Azərbaycan meşələri
Azərbaycan meşələri — Azərbaycan Respublikasında meşələrin ümumi sahəsi 1213,7 min hektardır. Bundan meşə ilə örtülü sahə 1021,88 min hektar təşkil etməklə, ümumi ərazinin 11,8%-dir. Hər adam başına təqribən 0,12 ha meşə sahəsi düşür ki, bu da ümumdünya miqyasında götürülən müvafiq orta rəqəmdən 4 dəfə (0,48 ha) azdır.[1]
Azərbaycan meşələrinin sahəsi ümumi əraziyə nisbətdə az olsalar da növ zənginliyi ilə məşhurdur. Burada 435 növ ağac və kol bitir, onlardan da 70-i endemik növlərə aiddir. Bütün Respublika ərazisi üçün enliyarpaqlı meşələr səciyyəvidir. Bu tip meşələr Böyük Qafqaz və Kiçik Qafqazın, Talış dağlarının alçaq və orta dağlıq ərazilərində geniş yayılmışdır. Azərbaycanın əksər meşələri (85%) dikliyi yüksək olan dağ yamaclarında yerləşməklə əvəzolunmaz torpaqqoruyucu, sutəmizləyici və iqlim saflaşdırıcı əhəmiyyətə malikdir.[2]
Azərbaycan meşələri əhəmiyyətinə görə I qrupa aid edilir və bu meşələr Respublikanın müxtəlif bölgələrində müxtəlif tərzdə yayılmışdır. Bu bölgələrə xas olan xüsusiyyətlərdən biri müxtəlif təbii sərvətləri – mineral xam malı, suyun, enerjinin, torpaqların yerləşməsidir. Onların arasında meşə sərvətləri heç bir digər təbii sərvətlərə xas olmayan çoxsahəli funksiyaları yerinə yetirir. Meşələr yeganə təbiət kompleksi hesab olunur ki, onlar su, hava və torpaq kimi biosferanın çox vacib olan komponentlərinin sabitləşdirilməsinə şərait yaradır.
Respublika meşələrinin əksər sahələri (85%) Böyük Qafqazda, Kiçik Qafqazda və Talış dağ bölgəsində yerləşir.
Meşələrin çox hissəsi qiymətli ağac cinslərindən ibarətdir (palıd, fıstıq, vələs, cökə, ağcaqayın və s.). Respublikanın meşələrinin müxtəlifliyi, onun yayılması iqlim, torpaq, müxtəlif hündürlük qurşaqlarından və digər şəraitdən asılıdır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi meşə siyasətini Meşələrin İnkişafı Departamenti vasitəsilə həyata keçirir.
Departament dövlət meşə fondunun ərazisində meşələrin qorunub mühafizə olunmasını, meşəbərpa və meşəsalma işlərinin, əkin-materialının yetişdirilməsini, meşə ağac və kol cinslərinin toxumlarının tədarükünü, meşə fondunun dövlət uçotunun və meşə kadastrının aparılmasını, meşələrə xidmət işlərinin və digər meşə təsərrüfatı tədbirlərinin həyata keçirilməsini, meşədən əlavə istifadə və yardımçı kənd təsərrüfatı sahələrinin məqsədyönlü və səmərəli aparılmasını təmin edir. Meşə təsərrüfatı tədbirlərinin, meşələrin torpaq qoruyucu, su saxlayıcı, mühit təmizləyici, sanitar gigiyenik və digər faydalı funksiyaların yüksəldilməsi istiqamətində aparılmasını təmin edir, ətraf mühit üçün xüsusi əhəmiyyət kəsb edən elmi mədəni və rekreasiya əhəmiyyətli təbiət komplekslərinin və obyektlərinin, bioloji müxtəlifliyin, eləcə də meşə fondunda yayılmış fauna növlərinin qorunması, meşə toxumçuluğu işlərinin aparılması zamanı genofondun saxlanması, artırılması istiqamətində tədbirlər həyata keçirir. Meşələrin İnkişafı Departamentinin tabeliyində 34 Regional Meşə Mühafizəsi və Bərpası Müəssisəsi, 3 Meşə Salma Müəssisəsi, 3 Regional Meşə Tingliyi Müəssisələri (Zərərvericilər və Xəstəliklərə qarşı Mübarizə Mərkəzi və Elmi Tədqiqat Meşəçilik İnstitutu) fəaliyyət göstərir. Nazirliyin yarandığı vaxtdan, 2001-ci ilin mayından başlayaraq Respublikanın bütün ərazilərində meşəbərpa, meşəsalma, əkin materialı yetişdirmə, toxum tədarükü və digər tədbirlərin həcmi xeyli genişləndirilmişdir.
H. Əliyevin 26 dekabr 2001-ci il tarixli fərmanı ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə tapşırılmışdır ki, dövlət və yerli özünüidarəetmə orqanlarını və elmi təşkilatları cəlb etməklə ölkədə meşələrin bərpa edilməsinə və artırılmasına dair, Milli Proqram hazırlayıb baxılmaq üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinə təqdim etsin.
Bununla yanaşı eyni zamanda tapşırılmışdır ki, ardıcıl olaraq ekoloji cəhətcə dayanıqlı, sosial-iqtisadi inkişafa və heyvandarlığın və əkinçiliyin inkişafı ilə əlaqədar olaraq yay-qış otlaqlarının və biçənəklərin səmərəli istifadə olunması, torpaqların dağ yamaclarında, dərə və yarğanlarda çay məcralarında eroziyaya uğramasının, dağətəyi və düzən rayonlarda şoranlaşmanın qarşısının alınmasına dair Milli Proqramlar hazırlayıb aidiyyəti üzrə təqdim etsin.
Prezident fərmanının icrası ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Meşələrin bərpa edilməsinə və artırılmasına dair" hazırladığı Milli Proqramın layihəsi müvafiq düzəliş və əlavələrlə 18 fevral 2003-cü il tarixdə 1152 saylı Prezident Sərəncamı ilə təsdiq edilmişdir. Bu proqrama əsasən ölkəmizin bütün regionlarında (2003–2008-ci illərdə) 69700 ha sahədə meşələr bərpa olunmalı və yeni meşəliklər salınmalıdır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi yarandığı vaxtdan, 2001-ci ilin mayından başlayaraq ardıcıl, düzgün ekoloji siyasət apararaq Respublikada meşələrin bərpa edilməsi və yeni meşə massivlərinin yaradılması, şəhərətrafı qəsəbələrin, şose və magistral yollarının ətrafının yaşıllaşdırılması və arid zonalarda qoruyucu meşə massivlərinin yaradılması sahəsində irimiqyaslı işlərə başlamışdır. Bununla əlaqədar Respublikanın arid zonalarında meşə və yaşıllıqların salınması ən çətin olduğu şəraitlərdə 3 meşəsalma və 4 regional meşə tingliyi müəssisələri yaradılmışdır.(Naxçıvan, Abşeron, Quba və Kür).
Yeni yaradılmış Meşə Salma Müəssisələrinin və Respublikanın digər bölgələrində fəaliyyət göstərən Meşə Mühafizəsi və Bərpası Müəssisələrinin gücü ilə 2002-ci ildə 7753 ha, Milli Proqramın icrasına uyğun olaraq 2003-cü ildə isə 8721 ha sahədə meşəbərpa işləri aparılmış və yeni meşəliklər salınmışdır. Bu göstəricilər 2000–2001-ci ildə yerinə yetirilən meşəbərpa və meşəsalma işlərinin həcmindən, müvafiq olaraq 1,6–1,9 dəfə çoxdur. Müxtəlif çeşiddə əkin materiallarının yetişdirilməsi sahəsində də məqsədyönlü işlər görülmüşdür.
Belə ki, 2002-ci ildə qiymətli ağac və kol cinslərindən 12 milyon ədəd, 2003-cü ildə 32 milyon ədəd əkin materialı yetişdirilmişdir. Bu 2000–2001-ci ildə yetişdirilən əkin materiallarının həcmindən müvafiq olaraq 2–5 dəfə çox olmuşdur.
Meşəbərpa və meşəsalma işlərinin həcmi 2004-cü ildə artırılaraq 9500 hektara, əkin materiallarının yetişdirilməsi isə 35 milyon ədədə çatdırılması proqnozlaşdırılmışdır. Vaxtında aparılan təşkilati tədbirlərin nəticəsində 35 milyona qarşı 40 milyon əkin materialı yetişdirilmiş, 3700 ha sahədə yeni meşə salınmış 5403 ha sahədə təbii bərpaya kömək tədbirləri aparılmışdır.
2005-ci ilin yekun hesabatlarına görə ötən hesabat ilində 9500 hektarmeşəbərpa tədbirlərinə qarşı 9737 hektar sahədəmeşəbərpa tədbirləri aparılmışdır. Bundan 3860 hektarı yeni meşələrin salınmasıdır. Qalan 5877 hektarı təbii bərpaya kömək tədbirləridir. 35 mln. ədədə qarşı 38 mln. ədəd əkin materialı yetişdirilmişdir. Bu göstəricilər 2000–2001-ji ilin göstəricilərindən meşəbərpa tədbirləri üzrə 2–2,5 dəfə, əkin materiallarının yetişdirilməsi üzrə isə 6–10 dəfə çoxdur.
"Meşələrin bərpa edilməsinə və artırılmasına dair Milli Proqram"ın tələblərinə uyğun olaraq 2006-cı ildə meşəbərpa tədbirlərinin plan-proqnozlərı artırılaraq 10 min hektara çatdırılmışdır. Hal-hazırda bu istiqamətdə işlər davam etdirilir.
Göstərilənlərlə yanaşı meşə təsərrüfatı sistemində bir sıra problemlər hələ də mövcuddur. Belə ki, alternativ yanacaq növlərinin çatışmazlığı meşələrdə özbaşına qırıntının artmasına, qanunsuz mal-qara otarılması isə təbii bərpa prosesinin pozulmasına səbəb olur. Maddi texniki təminatın və maliyyə vəsaitinin çatışmazlığı, əmək haqqının aşağı olması aparılan bu cür meşə təsərrüfatı tədbirlərinə öz mənfi(-) təsirini göstərir.
Azərbaycan meşələrinin formasiyaları
[redaktə | vikimətni redaktə et]Azərbaycan meşələrinin 95%-i dağlıq və dağətəyi sahələrdə, qalan 5%-i isə əsasən su vadilərində, düzənlik ərazilərdə yerləşir. Meşələr yayıldığı əraziyə görə sırf qoruyucu funksiyaları yerinə yetirdiyindən birinci qrup meşələrə aid edilir. Azərbaycan meşələrinin özünəməxsus meşə formasiyaları mövcuddur. Bu formasiyalar aşağıdakılardır[3] :
- Qarmaqvari şamdan ibarət iynəyarpaqlı meşələr
- Ardıc seyrək meşəlikləri
- Şərq fıstığından ibarət fıstıq meşələri
- Palıd meşə formasiyaları
- Şabalıdyarpaq palıddan ibarət (Talış) meşələr
- Qafqaz palıdından ibarət aşağı dağ qurşağı meşələr
- Şərq palıdından ibarət yuxarı dağ qurşağı meşələr
- Uzunsaplaq palıddan ibarət düzən meşələr
- Araz palıdından ibarət az məhsuldar meşələr (Palıdın digər (qızılı palıd, qumral, kövrək palıd, boz palıd və s.) növləri ayrıca meşə formasiyası yaratmır və digər növlərin yaratdığı formasiyalarda iştirak edirlər.)
- Vələs meşə formasiyası
- Dəmirağacından ibarət relikt meşə formasiyası
- Ağcaqayın meşə formasiyası
- Məxməri ağcaqayından ibarət meşələr
- Tranttoveter ağcaqayından ibarət seyrək meşələr
- Xurma meşələri
- Qarağac meşələri
- Adi qozdan ibarət meşələr
- Adi şabalıddan ibarət meşələr
- Azad ağacından ibarət meşələr
- İpək akasiyadan ibarət meşələr
- Yalanqozdan ibarət rütubətli meşələr Qızılağac meşələri
- Tozağacı meşələri Qovaq meşələri
- Kür-Araz sahilləri boyunca formalaşan Tuqay meşələri
Meşə florası və faunası haqqında
[redaktə | vikimətni redaktə et]Meşələrin geniş massivindən biri də Talış dağ yamaclarını əhatə edir. Burada meşələr Astara, Lənkəran, Lerik, Masallı, Yardımlı, Cəlilabad və qismən də Biləsuvar inzibati rayonlarının ərazisində yayılmışdır. Meşələrin az hissəsi Kür və Araz çayları sahili boyunca uzanır və Tuğay tipli massiv şəklində lentvari ərazini tutur.
Azərbaycan meşələri zəngin florası və faunası ilə fərqlənir. Burada 125 fəsiləyə və 930 cinsə daxil olan ali bitkilərin 4500 növü yayılmışdır. Bunlardan 48 fəsiləyə, 135 cinsə mənsub olan 450 növ ağac və kollar ölkəmizin meşələrində bitir. Bu isə ölkə florasındakı bitki növlərinin 11-ni təşkil edir. Azərbaycan dendroflorasının tərkibində 70 regional endem növə təsadüf edilir. Bu da ümumi ağac və kol bitki növlərinin 16%-i deməkdir.[4]
Respublika meşələrinin əsasını qışda yarpağını tökən enliyarpaqlı növlər təşkil edir. Meşə ilə örtülü sahə hakim cinslərə görə təqribən aşağıdakı kimi paylanmışdır: şam-0,04%, ardıc-2,37%, fıstıq-31,68%, palıd-23,4%, vələs-26,01%, göyrüş-0,01%, ağcaqayın-0,22%, qovaq-3,58%, qızılağac-1,87%, cökə-1,71%, qarağac-1,16%, digər cinslər-7,95% olduğu müəyyən edilmişdir. Meşələrin tərkibcə müxtəlif olmasına baxmayaraq, enliyarpaqlı meşələri əsasən fıstıq, palıd və vələs cinsləri əmələ gətirir. Meşə ilə örtülü ərazinin 85,5%-i bu üç cinsin payına düşür.
İynəyarpaqlı meşələr
[redaktə | vikimətni redaktə et]İynəyarpaqlı meşələr (ardıc və şam) Respublika meşələrinin meşə ilə örtülü sahəsinin təqribən 1,6%-ni təşkil edir. İynəyarpaqlı meşələrdə Qarmaqvari şama (Pinus Hamata) təbii halda Kiçik Qafqazda Tovuz rayonu ərazisində Əsrik və Zəyəm çayları hövzəsində, nisbətən geniş sahəsi olan Kəpəz dağında Göygöl, Maralgöl ətrafı daşlı-qayalı yamaclarda), Böyük Qafqazda isə qarmaqvari şam Filizçayı (Balakənçayı) hövzəsində dəniz səthindən 800–1000 m yüksəklikdə 10 ha sahədə bitir.
İynəyarpaqlı meşələrdən Eldar oyuğu adlanan 400 ha-a yaxın sahədə kserofit şəraitdə Eldar şamı (Pinus Eldarica), əsasən təzə və rütubətli fıstıq meşələrində Qaraçöhrədən (Taxus Bacaata) ibarət enliyarpaqlı cinslərə qarışıq halda və ya kiçik meşəciklər şəklində ağaclıqlarda təsadüf edilir. Belə meşəciklərə Böyük Qafqazda -Qəbələ rayonunda Həmzəli qəbiristanlığında, Pirqulu və Oğuz rayonu meşələrində, Xızı, Dahardibi adlanan meşələrdə, Talış dağlarında — Lerik rayonu Hamazat kəndi ətrafı meşələrdə təsadüf edilir. Azərbaycanda giləmeyvəli qaraçöhrə ağacları tək-tək və qrup halında Böyük Qafqaz dağlarının cənub yamacı rayonlarında (Balakən rayonundan Şamaxı rayonunadək), Kiçik Qafqaz dağları rayonlarında (Tovuz, Gədəbəy, Daşkəsən) və Talış dağlarında dəniz səthindən 400–1800 metr yüksəkliklərdə bitir.
İynəyarpaqlı cinslərdən ən geniş ərazidə yayılmışı ardıc meşələridir. Azərbaycanda əsasən 6 ardıc növü bitir: kəsgin iyli ardıc, çoxmeyvəli ardıc, qırmızı ardıc, uzunsov ardıc, cırtdan ardıc və qazax ardıcı. Ağıriyli, çox meyvəli ardıc növləri Azərbaycanın quraq rayonlarında – Bozqır yaylada, Qobustanda, Böyük Qafqazda, Kiçik Qafqazda, Şəmkir, Oxçuçay, Həkəri çayları hövzələrində yayılmışdır. Cırtdan ardıcı və qazax ardıc kolları Böyük və Kiçik Qafqazın subalp zonasının daşlı-qayalı yamaclarında bitir.[5]
Enliyarpaqlı meşələr
[redaktə | vikimətni redaktə et]Azərbaycan Respublikasında həmişəyaşıl enliyarpaqlı meşələr yoxdur. Belə cinslərə yalnız Bakı, Gəncə, Şəki, Sumqayıt və digər iri şəhər və qəsəbələrdə yaşayış məntəqələrinin yaşıllıqlarında təsadüf edilir.
Azərbaycan Respublikası bir çox nadir kol növlərinin vətəni sayılır. Qaracökə üçüncü dövrün relikt bitkisi kimi Azərbaycan meşələrində geniş yayılmışdır. Bu ağac Böyük Qafqazın cənub, cənub-şərq issəsində daha tez-tez rast gəlinir. Gecböyüyən, lakin uzunömürlü qaracökə heç vaxt geniş sahələri əhatə etməyib. Eldar şamının vətəni Azərbaycandır, yayılma arealı isə Ceyrançöl ön dağlığının Eldar oyuğu sahəsidir. Talış dağlarında bitən üçüncü dövrün relikt və nadir ağaclarından dəmirağac, Lənkəran akasiyası, şabalıdyarpaq palıd və s. Azərbaycan meşələrinin əsas inciləridir.
Meşə təsərrüfatı ilə bağlı qanunlar
[redaktə | vikimətni redaktə et]Azərbaycan Respublikasında meşədən qanunsuz istifadə cinayət hesab olunur. Nazirlər Kabinetinin (NK) 1993-cü il 636 saylı meşə təsərrüfatına dəymiş ziyana görə maddi məsuliyyətə cəlb edilmə qaydaları haqqında qərarında deyilir: "Qanunsuz meşə qırma, ağac və kolların kəsilməsinə, boy artımının dayanacaq dərəcəyə qədər zədələnməsinə, külək və qar ağırlığından sınmış və kök üstə quruyan ağacların icazəsiz mənimsənilməsinə, yandırılma və etinasız rəftara görə, ağac və kolların ərazisinə yararsız kanalizasiya sularının və kimyəvi suların axıdılmasına görə və digər amillərə görə cərimə miqdarı müəyyən edilməklə cinayət məsuliyyəti də nəzərdə tutulmuşdur". 1997-ci ildə qəbul edilmiş Meşə Məcəlləsinə əsasən, meşəçilərin tərtib etdikləri akta əsasən məhkəmə qanunlarının icra edilməsinə nəzarət edən idarə həmin cərimələrin ödənilməsini həyata keçirməkdə müstəqildir.[6]
Meşələrin yaşı
[redaktə | vikimətni redaktə et]Meşələrin yaş siniflərinə görə də paylanması müxtəlifdir. Belə ki, cavan meşələr meşə ilə örtülü sahənin 11,2%-ini, orta yaşlı ağaclar-63,3%-ini, yetişməkdə olan ağaclar-13,4%-ini, yetişmiş və yaşı ötmüş meşələr-12,1%-ini təşkil edir.
Hazırda Azərbaycan Respublikası ərazisində Milli Parklar, Dövlət Təbiət Qoruqları, Dövlət Təbiət Yasaqlıqları fəaliyyət göstərir. Bunlardan: Hirkan Milli Parkı – 2004-cü ilin fevral ayında Lənkəran və Astara rayonlarının inzibati ərazisində 21435 hektar sahədə yaradılmışdır. Meşələrdə Azərbaycanın "Qırmızı kitabı"na düşmüş Hirkan həmişəyaşıl şümşadı, dəmirağac, heyvan növlərindən bəbir, Talış qırqovulu, qara leylək, berkut və s. vardır.
Meşələrin qocalmasının əsas səbəbi orada mal-qaranın otarılmasıdır. Baxmayaraq ki, qanunla bu qadağandır. Çünki mal-qara meşələrdəki fidanları, pöhrələri yeyir, təbii bərpaya əngəl yaradır.[7]
Meşələrin sıxlığı
[redaktə | vikimətni redaktə et]Meşələrin sıxlığa görə paylanması müxtəlifdir. Respublika meşələrinin 13,7%-i aşağı (0,3–0,4), 2,62%-i orta (0,5–0,6), 18,3% normal (0,7–0,8) və 2,62%-i yüksək (0,9–1,0) sıxlıqdadır. Meşələrin ümumi orta sıxlığı-0,56 müəyyən edilmişdir.
İşğaldan azad olunmuş ərazilərdəki meşə fondu
[redaktə | vikimətni redaktə et]261 min hektar meşə fondu sahəsi Ermənistan tərəfindən 30 il işğal altında qalmışdır.[8]
Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan ordusunun əsgərləri tərəfindən qəsdən törədilmiş yanğınlar nəticəsində 100 min hektar otlaq, biçənək və yaşıllıqlar, həmçinin meşə sahələri yanaraq məhv olmuş, torpağın üst münbit qatı yararsız hala düşmüşdür. 29 mart 2003-cü il tarixli "Nəbz" qəzetinin 11 saylı buraxılışında ekoloq Mahmud Xəlilov və Nəsibə Əliyevanın birgə araşdırmasına görə, o zaman işğal altında olan ərazilərimizdə çox acınacaqlı vəziyyət olmuşdur.
Ağdərə və Xankəndi meşə təsərrüfatlarının böyük ərazisini əhatə edən məhsuldar fıstıq meşələri, Laçın rayonunun Şəlvə dərəsindəki qırmızı, dekorativ oduncaqlı mebel, parket üçün əvəzi olmayan iri gövdəli qırmızı palıd meşələri, Bəsitçay qoruğundakı möhtəşəm çinar və qoz ağacları, Kəlbəcər meşə təsərrüfatındakı mebel sənayesi üçün tayı-bərabəri olmayan ayı fındığı ağacları ermənilər tərəfindən işğal dövründə kütləvi qırılaraq xarici ölkələrə satılmışdır.[9]
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ "Azərbaycanin təbiəti haqqinda ümumi məlumat". 2015-01-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-05-04.
- ↑ "Azərbaycanın turizm coğrafiyası". 2018-04-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-05-04.
- ↑ "Azərbaycan Respublikasının meşələri". 2015-03-31 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-05-04.
- ↑ "Azərbaycanda meşə ehtiyatı..." 2015-04-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-05-04.
- ↑ Məmmədov Q. Ş. Xəlilov M. Y. Ekoloqların məlumat kitabı. "Elm" nəşriyyatı. Bakı: 2003
- ↑ "Meşə təsərrüfatına dəymiş ziyana görə maddi məsuliyyətə cəlb edilmə qaydaları haqqında". 2016-03-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-05-04.
- ↑ "Meşə Məcəlləsi məcəllə yox, günün tələblərini nəzərə almayan qanundur!". 2014-06-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-05-04.
- ↑ "Beynəlxalq Mətbuat Mərkəzi". 2015-06-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-05-04.
- ↑ "İşğal olunmuş ərazilərimizdə milli-mədəni, ekoloji terrora son!". 2015-02-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-05-04.