Aplit

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Aplit
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Aplit (yun. άπλόος – sadə) — xırda və ya narın dənəli, nadir hallarda porfirvarı ağ, açıq boz, sarımtıl və ya çəhrayı rəngli (ümumiyyətlə açıq rəngli) minerallardan – xırda izometrik kvars və çöl şpatlarından ibarət maqmatik damar (dayka) süxuru. Aplitlərə azqalınlıqlı daykalar və damarcıqlar şəklində qranit və qranitoid kütlələrində, bəzən isə onlardan kənarda ətraf süxurların çatlarında rast gəlinir. Apltlərdə cüzi miqdarda rəngli minerallar – maqnetit, mikalar, bəzən qələvi piroksenlər və amfibollardan başqa aksessor mineral kimi muskovit, bəzən qranat və turmalin, adi aksessor minerallar – maqnetit, ortit, həmçinin apatit və bir çox başqa nadir minerallar (ksenotim, xrizoberill, aleksandrit, topaz, anataz və s.) var. Mikrostrukturu aplit və ya panidiomorf dənəvərdir; dənələrinin forması çox halda qeyri-düzgün üçbucaqlı və ya qeyri-düzgün dairəvidir. Tərkibinə və yatım şəraitinə görə Aplit dayka və damarcıqları maqmanın qalıq turş ərintisinin intruziv kütlələrin və ətraf süxurların çatlarına nüfuz edərək kristallaşıb bərkiməsi nəticəsində əmələ gəlir. Belə ərintilər həmişə su və digər uçucu komponentlərlə zəngin olduğundan maqmanın soyuması zamanı həmin komponentlərin ərintidən ayrılması onun kristallaşmasını sürətləndirməklə yanaşı xırda dənəli strukturun əmələ gəlməsinə səbəb olur; qalıq ərinti qapalı şəraitdə kristallaşdığı zaman peqmatitlər əmələ gəlir.

Sinonimləri – qranitin, qranomazanit, xaplit; növləri – qranit-aplit, qranodiorit-aplit, diorit-aplit, kvarslı diorit-aplit, kvarslı monsonit-aplit, monsonit-aplit, plagioqranit-aplit, kvarslı siyenit-aplit, siyenit-aplit, tonalit-aplit. Azərbaycan ərazisində aplitlərə ən çox Kiçik Qafqazın Gədəbəy, Daşkəsən, Qabaqtəpə, Üçtəpə, Dəlidağ, Mehri-Ordubad və s. intruzivlərin qranitoid kütlələrində təsadüf olunur.[1]

  1. Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 574. ISBN 978-9952-441-02-4.25 000 nüs.&rft.pub="Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi&rft.date=2009&rft.isbn=978-9952-441-02-4&rfr_id=info:sid/az.wikipedia.org:Aplit" class="Z3988">