Haaqa-Visbi qaydaları

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Haaqa-Visbi qaydaları
Konosamentə aid bəzi qaydaların unifikasiyası üçün Beynəlxalq Konvensiya(1924)/ Birinci Protokol (1968)/ İkinci Protokol (1979)
Hazırlanma tarixi 25 avqust 1924/23 fevral 1968/21 dekabr 1979
Qüvvəyə minməsi 2 iyun 1931/23 iyun 1977/24 fevral 1982
Tərəflər 86/24/19

Haaqa-Visbi qaydaları — konosament üzrə dənizlə yüklərin daşınması haqqında beynəlxalq qaydalar. Bu Qaydalar 3 sənəddən ibarətdir. Belə ki, tam adı "Konosamentə aid bəzi qaydaların unifikasiyası üçün Beynəlxalq Konvensiya" olan Brüssel Konvensiyası 25 avqust 1924-cü il tarixində qəbul olunmuşdur. O, qısaldılmış şəkildə Haaqa qaydaları adlanır. Bu Konvensiyaya (Haaqa qaydalarına) 1968-ci il tarixli Brüssel Protokolu ilə bəzi dəyişikliklər edilmişdir. Ona Visbi qaydaları deyilir. Dəyişikliklərlə birlikdə 1924-cü il Brüssel Konvensiyası Haaqa-Visbi qaydaları adlanır.[1]

Qaydalar beynəlxalq dəniz yük daşımalarını tənzimləyən vacib sənəddir. O, bir sıra xarici ölkələrin dəniz hüququnun inkişafına ciddi təsir göstərmişdir. Onun əsas müddəaları bir çox dövlətlərin dəniz qanunvericiliyi tərəfindən qəbul olunmuşdur. Qaydalar, xüsusən, sovet dövrünün dəniz qanunvericiliyinə də təsir göstərmişdi. Keçmiş Sovetlər İttifaqı bu Konvensiyanın iştirakçısı olmasa da, Konvensiyanın əsas müddəaları 1968-ci il SSRİ Ticarət Gəmiçiliyi Məcəlləsində təkrarlanırdı.

Qaydaların tərkib hissəsi olan Brüssel Konvensiyası iki haldan başqa, dəniz nəqliyyatı ilə istənilən yükdaşıma halına şamil edilir. Həmin iki hala aşağıdakılar aiddir:

  • heyvanların daşınması;
  • göyərtədə yük daşınması.

Brüssel Konvensiyası ilə, əsasən, üç başlıca məsələ tənzimlənir. Həmin məsələlərə aşağıdakılar aiddir:

  • konosamentin hüquqi statusu;
  • vurulmuş zərərə görə daşıyıcının məsuliyyəti;
  • daşıyıcıya qarşı tələblərin irəli sürülməsi.

Qeyd olunan hər üç məsələ onu göstərir ki, Brüssel Konvensiyası dənizlə yük daşınması müqaviləsinin iştirakçıları arasındakı qarşılıqlı münasibətləri tənzimləyir. Belə ki, burada iştirakçıların (daşıyıcının, yükgöndərənin və yükalanın) hüquq və vəzifələri müəyyənləşdirilir.

Brüssel Konvensiyasının nizama salındığı əsas məsələlərdən biri konosamentin hüquqi statusu məsələsidir. Konvensiyaya görə, konosament dənizlə yük daşınması müqaviləsinin mövcud olması barədə sənəddir. Digər tərəfdən, o, yükün qəbul olunması faktını təsdiqləyir. Belə ki, Konvensiyaya görə, daşıyıcı yük qəbul olunduqdan sonra yükgöndərənin tələbi ilə konosament verir. Verilmiş konosament əgər başqa hal sübut edilməzsə, daşıyıcı tərəfindən yükün orada təsvir edildiyi kimi qəbul olunmasını sübut edir.

Daşıyıcının məsuliyyəti

[redaktə | mənbəni redaktə et]

Konvensiyada daşıyıcının məsuliyyət daşımasına əsas ola bilən üç hal göstərilir. Həmin hallara aşağıdakılar aiddir:

  • yükün itməsi;
  • yükə zərər vurulması;
  • yükün itməsi və ya yükə zərər vurulması ilə bağlı olan hal.[2]

Daşıyıcı müəyyən hallarda məsuliyyətdən azad edilir. Konvensiya həmin halların siyahısını verir (cəmi 17 hal nəzərdə tutulur). Həmin hallara aşağıdakıları misal çəkmək olar:

  • yanğın;
  • dəniz riski;
  • qarşısıalınmaz qüvvə;
  • hərbi münaqişə;
  • yük sahibinin hərəkəti və ya səhvi (xətası);
  • tətil;
  • qablaşdırmanın nöqsanlı olması;
  • markalanmanın (nişanlanmanın) qüsurlu olması;
  • gizli qüsurlar;
  • daşıyıcının təqsiri və hərəkəti üzündən baş verməyən digər hallar və s.

Daşıyıcı həm də naviqasiya səhvinə görə məsuliyyət daşımır. Naviqasiya səhvi dedikdə gəmi kapitanının, matrosun, losmanın (dəniz bələdçisinin) və ya daşıyıcının xidmətçilərinin gəmiçilik elmində və yaxud gəminin idarə olunmasında yol verdikləri səhv başa düşülür. Əgər zərər naviqasiya səhvinə görə vurularsa, onda daşıyıcı zərərin əvəzini ödəməkdən azad edilir.

Daşıyıcı götürdüyü kursdan ağlabatan deviasiya (kənaraçıxma) hallarında da məsuliyyətdən azad edilir. Belə ki, bəzən dənizdə insan həyatını və ya əmlakı xilas etmək lazım gəlir. Bunun üçün daşıyıcı götürdüyü kursdan kənara çıxaraq, istiqamətini dəyişir və insan həyatını (və ya əmlakı) xilas edir. Belə halda zərər vurularsa, onda daşıyıcı zərərin əvəzini ödəməkdən azad edilir.

Konvensiya beynəlxalq nəqliyyat hüququna xarakterik olan məhdud məsuliyyət prinsipini müəyyənləşdirir. Bu prinsip daşıyıcının məsuliyyət həddinin müəyyənləşdirilməsinə əsaslanır. Konvensiyaya görə, daşıyıcının məsuliyyət həddi hər yük vahidi və ya yük yeri üçün 100 funt sterlinq müəyyənləşdirilir, bir şərtlə ki, yükün qiyməti konasamentdə yükgöndərən tərəfindən göstərilməsin. Əgər konosamentdə yükün qiyməti göstərilməzsə, onda daşıyıcı vurulmuş zərərin əvəzini hər yük vahidi və ya yük yeri üçün 100 funt sterlinqdən çox olmamaqla ödəməlidir.

Daşıyıcının məsuliyyəti barədə Brüssel Konvensiyasının müəyyənləşdirdiyi normalar dispozitiv deyil, imperativ xarakterə malikdir. Bu o deməkdir ki, yükdaşıma iştirakçıları öz razılığı ilə həmin normaları dəyişdirə bilməzlər. Əgər dəyişdirərlərsə, belə dəyişdirmə etibarsız hesab olunacaq və onun hüquqi qüvvəsi olmayacaqdır.

  1. Allahverdiyev S.S. "Nəqliyyat müqavilələri (nəqliyyat qanunvericiliyinin elmi-praktiki kommentariyası) I hissə" (az.). 2005. (#cite_web_url); (#accessdate_missing_url)
  2. Егоров К.Ф. "Некоторые вопросы применения международной Брюссельской Конвенции о коносаментах // Морское право и практика" (rus). 1964. (#cite_web_url); (#accessdate_missing_url)