Aster inqilabı
Aster inqilabı | |
---|---|
Tarix | 31 oktyabr 1918 |
Vikianbarda əlaqəli mediafayllar |
Aster inqilabı və ya payız gülü inqilabı—28-31 oktyabr 1918-ci il tarixində Macarıstanda Mixay Karoyi tərəfindən başladılan inqilab. İnqilabın “Aster inqilabı” adlandırılmasının səbəbi Budapeştdəki vətəndaşlar və əsgərlərin öz papaqlarına aster yəni payız güllərini taxması idi. Bu güllər sosial demokrat Macar Milli Şurasını və Mixay Karoyi təmsil edirdi.[1]
İnqilabın səbəbləri
[redaktə | mənbəni redaktə et]Macarıstanda yaranan ağır sosial-iqtiasdi və siyasi vəziyyət 1918-ci ilin payızında inqilabın başlanmasını zəruri edirdi. Avstriya-Macarıstan ordusunun italyan cəbhəsində ağır məğlubiyyətə uğraması kral IV Karlın hakimiyyətini və Vekerle hökumətinin mövqelərini tamamilə zəiflətdi. 1918-ci ildəki tətillərin gedişində ilk dəfə Macarıstanda fəhlə deputatları sovetləri təşkil edildi. Zəhmətkeş kütlələr müharibənin dayandırılmasını, Habsburqlar monarxiyasının dağıdılmasını daha qətiyyətlə tələb edirdilər. Serbiya, Xorvatiya, Çlovakiyada və s. başqa yerlərdə milli-azadlıq hərəkatı gücləndi. 1918-ci ilin oktyabrında ölkədə kütləvi tətil hərəkatı ən yüksək nöqtəsinə çatdı. Kəndlilər mülkədarların torpaqlarını müsadirə edərək öz aralarında paylayırdılar. Cəbhələrdə fərarilərin sayı artırdı. Bu hadisələr Habsburqlar monarxiyasının dağılmasını surətləndirdi. IV Karl çoxmillətli monarxiyanı dağılmaqdan xilas etmək məqsədilə 1918-ci il oktyabr ayının 16-da ölkənin federativ dövlətə çevrildiyini elan etdi. Lakin bu da imperiyanın süqutunun qarşısını ala bilmədi. Oktyabrın 23-də Vekerle istefaya getdi.[2]
İnqilabın gedişi
[redaktə | mənbəni redaktə et]“Payız gülləri” adlandırılan milli-demokratik inqilabın gedişində Macarıstan monarxiyası ləğv edildi. Macarıstan Sosial-Demokrat Partiyasının plenumunda Milli Şura yaratmaq barədə qərar qəbul edildi. İstiqlal Partiyasının lideri qraf Mixay Karoyi başda olmaqla Milli Şura yaradıldı. Milli Şuranın tərkibində istiqlalçılar, sosial-demokratlar və radikalların nümayəndələri daxil oldu. Tezliklə bütün ölkədə Milli Şuranın nüfuzu artdı. Rumın və çex milli şuraları da monarxiya ilə əlaqələrini kəsdilər. Çexiya Avstriyanın tərkibindən çıxıb müstəqil oldu. Müstəqilliyini elan edən Slovakiyanın Çexiya ilə Birləşməsi nəticəsində Çexoslovakiya dövləti yaradıldı. Avstiya respublika elan edildi. Beləliklə Habsburqların hakimiyyəti yalnız Macarıstanda qaldı. IV Karlın tapşırığı ilə Macarıstanın Ershersoqu İosif oktyabrın 29-da Xadiki baş nazir təyin etdi. Bir gün sonra o, hökumət yaratdı. Lakin Vəziyyət düzəlmədi və xalqın narazılığı azalmadı.[3] 1918-ci ilin oktyabrın 30-da Budapeştdə zəhmətkeşlərin üsyanı oldu. Üsyan edən fəhlələr silah zavodunu ələ keçirərək silahlanıb əsgərlərə qoşuldular. Silahlı 177 üsyançılar oktyabrın 31-də hökumət evini, teleqraf, poçt və s.- ni ələ keçiridlər. Lakin sovetlərdə əksəriyyəti təşkil edən sağ sosialistəlr fəhlə hökuməti təşkil etməkdən boyun qaçıraraq hakimiyyəti burjuaziyaya verdilər. Oktyabrın 31-də Xadik istefaya getdi. IV Karlın tapşırğı ilə İosif baş nazir vəzifəsinə Mixay Karoyini təyin etdi. Həmin gün İstiqlaliyyət partiyasının rəhbəri Mixail Karoyi başda olmaqla koalisiyalı hökumət təşkil edildi. Bu hökumətin tərkibinin əksəriyyəti burjua nümayəndələrindən ibarət idi. Lakin burada sağ və mərkəzçi sosialistlərin də nümayəndələri var idi. Yeni hökumətin tapşırığı ilə 1918-ci ilin noyabr ayının 3-də Padui yaxınlığında general Veber faktiki mövcud olmayan Avstriya-Macarıstan imperiyasının adından Antanta ilə barışıq imzaladı. 1918-ci il noyabrın 16-da Macarıstan respublika elan edildi. 1919-cu ilin yanvar ayında M.Karoyi prezident seçildi. Yenicə təşkil edilmiş koalision hökumət fəhlə-kəndlilərin çıxışlarını yatırmağa və burjuaziyanın hakimiyyətini möhkəmləndirməyə çalışdı.
Xronologiya
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Cornelius, Deborah S. Hungary in World War II: Caught in the Cauldron (ingilis). Fordham Univ Press. 2017-02-25. 10. ISBN 9780823233434. 2020-01-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-02.
- ↑ Mustafayeva, Səmayə. AVROPA VƏ AMERİKA ÖLKƏLƏRİNİN ƏN YENİ TARİXİ (I Hissə). Bakı: ADPU-nun nəşriyyatı. 2010.
- ↑ Qasımlı, Musa. Avropa və Amerika ölkələrinin müasir tarixi (I hissə). Bakı: "Adiloğlu" nəşriyyat. 2003.