Əminə Mukbilə Sultan
Əminə Mukbilə Sultan | |
---|---|
امينه مقبله سلطان | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 19 sentyabr 1911 |
Doğum yeri | Dolmabağça sarayı, İstanbul, Osmanlı imperiyası |
Vəfat tarixi | 21 may 1995 (83 yaşında) |
Atası | Ömər Hilmi Əfəndi |
Anası | Xədivə Firdevs Gülnəv xanım |
Həyat yoldaşı | Əli Vasib Əfəndi |
Uşağı | Osman Səlahəddin Əfəndi |
Ailəsi | Osmanlı xanədanı |
Dini | Sünni, İslam |
Əminə Mukbilə Sultan (ərəb. امينه مقبله سلطان) (19 sentyabr 1911, Dolmabağça sarayı, İstanbul ili – 21 may 1995) — Osmanlı sülaləsinin üzvü, Osmanlı xanım sultanı.
Həyatı
[redaktə | mənbəni redaktə et]Əminə Mukbilə Sultan 1911-ci ildə Dolmabağça sarayında dünyaya gəldi. Atası Sultan Rəşadın oğlu Ömər Hilmi Əfəndi, anası isə onun ilk xanımı Xədicə Gülnəv xanımdır. Babasının ölümünün ardından atası bütün ailə üzvləriylə birlikdə saraydan uzaqlaşdırıldı və Nişantaşındakı köşkdə yaşamağa başladılar. Ancaq bir il sonra anası gənc yaşda vəfat etdi və kiçik Əminə qardaşı Mahmud Namiq Əfəndiylə birlikdə nənəsi Mihrəngiz Qadınəfəndinin himayəsinə verildi.
Türkiyə Cümhuriyyətinin qurulması və Osmanlı ailəsinin sürgün edilişinin ardından 1924-cü ilin mart ayında 13 yaşlı Əminə nənəsi, atası və kiçik qardaşıyla birlikdə əvvəlcə Budapeştə, daha sonra İsveçrəyə, ardından Nitsaya getdi. 1928-ci ildə burada tanış olduğu Sultan Muradın nəticəsi Əli Vasib Əfəndi ilə nişanlandı. Cütlüyün nigahı son Osmanlı xəlifəsi Əbdülməcid Əfəndi tərəfindən 30 noyabr 1931-ci ildə Nitsadakı Ruhl Otelində kəsildi. Nigahdan 2 il sonra Fransadakı bahalı həyata uyğunlaşmadıqları üçün atası, nənəsi və yeni ailəsiylə birlikdə öncə Qahirəyə, daha sonra İsgəndəriyyəyə köçən Əminə Sultan yeganə övladı olan Osman Səlahəddin Əfəndini 1940-cı ildə burada dünyaya gətirdi. Misirdə ikən 1935-ci ildə atası, 1938-ci ildə isə nənəsi vəfat etdi və hər ikisi burada dəfn olundu.
1952-ci ildə sülalənin xanım üzvlərinə Türkiyəyə qayıtma icazəsi verilsə də, Əminə Sultan övladı və ərindən ayrılmaq istəmədi. Nəhayət bütün sülalə üzvlərinin əfv edilməsinin ardından Əminə Sultan bütün ailə üzvləriylə birlikdə 1974-cü ildə İstanbula köçdü. Həmin il oğluyla birlikdə, doğulduğu və artıq muzeyə çevrilmiş olan Dolmabağça sarayını ziyarət etdi. 1977-ci ildə Mehmed Əbdüləziz Əfəndinin vəfatı ilə əri Əli Vasib Əfəndi Osmanlı sülaləsinin rəisi oldu. Ancaq 1983-cü ildə vəfat edən ərini Türkiyədə dəfn etdirə bilmədilər və cənazə İsgəndəriyyəyə daşınaraq orada dəfn olundu. Ərinin məzarı 2007-ci ilin mayında oğlu Osman Səlahəddin Əfəndinin təşəbbüsü ilə Türkiyəyə gətirildi və Sultan Rəşad türbəsinə dəfn olundu.
Əminə Sultan isə 21 may 1995-ci ildə İstanbulda vəfat etdi və xüsusi icazəylə babasının Əyyubsultandakı türbəsinə dəfn olundu.
Övladları
[redaktə | mənbəni redaktə et]Mənbə
[redaktə | mənbəni redaktə et]- Brookes, Douglas Scott (2010). The Concubine, the Princess, and the Teacher: Voices from the Ottoman Harem. University of Texas Press. ISBN 978-0-292-78335-5
- Adra, Jamil (2005). Genealogy of the Imperial Ottoman Family 2005. p. 33