Harri Hudini
Harri Hudini | |
---|---|
ing. Harry Houdini (əsl adı mac. Weisz Erik) | |
Doğum tarixi | 24 mart 1874[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 31 oktyabr 1926[1][2][…] (52 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | appendisit, peritonit |
Fəaliyyəti | illüzionist |
Fəaliyyət illəri | 1896–1926 |
Vikianbarda əlaqəli mediafayllar |
Harri Hudini (ing. Harry Houdini, əsl adı və soyadı Erik Vays (mac. Weisz Erik); 24 mart 1874[1][2][…], Budapeşt – 31 oktyabr 1926[1][2][…], Detroyt, Miçiqan) — Çətin qaçış və azad olma tryukları ilə şöhrət qazanmış məşhur amerikalı illüzionist və hipnozçu.
Bioqrafiya
[redaktə | mənbəni redaktə et]Baxmayaraq ki, Hudini özünün ABŞ-nin Viskonsin ştatında anadan olduğunu bildirsə də, sənədlərdə gələcək fokusçunun Budapeştdə ravvin ailəsində anadan olduğu göstərilmişdir. Erikin ailəsi onun 4 yaşı olanda, 1878-ci il 3 iyul tarixində ABŞ-yə emiqrasiya etmişdi. İlk əvvəl ailə Viskonsin ştatının Eplton şəhərində məskunlaşmışdı. Çünki ailənin başçısı — Meyer Samuel Vays burada Zion Reform Jewish Congregation adlı reformist sinaqoqunda ravvin vəzifəsini əldə etmişdi. 1887-ci ildə Hudini atası ilə birlikdə Nyu-Yorka gəlir.
Harri 10 yaşından başlayaraq əyləncə müəssisələrində kart fokusları göstərməyə başlamışdır. 1892-ci ildə fransız fokusçusu Rober-Hudenin şərəfinə özünə Hudini təxəllüsünü götürür. Sonradan soyadın yanına Harri adı da əlavə olundu. Baxmayaraq ki, hələ uşaqlıqda dostları onu Eri (Ehrie) və ya Harri (Harry) çağırsalar da, o bu adı Harri Kelların şərəfinə götürmüşdür. Erkən karyerasında Hudini əl qandalları və su rezervuarlarından özünü xilas etmə tryuklarına üstünlük verirdi. Reklam məqsədilə o, effektiv tryuklar göstərirdi. Belə ki, o bir dəfə göydələnin pərvazına torbada asılsa da, uğurla ordan xilas ola bilmişdi. Digər tryukda isə hamının gözü qarşısında kərpic divarın içərisindən keçmişdir. 1903-cü ildə əli qandallı şəkildə 30 kq-lıq yüklə Temza çayına tullansa da, bir neçə dəqiqədən sonra əli qandallardan açılmış şəkildə suyun üzünə çıxmışdır.
1900-cü ildə Avropa turu zamanı o, Londonu "Canlı filin yox olması" tryuku ilə heyran etmişdi. Bu tryuk 1918-ci ildə növbəti dəfə Nyu-York ippodromunda nümayiş edildi. 1908-ci ildə Rusiyaya qastrolu zamanı o, Butırka həbsxanası və Petropavlovsk qalasındakı ölümə məhkum olunmuş məhbusların kamerasından xilas olunmasını nümayiş etdirmişdir. "Qədim maqlardan indiki illüzionistlərə qədər" kitabının müəllifləri bu hadisəni belə qeyd etmişdilər: "Məhbus paltarında bağlı həbsxana kamerasına salınsa da, bir neçə dəqiqədən sonra oradan çıxaraq qonşu kameraların qapısını açmış, hətta məhbusların yerlərini dəyişmişdi. Daha sonra soyunub-geyinmə otağına daxil olmuş və on beş dəqiqədən sonra kütlə qarşısına öz kostyumunda çıxmışdı."
Yaşlaşdıqca səhnə tryukları çətinləşirdi. Hətta uğurlu çıxışlardan sonra o, dəfələrlə xəstəxanaya düşmüşdür. 1910-cu ildən o, kinoda çəkilməyə başladı. Aviasiya ilə maraqlanaraq, biplan əldə edir və tarixdə ilk dəfə Avstraliya üzərindən uçuş həyata keçirir. Onun Amerka xüsusi xidmət orqanı və Skotland-Yardla əlaqəli olması haqda şayiələr gəzirdi. O, keçmiş prezident Teodor Ruzveltlə çox yaxın münasibətdə olmuşdur. Amma onun spiritizmlə maraqlanan Artur Konan Doylla münasibətləri korlanmışdı.
Hudinin ölümü sirlərlə əhatələnmişdir. Monrealda qastrol zamanı o, öz qrim otağında dincələrkən, onun yanına aralarında boks üzrə kollec çempionu olan 3 tələbə gəlir. O, Hudinidən onun heç nə hiss etmədən bir neçə güclü zərbəyə necə dözə bilməsini soruşur. Hudini fikirli halda başı ilə bunun düzgün olduğunu təsdiqləyir. Tələbə gözlənilmədən ona 2 və ya 3 zərbə endirir. Hudini onu güclə saxlayaraq deyir: "Gözləyin, mənə hazırlaşmaq lazımdı". Press halını alandan sonra bildirir: "Bax, indi vura bilərsiz." Tələbə bu dəfə zərbə endirəndə Hudininin qarnındakı güclü pressin olduğunu hiss eləyir. Tələbələr gedəndən sonra, Hudini gözlənilmədən vurulan birinci zərbələrdən ağrıyan hissəsini ovxalayır.
Hudini həmişəki kimi buna diqqət yetirmir və bir neçə gündən sonra məlum olur ki, bu zərbələr onun appendiksinin partlamasına səbəb olub və nəticədə peritonit yaranmışdır. 1926-cı ildə heç bir antibiotik yox idi, Hudini ancaq möcüzə sayəsində sağ qala bilərdi. Hamı onun ölümə növbəti dəfə qalib gələcəyinə inanırdı. Amma 9 gün sonra, 1926-cı il 31 oktyabr tarixində Hellovin günü Harri Hudini Detroytda dünyasını dəyişir.
Hudininin həyatının müxtəlif epizodları dəfələrlə ekranlaşdırılmışdır. 1999-cu ildə onun həyatının motivləri əsasında müzikl, 2007-ci ildə isə ABŞ-də "Ölümcül nömrə" adlı film nümayiş olunmuşdur. Bu filmdə Hudini rolunu Qay Pirs, onun sevgilisini isə Ketrin Zeta-Cons canlandırmışdır.
Maraqlı faktlar
[redaktə | mənbəni redaktə et]1923-cü il 17 iyul tarixində "St.Cecile" mason lojasına 568 nömrəsi ilə qəbul olunmuşdur. Həmin ilin 21 avqust tarixində usta mason dərəcəsini almışdır.
- ↑ 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 3 4 Harry Houdini // Encyclopædia Britannica (ing.).