Butan iqtisadiyyatı
Butan aqrar ölkədir, ən az inkişaf etmiş dünya ölkələri sırasına aid edilir və Hindistan, Avropa ölkələri, beynəlxalq təşkilatların göstərdiyi xarici köməkdən çox asılıdır. ÜDM həcmi 5 milyard dollar, adambaşına – 7000 dollardır (alıcılıq qabiliyyəti paritetinə görə; 2013). ÜDM-in real artımı 5,8% (2013); insan inkişafı indeksi 0,538 (dünyanın 186 ölkəsi arasında 140-cı yer, 2012). ÜDM-in 13,8%-i kənd təsərrüfatı, 41,2%-i sənaye və tikinti, 45,0%-i xidmət sferasının payına düşür (2013). Turizm və energetikanın inkişafı hökumətin diqqət mərkəzindədir. Qəbul edilmiş iqtisadi proqramlar ətraf mühitin və əhalinin ənənəvi həyat tərzinin qorunub saxlanmasına yönəlmişdir. Marka ticarəti və xarici turizm valyuta gəlirinin əsas mənbəyidir və turist sayını tənzimləyən dövlətin tam nəzarəti altındadır.
Sənayesi
[redaktə | mənbəni redaktə et]Beynəlxalq Valyuta Fondunun Butan üçün tərtib etdiyi ÜDM-un illər üzrə göstəriciləri[1]
İl | ÜDM (mln.dollar) |
---|---|
1985 | 175 |
1990 | 279 |
1995 | 294 |
2000 | 460 |
2005 | 828 |
2008 | 1280 |
Əhəngdaşı, gil, mərmər, dolomit, qrafit, şist və qiymətli daşlar hasil edilir, az miqdarda dəmir filizi və kömür çıxarılır. Hidroenergetika iqtisadiyyatın ən sürətlə inkişaf edən sahəsidir. İldə 2 mlrd. kVt.saat elektrik enerjisi istehsal olunur, onun 99,9%-i SES-lərin payına düşür; daxili tələbat azdır. Ən iri SES-lər Çhukha, Kuriçhu, Tala və Basoçhudur. Butanda istehsal olunan elektrik enerjisinin böyük hissəsi (ildə 1,5 mlrd. kVt.saatdan çox), əsasən, Hindistana ixrac edilir. Kustar sənətkarlıq (parça, xalça, soyuq silah, bədii metal və ağac emalı) geniş yayılmışdır. Emal sənayesi zəif inkişaf etmişdir; əsas sahələri: sement, yeyinti, meşə. Kiçik müəssisələr üstünlük təşkil edir. İri istehsal yalnız 1960-cı illərdə – iki sement zavodu, sellüloz zavodu, meyvə emalı, faner, ağac-yonqarlı tavalar, kanifol və skipidar istehsalı müəssisələrinin açılışından sonra yaranmışdır. Əsas sənaye mərkəzi Phunçholinqdir (bütün sənaye məhsullarının təqr. 1/2-i). 1970–80-ci illərdə meşə tədarükünün (hər il 3,2 mln. m³) sürətli inkişafı meşələrin azalmasına gətirib çıxarmışdır.
Kənd təsərrüfatı
[redaktə | mənbəni redaktə et]Ölkə ərazisinin 7,7%-i əkin üçün yararlıdır. Ənənəvi olaraq terraslı və dincə qoyulmuş əkinçilik (hazırda qadağan olunmuşdur) inkişaf etmişdir. Əsas bitkilər: çəltik, qarğıdalı, kartof, sitrus, meyvələr. Qaramal (əsasən, ölkənin şərqində və cənubunda), at (şərqində), yak və donuz (qərbində), davar, ev quşları (cənubunda) saxlanılır. 1977-ci ildən dövlət fəal surətdə balıqçılığın inkişafını dəstəkləyir. Dağ çaylarında forel ovlanır; süni göllərdə karp yetişdirilir.
Nəqliyyatı
[redaktə | mənbəni redaktə et]Dəmir yolu yoxdur. Avtomobil yollarının (62%-i bərk örtüklüdür) uzunluğu 8050 km-dir (2003). İki aeroport, Paroda beynəlxalq aeroport var (2012).
Xarici ticarəti
[redaktə | mənbəni redaktə et]İxracatın dəyəri 721 min dollar, idxalatın 1,2 mlrd. dollar təşkil edir (2012). Əsas ixrac məhsulu elektrik enerjisidir; oduncaq, meyvə, toxuculuq malları, sement, ədviyyat, metal məmulatları, qiymətli daşlar da ixrac edilir. Əsas ticarət partnyorları Hindistan (83,8%)[2] və Honkonq (10,8%). Hindistandan (72,3%), Cənubi Koreyadan (6%), Yaponiyadan və Böyük Britaniyadan yanacaq, dənli bitkilər, maşın və avadanlıq idxal olunur (2013).
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]Mənbə
[redaktə | mənbəni redaktə et]Butan // Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 5-ci cild: Brüssel – Çimli-podzol torpaqlar (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2014. səh. 127–128. ISBN 978-9952-441-10-9.25 000 nüs.&rft.pub="Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi&rft.date=2014&rft.isbn=978-9952-441-10-9&rfr_id=info:sid/az.wikipedia.org:Butan iqtisadiyyatı" class="Z3988">
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Report for Selected Country Groups and Subjects". 2021-04-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-22.
- ↑ "The World Factbook". 2018-02-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-11-23.