Şəmsi Əsədullayev
Şəmsi Əsədullayev | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Bakı |
Vəfat tarixi | |
Vəfat yeri | Yalta |
Vəfat səbəbi | günvurma |
Uşağı | Mirzə Əsədullayev |
Fəaliyyəti | sahibkar |
Vikianbarda əlaqəli mediafayllar |
Şəmsi Əsədullayev — XX əsrin əvvəllərində Azərbaycanın neft maqnatı, multimilyonçu, ictimai xadim. Neftin Rusiyaya daşınmasında buxar gəmisindən birinci istifadə edən neftxuda.[1][2]
Həyatı
[redaktə | mənbəni redaktə et]Şəmsi Əsədullayev 1841-ci ildə Bakının Əmircan kəndində anadan olmuşdur.[3][4]
Gənclik illəri
[redaktə | mənbəni redaktə et]Şəmsi Əsədullayev də bir çox Bakı milyonçuları kimi yoxsul ailədən çıxmışdır. O, gənc yaşlarında kənddə atasının əkin-biçininə kömək edir, araba ilə biçilmiş taxılı daşıyır, xırman salırdı. Bu illərdə əmircanlıların əsas taxıl yerləri Suraxanı torpaqlarında idi. XX əsrin əvvələrində neft sənayesinin inkişafı ilə əlaqədar olaraq, bu torpaq sahələrinin mühüm bir hissəsi Suraxanıda neft çıxarılması və kerosin emalı ilə məşğul olan rus tacirlərindən Kokorev və Qubonin tərəfindən ucuz qiymətə alınmışdı. Onlar Suraxanıda Atəşgahın yanında kerosin emal edən bir zavod tikdirmişdilər. Torpaqsız qalan Suraxanı və Əmircan kəndinin sakinləri neft mədənlərində işləməyə məcbur olurlar. Şəmsi Əsədullayev də əkinçiliyi buraxaraq, neft işinə başlayır.[2]
Milyonçu kimi fəaliyyəti
[redaktə | mənbəni redaktə et]Əsədullayev 1860-cı ildə Kokorevin yanında işlər müdiri vəzifəsinə yüksələ bilir. Bir müddətdən sonra neft və duz podratçılığı ilə məşğul olur. O,15 il müddətində xeyli qazanc əldə etdikdən sonra podratçılığı buraxaraq, kerosin zavodu açır. 1890-cı illərdə neft işi ilə məşğul olan bir neçə nəfər ilə birlikdə şirkət təşkil edir. Əldə edilən neftin Rusiya bazarlarına çıxarılması onu daha çox düşündürürdü. Nahayət, 1891-ci ildə neftin Xəzər vasitəsi ilə daşınması sahəsində Bakı neft kapitalistləri içərisində ilk dəfə olaraq, buxar şxunu (iki və üç dorlu yelkənli gəmi) sifariş verir.[2]
1874-cü ildə azacıq kapitalla primitiv üsullarla işləyən neftçıxarma kontoru açır. Artıq 1893-cü ildə bu kiçik kontor "Şəmsi Əsədullayev" adına yeni texnoloji üsullarla işləyən neftçıxarma firmasına çevrilir. 1893-cü ildə cəmi 500 manat kapitala malik "Şəmsi Əsədullayev" firması 1913-cü ildə artıq 10 milyon manat vəsaitə malik idi. Şəmsi Əsədullayev Sabunçu, Suraxanı və Ramanada yerləşən 37 neft buruğunun, mexaniki emalatxanaların və neftayırma zavodlarının, Xəzər dənizində neft və neft məhsulları daşıyan gəminin sahibi idi. Moskvada böyük daşınmaz mülkiyyətin sahibi idi.[3][4]
1895-ci ildə təzə aldığı torpaq sahələrindən birində neft fontan vurur. Fontan 56 gün davam edir. Bu yataq hər gün 1 milyon 600 min pud neft verirdi. Bu, Bakı neft sənayesi tarixində ən məşhur fontanlardan biri idi.[2]
O həm neft mədəni, həm də neft daşıyan dəniz və çay donanmasının sahibi olmuşdu. Şəhərin mərkəzində əsas fasadı Qoqol küçəsinə, digər iki yan fasadlarının biri Gimnaziya (Tolstoy) küçəsinə, digəri Karantin (Həzi Aslanov) küçəsinə baxan əzəmətli bina tikdirir.[2]
Hələ 1880-ci ildə Volqa çayında və Xəzər dənizində gəmiçiliklə məşğul olan gəmiçilik şirkəti- “Qafqaz və Merkuri”, Bakıda sərnişin limanında yeni elektrik fənərləri quraşdırmışdı. O, şəxsi elektrik stansiyasına sahib olmuş və ona xidmət üçün xaricdən mütəxəssislər dəvət etmişdi.[2]
Xarici sərmayə ilə yanaşı, yerli sərmayənin payı Şəmsi Əsədullayev və onun kimi digər Bakı milyonçularının sayəsində artırdı. Ramananın neftlə zəngin torpağına kapital qoyan yerli burjuaziyanın ilk nümayəndələrindən biri Ş.Əsədullayev olmuşdur. Kəndə yatırım qoyan milyonçu yerli əhalini işə cəlb etmiş, neft biznesi ilə bir sıra işlər görmüş, kənddə müxtəlif səpkili tikililər inşa etdirmişdir. Onun bir zamanlar tikdirdiyi binalar bu gün də kənd camaatı arasında “Əsədullayevin evləri”, “Əsədullayevin uşaqlarının evləri” adlanan milyonçuya aid fəhlə yataqxanaları Ramana qalasının arxasında mövcuddur.[2]
Şəmsi Əsədullayev, Musa Nağıyevlə birlikdə 1896-cı ildə “Böyük Puta” adlı yerdə Məşədi Əbdülrəhman Məşədi Əliqulu oğluna məxsus 242 desyatinlik torpaq sahəsini satın alıb, neft mədənlərini salmışdılar. Ş.Əsədullayev 1900-cü ildə, 7.3 milyon pud neft çıxarmış, 11.5 milyon pud neft məhsulları satmışdır.[2]
1904-cü ildə Ş.Əsədullayev və İbad bəy Tahirov Moskvada, Zakaspidə və İranda neft məhsulları satışı üzrə müqavilə bağlamışdır. 1907-ci ildə onun Ramanadakı mexaniki təmir emalatxanasında, qazan emalatxanasında, elektrik stansiyasında 466 nəfər, neft mədənində isə 16 nəfər fəhlə işləyirdi.[2]
Əsədullayev, demək olar ki, bütün qış aylarını Moskvada və Peterburqda keçirirdi. Bakıda onun neft işləri ilə böyük oğlu Mirzə Əsədullayev məşğul olurdu. Volqada naviqasiya açılan kimi Bakıya gələr və neçə ay müddətində anbarlarda toplanmış nefti Rusiyaya öz müştərilərinə göndərməyə başladı.[2][3]
Ş.Əsədullayev və Nobel qardaşları
[redaktə | mənbəni redaktə et]Əsədullayevin neft hasilatı artdıqca onun Volqaboyu şəhərlərdə - Moskvada, Polşada, habelə Orta Asiyada, İranda neft anbarlarının sayı artırdı. Xəzər dənizi sahillərinə və Volqaboyu şəhərlərə öz gəmilərində neft daşıtdırıb satdırardı. Şəmsi Əsədullayevin adı həmişə Nobel qardaşlarının adı ilə qoşa çəkilirdi. Çünki bütün Rusiyada, Türküstanda, İranda, hətta Finlandiyada belə Nobellərin dükanı və kontoraları ilə üzbəüz, ya da ki, yanaşı kontor və dükan açıb Nobellərdən ucuz qiymətə neft satır və ona mane olurdu. Oktyabr ayının axırlarında Volaqada naviqasiya bağlananda Bakıda neftin qiyməti xeyli aşağı düşürdü; böyük neftxudalar, o cümlədən Şəmsi də xırda mədən sahiblərindən nefti ucuz alıb anbarlara vurur, yazda naviqasiya açılanda Rusiyaya daşıtdırardı.[2]
Xeyriyyəçilik fəaliyyəti
[redaktə | mənbəni redaktə et]Şəmsi Əsədullayev XX-ci əsrin əvvəllərində Azərbaycanın neft maqnatlarından biri olub. Onun adı həmişə Nobel qardaşlarının adı ilə yanaşı çəkilib. Ş.Əsədullayev Rusiyaya neft daşımaq üçün buxarlı gəmidən istifadə edən ilk neft sahibkarıdır. Bakıdakı mülkləri ilə yanaşı Peterburqda Neva çayının sahilində, Qış Sarayının yanında möhtəşəm bina inşa edə bilib. Həyat yoldaşı Mariya üçün Moskvada hovuz və oranjereya ilə füsünkar imarət alıb. Bütün bunlarla yanaşı o, həmçinin xeyriyyəçilik ilə də sıx məşğul olub. Öz malikanələrindən birini Müsəlman mədəni mərkəzinə (Tatar evinə) bağışlayıb.
Şəmsi Əsədullayev xeyriyyəçiliklə məşğul olmuş, elmə, mədəniyyətə xüsusi qayğı göstərmiş, onlarla azərbaycanlı gəncin Almaniyada, Fransada, Varşavada, Kazanda, Kiyevdə, Moskvada, Odessada, Peterburqda və Xarkovda oxumasına himayədarlıq etmişdir. Tiflisdə olan Aleksandr müəllimlər institutu onun şəxsi vəsaiti hesabına fəaliyyət göstərmişdir.[4]
O, Moskvaya köçdükdən sonra da maarifçilik və xeyriyyə işlərini genişləndirmiş, yoxsul uşaqlar üçün məktəblər açdırmışdı. Moskvadakı Kiçik Tatar döngəsində tikdirdiyi evi o zaman təzə yaradılmış Tatar Mədəniyyət Cəmiyyətinə bağışlamışdı.[1][3][4]
O, 1905-ci ilin avqust ayında Ümumrusiya müsəlmanlarının Nijni-Novqorodda keçirilmiş birinci qurultayının da iştirakçısı olmuşdur. Ümumrusiya müsəlmanlarının qurultayı da 1917-ci ilin may ayında Ş.Əsədullayevin müsəlmanlara bağışladığı binada keçirilmişdi. Həmçinin "Nəşri-maarif" cəmiyyətinin üzvü kimi fəaliyyət göstərmişdir. 1913-cü ildə isə Romanovlar sülaləsinin 300 illiyi münasibətilə Tiflis Müəllimlər İnstitutunda öz adına iki təqaüd təsis etmişdir.[3]
Vəfatı
[redaktə | mənbəni redaktə et]Əsədullayev 1913-cü il 21 apreldə Yaltada günvurmadan 72 yaşında vəfat etmişdir. Onun meyiti Bakıya gətirilərək dəfn edilmişdir.[2][4]
Ailəsi
[redaktə | mənbəni redaktə et]Şəmsi Əsədullayevin Bakıda bir müsəlman arvadı, iki oğlu (Mirzə, Əli) və üç qızı (Sara, Xədicə və Ağabacı) vardı. İkinci dəfə Şəmsi Mariya Petrovna adlı bir rus qadınla ailə qurur və 1903-cü ildə Moskvaya köçür.[2]
Şəmsi Əsədullayev Peterburqda Neva çayı sahilində, “Qış sarayı” yaxınlığındakı məhəllədə əzəmətli bina ucaltmışdı. Moskvada həyat yoldaşı Mariya üçün içərisində çarhovuz və oranjereya olan təmtəraqlı mülk almışdı. Peterburqda və Moskvada bir neçə yerdə mülklər tikdirib, xeyriyyə işləri ilə məşğul olmuşdu.[1][2]
Əsədullayevin böyük oğlu Mirzə Musa Nağıyevin qızı, kiçik oğlu Əli isə H.Z.Tağıyevin Leyla adlı qızı ilə evlənmişdi. Qızı Sara atasının işlər müdiri Zal Həsənovun həyat yoldaşı olub.[2]
Paris şəhərində vəfat etmiş azərbaycanlı yazıçı Banin (Ümmülbanu) xanım Mirzə Əsədullayevin qızıdır. O, əsərlərini fransız dilində yazırdı. İki milyonçu babanın – Şəmsi Əsədullayevlə Musa Nağıyevin nəvəsidir. Şəmsi Əsədullayevin nəsil davamçılar, xüsusən, oğlu və nəvələri Azərbaycandan kənarda yaşamalarına baxmayaraq, yazıb-yaratmış, elmi, ictimai işlərlə məşğul olmuşlar.[1][2][3][4]
Sovet rejimi
[redaktə | mənbəni redaktə et]1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti süqut etdikdən sonra kommunist rejimi Əsədullayevin bütün mülkiyyətini milliləşdirdi. Həmçinin Şəmsi Əsədullayevin Mərdəkanda əzəmətli bir bağı vardı. Bu bağ özünün çox böyük sahəsi və əzəmətli tağvarı qapısı ilə fərqlənirdi. Bağ XIX əsrin axırlarında salınmışdı. Sovet hökuməti bu bağı da müsadirə edib, sanatoriyaya çevirdi.[2][3][4]
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 4 "Şəmsi Əsədullayev". 2021-11-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-20.
- ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 "Nobel qardaşlarının qənimi Şəmsi Əsədullayev" (PDF). 2022-03-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-11-20.
- ↑ 1 2 3 4 5 6 7 "Ömrünü qürbətdə başa vurdu". 2022-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-20.
- ↑ 1 2 3 4 5 6 7 "Əsədullayev Şəmsi" (PDF). 2019-03-20 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-11-20.