Keçili üsyanı

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Keçili üsyanı
Tarix 1920, 1930
Yeri

Keçili üsyanı — Naxçıvanın Keçili kəndinin sakinlərinin sovet hökumətinə qarşı qaldırdığı üsyana qonşu Badamlı, Sələsüz, Tırkeş, Cəhri və başqa kəndlərin əhalisi də qoşulmuş, xaricdə olan Kalbalı xanın dəstələri birləşərək, imperiyanın ordusu və milis dəstələri ilə gərgin döyüşlər aparmışlar. Döyüşlərdə üsyançılardan 100 nəfər şəhid olmuş, 120 nəfər isə ələ keçirilərək həbs edilmişdir.

Keçili kəndində o illərdə 6 tayfa yaşayırdı: Hacılı tayfası 40 ailəni, Əşkaflı tayfası 30 ailəni, Sofulu tayfası 20 ailəni, Alməmmədli tayfası 30 ailəni, Zeynallı tayfası 17 ailəni, Qızıllı tayfası isə 12 ailəni birləşdirirdi. Dindirmə prosesində Orbelyan tərəfindən bir tayfa digər tayfa üzərinə qaldırılırdı. Kəndlilər ağıllarına belə gətirmirdilər ki, Orbelyanın təşkil etdiyi bu üzləşmələr onların uşaqları, nəvələri arasında qəsdən daimi düşmənçiliyə çevirilir.

Antisovet ünsürləri adlandırılanların böyük əksəriyyəti öz imzaları əvəzində protokola barmaqlarını basırdılar. Bu da öz növbəsində Orbelyan və onun kimilərin işlərini bir qədər də yüngülləşdirir və protokollara öz istədiklərini yazmağa şərait yaradırdı. Keçili işində bütün dindirmələr yarım səhifədən və yaxud nadir hallarda bir səhifədən ibarətdirsə, ancaq elə dindirmələr də var ki, hətta bir cümlədən ibarətdir. Orbelyan qəti bilirdi ki, onun tərəfindən yazılan bu qanunu, bu hökmü heç kəs rədd etməyəcək, odur ki, nə qədər türk məhv edə bilsə, cəlladların başçısı və ideoloqu, Azərbaycanın xüsusi xidmət sahəsinin rəisi Xoren Qriqoryandan bir o qədər təşəkkür alacaqdır.

1920–1930-cu illərin sovet totalitarizmi milli ruhu məhv etməyi ən böyük təbliğat üsuluna çevirmişdi. Bu totalitarizmidə bağışlamaq, rəhm etmək hissi yox idi. Naxçıvan üsyanı zamanı azərbaycanlılardan qisas almağa başlayan Orbelyan kimi fitnəkar ermənilər "üsyan işi" adlanan bir plan uydurur və 2 öküzü, bir inəyi, 20 qoyunu olan bu kəndlilərin var-yoxunu əlindən aldırırdı. Bolşeviklər sovet hökumətinə qarşı yalnız qolçomaqların deyil, ortababların, muzdurların və kasıbların da üsyana qoşulduğunu, sübut etməyə çalışırdılar.

Qolçomaq adlandırılanların evinin yandırılması, müsadirə edilməsi və ya hərraca qoyulması antisovet narazılığı gücləndirirdi. Bolşeviklər qolçomaqların evinin yandırılmasını birbaşa kəndlilərin öz əlləri ilə həyata keçirməyə çalışırdılar. Belə ki, Azərbaycanda ağalıq edən yad millətin nümayəndələri, o cümlədən Lominadze varlıların, mülkədarların məhv edilməsində iki məsələyə diqqət yetirməyi vacib sayırdı. Birincisi, varlıların – mülkədarların, xanların və bəylərin mülklərini yandırmaq. İkincisi, kəndliləri qiyama qaldırmaqla onları məhv etmək. Naxçıvan üsyanı zamanı birinci məsələ tam həyata keçirildi. Lakin bu dəfə də kəndi tonqala bürüyən kəndlilər və yoxsullar deyil, hakim dairələrin, bolşeviklərin özü oldu. İttihamnamələrdə isə müqəssir kimi danışanlar və güllələnənlər arasında heç bir savadı olmayan günahsız kəndlilər də bandit adlandırılaraq məhv edilirdi.

Həmin dövrdə kimlər bandit hesab edilirdi: öz mənliyini, şəxsi həyatını bolşevik bəlasından qoruyub saxlamaq üçün müxtəlif yerlərə qaçan, dağlara çəkilən bəylər, xanlar, varlılar və başqaları; mövcud hakimiyyətə bel bağlamayan və baş vermiş hadisələrin mahiyyətini dərk etməyən qruplar. Bura hətta yoxsullar və muzdurlar da daxil olurdu; sovet hakimiyyətinə nifrət edən silahlı dəstələr. Bu dəstələr bolşeviklərlə son damla qanına qədər vuruşmağa hazır qüvvələr idi ki, nəinki qırmızılara, hətta onlara rəğbət göstərənlərə qarşı belə amansız idilər; hakimiyyət hərc-mərcliyindən istifadə edib varlanmaq məqsədilə müxtəlif "dinə-dona" girənlər, ev, mal-heyvan oğruları və b.; vaxtilə öz mənəviyyatını itirmiş və narazı camaatı bandit adlandıran bir çox kommunistlərin özü də sonradan banditimzə qarşı mübarizənin hədəfinə çevrildi. Belə ki, təmizləmə zamanı partiyadan qovulmuş kommunistlər xüsusi dəstə düzəldib qisas almaq məqsədilə sovet hakimiyyətinə qarşı mübarizə aparırdı; sovet hökumətinə sədaqətlə xidmət edən milis dəstələri də bəzən təklikdə, yaxud böyük bir dəstə halında bolşeviklərdən üz döndərir və beləliklə, "bandit"ə çevrilirdilər.

Göründüyü kimi, 20–30-cu illərdə istənilən adamı "bandit"ə çevirmək üçün tam şərait yaradılmışdı. Hər hansı bir qolçomağın kəndli ilə adi münaqişəsinə də siyasi don geydirilərək kolxozlaşmaya qarşı pozuculuq işi kimi qiymətləndirilirdi.

Qolçomaqları və mülkədarları qadın azadlığına əngəl olmaqda, onları kolxozlara buraxmamaqda, mollalarla əlbir olub dini ideologiyanı yaymaqda, gəncləri dini təsir altında saxlamaqda, bandit dəstələri yaratmaqda və ya onlarla əlaqədə, taxıl gizlətməkdə, vergidən yayınmaqda və s. günahlandıraraq repressiyalara məruz qoyurdular. Naxçıvanın müxtəlif kəndlərində heç bir səbəb olmadan kolxozda çalışanların da səslərini alır və kolxozçuların sırasından xaric edirdilər. Bu işin həyata keçirilməsində kənd şura sədrləri və kolxozun idarə heyəti hüquq-mühafizə orqanlarının səlahiyyətlərini icra edirdilər.[1] Bu cür hərəkətlər gələcək üsyanlar və ya hüquq-mühafizə orqanları üçün növbəti qurbanlar hazırlamaq idi.

Üsyançılar haqqında açılmış cinayət işində göstərilirdi: "1930-cu il fevral ayında antisovet ünsürlər aradan qaldırıldıqdan sonra Naxçıvan MSSR qolçomaqları quduzcasına müqavimətə hazırlaşır, Sovet hakimiyyəti əleyhinə üsyan qaldırılması üçün silahlı qolçomaq dəstələrinin təşkilinə keçirdilər. Bunlardan ən fəalı Keçili və Nəhəcir dəstələri idi. Bu dəstələrin tərkibi qolçomaqların əlaltıları, şüursuz ortabab və yoxsulların hesabına artırdı. 1930-cu ilin mart ayında Nəhəcir dəstəsi Naxçıvan mahalında özü üçün əlverişli şəraitdə, yəni ordu hissələrinin olmamasından istifadə edərək, üsyana qonşu Əbrəqunus rayonunun Sirab, Ərəzin kəndlərini də cəlb edir və böyük Keçili-Şahbuz üsyançı dəstəsi ilə birləşib Naxçıvana yürüş təşkil edirlər ki, şəhəri zəbt edib Naxçıvan vilayətində sovet hakimiyyətini devirsinlər".

Naxçıvan üsyanında kolxoza daxil olmaq istəməyən ortabablar, qolçomaqlar, seçki hüququndan məhrum edilənlər, yoxsul kəndlilər, hətta azlıq təşkil etsə də, kommunistlər də var idi.

30-cu illərin dövri mətbuatında, eləcə də üsyanla bağlı arxiv materiallarında bu aksiyaçıların məqsədi ya işıqlandırılmamış, ya da birtərəfli, təhriflərlə verilmiş, istintaq işlərində isə hüquqi baxımdan kifayət qədər qanun pozuntuları olmuşdur. 28 mart 1930-cu ildə Dövlət Siyasi İdarəsinin (DSİ) kollegiyasının üzvü Suxanov Naxçıvandan göndərilmiş 1837 saylı istintaq işi ilə tanış olduqdan sonra Borşova ünvanladığı raportda yazırdı: "Sizin nəzər diqqətinizə çatdırıram ki, baxılmaq üçün mənim sərəncamımda cəmi 23 adamın 1837 nömrəli işi var. Bu iş Azərbaycan SSR CM-in 79-cu və 18/79 maddələri ilə müəyyənləşdirilmişdir. Göstərilən iş Azərbaycan Dövlət Siyasi İdarəsinin Naxçıvan diyarı tərəfindən göndərilmişdir. İşi gözdən keçirərkən müəyyən etdim ki, Orbelyan tərəfindən aparılan bu işin dindirilmə protokolları, o cümlədən 2 və 3 nömrəli formalar və başqa sənədlər imzalanmayıb. Göstərilən qanun pozuntularına görə mən bu işi Azərbaycan Dövlət Siyasi İdarəsinin kollegiyasında dinləmək üçün müvafiq qərar mətni çıxara bilmirəm".

Borşovun göstərişi ilə həmin raport Azərbaycan DSİ-nin sədr müavini Neverevə göndərilir və bir gündən sonra Suxanov növbəti qərarı hazırlayır: "Azərbaycan SSR DSİ-nin Naxçıvan diyar şöbəsindən daxil olmuş 16.03.30-cu il tarixli 252 K saylı vətəndaşlar… barəsində 4 nömrəli istintaq materialları tamamilə ətraflı işlənmiş və heç bir təkmil istintaq işi aparmağa ehtiyac yoxdur. Tələb olunan bütün qayda-qanunlara əməl edilmişdir".

Bu qanun pozuntusuna prokurorluq da özünəməxsus cavab verir və göstərir ki, Azərbaycan Dövlət Siyasi İdarəsinin Naxçıvan Diyar Şöbəsi rəisinin nəzərinə çatdırılsın ki, göstərilən vəziyyətin düzəldilməsi üçün gələcəkdə müvafiq tədbirlər görsün və bir də belə hallara yol verilməsin.

Göründüyü kimi, sənədləşmə işləri təhriflərə məruz qalmış, yuxarıların diqtəsinə əməl olunmuşdur. Bununla da üsyançıların əsas məqsədləri sənədlərdə təhrif edilmişdir. Buna baxmayaraq, üsyançıların məqsəd və məramlarının izləri istintaq materiallarında (nə qədər təhrif edilsə də) öz əksini tapmışdır. Həmin sənədlərdən aydın olur ki, üsyançıların əsas məqsədi kollektivləşməyə qarşı çıxmaq və silahlı üsyan yolu ilə Sovet hökumətini devirmək olmuşdur.

Bolşevik hökumətinin hüquq-mühafizə orqanları üsyançıların bu ali məqsədini gizlətmək üçün onların hamısına bir nəfər kimi "bandit" adı verərək, onları quldurluqda, oğurluqda, birini talançılıqda, kolxoz quruculuğuna mane olmaqda, banditlərlə əlaqədə və s. suçlandıraraq ittiham etmişdir.

Naxçıvan üsyanının məğlub olmasının bir sıra səbəbələri var idi. Üsyana hazırlıq işi plansız və qeyri-mütəşəkkil idi. Onlar vahid proqramla çıxış etmədiklərindən, hansı məqsədlər uğrunda mübarizə apardıqları da dumanlı idi. Belə ki, üsyan iştirakçıları sovet hökumətini devirməyi qarşılarına məqsəd qoysalar da, əvəzində nə yaradacaqlarını aydın bilmirdilər. Əhalinin siyasi hazırlığı olmadığından onların bir çoxu böyük ideallar uğrunda deyil, kiçik hislər naminə mübarizəyə qoşulmuşdular.

Üsyana başçılıq edən Keçili kənd sakini Kərbəlayi İsmayıl Zeynalabdın oğlu və Milax kəndinin sakini Kərbəlayi Yəhya Məmmədnağı oğlu lider kimi əhali arasında böyük nüfuza malik olsalar da, yüksək təşkilatçılıq qabiliyyətinə malik deyildilər. Çünki onlar Milax, Keçili və ona yaxın olan kəndlərin əhalisinin hamısını üsyana cəlb edə bilməmişdilər. Bundan başqa bu hərəkatın adı bu gün "Naxçıvan üsyanı" adlandırılsa da, o, bütün Naxçıvanı əhatə edə bilmədi, Şahbuzun bir neçə kəndi ilə məhdudlaşdı.

1930-cu ildə Azərbaycanın digər bölgələrində Şəki-Zaqatala mahalında, Xızının Ağdərə, Şəmkirin Bitdili, Cəbrayılın Sirik kəndlərində etiraz aksiyasına qoşulanlarla Naxçıvan üsyançıları arasında əlaqə yaradılmadı. Başqa bir mühüm cəhət ondan ibarət idi ki, Şahbuz üsyançılarının özləri arasında da monolit birlik yaradılmadı və onlar kifayət qədər silahlandırılmadı. Üsyançılar xaricdə mühacir həyatı yaşayan və kifayət qədər siyasi gücə malik olan adamlarla əlaqəyə girə və onlardan dəstək ala bilmədi.

1920–30-cu illərdə haqsızlıq içində çırpınan xalq kütləsi öz yaşayış səviyyəsini yaxşılaşdırmaq üçün bir neçə vəzifəni yerinə yetirməli oldu: burjuaziyanı məhv etmək, fəhlə-kəndli hökuməti qurmaq, xüsusi mülkiyyəti ictimai mülkiyyətlə əvəz etmək, onu idarə edəcək zümrəni-partiya bürokratiyasını yaratmaq. Deməli, kapitalizmdən sosializmə keçid minlərlə, yüz minlərlə insanın qanı bahasına başa gətirilmiş, cəmiyyət təbii inkişaf yolundan çıxarılmış, varislik ənənəsi pozulmuş, etnik və bəşəri dəyərlər uydurma sinfi dəyərlərlə əvəz edilmişdi. Torpaq kəndlilərə şüarını əsas tutan və hakimiyyəti zəbt edən bolşeviklər çox çəkmədən kəndlilərə divan tutmağa başladılar. Təkcə Naxçıvan vilayətində 1930-cu ilin 22 sentyabrından – 12 oktyabrına qədər 20 gün ərzində 50-dən artıq kəndli güllələndi, 100-dən artıq adam həbs olundu və onların əmlakı müsadirə edildi.

Bütövlükdə Azərbaycanda olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da əhalinin istiqlal uğrunda mübarizəsi zorla kolxozlaşdırma illərində daha böyük vüsət almışdı. Hadisələrin sonrakı inkişafı bir daha sübut etdi ki, nə Naxçıvan, nə də Azərbaycanın digər bölgələri öz istiqlalını işğalçı və total bir cəmiyyət olan Sovet hökumətində görməmişdi.

  1. NMR DA, f. 260, siy.1, iş 91