Azərbaycan xalq musiqisi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Azərbaycan musiqisi
Ümumi mövzular
Janrlar
Xüsusi formalar
Milli musiqi
Alt janrlar
Media və təqdim etmə
Musiqi festivalları
Musiqi mediasıMədəniyyət TV
Millətçilik və vətənpərvərlik mövzusunda mahnılar
Milli himnAzərbaycan himni

Azərbaycan xalq musiqisiAzərbaycan və onun AvropaAsiyada olan keçmiş ərazilərində yaşamış bütün sivilizasiyaların fərqli mədəni dəyərlərini özündə birləşdirir. Onun unikal quruluşuna bir çətir altında regional fərqlər daxildir. Azərbaycan xalqının musiqi-poetik yaradıcılığının ən qədim və önəmli janrlarından olan mahnılarda onun pak, yüksək mənəviyyatı, daxili aləmi, arzuları, ümidləri əks olunmuşdur.[1]

Azərbaycan xalq mahnılarının elmi tədqiqi bu janrın yüzlərlə nümunələrini toplayıb nəşr etdirmək işi ilə sıx bağlıdır.[2] Üzeyir HacıbəyovMüslüm Maqomayevin bu istiqamətdə göstərdikləri ilk təşəbbüs 1930-cu illərdə böyük səylə davam etdirilmişdir.[2] Xalq musiqi nümunələrinin toplanılması sayəsində Bülbülün yaratdığı və rəhbərlik etdiyi elmi təqdiqat musiqi kabinetinin fəaliyyəti xüsusilə təqdirə layiqdir.[2] Kabinetin işinə gənc bəstəkarlardan Qara Qarayev, Cövdət Hacıyev, Zakir Bağırov, Asəf Zeynallı, Səid Rüstəmov, Tofiq Quliyev cəlb olundular və həm ekspedisiyalar zamanı, həm də stasionar şəraitdə xanəndələrin sazəndələrin, aşıqların, zurna ifaçılarının repertuarından külli miqdarda xalq musiqi numunələri və dastanlar yazıya köçürüldü.[2] Azərbaycanın bir sıra zonalarına (Qarabağ, Lənkəran, Nuxa, Gəncə, Quba) habelə qonşu ErmənistanGürcüstanın azərbaycanlılarla məskunlaşdırılmış rayonlarına) təşkil olunan uzunmüddətli ekspedisiyalar olduqca səmərəli keçdi.[2]

1930-cu illərdə həmçinin xalq musiqisi nümunələrinin (mahnı, oyun havaları və rənglərin) nota yazılması və nəşri sayəsində təqdirəlayiq işlər görüldü.[2] 1938-ci ildə nəşr olunmuş “50 Azərbaycan el mahnıları” məcmuəsinə Cabbar Qaryağdıoğlu oxuduğu mahnılar daxil olmuşdursa, A. Əliverdibəyovun təqdim etdiyi nümunələr daha sonralar nəşr olunmuş mahnı toplularında yer aldı.[2] Hər iki sənətkar Qarabağ oxuma məktəbinin nümayəndələri olaraq, sənətin sirlərinə dərindən bələd idilər.[2] Eyni zamanda qeyd olunan məcmuələrdəki mahnı materiallarının nəzərdən keçrilməsi belə qənaətə gəlməyə əsas verir ki, onların arasında sırf xanəndələrə məxsus nümunələrlə yanaşı, o zamanlar xalq arasında şöhrət tapmış və həvəskarlar tərəfindən oxunan məişət mahnılarına da yer vermişdir.[2] Bülbülün redaktorluğu ilə nəşr olunmuş “Azərbaycan xalq mahnıları” məcmuəsinin hər iki cildində Səid Rüstəmovun nota aldığı nümunələr üstünkük təşkil etsələrdə, burada görkəmli bəstəkarlar Fikrət Əmirov və Tofiq Quliyevin də əməyi qeyd olunmalıdır.[2] Xüsusilə, Əmirovun notlaşdırdığı mahnılar içərisində toy mərasimi nəğmələri öz məzmunu və ifa forması etibarı ilə lirik xanəndə mahnılarından seçilir. Arasında üslubi ve eyni zamanda muxtelif janrlı bənzərliklər də az deyildir.[2] Lad-intonasiya məzmunu və metroritmik quruluş, mərasim və lirik məhəbbət mahnılarını birləşdirən ümumi cəhətdir.[2] Misal "Xoş gəldin", "Ay mübarək", "Toyun mübarək olsun", "Ay yol açın gəlin gəlir", "Aparmağa gəlmişik", "Almanı alma gəlin", "Xına yaxdı havası", "Eylən gələn". Digər tərəfdən, Fikrət Əmirovun not yazısında təqdim olunmuş bir sıra janrlar (halay mahnıları, "yar-yar" toy nəğmələri, can gülüm və nanaylar) xüsusi bir qrupda birləşir, və bir qayda olaraq qadınların toy və nişan məclislərində oxunurlar.[2] Autentik folklor, və ya yerli xalqın doğmaca malı olan bu janrlar arxaik qatlara aiddir və buna görə də Anadolu ilə başqa türk ellərinin folkloru ilə bənzər xüsusiyyətlərə malikdir.[2]

Azərbaycan xalq mahnıları mövzu və məzmunun müxtəlifliyinə, musiqi və poetik dilin aydınlığına, rəngarəngliyinə görə bir neçə janr qrupuna ayrılır.[1] Onlardan əmək mahnılarını, mərasim mahnılarını, məişət (bura lirik mahnılar da daxildir) və tarixi mahnıları göstərmək olar.[1]

Əmək mahnıları

[redaktə | vikimətni redaktə et]

Xalq yaradıcılığının ən qədim janrı əmək mahnılarıdır.[1] Bu mahnılar arasında ən geniş yayılanları maldarlığa həsr olunmuş sayaçı mahnıları, əkinçiliklə məşğul olanlar arasında isə ən geniş yayılanları holavar əmək mahnılarıdır.[1] Əmək mahnılarına "Çoban avazı", "Tutu nənəm", "Sağım mahnısı", "Çiçək şumla yeri", "Şum nəğməsi" və başqalarını misal gətirmək olar.[1] Azərbaycanın Lənkəran, Masallı, Astara, Lerik rayonlarında oxunan əmək – rəqs mahnılarını qadınlar kollektiv halda ifa edirlər.[3]Həsiri basma, dolan gəl”, “Ha yordu – yordu”, “Ay lolo” və s. buna misaldır.[3]

Mərasim mahnıları

[redaktə | vikimətni redaktə et]

Azərbaycan xalqının mahnı yaradıcılığının qədim növlərindən biri də mərasim mahnılarıdır.[1] Xalqın bayram şənlikləri, toy və matəm mərasimləri adəti üzrə ənənəvi mahnılar ilə müşayiət olunmuş və bu mahnıların bir çoxu bu günə kimi xalq arasında yaşamaqdadır.[1] Bu cür mahnıları “mövsüm” və “ənənəvi” mahnı növlərinə ayırmaq olar.[3] Qədim dövrlərdə yaranmış və mövsüm mərasimlərində oxunan, günəşə, oda, yağışa və s. təbiət qüvvələrinə həsr edilmiş mahnılar bu qəbildəndir.[1] Məsələn, "Günəş çıx, çıx, çıx! Kəhər atı min çıx" və yaxud "Yağış çağır", "Əkəndə yox, biçəndə yox, yeyəndə ortaq qardaş" xalq oyun və tamaşa mərasimləri ənənəvi mərasim mahnıları ilə zəngin olub müşayiət edilərdi.[1] Bu mahnıların mətnini isə xalq ədəbiyyatının ən geniş forması olan bayatılar təşkil edirdi.[1]

Novruz bayramı zamanı oxunan mahnılar da ənənəvi mahnılardandır. Bunlar müxtəlif oyunlar və tonqal üstündən tullanma zamanı ifa edilir, səməni ilə bağlı oxunur. Bunlardan "Xıdır İlyas", "Səməni", "Kos-kosa" və b. göstərmək olar.[3]

Dini mərasimlər və nəğmələr daha çox dini bayramlarla əlaqədar olurdu: Qurban bayramı, Aşura, Peyğəmbərin ad günü, Ramazan bayramı və s.[4] Bunların arasında ən çox yayılanı Ramazan bayramı ilə bağlı nəğmələrdir. Ramazan bayramını uşaqlar böyük səbirsizliklə gözləyir və nəğmələrlə qarşılayırdılar:

Bayrama qaldı bir həftə
Hilli, bibərli küftə.

[4]

Məişət mahnıları

[redaktə | vikimətni redaktə et]

Məişət mahnıları da məzmununa, formasına və ifadə etdiyi hissələrə görə müxtəlif olaraq, uşaq mahnılarına, yumorlu və satiralı mahnılara və lirik mahnılara bölünürlər.[1]

Uşaq mahnıları, xüsusilə də anaların uşaqlara oxuduqları beşik mahnıları öz tarixi etibarilə məişət mahnılarının ən qədim növüdür.[1] Beşik mahnılarına ninnilər, laylalaroxşamalar daxildir.[1] Azərbaycanın maarif pərvər ziyalıları Həsən bəy Zərdabi, Firudin Köçərli, Rəşid bəy Əfəndiyev, Vəli Xuluflu, Ağalar bəy Əliverdibəyov və başqaları xalqın mənəvi həyatında mahnıların tutduğu mühüm yeri dəfələrlə qeyd etmiş, böyüyən nəslin estetik tərbiyəsində onların çox böyük rola sahib olduqlarını nəzərə alaraq uşaqlar üçün nəğmə məcmuələri tərtib etmişdirlər.[2] Həmin məcmuələrdə Mirzə Ələkbər Sabir, Abbas Səhhət, Məmməd Səid Ordubadi kimi şairlərin sözlərinə qoıulmuş mahnılar əsasında təqdim olunurdu.[2] Azərbaycan mətbuatının banisi, Əkinçi qəzetinin naşiri Həsən bəy Zərdabi özünün “Nəğmələrimiz” adlı məqaləsində yazırdı:

" Bizim Qafqaz müsəlmanlarına hər bir yazı ve dil ilə deyilən söz o qədər əsər etmez, necə ki, şeir ile deyilən söz, elədə xüsusi nəğmələr ilə ki xoş sovt ilə oxunur.[2] "

Lirik mahnılar mahnı janrının ən zəngin növüdür.[1] Lirk mahnılar bu janrın həm də ən böyük hissəsini təşkil edir. Saf məhəbbət, sevgilinin gözəlliyinin vəsfi, ayrılıq, intizar, qəm, qüssə və s. hissələr lirik mahnıların məzmununun əsasını təşkil edir.[1] Lirik mahnı yaradıcılığı xalqın milli bədii özünüifadə vasitələrindən ən güclüsünə çevrilmişdir. Bu mahnıların bəziləri məzmununa görə nikbin, şad ruhda, bəziləri isə qəmli, kədərli ruhdadır. Birincilər üçün geniş melodiya, oynaq ritm, segah ladı səciyyəvidirsə, qəmli, kədərli ruhda olan məhəbbət mahnıları üçün "ah", "vay" kimi nidalar, "Bayatı-Şiraz"ın lad əsası, 6/8 və 3/4 ölçülərinin növbələşməsi və s. xasdır.[1] Birinci qrup mahnılara "Gül oğlan", "Yar bizə qonaq gələcək", "Qoy gülüm gəlsin" və s. ikinci qrupa "Səndən mənə yar olmaz", "Onu demə, zalım yar" və s. mahnılar daxildir.[1] Lirik mahnılar forma etibarilə də daha geniş və mürəkkəbdir. Onlar üçün kuplet forması, həmçinin mürəkkəb iki hissəli və rondo formasına bənzər forma, variantlı təzələnmənin təkrarı, sekventlik və s. xasdır.[1]

Satiralı mahnılar məişət və əxlaqın mənfi cəhətlərini əks etdirən mahnılardır.[3] Bu mahnılarda köhnə adət – ənənələr, mənfi tiplər - fırıldaqçılar, məişət pozğunluqları ifşa olunaraq, gülüş öbyektinə çevrilir.[3] Bir çox mahnılarda satirik və lirik sevgi motivləri birləşir.[3] Onlarda şikayət ruhu duyulur.[3]Aman nənə”, “Ay qadası” mahnıları bu qəbildəndir.[3]

Tarixi mahnılar

[redaktə | vikimətni redaktə et]

Azərbaycan xalqının mahnı yaradıcılığında vacib yeri həm də epik-tarixi və qəhrəmani mahnılar tutur.[1] Hələ qədim dövrlərdən yaranmağa başlamış bu mahnılar ölkənin tarixində baş vermiş hər hansı tarixi hadisəyə və ya xalqın həyatında görkəmli rol oynamış xalq qəhrəmanlarına həsr edilmiş mahnılardır.[1]

Koroğlu haqqında, onun sevgilisi Nigar və mübariz yoldaşları dəlilər, vəfalı atı Qırat haqqında silsilə mahnılar buna misaldır.[1] Qaçaq Nəbi, Qaçaq Kərəm, Qaçaq İsmayıl, Dəli Alı, Qanadlı Nağı və s. bu kimi qəhrəmanlar haqqında dastan və mahnılar yaranmışdı.[1] Məsələn, "Gedən gəlmədi", "Piyada Koroğlu", "Qaçaq Nəbi" və b. bu cür mahnılardandır.[1]

Azsaylı xalqların musiqisi

[redaktə | vikimətni redaktə et]

Azərbaycanda yaşayan xalqlarının rəngarəng musiqi folkloru Azərbaycan xalq musiqisinə böyük təsiri olmuşdur. Lakin ölkədə milli azlıqların xalq musiqisinin toplanılması, öyrənilməsi və geniş təbliği üzrə fəal və məqsədyönlü iş yalnız 1990-cı illərdən başlanılmışdır.[5] 2011-ci ilin yay ayları ərzində professor Tariyel Məmmədovun başçılığı ilə "Musiqi Dünyası" jurnalın yaradıcı qrupu və Bakı Musiqi Akademiyasının professor-müəllim heyəti tərəfindən respublikanın müxtəlif bölgələrində keçirilmiş sahə araşdırmalarının bəhrələri olub, respublikada yaşayan azsaylı xalqların mahnı folklorunun toplanması, sistemləşdirilməsi, geniş təbliği və audioyazıya alınması məqsədini daşımışdır.[5] Yaradıcı qrup Azərbaycanın kənd məntəqələrində yığcam halda yaşayan xalqların autentik folkloruna – mərasim, mövsüm və əmək nəğmələrinə, layla və ağılara xüsusi diqqət yetirmişdir.[5] Bununla yanaşı, ənənəvi folklor irsinin şəhər mühitində mövcudiyyəti və yeniləşməsi də nəzərdən qaçırılmamışdır: tatar və ya ləzgi xalq musiqi nümunələri buna bariz misaldır.[5]

Avar musiqisinə aid mahnılardan "Bersinay", "Dirab Zaqatala", "Şah xiriyay", "Niker bu bayal", "Qordi qordi", "Can aminat", "Havva", "Hacı Murad"-ı qeyd etmək olar.[5]

Aysor (Assuriya) musiqisi

[redaktə | vikimətni redaktə et]

Aysor (Assuriya) musiqisinə aid mahnılardan "Qaributa", "Bil palqet Leyli", "Lab xa yimma", "Turame rame"-ni qeyd etmək olar.[5]

Gürcü musiqisi

[redaktə | vikimətni redaktə et]

Gürcü musiqisinə aid mahnılardan "Sama iya!"-nı qeyd etmək olar.[5]

Hapıt musiqisi

[redaktə | vikimətni redaktə et]

Azərbaycanda hapıt musiqisinin ən tanınmış nümayələrindən — İsmayıllı rayonu Mollaisaqlı kəndinin xor kollektivini qeyd etmək olar. Hapıt musiqisinə aid mahnılardan "Fotkar həşxərə", "Çəhrə", "Əliabad"-ı qeyd etmək olar.[5]

İngiloy musiqisi

[redaktə | vikimətni redaktə et]

İngiloy musiqisinə aid mahnılardan "Vətən mahnısı", "Roqor ar qaviğimo", "Suliko", "Samaya", "Qazabhuli movida", "Leyli", "Deda", "Əliabad"-ı qeyd etmək olar.[5]

Azərbaycanda kürd musiqisinin ən tanınmış nümayələrindən — 2008-ci ildə yaranan “Shero” musiqi qrupunu qeyd etmək olar.[6] Kürd musiqisinə aid mahnılardan "Şəmmamə", "Kürd bayatıları", "Kürd gözəlləməsi", "Məyrəmə"-ni qeyd etmək olar.[5]

Lahıc musiqisi

[redaktə | vikimətni redaktə et]

Lahıc musiqisinə aid mahnılardan "Vətən Azərbaycan", "Afto", "Sənətkar"-ı qeyd etmək olar.[5]

Ləzgi musiqisi

[redaktə | vikimətni redaktə et]

Azərbaycanda ləzgi musiqisinin ən tanınmış nümayələrindən — “Suvar” ləzgi mahnı və rəqs ansamblını qeyd etmək olar.[6] 1996-cı ildə Bakıda yaradılan bu ansambl respublika və beynəlxalq festivalların laureatıdır. Orijinal rəqsləri, yüksək səviyyəli mahnı ifaları ilə seçilən bu ansambl 2009-cu ildə “Xalq kollektivi” fəxri adına layiq görülüb.[6] Ləzgi musiqisinə aid mahnılardan "Zaz yar ava, yarğarava", "Vatandil çil", "Şirin-şirin", "Mexer ya", "Qazı-qazı", "Nazlama", "Cəhilval"-ı qeyd etmək olar.[5]

Molokan musiqisi

[redaktə | vikimətni redaktə et]

Azərbaycanda molokan musiqisinin inkişafı İsmayıllı rayonu İvanovka kəndinin xor kollektivi ilə bağlıdır.[7] Molokan musiqisinə aid mahnılardan "İvanovka", "Na tropinke", "Ne dla menya", "Solntse klonitsa", "Kalina", "Krasnoe nebo", "Sudba moya", "Yerusalim"-i qeyd etmək olar.[5]

Rus musiqisinə aid mahnılardan "Naşa jizn korotka", "Sudba", "U mamı", "Xmel", "Kolxoz", "Nad yarom"-u qeyd etmək olar.[5]

Azərbaycanda rutul musiqisinin ən tanınmış nümayələrindən — Şəki rayonu Şorsu kənd mədəniyyət evinin "Salavat" ansamblını qeyd etmək olar. Rutul musiqisinə aid mahnılardan "Şahzada", "Veşdi riş", "Biçədi riş", "Dəydi riş", "Pərinin müxəmməsi", "Avastan", "Maral xanım"-ı qeyd etmək olar.[5]

Şimali Qafqazda mövcüd olan digər xalqlar kimi, Saxurların ümumi musiqi üslubu və çalğı alətləri (nağara, zurna, balaban, tütək, sipsi, tənbur) və eləcə də, tipik melodiya formulları birləşdirir.[8] Eyni zamanda, bəzən onlardan hər birinə məxsus fərqli çalarlar da sezilir və xüsusi tədqiqatlara mövzu ola bilər.[8] Azərbaycanda saxur musiqisinin ən tanınmış nümayələrindən — Zaqatala rayonu Suvagil kəndinin "Ceyranım" xalq kollektivini qeyd etmək olar. Saxur musiqisinə aid mahnılardan "Yar aman", "Ceyranım", "Qocalar", "Olaydı", "Zikr", "Ala gözlüm", "Salam Məlik"-i qeyd etmək olar.[5]

Azərbaycanda tat musiqisinin ən tanınmış nümayələrindən — “Xınayaxdı” folklor kollektivinini qeyd etmək olar.[6] Şabran rayonunun Dağbilici kənd mədəniyyət evi nəzdində fəaliyyət göstərən kollektivin repertuarını əsasən el mərasimləri, xalq və əmək mahnıları təşkil edir.[6]

Ruslarla Volqa tatarları dil və din etibarı ilə bir-birindən seçilsələr də, onların tarixən sıx ictimai-mədəni münasibətləri nəticəsində solo və ya xor oxumaları, uzun nəfəsli həzin mahnılar kimi ümumi cəhətlər meydana gəlmişdir.[8] Fərqli cəhətlərə gəldikdə tatar xalq musiqisində pentatonikanın daha böyük və hətta həlledici rolu ilk növbədə qeyd olunmalıdır.[8]

Azərbaycanda tatar musiqisinin ən tanınmış nümayələrindən — Bakıda fəaliyyət göstərən “Tuqan tel” mədəniyyət mərkəzinin ansamblını qeyd etmək olar.[6] 1996-cı ildə yaradılan bu ansambl Azərbaycanda və Rusiyada keçirilən bir sıra tədbirlərdə, görkəmli tatar şairlərinin xatirə gecələrində iştirak edib, diplom və mükafatlara layiq görülüb. Kollektivin repertuarını tatar mahnı və rəqsləri, el mərasimlərindən səhnələr təşkil edir.[6] Tatar musiqisinə aid mahnılardan "Sarman yulları", "Balanı yunatkanda", "Bayt sak sok", "Umurzaya", "Ak kain", "Urmanlarda"-nı qeyd etmək olar.[5]

Talış musiqisi

[redaktə | vikimətni redaktə et]
"Nənələr" Novruz bayramında. Bakı, 2010

Azərbaycanda ən qədim etnoslardan biri olan talışların musiqi folkloru zəngin janr və ifa xüsusiyyətləri ilə seçilir. Qadınlar tərəfindən ifa olunan nisbətən yaxşı qorunub saxlanılmış əmək, toy, mövsüm mərasim nəğmələri, «halay» mahnı-rəqsləri məlumdur.[8] Bir çox mahnı nümunələri həm talış, həm də Azərbaycan dilində oxunur və bu mədəniyyətlərin sıx qarşılıqlı əlaqələrini əks etdirir.[8]

1970-ci ildən Lənkəran rayonunun Separadi kəndindən fəaliyyət göstərən "Nənələr" folklor və rəqs ansamblı, Azərbaycanda talış musiqisinin ən tanınmış nümayələrindən biridir.[9] Repertuarında Azərbaycan və talış dillərində 100-dən çox bayatı və el nəğməsi olan 6 nəfərlik kollektivin mahnı və rəqslərin qorunub saxlanmasında, onların gələcək nəsillərə çatdırılmasında xidmətləri olub.[9] Talış musiqisinin digər uğurlu simalarından Baloğlan Əşrəfovu, Cavad Rəcəbovuİsrail Məmmədovu misal göstərmək olar. Talış musiqisinə aid mahnılardan "Tolışa kinə", "Kinəlim şonoş bonomo", "Giləvo", "Gəlin gəldi", "Vəyə mübərək", "Çımı dilbər"-i qeyd etmək olar.[5]

Udin musiqisinə aid mahnılardan "Nij", "Quş bala", "Meyin pulmux", "Pe hiyar", "Galun çöy Bakı?", "Hun zaxun"-u qeyd etmək olar.[5]

Görkəmli sənətçilər

[redaktə | vikimətni redaktə et]
Məmmədbağır Bağırzadə · Anatollu Qəniyev · Məhəbbət Kazımov
Kamil Cəlilov · Bəhram Mansurov · Əlixan Səmədov
  1. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 "Milli musiqi tariximiz". www.ensonxeber.com. www.ensonxeber.com. 4 November 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 24 January 2016.
  2. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 "AZƏRBAYCAN XALQ MAHNI JANRLARININ ÖYRƏNİLMƏSİ VƏ TƏSNİFATI HAQQINDA" (PDF). kulturevreni.com. kulturevreni.com. 22 December 2018 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 25 January 2016.
  3. 1 2 3 4 5 6 7 8 9 "Xalq mahnıları". enene.musigi-dunya.az. enene.musigi-dunya.az. 2021-11-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 iyun 2016.
  4. 1 2 Azərbaycan folkloru antologiyası (II). Nurlan. 2009. (#accessdate_missing_url)
  5. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 "Azsaylı xalqların mahnıları". enene.musigi-dunya.az. enene.musigi-dunya.az. 2022-03-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 iyun 2016.
  6. 1 2 3 4 5 6 7 "Azərbaycanda yaşayan azsaylı xalqların musiqi kollektivlərinin çıxışı böyük maraqla qarşılanıb". azertag.az. azertag.az. 2019-07-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 iyun 2016.
  7. "İsmayıllının İvanovka kəndinə 43 il rəhbərlik etmiş Nikolay Nikitinin 90 illiyi qeyd olundu". ideologiya.az. ideologiya.az. İstifadə tarixi: 18 iyun 2016.
  8. 1 2 3 4 5 6 "AZƏRBAYCANIN ETNİK MUSİQİ XƏRİTƏSİ". atlas.musigi-dunya.az. atlas.musigi-dunya.az. 2022-03-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 iyun 2016.
  9. 1 2 ""Nənələr" qrupunun üzvlərindən biri dünyasını dəyişdi". news.lent.az. news.lent.az. 2015-07-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 18 iyun 2016.