Şapurun Xosrovun yanına qayıtması

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Şapurun Xosrovun yanına qayıtması
Rəssam Ağa Mirək Mirzə Qiyas
Tarixi 1539-1543
Üslubu Təbriz miniatür məktəbi
Sifarişçi I Şah Təhmasib
Saxlanıldığı yer Britaniya Milli Kitabxanası

Şapurun Xosrovun yanına qayıtmasıI Şah Təhmasibin sifarişi ilə 1539–1543-cü illərdə hazırlanmış və Təbriz miniatür məktəbinin sənətkarları tərəfindən çəkilmiş rəsmlərlə bəzədilmiş Nizami Gəncəvinin "Xəmsə" əlyazmasına daxil olan, Ağa Mirək Mirzə Qiyas tərəfindən çəkilmiş rəsm əsəridir. Miniatürün daxil olduğu əlyazma hazırda Britaniya Milli Kitabxanasında (MS Or. 2265) saxlanılır.[1]

Nizaminin "Xosrov və Şirin" poemasında, Şapur Xosrovun şəkli vasitəsilə Şirində ona qarşı eşq oyatdıqdan sonra, Xosrova müjdə vermək üçün onun yanına qayıdır. Nizami poemada bu epizodu belə təsvir edir:

" Şah sərxoş, saqinin əlində bir cam,
Cəng səsi tutmuşdu hər yanı tamam.
Xosrovun sərf tək gözəllərindən
Biri gəldi ora, sevincək və şən.
Dedi: “Şapur gəlib, rüsxət istəyir.
[2]
"

Açıq çəmənlikdə zəngin bəzədilmiş çadır qarşısında saray əyanları və musiqiçilər əyləşmişlər. Təbiətin qoynunda, dağ döşündə kef məclisi qurulmuşdur. Qonaqlara naxışlı qablarda, üzəri sərpuşlarla örtülmüş yemək gətirilmişdir. Saqi qədəhlərə şərab süzür. Nimçələrdə meyvə və müxtəlif yeməklər görünür. Bəzəkli çadırda, qonaqların əhatəsində gənc Xosrov əyləşmişdir. Onun solunda dayanmış üç xidmətçi yemək paylayır. Qarşı planda digər xidmtçi manqalda kabab bişirir. Aşağıda, sol küncdə müğənni və onu müşayət edən arfa çalan görünür. Sağ tərəfdə daha iki musiqiçi vardır. Onların biri kamança, digəri müasir fleytanı xatırladan ney çalır.[3]

Şapurun qayıtdığını Xosrova xəbər verən şıq geyinmiş gənc məclisi bir alığa xələldar edir. Ağa Mirək müjdəçini gənc oğlan kimi təsvir etmişdir. N. Zamanovun fikrincə, həmin gəncin Şapur olmasını iddia etmək düzgün olmazdı. Çünki, qısa saqqallı olan Şapurun üzü I Şah Təhmasibin sifarişi ilə hazırlanmış "Xəmsə" əlyazmasına daxil olan digər miniatürlərdə başqa cür təsvir olunmuşdur.[4] Zamanovun fikrincə, rəssam öz təfsirində müasir mövqedən çıxış edərək dövrün adət-ənənəsini nəzərə almış və buna görə də, şairin mətni xilafına müjdəçi qızı, oğlanla əvəz etmişdir.[4]

Miniatürün yuxarı planında, tənə arxasından yarıyadək görünən bir qrup atlı arasında ağ qızılbaş çalmalı Şapur görünür. Yenicə atdan düşmüş Şapur qayalıqdan enərək çadıra doğru irəliləyir. Buradakı Şapur surəti başqa rəssamların miniatürlərində, məsələn Mirzə Əlinin "Şapurun Xosrovun rəsmini Şirinə göstərməsi" əsərində verilən eyni qiyafə, libas və sifatdə təsvir edilmişdir.[5] Kompozisiyanın yuxarı və aşağı hissələrində düzbucaqlar içərisində Nizami poemasından alınan kiçik mətnlər yazılmışdır.[5]

  1. "Khamsah of Nizami". bl.uk. Britaniya Milli Kitabxanası. 2016-10-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 avqust 2017.
  2. Gəncəvi, Nizami. Xosrov və Şirin. Bakı. 1962. 74.
  3. Zamanov, 1981. səh. 36
  4. 1 2 Zamanov, 1981. səh. 37
  5. 1 2 Zamanov, 1981. səh. 38
  • Zamanov, Nadir. Nizami poeziyası və təsviri sənət (Azərbaycan SSR EA Memarlıq və İncəsənət İnstitutu). Bakı: Elm. 1981. səh. 190.