Georgi Vılkoviç

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Georgi Vılkoviç
bolq. Георги Вълкович
Doğum tarixi 1833
Doğum yeri
Vəfat tarixi 14 (26) fevral 1892
Vəfat yeri
Fəaliyyəti həkim, diplomat, siyasətçi, cərrah
Üzvlüyü
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Georgi Vılkoviç — Bolqar həkim, siyasətçi və diplomat. Bolqarıstanın xarici işlər və din naziri (1881-1883), Bolqarıstan Dövlət Şurasının sədri (1883).

XIX əsrin 60-cı illərində İstanbulun aparıcı cərrahlarından biri idi. Bolqarıstan Osmanlı idarəçiliyindən azad edildikdən sonra Mühafizəkarlar Partiyasının liderlərindən biri olur. O, Bolqarıstanın Osmanlı İmperiyasındakı diplomatik nümayəndəsi olub və burada siyasi opponentlər tərəfindən öldürülüb.

1833-cü ildə Ədirnədə anadan olub. Atası Koprivştitsadan olan zəngin və nüfuzlu Çalıkovlar ailəsindən idi. Vılkoviç təhsilə Plovdivdə başlamış və 1857-ci ildə İstanbuldakı Hərbi Tibb Məktəbini bitirmişdir. Kolleci bitirdikdən sonra cərrah işləmiş və Hərbi Tibb Məktəbində dərs demişdir. 1860-1863-cü illərdə Parisdə cərrahiyyə üzrə ixtisaslaşır, 1865-ci ildə isə qısa müddət Dəməşqdə mərkəzi xəstəxananın baş həkimi vəzifəsində çalışır. 1870-1871-ci illərdə İstanbulda Heydər Paşa xəstəxanasının müdiri işləmişdir. 1872-ci ildə Vılkoviç artıq Osmanlı ordusunda polkovnik rütbəsinə sahib idi. 1875-ci ildən müxbir üzvü, 1884-cü ildən isə Bolqarıstan Ədəbiyyat Cəmiyyətinin, indiki Bolqarıstan Elmlər Akademiyasının həqiqi üzvü olur. 1876-cı ildə Serb-Osmanlı müharibəsi zamanı Niş və Sofiyada hərbi hospitala rəhbərlik edir. 1877-ci ildə Rusiya-Osmanlı müharibəsi başlayandan sonra Dəməşqdə internasiya olunub, ordudan tərxis olunduqdan sonra Bolqarıstana qayıdır[1].

Bolqarıstanda Georgi Vılkoviç Mühafizəkarlar Partiyasının liderlərindən biri olur. 1879-cu ildə Təsis Məclisinin üzvü seçilir və Turnovo konstitusiyasını imzalamaqdan imtina edən on iki mühafizəkar qrupuna qoşulur. Birinci Böyük Milli Məclisin (1879) və üçüncü Milli Məclisinin (1882-1883) deputatı olmuşdur. 1879-cu ildə Kənd Təsərrüfatı, Ticarət və İctimai Binalar İdarəsinin rəisi, 1881-ci ildə isə Şərqi Rumelinin poçt və teleqraf xidmətinin müdiri təyin edilir. Battenberqin səlahiyyət müddəti ərzində (1881-1883) Xarici İşlər və Din Naziri və Dövlət Şurasının sədri (1883) olmuşdur.

1885-ci il Serb-Bolqarıstan müharibəsi zamanı Georgi Vılkoviç hərbi xəstəxanaların müdiri olur. 1886-cı ildə Sofiyadakı İskəndər xəstəxanasının direktoru vəzifəsində çalışmışdır. 1887-ci ildə Bolqarıstanın İstanbuldakı diplomatik nümayəndəsi təyin edilir və ölümünə qədər bu vəzifədə qalır. Vılkoviç bolqarların Osmanlı İmperiyasında mövqeyini yaxşılaşdırmaq üçün Stefan Stambolov hökumətinin həyata keçirdiyi siyasətin təşəbbüskarlarından biri idi.

12 fevral 1892-ci ildə Georgi Vilkoviç sui-qəsdçilərin hücumuna məruz qalır və iki gün sonra mədəsindən aldığı bıçaq yarasından ölür[2]. Georgi Vilkoviç Plovdivdə dəfn edilmişdir.

  1. Ташев, Ташо. Министрите на България 1879—1999. — София: АИ «Проф. Марин Дринов» / Изд. МО, 1999. — ISBN 978-954-430-603-8 / 978-954-509-191-9.
  2. Марков Г. Покушения, насилие и политика в България 1878 – 1947. — София: Военно издателство, 2003. — С. 48-52. — ISBN 954-509-239-4.