Bığlı Qoca Dərviş Mehmed Paşa
Qoca Dərviş Mehmed Paşa | |
---|---|
كبيرة الشارب درويش محمد باشا مع الشارب | |
21 mart 1653 – 28 oktyabr 1654 | |
Əvvəlki | Tarhuncu Sarı Əhməd Paşa |
Sonrakı | İbşir Mustafa Paşa |
Şəxsi məlumatlar | |
Vəfat tarixi | |
Vəfat yeri | |
Dəfn yeri | |
Fəaliyyəti | siyasətçi |
Rütbəsi | Admiral |
Qoca Dərviş Mehmed Paşa (ö. 13 yanvar 1655) — IV Mehmed dövründə 1 il 7 ay Osmanlı imperiyasının sədrəzəmi olmuş dövlət adamıdır.
Həyatı
[redaktə | mənbəni redaktə et]Həyatının ilk illəri haqqında məlumat yoxdur. Mənbələrdə onun haqqında ilk məlumat çərkəz əsill olduğu və sədrəzəm Dabanıyasdı Mehmed Paşanın kəndxudası olaraq İrəvan səfərinə qatıldığıdır. Daha sonra Dəməşq bəylərbəyi və Mosul fədaisi Kiçik Əhməd Paşanın şəhid düşməsi ilə Mosul fədailiyinə, ardından 1637-ci ildə Dəməşq bəylərbəyi seçildi. 1638 tarixli Bağdad səfəri əsnasında Dəməşqdən Diyarbəkir bəylərbəyliyinə gətirildi.
Bağdadın fəthindən sonra buranın ikinci bəylərbəyi olaraq 5 may 1639 tarixində vəzifəyə gətirildi. Bu vəzifədə ikən bəzi maliyyə tədbirləri ilə şəxsi xəzinəsini böyütdü. Bağdad bəylərbəyliyindən ayrıldıqdan sonra 1642-ci ildə ikinci dəfə Diyarbəkirə təyin olundu. Ardından müəyyən fasilələrlə iki dəfə Anadolu, iki dəfə Silistrə və qısa müddətliyinə Bosniya bəylərbəyi kimi xidmət göstərmiş, xüsusilə venesiyalıların zəbt etdiyi Çanaqqala boğazının azad edilməsində önəmli rol oynadı (1649). Bu əsnada Cəlali üsyançılarına qarşı Bursa şəhərinin müdafiəsində iştirak etdi.
Krit müharibəsi və Aralıq dənizindəki fəaliyyətlərində uğur qazana bilməyən kaptan-ı dərya Hüsambəyzadə Əli bəyin yerinə 1652-ci ildə bu vəzifəyə gətirildi. Dövrün bir çox mənbələrində bu vəzifədə ikən Dərviş Paşanın, dəftərdar Zurnazən Mustafa Paşa və sədrəzəm Tarhuncu Əhməd Paşa ilə münasibətlərinin pis olduğu qeyd edilir. Tarhuncu Əhməd Paşanın sarayda qazandığı düşmənlərin də köməyilə tezliklə bu mübarizədə Dərviş Mehmed Paşa qalib gəldi. Divan məclislərindən birində vəzifədən alınan və bir müddət sonra edam olunan Əhməd Paşanın yerinə Dərviş Mehmed Paşa sədarətə gətirildi (21 mart 1653).
Dərviş Mehmed Paşanın sədarət dövrü olduqca gərgin keçdi. Davam edən maliyyə problemləri səbəbilə, yaxın adamı Mustafa ağanı bəylərbəyi rütbəsilə dəftərdarlığa gətirdi. Ancaq Mustafa Paşanın sədarəti ələ keçirmək üçün saraya və validə sultana hədiyyələr göndərməsi ilə vəziyyət daha da gərginləşdi. Xəzinəyə gəlir gətirmək və Krit müharibəsinə dəstək üçün göndərilən hədiyyələr, rüşvətlər, eyni zamanda vəzifələrin açıq-aşkar satışından gələn gəlirlər də xəzinəyə yönləndirildi. Ancaq digər tərəfdən haqsız yerə malları müsadirə edilən bəzi dövlət adamlarını da özünə düşmən eləmişdi. Bu əsnada padşaha təqdim olunan bir şikayət səbəbilə sədrəzəm haqqında tədqiqat başladılmış, ancaq şeyxülislam Əbu Səid Mehmed Əfəndi və başqazıların müdaxiləsi ilə sədrəzəm bəraət qazanmışdı. Bütün bu olanlar səbəbilə səhhəti pozulan Dərviş Mehmed Paşa bir müddət sonra iflic keçirdi. Dövlət işlərinin yarım qalması səbəbilə əvvəlcə vəzifədən alınması qərarlaşdırılsa da, bu qədər varlı bir vəzirin qarşıdan gələn Qurban bayramında saraya təqdim edəcəyi hədiyyələr səbəbilə bu məsələ təxirə salındı. Nəhayət, 28 oktyabr 1654 tarixində Dərviş Mehmed Paşa vəzifədən azad edildi və yerinə İbşir Mustafa Paşa sədarətə gətirildi. Vəzifədən alındıqdan 2 ay sonra 13 yanvar 1655 tarixində vəfat etdi. Cənazəsi Çəmbərlidaşdakı Atik Əli Paşa məscidinin həyətinə dəfn olundu.
Ölümünün ardından şəxsi sərvəti olan 95 min flori qızılı, 800 kisə sikkə, qiymətli daş-qaşlar, qızıl və gümüş əşyalar, kürklər, ipək parçalar, bəzəkli xəncər və qılınclar və s. dövlət xəzinəsinə müsadirə edilmişdir.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Peçuylu İbrâhim, Târih, II, 447;
- Kâtib Çelebi, Fezleke, II, 297, 343;
- a.mlf., Tuhfetü’l-kibâr, s. 130, 145;
- Naîmâ, Târih, IV, 384-385;
- Hadîkatü’l-vüzerâ, s. 98-99;
- Nazmizâde Murtaza Efendi, Gülşen-i Hulefâ, İstanbul 1143, vr. 79b vd.;
- Hammer (Atâ Bey), X, 228, 237, 313;
- Sicill-i Osmânî, II, 331;
- Uzunçarşılı, Osmanlı Tarihi, III/2, s. 406-408;
- Vacide Erensayın, Derviş Mehmed Paşa (mezuniyet tezi, 1963), İÜ Ed.Fak., Tarih bl.;
- İ. Metin Kunt, “Derviş Mehmed Paşa, Vezir and Entrepreneur: A Study in Ottoman Political Economic Theory and Practice”, Turcica, IX, Paris 1977, s. 197-214;
- M. Cavid Baysun, “Derviş Mehmed Paşa”, İA, III, 547-548;
- J. Parry, “Dervīsh Meĥmed Pasha”, EI² (İng.), II, 209.