Şur
Şur – 1) Azərbaycan musiqisində yeddi ladlarından (məqamlarından) biri, 2) əsas Azərbaycan muğam dəstgahlarından biri.[1]
Etimologiya
[redaktə | mənbəni redaktə et]Şur sözünün farsca bir mənası "eşq, sevgi"dir, digər mənası "qalmaqal"dır [2]. Bu keyfiyyətə görə də həmin dəstgah dinləyicini şura gətirərək, xəyala daldırır, onu düşünməyə sövq edir. Eyni zamanda Şur dinləyicidə, şən, lirik, əhval–ruhiyyə oyadır.
Tarixçəsi
[redaktə | mənbəni redaktə et]Şur adlı muğama nə ərəb, nə türk, nə də Orta Asiya şifahi – peşəkar musiqisində təsadüf edilmir. Bu ada həmçinin orta əsrlər cədvəllərində də rast edilmir. Şur təkcə İran və Azərbaycanda şifahi-peşəkar musiqisinin bir dəstgahıdır. Şur Azərbaycanda əsas muğam dəstgahlarından ikincisidir. Muğam dəstgahları içərisində Şur ən sanballı, irihəcmli dəstgahdır.
Tədqiqatçıların fikrincə, “Şur” muğamının özülünü Orta əsrlərdə 12 klassik muğamdan biri olan “Nəva” muğamı təşkil edir. Doğrudan da “Nəva”nın səs sırası “Şur” məqamının səs sırasına çox uyğundur. Bununla belə, digər bir fikir də var. Bu baxımdan, professor Məmmədsaleh İsmayılovun bəzi mənbələrə əsaslanan fikirləri də maraqlıdır. O, “Şur” adının XVI əsrdən sonra yaranmasını göstərərək, belə ehtimal edir ki, “Şur” muğamı müəyyən dövrdə “Dügah” adını daşımışdır və təsadüfi deyil ki, “Şur” məqamının səs sırası “Dügah”ın səs sırasına oxşardır. Üzeyir Hacıbəyli zaman keçdikcə həm muğamların, həm də onların şöbə və guşələrinin dəyişikliyə uğramasını göstərərək, “Bayatı-Şiraz” və “Şur” kimi yeni adların meydana gəlməsini bununla izah etmişdir [3].
Şur muğam dəstgahı kimi
[redaktə | mənbəni redaktə et]Dəstgahlar içərisində şur ən böyük həcmli, ən sanballı dəstgah sayılır. Belə ki, özlüyündə müstəqil bir dəstgah mahiyyəti kəsb etmiş şur-şahnaz, Əbu-əta, dəşti, bayatı-türk kimi kiçik dəstgahlar da əslində şura mənsub muğamlardır. Başqa dəstgahlara nisbətən şurun zərbli muğamları da çoxdur (səmayi-şəms, ovşarı, osmanlı (maani), arasbarı və s.).
Ən lakonik şəkildə verilmiş olsa, şur dəstgahı tərkibinə aşağıdakı şöbə və guşələr daxildir: mayə, səlmək, Hacı Yuni, şur-şahnaz, busəlik, bayatı-Qacar (bayatı-türk), şikəsteyi-fars, əşiran, səmayi-şəms, zəmin-xara, hicaz, sarənc, nəşib-fəraz.[4]
Muğam şöbələri arasında ifa olunan rənglər də əsas muğamın adını daşıyır.[5]
Örnəklər
- Əhsən Dadaşov adına "Xatirə" xalq çalği alətləri ansamblı - Şur rəngi
- Fikrət Əmirov - Şur (Simfonik muğam)
Şur muğamı İran musiqisində
[redaktə | mənbəni redaktə et]Iran musiqisində 7 əsas (dəstgah) muğamdan (makamdan) biridir.[6]
Şur musiqi ladı (məqamı) kimi
[redaktə | mənbəni redaktə et]Azərbaycan xalq musiqisində əsas məqamlardan biridir. Şur muğamının kökü aşıq musiqi yaradıcılığında da görkəmli yer tutur – aşıq mahnılarının çoxu məhz şur kökündə olur. Azərbaycan xalq mahnıları, oyun havaları və başqa instrumental formalar (cəngi, qəhrəmani, koroğlular və s.) da çox vaxt şur muğamı kökündə yaradılır. Quruluşu: 1 - 1/2 - 1 ton formullu üç tetraxordun qovuşuq üsulla (x1- intervalı məsafəsində) birləşməsindən ibarətdir; səssırası 10 pilləlidir, IV pillə mayə (tonika) pilləsidir. Məqamın səssırasının III, IV, VI, VII, VIII pillələri istinad-dayaq pilləsi kimi “Şur” muğamının şöbələrinin əsasını təşkil edir; bu məqamda qurulan musiqi nümunələri həmin pillələrə əsaslanır. Re şur məqamının səssırası:
Şur məqamında bəstələr
[redaktə | mənbəni redaktə et]- Xalq mahnıları
- "Ağacdan alma dərrəm, sataram"
- "Gül açdı"
- Rəqslər
- Qızıl gül [7]
- Bəstəkar mahnıları, instrumental parçaları
- Üzeyir Hacıbəyov - Aşıqsayağı triosu
- Üzeyir Hacıbəyov - "Koroğlu" operasından "Çənlibel" xoru
- Üzeyir Hacıbəyov - "Arşın mal alan" operettasından Gülçöhrənin ariyası "Aşiq oldum"
- Üzeyir Hacıbəyov - "Şəfqət bacısı" mahnısı
- Üzeyir Hacıbəyov - "Yaxşı yol" mahnısı
- Cavanşir Quliyev - Skripka və saz üçün sonata [8]
- Gülarə Əliyeva - Şur fantaziyası
Mənbə
[redaktə | mənbəni redaktə et]- ↑ "Əfrasiyab Bədəlbəylinin "İzahlı monoqrafik musiqi lüğəti - Şur". 2020-11-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-05-09.
- ↑ "Eldar Mansurov - Muğamın tarixi. Muğam adlarının yaranması haqqında. Qobustan jurnalı". 2016-03-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-05-09.
- ↑ "Elnur Əhmədov. "Şur" muğamı. "Konservatoriya" jurnalı, №2, 2011" (PDF). 2016-03-05 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2013-06-06.
- ↑ "Muğam Ensiklopediyası - Şur". 2022-01-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-05-09.
- ↑ "Muğam Ensiklopediyası - Rəng". 2021-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-05-09.
- ↑ "Arxivlənmiş surət". 2011-07-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-09-02.
- ↑ "Эльнара Дадашева. Некоторые особенности мелодических отклонений в азербайджанских народных танцах. Международный музыкальный культурологический журнал "Harmony"". 2021-07-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-05-09.
- ↑ "Üzeyir Hacıbəyov. Azərbaycan xalq musiqisi əsasları. - Didaktik material. Şur". 2022-01-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-05-09.
Filmoqrafiya
[redaktə | mənbəni redaktə et]Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- "Ustad dərsi" verilişi - Şur muğamı (VİDEO)
- Muğam festivalı Arxivləşdirilib 2016-03-13 at the Wayback Machine