllimi F. Boasın ənənələrini yaradıcı inkişaf etdirən Vayt XX əsrin yeni elmini – ictimai elmlərin inkişafında keyfiyyətcə yeni səviyyə olan – kulturologiyanı yaratdı.
Vayt etnologiya, antropologiya, psixologiya və sosiologiya üzrə materialların məntiqi analiz və sintezi əsasında, lokal mədəniyyətlərin komparativ təhlilindən bəşəri mədəniyyətin inkişaf qanunauyğunluqlarının aşkar edilməsinə doğru yol açdı. Amerika aliminin xidməti ondan ibarətdir ki, o, kulturologiyanın predmet sahəsini müəyyənləşdirmiş, mədəniyyət haqqında elm olan "kulturologiya" termininin istifadə edilməsini əsaslandırmış, təkamül prosesini yenidən qiymətləndirmiş, elmi tədavülə mədəniyyətin yeni anlamını gətirmiş və bəşəri mədəniyyətin bütöv sistem kimi tədqiq edilməsinə imkan verən, sistemli yanaşma təklif etmişdir.
Kulturologiya bir elm kimi yaranandan sonra onun inkişafının əsas istiqamətlərindən bir məhz onun sosial-humanitar elmlərlə qarşılıqlı əlaqəsi olmuşdur. Çünki, kulturologiyanın yaranması sosial-humanitar elmlər üzrə materialların məntiqi analiz və sintezi əsasında mümkün olmuşdur. Və sosial-humanitar elmlərlə qarşılıqlı əlaqə nəticəsində inkişaf edir. Kulturologiyanı sosial-humanitar elmlərdən ayrı təsəvvürü qeri-mümkündür.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Fuad Məmmədov. Kulturologiya effektivli həyat və fəaliyyətə aparan yol kimi. "Simurq" Azərbaycan Mədəniyyət Assosiasiyası, Bakı,2006
- Ağayar Şükürov. Kulturologiya (Dərslik). "Adiloğlu", Bakı, 2003.
- Əlikram Tağıyev, Qoşqar Əliyev. Kulturologiya (dərs Vəsaiti). "Təbib", Bakı, 1997.
- Kulturlogiya (Dərslik) ADMİU "Mars-Print" Bakı, 2003
- Məmədov Ə., Dadaşova S., Hüseynov İ.. Tətbiqi Kulturologiya (Dərslik). "Mars-Print" Bakı, 2004.
- Sədaqət Məmmədova. Mədəniyyətşünaslıq. Bakı: "Kooperasiya", 2001.
- Kulturologiyanın Sosial-Humanitar elmlərə qarşılıqlı əlaqəsi(Sərbəst iş№ 3 Bakı-2010) Rzayev Camal.
- İlqar Hüseynov, Tural Əfəndiyev. Kulturologiya tarixi. Ali Məktəblər üçün dərslik. "Mars-Print" Bakı, 2012. 876 s.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Kulturologiya elmi və onun tarixi kökləri". 2010-12-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-10-21.
- ↑ 1 2 3 4 5 6 "Mədəniyyətşünaslığın predmeti və əhəmiyyəti, humanitar elmlər sistemində onun yeri" (az.). alizadeh.narod.ru. 2021-06-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-15.