ATMOS 2000
Bu məqaləni vikiləşdirmək lazımdır. |
ATMOS 2000 | |
---|---|
Ölkə | |
İstismar tarixçəsi | |
İstismara başlanması | 2001 |
İstehsal tarixçəsi | |
Konstruktor | Soltam Systems |
İstehsalçı | Soltam Systems, Elbit Systems |
Xüsusiyyətləri | |
Ağırlığı | 22 t[1] |
Uzunluğu |
|
Eni | 2.650 mm |
Hündürlüyü | 3.240 mm |
Vikianbarda əlaqəli mediafayllar |
ATMOS 2000 (avtonom olaraq yük maşınına quraşdırılmış haubitsa sistemi) İsrailin hərbi məhsullar istehsal edən Soltam Systems şirkəti tərəfindən istehsal olunan 155 mm/52 çaplı özüyeriyən artilleriya sistemidir.
Təyinatı
[redaktə | mənbəni redaktə et]Azərbaycan Ordusunun artilleriya hissələrində məhdud sayda mövcud olan, standart versiyada 6x6 çəkimli TATRA T815 VVN 6X6 şassisi bazasında hazırlanan İsrailin ATMOS 2000 özüyeriyən artilleriya qurğusu düşmənin artilleriyasını, minaatanlarını, cəmləşmə rayonlarında yerləşən texnikası və canlı qüvvəsini, idarəetmə bölmələrini və təminat məntəqələrini məhv etmək, uzunmüddətli müdafiə qurğularını dağıtmaq, habelə mina sahələrində və digər səhra maneələrində keçidləri təmin etmək üçün hazırlananan artilleriya sistemidir.
İstehsalçı
[redaktə | mənbəni redaktə et]Əvvəlcə bu artilleriya sisteminin inkişafı "Soltam" tərəfindən həyata keçirilirmişdir. ATMOS 2000 ilk növbədə ixracyönümlü sistem olaraq hazırlandı, yalnız 2006-cı ildə İsrail ordusu tərəfindən onun sınaqlarına başlandı. 2010-cu ildən isə sonradan bu şirkət İsrailin "Elbit Sistems" kompaniyasının tərkibinə daxil oldu. Bu isə sonuncunu artilleriya sistemlərinin məşhur ixracatçılarından birinə çevirdi.
"Soltam" indi də "Elbit Sistems" kompaniyasının tərkibində müasir tipli müxtəlif çaplı artilleriya silahlarının geniş assortimentinin layihələndirilməsini, hazırlanmasını və istehsalını həyata keçirir. Sistemlər bütün standart NATO döyüş sursatlarından istifadə edə bilir.
Müştərilərin tələblərini ödəmək üçün "Soltam" artilleriya sistemləri atəşi idarəetmə sistemi, sürət RLS-i, ətalətli naviqasiya və hədəf aşkarlama sistemi və s. ilə təchiz edilir. "Soltam"a aid 52 kalibrli 155 mm-lik top/ haibitsaların maksimum atəş məsafəsi 41.000 km-ə qədər çatır.
ATMOS və ATHOS-un yaranması
[redaktə | mənbəni redaktə et]1990-cı illərin sonlarında "Soltam" şirkəti TIG 2000 (Towed Independent Gun) 839/845 modelinin daha da inkişaf etdirilən versiyasını təqdim etdi. 1999-cu ildə isə TIG 2000 qurğusunun özüyeriyən şassidə yerləşən SPWG (self-propelled wheeled gun) versiyası hazır oldu. Prototip 52 kalibrli uzunluqda lüləyə sahib idi və 6x6 təkər formulalı TATRA şassisindən istifadə edirdi, lakin müştərinin istəyi ilə digər şassi və daha qısa lülələr tətbiq edilə bilərdi. 2001-ci ildə TIG 2000 adı ATMOS-2000 (Autonomous Truck-Mounted Howitzer System) olaraq dəyişdirildi.
2000-ci illərin əvvəllərində ATMOS-un qoşquda çəkilən/özüyeriyən bir analoqu olan ATHOS (Autonomous Towed Howitzer System) ortaya çıxdı. 2010-cu ildə isə "Soltam" şirkəti "Elbit Systems" tərəfindən alındı. Hazırda "Elbit Systems" kompaniyasının saytında ATHOS və ATMOS sadəcə "Soltam ATHOS" və "Soltam ATMOS" adlanır.
ATMOS 2000 inkişafetdiriciləri bu sistemin hərəkətliliyinə ciddi diqqət yetiriblər. Bu özüyeriyən qurğuların bütün dizaynı, ilk baxışdan digər müasir özüyeriyən silahlarla, o cümlədən Azərbaycan ordusunun arsenalında olan digər artilleriya silahları ilə müqayisədə müasir tələblərə cavab verir. Bundan əlavə, ATMOS 2000-in istifadəsi çox sadə, saxlanılması ucuzdur, təmiri isə "one-self-repair" prisipinə əsasən ərazidə heyət üzvlərinin vasitəsilə asanlıqla yerinə yetirilə bilir.
Hazırda standart ATMOS 2000, bütün standart NATO 155 mm döyüş sursatlarına uyğun olan 155 mm/L52 haubitsa ilə silahlanır. "Soltam" şirkəti sifarişçinin istəyi ilə ATMOS 2000 qurğusunu 155 mm/L39 və 155 mm/L45 kimi daha qısa toplarla, həmçinin Sovetlərin 130 mm-lik M-46 topu ilə də təchiz edə bilər. Avtomobil standart versiyada cəmi 32 mərmi daşıya bilir. Azərbaycan ən azından 5 ədəd 155 mm-lik ATMOS qurğularından ibarət bir batareyaya malikdir. Təchizatın sonradan davam edib-etməməsi haqqında dəqiq məlumatlar mövcud deyil. Sistem üzərində istismar şəraiti ilə əlaqədar yaranan zəruri təkmilləşdirmələrin davamlı olaraq aparılması istisna deyil.
ATMOS-un konstruksiyası
[redaktə | mənbəni redaktə et]ATMOS (Autonomus Truck Mounted Howitzer System — Yük maşınına yerləşdirilən avtonom haubitsa) ÖAQ İsrailin "Elbit Soltam Systems" şirkəti tərəfindən layihələndirilib və istehsal edilib. Bu haubitsa həm 6×6, həm də 8×8 formulalı şassilərə yerləşdirilə bilər və sifarişçinin tələbinə əsasən zirehli kabinə və atəşi idarəetmə sistemi ilə təchiz oluna bilər. Bu şassilərə 39, 45 və 52 kalibr uzunluğa malik 155 mm-lik haubitsa quraşdırmaq mümkündür. Haubitsa üfuqi və mexaniki tuşlama ötürücüləri, həmçinin mərminin yükləmə mexanizmi ilə təchiz olunub. Bu isə həm doldurucuların fiziki yükünü azaltmağa, həm də atəş tempini artırmağa imkan verir.
Sursat dəsti platformanın mərkəzi hissəsinin yan tərəflərindəki qutularda yerləşir. Platformanın dizaynı və silahların yeri, topun istənilən bucaq altında atəş açarkən maksimum sabitliyini təmin edəcək şəkildə düşünülüb. Top ağız əyləci və geri təpmə cihazları ilə təchiz edilir. Geri təpmə impulsunu söndürmək üçün hidropnevmatik qurğu ilə birləşdirilən hidravlik təpmə əyləclərindən istifadə olunur. Geri təpmə məsafəsinin uzunluğu tənzimlənə bilir.
Top döyüşdə yüksək etibarlılığı təmin edən, üfüqi bir şəkildə hərəkət edən tıxac və yarımavtomatik çaxmaq ilə təchiz olunur, lakin bu heyətin hazırlanması üçün tələbləri artırır. Ümumiyyətlə, yarımavtomatik çaxmağın zədələnməsi və ya digər problemlər yarandıqda, silahla əlaqəli bütün fəaliyyətlər, o cümlədən atəş də mexaniki rejimdə aparıla bilir.
ATMOS qurğusunun Taktiki-Texniki Xüsusiyyətləri
[redaktə | mənbəni redaktə et]- Heyəti: 4–6 nəfər;
- Kütləsi: 22000 kq;
- Qabarit ölçüləri:
- Uzunluğu 9.5 m;
- Eni: 2.65 m;
- Hündürlüyü 3.24 m;
- Güc qurğusu: dizel;
- Mühərrikin gücü: 315 at gücü;
- Maksimum sürəti: 80 km/saat;
- Ehtiyat məsafəsi: 1000 km;
- Aşılan yamac bucağı: 50 °;
- Aşılan maneə hündürlüyü: 0.6 m;
- Aşılan su maneəsinin dərinliyi: 1.4 m;
- Aşılan xəndəyin eni: 0.9 m.
Sursatları
[redaktə | mənbəni redaktə et]20-ci əsrin sonundan bəri bir çox NATO orduları 155 mm silahları universal standart olaraq qəbul eməyə başlayıb. 155 mm-lik çapa və 52 kalibr lülə uzunluğuna malik ATMOS artilleriya qurğuları NATO-nun bu çapda olan bütün sursat assortimentindən istifadə edə bilir. Maksimum atəş məsafəsi adi sursatla 30 km, reaktiv mühərrikli sursatla isə 41 km təşkil edir. Atəşin maksimal tempi dəqiqədə 4–9 ədəd atəş arasında dəyişir. Yükləmə mexanizminin istifadəsi isə atəş tezliyinin dəqiqədə 75 dəfəyə qədər artmasına imkan verir.
155 mm məsafə və dağıdıcı qüvvə arasında kompromis hesab edilir, digər tərəfdən isə vahid çaplı sursatlardan istifadə təchizatı da asanlaşdırır. Hazırda bu çapda müxtəlif təyinatlı sursatlar bir çox ölkələrdə, o cümlədən Azərbaycanla hərbi-texniki sahədə əməkdaşlıq edən ölkələrdə istehsal edilir. Nisbətən aşağı ilkin sürət isə idarəolunan mərmilərin daxilindəki elektron elementlərə ziyan yetirmir.
Adi mərmilərin daha dəqiq tuşlanmasını təmin etmək, sursatların partlayıcısını əvəz edərək ona idarəolunma xüsusiyyətləri verən hazır modulların alınmasına üstünlük verilə bilər. Belə modullar İsrailin IMI şirkəti tərəfindən istehsal edilir.
Şassi
[redaktə | mənbəni redaktə et]Kompleksin şassisini zirehli kabinə malik 6x6 təkər formulalı TATRA T815 VVN yük maşını təşkil edir. Kompleksin hərbi nəqliyyat təyyarələrində, məsələn C-130 "Hercules" təyyarəsində daşınması mümkündür. TATRA bazasında yerləşən ATMOS 2000 heyətinə dörddən altı nəfərə qədər şəxsi heyət daxil ola bilər. Heyətin bir hissəsi kompleksə daxil olan və ehtiyat sursatın daşınması üçün nəzərdə tutulan nəqliyyat vasitəsinin idarəetməsində iştirak edir.
Çexiyanın TATRA şirkəti zirehli yük maşınlarının istehsalı üzrə dünya liderlərindən biri olduğu üçün onu ətraflı təqdim etməyə ciddi zəruriət yoxdur. Şirkətin 4x4, 6x6, 8x8, 10x10 və 12x12 təkər formulasına malik məhsulları on illərdir ki, bir çox məşhur müdafiə sənayesi şirkətləri tərəfindən müxtəlif silah sistemlərinin şassisi kimi istifadə edilir.
6x6 TATRA T815 VVN kabinəsi, ekipajı kiçik silahlar və artilleriya mərmilərinin qəlpələrindən qoruyan zirehli təbəqələrdən hazırlanır. Dizel mühərriki 315 at gücünə, üç oxa və altı təkərə malikdir. Dördoxlu və səkkiz təkərli versiyada mövcuddur. Ön və arxa oxlar çəkimlidir, fövqəladə hallarda idarəetmə arxa oxların ehtiyat sükanı vasitəsilə də həyata keçirilə bilər. Maşında mühərrik söndürüldükdə belə, mərmi yüklənməsini təmin edən əlavə bir güc qurğusu da mövcuddur.
T-815 markalı TATRA yük maşınları NATO-nun STANAG 4569 standartının 2-ci səviyyəsinin tələblərinə cavab verir. Nəqliyyat vasitəsinin ekipajı və daxili kabinin komponentləri 7,62×39 mm zirehdələn sursatların və 80 m məsafədən 155 mm artilleriya mərmilərinin qəlpələrindən qorunur. Standarta uyğun olaraq, maşın təkər altındakı 6 kq TNT ekvivalentində partlayışa tab gətirir.
Zirehli kabinin dizaynı onun qorunmasını gücləndirməyə də imkan verir. Müştərinin istəyi ilə kabin daha güclü zirehlərlə təchiz oluna bilər. Bu vəziyyətdə, NATO-nun 3-cü səviyyəsində qorunma təmin edilir. Bu zaman maşın 7.62x51 mm-lik zirehdələn mərmiyə və 60 m məsafədəki 155 mm-lik mərminin qəlpələrinə qarşı davamlı olur. Alt hissədə tab gətirilməli partlayış gücününün TNT ekvivalenti isə 8 kq-a qədər artırılıb.
Modernləşdilən versiyalar
[redaktə | mənbəni redaktə et]Şirkət hazırda öz istehsalından başqa, digər istehsalçıların mövcud modellərinin modernləşdirilməsini də təklif edir. Onlardan biri də Sovet istehsalı 130 mm-lik M-46S və Çinin "Type-59–1" toplarının 39 və ya 45 kalibrlə 155-mm-lik versiyada modernləşdirilməsidir. Bu versiyadan Hindistan 180 ədəd əldə edib.
Müxtəlif mövcud artilleriya qurğularının modernləşdirilməsi də "Soltam" şirkətinin ixtisaslaşdığı əsas fəaliyyət sahələrindən biridir. Şirkət 155 mm-lik M114, 152 mm-lik M85, 130 mm-lik M46 və bu tip artilleriya sistemlərinin modernləşdirilməsində ciddi bilik və təcrübəyə malikdir. Bu fəaliyyətin nəticəsində mövcud artilleriya sistemlərinin təkmilləşdirilərək onların döyüş qabiliyyətinin müasir tələblər səviyyəsinə yüksəldilməsi təmin edilir. 130 mm-lik M46-nın modernləşdirilməsi nəticəsində topun maksimun atəş məsafəsi 37 km-ə qədər artıb.
Şirkət M-46S toplarının ATMOS 2000 bazasında özüyeriyən versiyasını da hazırlayıb. ÖAQ-ın hər birinin modernləşdirilən versiyasının alınması üçün ən azı 250 min dollar ödənilməsinə dair məlumatlar mövcuddur.
Bundan başqa, şirkət 120 mm-lik D-30 toplarının xüsusi olaraq Qazaxıstan üçün "KamAZ" bazasında ATMOS D-30 (yerli adı- "Semser") prototipini də hazırlayıb. Onların kütləvi istehsal Qazaxıstanda həyata keçirilib. Layihənin ümumi dəyəri 120 milyon dollar olub. Bu versiyanın da Azərbaycanda istifadəsinə dair məlumatlar mövcuddur.
Alternativ şassilər
[redaktə | mənbəni redaktə et]Azərbaycanda istehsal olunan "KamAZ" şasisləri üzərində ATMOS ÖAQ-ın quraşdırılması mümkündür. Çətin keçilən ərazilərdə yüklərin və şəxsi heyətin daşınması üçün nəzərdə tutulan, 6x6 və 8x8 təkər formulasına malik yerli istehsal "KamAZ" maşınları xüsusiyyətlərinə görə TATRA-dan geri qalmır. Kifayət qədər etibarlı, qənaətçil və dözümlü olan "KamAZ" maşınları ressor tipli asqıya malikdir. Diferensialın söndürülməsi funksiyasına sahib maşın, 425/85R21 və 390/95R20 ölçüdə xüsusi şinlər ilə təchiz edilir. Maşının konstruksiyası böyük kütləli yükləri kobud və dağlıq ərazilərdə rahatlıqla daşımağa imkan verir.
Avtomobilin şinlərin təzyiqinə nəzarət edən mərkəzi sistemi, təkərlərdən birinin deşilməsi vəziyyətində belə maşının hərəkətinə davam etməsinə şərait yaradır. 280 at gücünə, üç oxa və altı təkərə malik "Avro-4" standartlı "KamAZ-740.622–280" mühərriki ilə təchiz edilən maşında ZF9 sürətlər qutusundan istifadə edilir. Yanacaq çəninin həcmi 210 litrdir. Yüklü yanacaq sərfiyyatı ərazidən asılı olaraq 30–38 litr arasında dəyişir. Silahlanmamızda mövcud olan 36 ədəd M46 toplarının heç olmasa bir batareyasının "KamAZ" bazasında yerləşdirilməsi və modernləşdirilməsi Azərbaycan üçün məqsədəuyğun hesab edilə bilər.
130 mm-lik M46 yedəklənən top
[redaktə | mənbəni redaktə et]130 mm-lik topun atəş qurğusu lülədən, mərmi kamerasından və lülə ucundakı əyləcdən ibarətdir. M-46 topu horizontal mexaniki çaxmaq sistemi ilə təhciz olunur. Top biroxlu lafetin üzərində quraşdırılır, döyüş zamanı lafetin ön təkərli hissəsi sökülür, topun qundaqları yana açılaraq hazır vəziyyətə gətirilir. Topun yedəyə alınıb aparılması üçün "KamAZ", "Ural", "Kraz" və digər iri yük avtomaşınlarından və AT-C tırtıllı artilleriya yedəkləyicilərindən istifadə olunur. Hazırda M-46 topu keçmiş Sovet məkanında yerləşən ölkələrin, həmçinin bir çox keçmiş Şərqi Avropa dövlətlərinin silahlanmasında mövcuddur. Daha öncə də qeyd etdiyimiz kimi, "Soltam" şirkəti Ordumuzun silahlanmasında mövcud olan M46 toplarının modernləşdirilməsini də həyata keçirdiyi üçün, əldə etdiyimiz ATMOS batareyasının divizion səviyyəsinə qədər komplektləşdirilməsi üçün müəyyən addımların atılması mümkündür.
130 mm-lik artilleriya qurğularında isə istifadə edilən döyüş sursatları məqsədinə və dağıdıcı qabiliyyətinə görə müxtəlif tiplərə bölünür:
- - 53-OF-482M, OF3 qəlpəli fuqas mərmiləri;
- - 53PVR-482, 53VR-482(V) zirehdəlici, izburaxan mərmiləri;
- - 3ХS5, 3ХS6, 3ХS9 kimyəvi mərmiləri;
- - 3DÇ1 hədəf göstərən mərmi;
- - AZ-SP-46, 3S2 işıqlandırma mərmiləri;
- - idarəedilən mərmilər.
M46 topunun Taktiki Texniki-Xüsusiyyətləri
[redaktə | mənbəni redaktə et]- Ekipaj: 8 nəfər
- Ağırlığı: 7.7 ton
- Uzunluğu: 11.73 m
- Lülənin uzunluğu: 7.15 m
- Eni: 2.45 m
- Hündürlüyü: 2.55 m
- Klirens: 0.45 m
- Yedək maşını: "KamAz", "Ural", "Kraz", AT-S
- Şosse yolda sürəti: 50 km/saat
- Çapı: 130 mm
- Lülənin qalxma bucağı: −2.5º… 45º
- Üfüqi tuşlama bucağı: −25º… 25º
- Mərminin kütləsi: 29.1–33.4 kq
- Mərminin ilkin sürəti: 930 metr/saniyə
- Atış tezliyi: dəqiqədə 8 ədəd;
- Atəş məsafəsi: 27.5 km;
- Maksimal atəş məsafəsi: 37 km.
İstifadəçiləri
[redaktə | mənbəni redaktə et]Hazırda bu silah sistemindən İsrail və Azərbaycandan başqa, Rumıniya, Uqanda, Tailand və Kamerun istifadə edir. 5 ədəd 130 mm-lik ATMOS 2000 qurğusunun Azərbaycana 2011-ci ilə qədər verildiyi və 2013-cü ildən istismar edildiyi barədə məlumatlar mövcuddur.
Nəticə
[redaktə | mənbəni redaktə et]Təkərli şassiyə malik özüyeriyən təkərli vasitələr, tırtıllı şassilərdə yerləşdirilən rəqiblərindən yalnız mühafizə və təhlükəsizlik istisna olmaqla, digər göstəricilərə görə daha üstün hesab edilir. Lakin bu istisnalar düşmənlə təmas xəttindən uzaq, müdafiə dərinliklərindən atəş açan uzaq mənzilli artilleriya sistemləri üçün ən vacib amillər hesab edilmir.
Eyni zamanda ATMOS 2000 qurğusunun hərəkətliliyi, yəni alınan koordinatlara dərhal bir neçə mərmi buraxması, atəşdən bir neçə dəqiqə sonra mövqeyini dəyişərək yeni mövqedə yerləşməsi mühafizə və təhlükəsizliklə bağlı çatışmazlıqları asanlıqla kompensasiya edir. Yaxşı hazırlıqlı heyət platformanın mövqeyə gəldiyi andan bir dəqiqə yarım sonra özüyeriyən qurğunu tam döyüş hazırlığına gətirə bilər.
Həm 130 mm-lik mərmilərin, həm "KamAZ" avtomobillərinin Azərbaycanda istehsal olunması, həm də Ordumuzun 36 ədəd M46 topuna malik olması, Azərbaycanın adıçəkilən şassisi üzərində yerləşdirilən M46 toplarına malik ATMOS qurğusuna üstünlük verməsi üçün tam münbit şərait yaradır. Burada digər bir səbəb də az rol oynamaya bilər. "Topun çapı və ya atəş tempi" dilemmasında Azərbaycan hərbçilərinin silahın atəş tempinin lehinə seçim edəcəyi də ehtimal olunur. Çünki standart 155 mm-lik haubitsanın mexaniki rejimdə maksimum atəş tempi dəqiqədə 4–9 ədəd, 130 mm-lik topda isə dəqiqədə 12 ədəd mərmidən ibarətdir. 130 mm-lik topun istifadə edəcəyi mərmilərin assortimenti də kifayət qədər genişdir. Yerli istehsal arasında zirehdələn və ya qəlpəli fuqas mərmilərin də olduğu ehtimal edilir. "Soltam" modernləşdirilməsi M46 toplarının atəş effektivliyi və dəqiqliyini artırmaqla yanaşı, artilleriya bölmələrimizin gücünə güc qatacaq.
Maşınlarda quraşdırılan bort kompüter sisteminin, bu qurğunun Azərbaycan Silahlı Qüvvələrinin istismar etdiyi mövcud müasir batareya atəşinin idarə edilməsi sistemlərinə tam inteqrasiyasını təmin etməsini də xüsusilə qeyd etmək vacibdir. Atəş koordinatlarının bort kompüter sisteminə həm komanda məntəqəsindən, həm üst komandanlıq qərargahından, həm kəşfiyyat məntəqəsindən, həm də heyət komandiri tərəfindən daxil edilməsi vacib xüsusiyyətlərdəndir.
Azərbaycan Ordusunda mövcud olan özüyeriyən silahlara qarşı irəli sürülən ən vacib tələblərdən biri maksimum uzaq məsafələrə daşınan artilleriya atəşi açmaq imkanına malik olmasıdır. Mövcud artilleriya vasitlərinin atəş məsafəsi 20–200 kilometrə çatır ki, bu da döyüş əməliyyatlarında iştirak edən birlik və hissələrin ikinci eşelonundan həm açıq, həm də qapalı mövqelərdən düşmənə sarsıdıcı zərbə endirilməsinə imkan verir. Bu isə öz növbəsində Azərbaycan Ordusunun düşmənin canlı qüvvəsini, zirehli texnikasını və sığınacaqlarını darmadağın etməsinə, rəqibi müşahidə etmədən belə ümumqoşun ehtiyatlarının müdafiə dərinliyindən ön xəttə köçürülməsinin qarşısını almağa imkan verir. Uzaq mənzilli artilleriya sistemlərinin digər bir üstünlüyünə, bir neçə müdafiə xəttini eyni zamanda atəşlə əhatə etmək, artilleriya zərbələrini vacib hədəflərə və ehtiyatların hərəkət istiqamətlərinə cəmləşdirmək bacarığını da aid etmək olar. Belə bir vəziyyətdə özüyeriyən artilleriya qurğuları düşmənin təsirli cavab atəşi hüdudlarından kənarda qalır, əgər işğalçı Ermənistanın yeni əldə edəcəyi "Swathi" RLS-i qurğularımızın yerləşdiyi ərazini aşkar etməyə imkan taparsa, o zaman vasitələrimiz düşmənə qarşı artilleriya duelini və əks-batareya döyüşlərini uğurla həyata keçirə bilərlər.
Mənbə
[redaktə | mənbəni redaktə et]- https://ordu.az/az/news/162521/ordumuzun-silahlanmasinda-israil-istehsali-artilleriya-qurgusu-atmos-2000-arasdirma Arxivləşdirilib 2020-04-21 at the Wayback Machine
- http://www.newsru.co.il/israel/05apr2017/elbit302.html
- https://en.globes.co.il/en/article-defense-ministry-wants-israeli-made-artillery-1001174668
- https://www.armyrecognition.com/may_2019_global_defense_security_army_news_industry/israel_invests_in_new_artillery_with_atmos_automatic_howitzer_guns_by_elbit_systems.html
- https://www.armyrecognition.com/adex_2018_news_official_show_daily/adex_2018_elbit_systems_unveils_atmos_m-46_130mm_truck-mounted_howitzer_variant.html
- https://ru.wikipedia.org/wiki/ATMOS_2000
- https://oleggranovsky.livejournal.com/29722.html
- https://ru.wikipedia.org/wiki/Солтам
- https://www.tatra.cz/nakladni-automobily/odvetvovy-katalog/armada/