Kometa

Vikipediya, azad ensiklopediya
(Komet səhifəsindən yönləndirilmişdir)
Naviqasiyaya keç Axtarışa keç
Komet
Halley kometi, 1910

Kometa və ya Quyruqlu ulduz (q.yun. κομήτης, komḗtēs, tərc. uzun saçlı) — Günəş Sisteminin kiçik cisimlərindən biri.

Kosmik fəzada təsadüf edilən müxtəlif ölçülü cisimlər olub, toz və qazdan ibarət "quyruğa" malikdirlər. Çox zaman Günəş ətrafında fırlanırlar. Kometalar Günəş sisteminin kiçik cisimləridir. Onlar olduqca sıxılmış orbit boyunca hərəkət edirlər və Günəşə yaxınlaşdıqca formalarını kəskin dəyişirlər. Kometalar Günəşdən uzaq məsafədə olduqca dumanlı, zəif işıqlanan obyekt kimi görünürlər. Günəşə yaxınlaşdıqca əks tərəfə yönəlmiş "quyruğu" yaranır. Kometa yunanca "kometos" sözündən olub, "quyruqlu ulduz" deməkdir. Mürəkkəb kimyəvi tərkibə malik donmuş qazlardan, buzdan, toz və daha iri fraqmentlər şəklində olan, gecəriyən mineral maddələrdən ibarət olan bu özünəməxsus səma cisimlərini kosmik aysberqlər də adlandırırlar. Hər il təqribən 25–30 yeni kometa kəşf olunur, 2–3 ildən bir isə Yerin və Günəşin yaxınlığından kifayət qədər iri quyruğa malik olan bir neçə parlaq kometa keçir. Kometalar təkçə astronomları deyil, digər elm sahələrindən olan alimləri də, fizikləri, kimyaçıları, bioloqları, tarixçiləri və s. maraqlandırır. Bir çox alimlər belə hesab edirlər ki, kometalar Günəş sisteminə daxil olan planetlərin ilkin qaz-toz buludundan sonra qalan özünəməxsus "qalıqlardır". Kometaların səmada hərəkəti ilk dəfə ətraflı şəkildə Edmund Halley tərəfindən tədqiq olunmuşdur. Onun apardığı elmi tədqiqatlar nəticəsində məlum olmuşdur ki, kometalar fokusunda Günəş yerləşən elliptik, parabolik və hiperbolik orbitlər üzrə hərəkət edirlər. O, 24 parlaq kometanın orbitini təyin edir və onların hətəkət orbitlərinin parabola olması fikrini irəli sürməklə ilk kometa kataloqunu tərtib etmişdir. Halley 1531 və 1682-ci illərdə görünən kometaların orbitlərini diqqətlə öyrəndikdən sonra tamamilə düzgün olaraq belə qərara gəlmişdir ki, bunlar eyni kometalardır. Orbitləri çox oxşar olan bu kometalar Günəşin ətrafında 76 illik dövrlə, elliptik orbit boyunca hərəkət edən eyni bir kometanın 1531 və 1682-ci illərdəki qayıdışlarının görüntüləri olmuşdur. Halley bu kometin növbəti qayıdışının 76 il sonra olduğunu əvvəlcədən hesablamışdır. Həqiqətən, 1758-ci ilin dekabr ayında həmin kometa qayıdır – səmada müşahidə olunur. Ona görə də sonradan bu kometaya Halleyin adı verilir və onun dövr periodunun qiyməti daha da dəqiqləşdirilir — 75.5 il. Bəşəriyyətin tarixi boyunca ən məşhur kometa Neptun kometa ailəsinə mənsub olan, ilk dəfə b.e.ə. 467-ci ildə qeydə alınan, 75.5 il dövrlük periodu olan və 32 dəfə müşahidə olunan Halley kometasıdır. Növbəti dəfə 2061-ci ildə müşahidə ediləcəkdir. Komet qruplarının və ailələrinin öyrənilməsi istiqamətində azərbaycan alimi Əyyub Quliyev komleks tədqiqatlar aparmışdır. 

Kometaların hərəkəti
Templey kometası
Qaliley kometasının Yer ətrafında görünməsi, 1066-cı il.

Quruluşu və hərəkət sistemi

[redaktə | mənbəni redaktə et]

Hər bir kometanın əsas hissəsi onun nüvəsidir. Nüvə — kometanın bütün maddəsini özündə saxlayan, bir – biri ilə kosmik buzla sıx əlaqəlı olan kosmik toz, daş, donmuş qaz və mürəkkəb kimyəvi birləşmələrdən ibarətdir. Kometa nüvələrinin ölçüləri çox kiçikdir və bir neçə metr ilə bir neçə kilometr arasında dəyişir, kütlələri isə Yerin kütləsinin milyonda bir hissəsindən kiçik olur. Bir çox alimlərin fikrincə, Günəşdən çox-çox uzaqda olarkən kometalar ammonyak, metan, adi su buzundan və tərkibində dəmir və metal hissəçiklər olan bərk maddələrdən ibarətdir. Günəşə yaxınlaşdıqca Günəş şüalarının təsiri ilə kometanın qızması nəticəsində çirkli buz buxarlanaraq nüvənin ətrafında nəhəng qaz-toz örtüyünü əmələ gətirir. Günəşdən uzaqda olarkən kometanın baş hissəsi simmetrik olur, lakin ona yaxınlaşdıqca tədricən oval forma alır, sonra daha da dartılır və kometanın Günəşdən əks tərəfində onun baş hissəsinə daxil olan qaz və tozdan təşkil olunmuş quyruq əmələ gəlir.

Bütün kometalar adətən iki hissədən ibarət olur. Bu sərt maddələrdən ibarət(Günəşdən uzaqlaşarkən buzlaşan maddələr) bütöv "baş" hissə və Günəşə yaxınlaşdıqca artan qaz-toz buludundan ibarət "quyruq" hissəldir. Günəş küləyi təsiri altında kometaların "quyruq" hissəsi adətən Günəşdən əks istiqamətə yönəlir. Eliptik orbitlə hərəkət edən kometalar, qravitasiya təsiri altinda yüksək sürətlə Günəş istiqamətinə doğru yönəlir və "baş" hissənin əriyərək "quyruq" buluduna cevrilməsi müşahidə olunur. Əks qravitasiya və enersiya qüvəsiylə, Günəş ətrafinda devr edən kometa, yenidən Günəş sisteminin sərhədlərinə dogru yonəldilir və bu zaman "quyruq" buludunun donub kiçilərək "baş" hissədə konsentrasiya olması müşahidə olunur.[1] Uzun dövrlü və qısa dövrlü kometalar var. Günəş ətrafında dolanma dövrləri 200 ildən çox olan kometalər, uzundövrlü kometalar adlanır. Müşahidə olunan kometaların böyük əksəriyyəti Günəş sisteminin uzaq oblastlarından gəlirlər. Uzundövrlü kometalar planetlərin hərəkət zonasında qısa bir zaman ərzində qalaraq cüzi dinamik və fiziki dəyişikliyə məruz qalırlar. Sonra isə gəldikləri yerə qayıdırlar. Məlum olduğu kimi, bunlar əsasən uzundövrlü kometalardır. Bu kometlər planet zonasından cox az bir zaman müddətində keçdikləri üçün demək olar ki, ciddi dəyişikliyə uğramamışlar. Ona görə də, uzundövrlü kometalar kainatın sirlərini özündə mühafizə edən ilkin maddə haqqında qiymətli informasiya daşıyıcıları sayılırlar. Uzundövrlü kometaların 200 ildən artıq tədqiqat obyekti olmasına baxmayaraq, onların xeyli mürəkkəb olan mənşəyi ilə bağlı problemləri hələ ki, bu günə qədər öz həllini tam mənada tapa bilməmişdir. Qeyd etmək lazımdır ki, indiyədək uzundövrlü kometaların cox cüzi bir hissəsi müşahidə olunmuşdur. Aydındır ki, bu kometaların yeni-yeni nümayəndələri tapıldıqdan sonra indiyə qədər məlum olmayan xüsusiyyətləri aşkarlanacaq və onların mənşəyinin müəyyən edilməsi istiqamətində ciddi addımlar atılacaqdır. Qısa peridlu kometaların (onların sayı 200-dən çoxdur) orbitlərinin ekliptika müstəvisinə meylləri bir qayda olaraq kiçikdir. Bu kometaların Günəş ətrafında dolanma dövrləri 20 ildən çox olmur, onların indiyə kimi məlum olan sayı isə təqribən 400-ə yaxındır. Günəş sistemində başqa kometa ailələri də mövcuddur. Məsələn, nümunə olaraq Saturn, Uran, Neptun kometa ailələrini göstərmək olar. Saturn kometa ailəsində kometaların sayca az olması onunla əlaqədardır ki, Yupiterin cazibə qüvvəsi Saturnun cazibə qüvvəsindən 10 dəfə, digər planetlərin cazibə qüvvəsindən isə 100 dəfə böyükdür. Ehtimal olunur ki, bütün periodik kometalar əvvəllər uzundövrlü olmuşlar və nəhəng planetlərin, xüsusilə də Yupiterin uzunmüddətli qravitasiya təsiri nəticəsində bu kometalar uygun planetlərin orbitlərinə keçərək onların kometa ailələrinin üzvləri olmuşlar.

Kometaları müşahidə etmək üçün müxtəlif qurğulardan istifadə olunur. Müşahidələr göstərir ki, kometaların nəhəng quyruqlarını adi gözlə, görüş sahəsi böyük olan teleskop və ya binokl vasitəsilə müşahidə etmək mümkündür. Lakin, kometanın nüvəsinin mürəkkəb quruluşunu müşahidə etmək üçün böyük aperturalı teleskoplardan istifadə olunmalıdır

Qədim zamanlardan "quyruqlu ulduzun" qöy üzündə görsənməsi insanlarda mifoloji qorxuya, xofa səbəb olmuşdur.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. "Kometa nədir ?". 2016-03-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-07-29.