BMT Modeli

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Birləşmiş Millətlər Təşkilatı Modeli (Model UN) gənclər üçün özünü diplomat və səfir rollarında sınamaq, beynəlxalq münasibətlər sahəsini daha yaxından öyrənmək, müvafiq bilik və bacarıqlarını artırmaq fürsətini yaradan qeyri-formal təhsil növü və simulasiya oyunudur. Oyunun məqsədi gənclərə liderlik, ictimai danışıqların aparılması və konfliktlərin həlli yollarının öyrədilməsidir. Baxmayaraq ki, BMT Modeli məktəbdən kənar bir fəaliyyətdir, bir çox ölkələrdə bu simulyasiya bir dərs olaraq təqdim edilir. Bu tələbələrin dünyadakı aktual mövzular haqqında daha dərin bir anlayış əldə etməsinə və bu biliklərini inkişaf etdirməsinə imkan yaradır[1][2].

BMT Modeli konfranslarının iştirakçıları "Nümayəndə" adlandırılır və bu nümayəndələr təmsil etdikləri ölkənin və ya siyasi şəxslərin adı ilə müəyyən edilirlər. Nümayəndələr konfransdan əvvəl onlara təqdim olumuş mövzuda  tədqiqat aparır və təmsil etdikləri ölkələrin faktiki siyasəti əsasında onların siyasi mövqelərini tədqiq edir və həmin ölkələrin siyasi mövqeyinə uyğun çıxış edə bilmək üçün siyasi yanaşmalar hazırlayırlar. Konfransın sonunda hər bir komitədə, ən yaxşı çıxış edən nümayəndələr və ya nümayəndə heyəti mükafatlarla təltif olunurlar[3].

BMT Modelinin iştirakçıları əsasən orta məktəbdə və universitetdə təhsil alan şagird və tələbələrdən ibarətdir. Nümayələrdələr adətən məktəb və ya universitetlərin BMT Modeli klublarının təşkil etdiyi konfranslarda yoldaşları ilə birlikdə və ya tək başına iştirak edirlər.

BMT Modeli, bir sıra tələbələr tərəfindən Model Millətlər Liqası simulyasiyası olaraq fəaliyyətə başlamışdır[4]. İlk Model Millətlər Liqası Konfransı 1920-ci ildə təşkil olunmuşdur. 1945-ci ildə, Birləşmiş Millətlər Təşkilatının  formalaşmasından sonra bu simulyasiya artıq BMT Modeli olaraq fəaliyyətini davam etdirmişdir. Bu gün BMT Modeli Konfranslarının bəziləri Model Millətlər Liqası simulyasiyaları formasında da təşkil olunur[5].

Birinci Birləşmiş Millətlər Təşkilatı Modeli, 11-13 fevral 1949-cu il tarixləri arasında St. Lawrence Universitetində, Tarix və İdarəçilik şöbəsinin rəhbəri Dr. Harry Reiff və təşkilat əməkdaşlarından Otto L. Corcun təşəbbüsü ilə həyata keçirilmişdir[6].  Dr. Reiff 1945-ci ildə San-Fransisko Konfransında və 1945-1946-cı illərdə Londonda keçirilən Birləşmiş Millətlər Təşkilatının Konfransında Amerika Birləşmiş Ştatları nümayəndəliyinin texniki məsləhətçisi olmuşdur[7]. 1949-cu ildə St.Lawrence Universiteti BMT Model Konfransında Adelphi, Alfred, Champlain, Clarkson, McGill, Middlebury, Potsdam, St Michael və Vermont daxil olmaqla regional ərazilərdən və universitetlərdən nümayəndələr iştirak ediblər[8]. Konfrans uzun illərdir  St. Louis şəhərində hər il mütəmadi olaraq keçirilir. Digər BMT Modeli Konfransları Berkeley[9], Harvard (Harvard Model Birləşmiş Millətlər Təşkilatı),  Milli Model Birləşmiş Millətlər Təşkilatı (NMUN NY) və bir çox digər kollec və universitetlərdə sonradan təşkil olunmuşdur.

1987-ci ildə, bir neçə ABŞ tələbəsi tərəfindən, Haaqa şəhərində TEIMUN qurulmuşdur. Son bir neçə il ərzində BMT Modeli Şərq və Cənubi Asiya, Yaxın Şərq, Avropa, Şimali Afrika və Sahara Afrika kimi ərazilərə yayılmışdır. Hindistanın Beynəlxalq BMT Modeli, Harvard, THIMUN kimi digər böyük konfrans təşkilatçıları bu bölgələrdə tələbatı qarşılamaq üçün konfranslar təşkil edirlər[10].

Ümumi Qaydalar

[redaktə | mənbəni redaktə et]

·     Bütün konfrans iştirakçıları bir-birlərinə, həmçinin konfrans katibliyinə qarşı hörmətlə davranmalıdır.

·     İştirakçılar konfrans müddəti ərzində rəsmi geyim formasına riayət etməlidir

·     Etika qaydalarının pozulmasına məruz qalan iştirakçılar katibliyə müraciət edə bilərlər.

·     Etik qaydaları pozan iştirakçılar belə hal ilk dəfə yaşandıqda katiblik tərəfindən  xəbərdarlıq alırlar. Qaydaları pozmaqda davam edən və ya kəskin qayda pozuntusuna yol açan iştirakçılar müvəqqəti sessiyalarda iştirak və səsvermə hüquqlarından məhrum edilə, eləcə də son instansiya olaraq konfransdan kənarlaşdırıla bilərlər

·     Katiblik sədr və direktordan ibarət olmaqla komitənin işinə və qaydaların düzgün tətbiqinə nəzarət edir, iclasları açıq və qapalı elan edir, iştirakçılara çıxış etmə hüququnu verir, komitə qarşısında müvafiq suallar qaldırır, təklif və bildirişləri səsverməyə qoyur və səlahiyyətində olan digər məsələləri həll edir.

·     Komitə sədri səlahiyyəti daxilində əvvəlcədən xəbərdarlıq etməklə qaydalarda dəyişikliklər edə, iştirakçılar tərəfindən verilən təklif və bildirişləri mövzudan kənar olması ilə əlaqədar müzakirəyə çıxarmaya bilər, lazım olduqda iclasın vaxtından əvvəl və ya sonra yekunlaşdırılması, çıxış vaxtının qısaldılması ilə bağlı təkliflər verə bilər.

Klub rəhbərləri

[redaktə | mənbəni redaktə et]

·     Konfransda klub nümayəndələri qismində klub rəhbərləri (prezident və vitse-prezidentlər) çıxış edir, müzakirələrə qatılır, təkliflər və bildirişlər qaldıra bilir və səsvermədə iştirak edirlər.

·     Klublar bir və daha çox nümayəndə tərəfindən təmsil edilə bilərlər, ancaq saydan asılı olmayaraq bir iştirakçı (klub) olaraq qeydiyyatdan keçə və yalnız bir səsvermə hüququna sahib ola bilərlər.

·     Komitənin müzakirələrə başlaması üçün ümumi iştirakçı siyahısının 1/3-i, səsvermə üçün 2/3-si iclas keçirilən məkanda hazır olmalıdır.

·     Hər sessiyanın əvvəlində katiblik iştirakçıların (klubların) adlarını çəkərək şifahi qeydiyyat aparacaq. Şifahi qeydiyyata gecikən iştirakçı sonradan sədrə yazılı ismarış göndərərək qeydiyyatdan keçə bilər. Yalnız qeydiyyatdan keçmiş iştirakçılar müzakirələrə qatıla və səs verə bilərlər.

Debatla Bağlı Qaydalar

[redaktə | mənbəni redaktə et]

·     Sədr/Direktor konfrans müddəti ərzində əvvəlcədən elan verməklə təkliflər qəbul edir. Nümayəndələr yalnız sədrin elanından sonra plakatlarını qaldıraraq təklif vermək üçün icazə istəyə bilərlər.

·     Nümayəndələr etdikləri təklif haqqında bütün lazımi məlumatları deməlidir. Sədr/Direktor istədiyi vaxt təkliflərin qəbulunu dayandıra və mövcud təklilər üzrə səsverməyə keçə bilər.

·     Konfransın gedişatına ən çox müdaxilə edən təklifdən başlayaraq təkliflər səsverməyə qoyulur, eyni kateqoriyada iki və daha çox təklif varsa, daha əvvəl qaldırılan təklifin səsverməsi daha əvvəl edilir.

·     Sədr səsvermədən keçən təklifi icra edir, heç bir təklif səsvermədən keçməzsə, konfrans əvvəlki gedişat üzrə davam edir.

·     Siyahıya alınan təklif (bir əvvəlki təklif səsvermədən keçdiyi üçün) səsverməyə qoyulmazsa, növbəti səsvermədə qeydə alınmır, ancaq eyni təklif növbəti səsvermələrdə təkrar qaldırıla bilər.

Təkliflərin növləri

[redaktə | mənbəni redaktə et]

·     Nümayəndələr konfransı yekunlaşdırmaq, müzakirələri yekunlaşdırmaq, fasiləyə çıxmaq, sənədlərlə bağlı səsvermə prosedurunu başlatmaq, iclasın formatını seçmək (qeyri-formal və formal iclas növləri), ümumi çıxış siyahısında çıxış vaxını uzatmaq və digər məsələlərlə bağlı təklif qaldıra bilərlər.

·     Təkliflər konfrans gedişatına ən çox müdaxilə edən təklifdən başlayaraq ən az müdaxilə edənə qədər davam edən ardıcıllıqla səsverməyə qoyulur.  Katiblik tərəfindən qəbul edilən ardıcıllıq bu maddənin a bəndində təkliflərin yazılma ardıcıllığı ilə eynidir.

Ümumi çıxış siyahısı

[redaktə | mənbəni redaktə et]

·     Ümumi Çıxış Siyahısı ümumi müzakirələr başladığı zaman açılır və səsvermə prosesi başlayana qədər konfrans müddətincə açıq qalır. Siyahı ilk dəfə açılanda və sessiyalar zamanı Sədr/Direktor nümayəndələrin siyahıya qeydiyyatını şifahi və yazılı qaydada aparır.

·     Ümumi Çıxış siyahısına əlavə olunmaq istəyən nümayəndə bunu Sədr/Direktor elan etdiyi zaman plakatı qaldıraraq və ya Sədr/Direktora yazılı qeyd göndərməklə bildirə bilər.

·     Ümumi Çıxış Siyahısı bütün debat boyunca açıq olur, ancaq formal və qeyri-formal iclaslar müddətində dondurulur.

Xüsusi iclas növləri

[redaktə | mənbəni redaktə et]

·     Formal iclas – Formal iclas növü ümumi mövzu daxilində hər hansı bir spesifik mövzunun müzakirə olunduğu iclas növüdür. Bu növ təklifi qaldıran nümayəndə qısaca təklifin məqsədini izah etməli, individual və ümumi danışıq vaxtını dəqiqləşdirməlidir. Nümayəndələrdən əvvəlcədən dəqiqləşdirilmiş vaxta və mövzuya uyğun olaraq qaydalara müvafiq şəkildə çıxış etmələri gözlənilir.

·     Qeyri-formal iclas – Qeyri-formal iclas növü nümayəndələrin sərbəst şəkildə hər hansı bir spesifik mövzunu müzakirə etdiyi və ya yekun sənədin yazılması ilə bağlı işlərin aparıldığı iclas növüdür. Qeyri-formal iclas növünü təklif edən nümayəndə qısaca iclasın məqsədini izah etməli və ümumi vaxtı dəqiqləşdirməlidir. Qeyri-formal icalsın ümumi vaxt limiti 20 dəqiqəni keçməməlidir. Sədr/Direktor əgər təklifi həmin zamanda müzakirə üçün uyğun hiss etməzsə, təklifi qaydadan kənar elan edə bilər. Nümayəndələr prosedural qaydalardan azad olunurlar və istədikləri yolla əlaqə qura bilərlər. Nümayəndələrə bundan başqa verilən vaxtı səmərəli istifadə etməyi məsləhət görülür.

Digər təkliflər

[redaktə | mənbəni redaktə et]

·     Müzakirələri yekunlaşdırmaq haqda təklif gündəlikdə olan bütün müzakirənin bitirilməsini və təqdim edilən əsaslı təkliflər üzrə səsverməyə keçidi tələb edir.

·     Konfransı yekunlaşdırmaq barədə təklif iclasın bütün işinin dayandırılmasını tələb edir. Bu normalda komitə sessiyasının sonunda istifadə olunur.

Çıxışla bağlı qaydalar

[redaktə | mənbəni redaktə et]

·     Çıxış etmək hüququ - Nümayəndələr yalnız Sədr/Direktorun onları tanıdıqlarından sonra çıxış etmək hüququ ilə təmin olunurlar. Bu icazəni əldə etmək üçün nümayəndədən öz plakatını qaldırması gözlənilir. Nümayəndələr 3.şəxsdə danışmalıdırlar, 1.şəxsdə olan nitqlər icazə verilmir.

·     Çıxışlarda vaxt limiti - Sədr/Direktor tərəfindən qoyulan minimum vaxt limiti 30 saniyə, maksimum isə 2 dəqiqədir. Nümayəndələr vaxt limitini dəyişmək üçün təklif qaldıra bilərdilər. Nümayəndələr çıxış müddətini debatlar müddətində də uzada və ya limitləyə bilərlər.

·     Vaxtın ötürülməsi -  nümayəndənin artıq vaxtı qalarsa, o vaxtını başqa nümayəndəyə və ya Sədr/Direktora ötürə bilər.

·     Cavab vermə hüququ - Nümayəndə əgər başqa nümayəndənin onu təhqir etdiyini və ya ölkənin milli kimliyinin tənqid olduğunu hiss edərsə cavabvermə hüququnu tələb edə bilər. Bu hüquq Sədr/Direktor tərəfindən tanınmalıdır.

·     Bildiriş qaldırmaq - Çıxış edən nümayəndəyə mane olmamaq şərtiylə hər hansı bir bildiriş nümayəndə tərəfindən qaldırıla bilər. Bildiriş qaldırmaq üçün nümayəndə uyğun zamanda plakatını qaldırmalı və Sədr/Direktorun ondan bildirişi tamamilə bəyan etməsinə aid dəvəti gözləməlidir.

·     Şəxsi imtiyaz bildirişi - Əgər nümayəndənin iştirakının qabağını alan hər hansı bir hal varsa və ya nümayəndə özünü narahat hiss edirsə, şəxsi imtiyaz barədə bildiriş qaldırıla bilər. Məsələn, əgər nümayəndə nə deyildiyini eşitmirsə, ya da ekranda göstərilən hər hansı bir şeyi görmürsə, o şəxsi imtiyaz bildirişi qaldıra bilər. Nümayəndə yalnız çıxış edən şəxsi eşidə bilmədiyi halda onun nitqi müddətində bildiriş qaldıra bilər.

·     Qayda pozuntusu haqda bildiriş - Hər hansı müzakirə müddətində nümayəndə Sədr/Direktor tərəfindən yola verilmiş  ümumi prosedura uyğun olmayan bir hal gördükdə qayda pozuntusu haqda bildirişi qaldıra bilər. Bildiriş çıxış edən şəxsin sözünü kəsməməli, nitqin sonunda qaldırılmalıdır.

·     Sorğu üçün bildiriş - Nümayəndə Sədr/Direktora ümumi prosedurun qaydalarına aid sualları konfrans ərzində verə bilər. Bu bildiriş də çıxış edən şəxsin sözünü kəsməməlidir.

Səsvermə prosesi

[redaktə | mənbəni redaktə et]

·     Səsvermənin növləri – Nümayəndələr “xeyrinə”, “əleyhinə” və “bitərəf” olmaqla səs verə bilər. Yekun sənədlə bağlı səsvermə xaric iştirakçılar digər səsvermələrdə bitərəf qala bilməzlər.

·     Yetərsay – Yekun sənəd, konfransın yekunlaşdırılması, müzakirələrin yekunlaşdırılması kimi məsələlər qəbul edilməsi üçün iştirak edən nümayəndələrin 2/3-sinin, qalan məsələlər 1/2-nin leyhinə səsverməsini tələb edir.

Konfransın Dili

[redaktə | mənbəni redaktə et]

Adətən, konfransın rəsmi dili əsasən İngilis dili olur və bütün yazılı və şifahi işlər İngilis dilində aparılır, lakin BMT Modeli dünyada daha çox tanındıqca Birləşmiş Ştatlar kimi ölkələrdəki konfranslarda az təmsil olunmuş azlıqların dillərindən istifadə edən komitələr yayılmışdırlar.

BMT Modeli konfransların demək olar ki, hamısında nümayəndələrdən rəsmi geyim tərzi tələb edilir, çünki geyim tərzinin peşəkarlığı millətə, təşkilata və fərdi nümayəndələrinə hörmət göstəricisi kimi qəbul olunur.

BMT Modeli Azərbaycan

[redaktə | mənbəni redaktə et]

Azərbaycanda BMT Modeli, 2014 - cü ildə Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı arasında imzalanan Layihə Sənədinə əsasən fəaliyyətə başlamışdır. Bu müddətdən etibarən, 9 ali məktəbdə MUN klubu yaradılmış, 350-dən artıq tələbənin iştirakı ilə I MilliMUN konfransı keçirilmiş, 30-dan artıq tələbə müxtəlif beynəlxalq MUN konfranslarında iştirak etmiş, 5 beynəlxalq MUN konfransında azərbaycanlı tələbələr “Best Delegate” mükafatına layiq görülmüşlər və 1000-dən artıq gənc diplomat beynəlxalq hüquq və diplomatik protokolla yaxından tanış olmuş, onu tətbiq etmişdir[11].

Layihə müddətində 9 ali təhsil müəssisəsi ilə ilkin əlaqələr qurulmuş, BMT Modeli haqqında təqdimatlar keçirilmiş və müvafiq BMT Modeli klubları yaradılmışdır. Bu klublar misal olaraq qeyd etmək olar:

ADAMUN Club – “ADA” Universiteti[13]

APAMUN Club – Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası

Baku State University MUN Club – Bakı Dövlət Universiteti

UNEC MUN Club – Azərbaycan Dövlət İqtisad Universiteti

MUN Azerbaijan və Sosial Media

[redaktə | mənbəni redaktə et]

Klublar üçün onlayn platforma ola biləcək www.mun.az saytı yaradılmışdır. Saytda hər bir klub üçün fərdi səhifə ayrılmışdır, məs., www.ada.mun.az . Eyni zamanda, gənclərin sosial şəbəkələrdən geniş istifadəsini nəzərə alaraq həm Model UN Azerbaijan şəbəkəsi üçün, həm hər klub üçün Facebook sosial şəbəkəsində səhifələr yaradılmışdır. MUN Azerbaijan şəbəkəsinin öz Instagram və YouTube kanalları da mövcuddur.

Keçirilən Tədbirlər[14]

[redaktə | mənbəni redaktə et]

2015-ci ilin aprel ayında Sabunçu rayonu Gənclər Evində ADA MUN Club ilə birgə “YouthMUN - Qərarların verilməsi prosesində gənclərin rolu” mövzusunda 60 nəfər gəncin iştirakı ilə BMT Modeli Konfransı keçirilmişdir. 2016-cı ildə ADA Universitetində YouthMUN konfransı yenidən keçirilmiş və artıq 120 nəfər iştirakçını cəlb etmişdir. Konfrans zamanı 3 fərqli komitə, o cümlədən “Böhran Komitəsi” (Crisis Committee) simulasiya edilmişdir. 2015 ci ilin avqust ayında Daşkəsən rayonunda yerləşən Gənclərin Təlim və İstirahət Mərkəzində 83 nəfərin iştirakı ilə “BMT Modeli üzrə Yay Məktəbi” keçirilmişdir. Yay Məktəbində konfransdan əlavə tədqiqat metodları, BMT prosessual qaydaları və s. mövzular üzrə təlimlər keçirilmişdir.  “BMT Modeli üzrə II Yay Məktəbi” 2016-cı ilin avqust ayında İsmayıllı rayonunda keçirilmişdir. İştirak edən 120 gənc 3 qurumun fəaliyyətini simulyasiya etmişdir. Həmçinin ilk dəfə olaraq “Krizis sessiyası” həyata keçirilmişdir. 20-23 fevral 2016-cı il tarixlərdə ölkə miqyasında Birinci Milli BMT Modeli Konfransı (MilliMUN) keçirilmişdir. Tədbirin açılışında Azərbaycan Respublikasının və Birləşmiş Millətlər Təşkilatının rəsmiləri, millət vəkilləri və digər qonaqlar iştirak etmişlər. BMT-nin baş katibi Ban-ki Munun video müraciəti göstərilmişdir. Konfrans çərçivəsində BMT-nin 5 komitəsinin işi simulasiya edildi. 20-dən çox universitet, akademiya və məktəbləri təmsil edən 350 nəfər gəncin diplomat qismində iştirak etdiyi MilliMUN konfransında aşağıdakı mövzular müzakirə edilmişdir:

BMT Baş Assambleyası (UN GA) – “BMT sisteminin gücləndirilməsi və onun əsas institutlarının reforması”

BMT Təhlükəsizlik Şurası (UN SC) – “Dağlıq Qarabağ münaqişəsi”

YUNESKO (UNESCO) – “Müharibə və terrorist hücumlar zamanı tarixi yer və mədəni irsin müdafiəsi”

BMT Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR) – “Qaçqın böhranı çağırışlarına davamlı həllərin yaradılması”

Beynəlxalq Telekommunikasiya Ittifaqı (ITU) – “Fərdi rəqəmli məlumatların təhlükəsizliyinin təmin edilməsi”

Hər komitənin “Ən yaxşı nümayəndə”, “Ən yaxşı mövqe sənədi” və “Ən yaxşı debatçı”sı və iştiraka görə xüsusi mükafatçıları seçilmişdir. “Ən yaxşı nümayəndə” mükafatını qazanan 5 nəfər (hər komitə üzrə 1 nəfər) xarici BMT Modeli konfranslarından birində iştirak etmək imkanını əldə etmişlər. 12 – 15 may 2016-cı il tarixlərdə Bakıdan kənarda ilk BMT Modeli konfransı keçirilmişdir. Konfrans Naxçıvan Dövlət Universitetində təşkil edilmişdir. Konfransda 70 tələbə Naxçıvan ali təhsil müəssisələrini, 20 tələbə isə müxtəlif MUN klublarını təmsil etmişdirlər. Konfransın mövzusu “Təhsilin inkişafı üçün beynəlxalq əməkdaşlıqda yeni imkanların axtarışı” idi. Qeyd olunan irimiqyaslı MilliMUN, YouthMUN, DashkesanMUN və s. konfranslarından başqa, universitetlərdə fəaliyyət göstərən MUN klubları mütəmadi şəkildə universitet daxili və universitetlərarası konfranslar təşkil edirlər. Bu konfranslar yeni MUN iştirakçıları üçün ilkin təcrübə qazanmaq və qaydalarla tanış olmaq, eyni zamanda təcrübəli MUN iştirakçıları üçün yenilikləri sınamaq şansını yaradır. Məsələn, Bakı Dövlət Universitetində 2016-cı ildə keçirilən simulasiyada ilk dəfə olaraq Beynəlxalq Ədalət Məhkəməsi (ICJ), Azərbaycan Dövlət İqtisad Universitetində isə Dünya Ticarət Təşkilatı (WTO) simulasiya edilmişdir. Bütün MUN tədbirləri – həm irimiqyaslı, həm universitet səviyyəsində keçirilən tədbirlər – daima KİV-də, o cümlədən AzTV kanalında yayımlanan MAG verilişində geniş şəkildə işıqlandırılır.

  1. "What is Model United Nations?"[1] Arxivləşdirilib 2022-06-05 at the Wayback Machine. Best Delegate.
  2. "Model UN - Courses - Winthrop University"[2] Arxivləşdirilib 2019-03-03 at the Wayback Machine. Winthrop University. Retrieved 4 June 2015.
  3. "Getting Started - What is MUN?"[3] Arxivləşdirilib 2012-07-10 at the Wayback Machine. UNA-USA. Retrieved 4 June 2015.
  4. Marko, KOvacevic. "Toward a History of Model United Nations"[4] Arxivləşdirilib 2019-07-17 at the Wayback Machine. MUNPlanet.
  5. Feldman, Ross. "Frequently Asked Questions"[5] Arxivləşdirilib 2012-07-10 at the Wayback Machine. United Nations Association of the USA.
  6. Ten Colleges Participate in Model Session of United Nations Held at S. L.U. Campus," Watertown Daily Times, 14 February 1949.
  7. Who's Who in America (Chicago: A. N. Marquis) vol. 31, 1960, p. 2394.
  8. To Conduct Model Security / Ten Colleges to Follow United Nations Procedure / Sessions Will Take Place on St. Lawrence Campus February 11–13," St. Lawrence Plaindealer [Canton, N. Y.], 25 January 1949.
  9. "Berkeley Model United Nations (BMUN XLI): Transformation Into a True Teaching Conference"[6] Arxivləşdirilib 2022-04-01 at the Wayback Machine. Best Delegate.
  10. "Which Countries Love Model UN the Most? Analysis of the G20 Countries of Best Delegate Fans"[7] Arxivləşdirilib 2022-03-29 at the Wayback Machine. Best Delegate.
  11. "Arxivlənmiş surət". 2018-10-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-12-08.
  12. "Arxivlənmiş surət". 2018-10-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-12-08.
  13. "Arxivlənmiş surət". 2018-11-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-12-08.
  14. "Arxivlənmiş surət". 2018-06-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-12-08.
  • Dille, Brian (2017). Engaging the United Nations: A Brief Introduction to the UN. Engagement Learning. ISBN 9780998851808.
  • Leslie, Scott A. (2004). A Guide to Delegate Preparation: A Model United Nations Handbook. The United Nations Association of the United States of America, 2004 edition (October 2004), softcover, 296 pages. ISBN 1-880632-71-3.
  • Muldoon, J. P. (1995). The Model United Nations Revisited. Simulation & Gaming, 26(1), 27–35. doi:10.1177/1046878195261003
  • Turunç, Kerem (2009, 2nd ed.). The Winning Delegate: An Insider's Guide to Model United Nations. iUniverse. ISBN 978-1440144301.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]