Utrext Universiteti
Utrext Universiteti (nid. Universiteit Utrecht) — Niderland Krallığında, Utrext şəhərinin mərkəzində yerləşən ali təhsil müəssisəsi. Niderlandın böyük dövlət universitetlərindən biri olan bu ali məktəbin qədim bağları, binaları, yaxınlıqdakı küçələrin adları onun zəngin tarixə malik olmasının sübutudur.
Utrext Universiteti | |
---|---|
Universiteit Utrecht | |
52°05′07″ şm. e. 5°10′30″ ş. u.HGYO | |
Əsası qoyulub | 1636 |
Tip | Dövlət |
Tələbə sayı | 29927 |
Şəhər | Utrext şəhəri |
Ölkə | |
Sayt | uu.nl |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəQədim tarixə malik olan Utrext Universitetinin yaranması 1636-cı ilə təsadüf edir. Amma hələ 695-ci ildə İrland keşişi Villibrord Utrext şəhərində keşiş yetişdirən məktəb yaratmağı təklif etmişdir. Onun bu şəhərdə yaratdığı seminariya kilsə ilə əlaqəli fəaliyyət göstərir və sonradan Domskul - Kilsə Məktəbi adlandırılır.
1634-cü ildə Utrext Şəhər Şurası "Şöhrətləndirilmiş məktəb" adlı ali məktəb açır. 26 mart 1636-cı ildə həmin məktəb Utrext Universitetinə çevrilir və elmi dərəcə vermək hüququ qazanır. Universitetdə dörd fakültə (fəlsəfə, hüquq, ilahiyyat, tibb) yaradılır. Fəaliyyətinin ilk vaxtlarında universitetin yeddi müəllimi və onlarca tələbəsi olur. Ali məktəbin tələbələri yalnız oğlanlardan ibarət idi. Burada həmin dövrdə təhsil alan yeganə qadın ilahiyyat üzrə mühazirələri dinləyən Anna Mariya van Şurman olur. Leyden, Franeker, Qroningen, Hardervik, Amsterdam kimi qədim və nüfuzlu ali məktəblərlə rəqabət aparan Utrext Universiteti tədricən böyüyür və çiçəklənir. Tezliklə universitetin Botanika bağı və Smeetoren astronomiya rəsədxanası istifadəyə verilir.
Utrext Universitetinə çoxlu sayda əcnəbi tələbələr cəlb olunur. Universitetdə Almaniya, İngiltərə, Şotlandiya və Avropanın digər ölkələrindən təhsil alan gənclər daha çox üstünlük təşkil edir. Həmin dövrlərdə bu ali məktəbdə fəlsəfənin intellektual, ilahiyyatçı və yeni fəlsəfə tərəfdarları (yeni fəlsəfənin yaradıcısı filosof Rene Dekart bir neçə il Utrext şəhərində yaşayır), eləcə də pravoslav ilahiyyatçılar arasında mübahisə aparılır.
XVIII əsrdə Utrext Universiteti durğunluq dövrünü yaşayır. 1806-cı ildə Niderland fransızlar tərəfindən işğal olunduqdan sonra Utrext Universiteti "'école secondaire'" - orta məktəb statusu alır, lakin 1813-cü ildə Niderland Krallığı yaradıldıqdan sonra ali məktəb əvvəlki statusunu bərpa edir. Leyden, Qroningen və Utrext universitetləri yeni yaradılmış krallığın dövlət universitetləri statusunu alır. 1850-ci ildə universitetdə fəaliyyət göstərən alimlər Piter Hartinq, Gerardus Malder, Xristofor Bays Ballot və Fransisk Dondersin səyləri nəticəsində mövcud olan dörd fakültəyə əlavə olaraq beşincisi - Utrext Dəqiq Elmlər Məktəbi yaradılır. Məktəbdə laboratoriyalar quraşdırılır və burada təhsil alan tələbələr təhsillərini təcrübə ilə zənginləşdirirlər.
XIX əsrin ikinci yarısında universitet yenidən çətinliklərlə üzləşir. Universitetin inkişafı üçün dövlətin maliyyə yardımına böyük ehtiyac duyulur, lakin dövlət universitetə həmin vəsaiti ödəmək imkanına malik olmur. Hətta Utrext Universitetinin bağlanılması barədə müzakirələr aparılır. Bütün yaşanan gərgin anlara baxmayaraq, ali məktəb çətinliklə də olsa inkişaf edir. XX əsrin əvvəllərində universitetə ilk qız tələbə - Katarina van Tussenbroek qəbul edilir. Artıq 1915-ci ildə Utrext Universitetinin tələbələrinin dörddə bir hissəsini qızlar təşkil edir. Universitetin müəllimləri arasında isə bu vəziyyət daha aşağı templə gedir. 1916-cı ildə Utrext Universitetinin professoru təyin edilmiş ilk holland qadın Yohanna Vesterdijk İkinci Dünya müharibəsinin sonlarınadək universitetdə çalışan yeganə qadın müəllim olur.
Utrext Universitetinin inkişafında burada fəaliyyət göstərən alimlərin (fizioloq-həkim Hubrext, hüquqşünaslar Hamaker və Molenqraaff, tarixçilər Kernkamp və Geyl, dəqiq elmlər üzrə Maqnus və Minnaert, ilahiyyatçı Van Unnik və s.) böyük rolu olur. 1925-ci ildə Baytarlıq Məktəbinin Utrext Universitetinə birləşdirilməsi nəticəsində ali məktəbdə altıncı fakültə - baytarlıq fakültəsi yaradılır. Bu da universitetdə çoxlu sayda ixtisas və təhsil proqramlarının açılmasına səbəb olur. 1929-cu ildə ilk dəfə olaraq Utrext Universitetinin alimi Kristian Eykman Nobel mükafatına layiq görülür. İkinci Dünya müharibəsindən sonra universitetdə Geoelmlər, Biologiya, Kimya departamentləri, Sosial elmlər fakültəsi açılır, tələbələrin sayı sürətlə artmağa başlayır. 1960-cı ildən bir çox fakültələr və onların kitabxanaları, xəstəxanaları, akademik müəssisələri De Uithof ərazisinə köçürülür. Dəqiq elmlər fakültəsi genişləndirilərək nəhəng elmi-tədqiqat mərkəzinə çevrilir.
Hazırda Utrext Universiteti dövlət ali təhsil müəssisəsi olsa da, İkinci Dünya müharibəsindən başlayaraq sərbəst fəaliyyət göstərir.
Müasir vəziyyəti
redaktəUtrext Universitetinin Humanitar və Hüquq fakültələrinin binaları Utrext şəhərinin mərkəzində, qalan binaları isə şəhər kənarındakı De Uithof ərazisində yerləşir. Utrext Universitetinə məxsus Universitet Kolleci Hollandiyanın sabiq hərbi bazası olan KROMHOUT Kazerne ərazisində yerləşir.
De Uithof kampusunda Utrext Universitetinin 30-a yaxın binası mövcuddur. Kampusun binaları qeyri-adi memarlıq üslubu ilə seçilir. Memar Rem Kolhaas tərəfindən inşa edilmiş Edukatorium binası dairəvi divarlara və şüşə körpüyə malikdir. Minnaert binasında yağış suyu toplamaq məqsədi ilə xüsusi hovuz quraşdırılıb. Kampusun ərazisində yerləşən binaların əksəriyyəti burada çalışan alimlərin adlarını daşıyır, məsələn: həkim Albert Abraham Hijmans van der Berqin, fizik Nikolas Blombergenin, qadın fizik Karolina Blikerin, kimyaçı Huqo Kruytun, sosiologiya fakültəsinin yaradıcılarından olan Martinus Langeveldin, belçikalı astronom Marsel Minnaertin, həkim van Straatenin, De Uithof ərazisində binaların tikintisini aparan memar Marinus Ruppertin, "İncil"in tədqiqatı ilə məşğul olan alim Villem van Unnikin, botanik Frits Ventin, fiziklər Robert van Qraaf və Leonard Salomon Ornşteynin, meteoroloq Buys Ballotun və s.
2007-ci ilin yanvarında baş vermiş qasırğa nəticəsində qaldırıcı kran Ruppert binasının üzərinə yıxılır. Hadisə nəticəsində bir neçə insan yaralanır və bina 2007-ci ilin sentyabrınadək fəaliyyət göstərmir. De Uithof kampusunda 1002 tələbə tutumuna malik Kambridgelaan, 552 nəfərlik De Bisschoppen, 377 nəfərlik Kasa Konfetti yataqxanaları yerləşir.
Fakültə və institutları
redaktəUtrext Universiteti 7 fakültə və 3 institutdan - IVLOS Təhsil İnstitutu Ruzvelt Akademiyası və Utrext Universitet Kollecindən ibarətdir.
Geoelmlər fakültəsi Yer Elmləri, Ekoloji Elmlər, İnsan Coğrafiyası və Planlaşdırma institutlarından ibarətdir. Fakültə bakalavr səviyyəsində holland dilində tədris olunan 5 (Yer elmləri, Ətraf mühit ekologiyası və sosial elmlər, Ekologiya, İnnovasiya və idarəetmə elmləri, İnsan coğrafiyası və planlaşdırma), magistratura səviyyəsində isə 15-dən 12-si ingilis dilində tədris olunan (Biogeologiya, İqtisadi coğrafiya, Geokimya, Geo-kommunikasiya, İnformasiya və əlavələrinin idarəolunması, Geologiya, Geofizika, İnsan coğrafiyası və planlaşdırma, Hidrologiya, Beynəlxalq inkişaf tədqiqatları, Fiziki coğrafiya, Planologiya, Dəqiq elmlər və innovasiya menecmenti, Sabit inkişaf, Şəhər coğrafiyası) proqram, eləcə də əlavə Yerşünaslıq, Geoelmlər, Geoelmlər Yay Məktəbi kursları təklif edir.
Humanitar elmlər fakültəsinə Holland dili, Tarix və incəsənət, Media və kulturologiya, Müasir dillər, Fəlsəfə, Dinşünaslıq və ilahiyyat departamentləri, Holland Dili, Tarix və İncəsənət tarixi, Humanitar elmlər, Media və Kulturologiya, Müasir Dillər, Fəlsəfə və Süni İntellekt, Dinşünaslıq və İlahiyyat məktəbləri, həmçinin magistr və doktorantlar üçün nəzərdə tutulmuş Humanitar Elmlər Ali Məktəbi, Dinşünaslıq və İlahiyyat (INTEGON), Tarix və İncəsənət Tarixi (OGC), Utrext Dilçilik (UİL OTS), ZENO Fəlsəfə Elmi-Tədqiqat institutları, fakültələrarası Münaqişələrin Öyrənilməsi, Dekart mərkəzləri, Etika İnstitutu daxildir.
Hüquq, iqtisadiyyat və idarəetmə fakültəsi Hüquq fakültəsindən, İqtisadiyyat və İdarəetmə məktəblərindən ibarətdir. Hüquq fakültəsində hüququn özəl, cinayət, konstitusiya və inzibati, beynəlxalq və digər sahələri üzrə tədqiqatlar həyata keçirilir. Fakültəyə Ekologiya Hüququ Siyasətləri, Montel mərkəzləri, Avropa, Viarda, Vergi Hüququ, Beynəlxalq, Sosial və İqtisadi Dövlət Hüququ, Hüquq Nəzəriyyəsi, Konstitusiya və İnzibati Hüquq, Molenqraaff Özəl və Notarial Hüquq, Niderland Dəniz Hüquqları, Niderland İnsan Hüquqları, Villem Pomp Cinayət Hüququ və Kriminologiya institutları aiddir. İqtisadiyyat Məktəbi Bakalavr İqtisadiyyat Məktəbi, magistr və doktorantlar üçün nəzərdə tutulmuş Ali İqtisadiyyat Məktəbi və Tjallinq Kupmans İnstitutundan ibarətdir. İdarəetmə Məktəbi idarəetmə sahəsi üzrə bir neçə bakalavr və magistr proqramları təklif edir. Hər tədris ilinin birinci semestrində bakalavr pilləsində təhsil alan tələbələrə Həyata keçirmə, Siyasətin aparılması, Avropa və Niderland idarəetməsi, Dövlət idarəçiliyi və təşkilatçılıq elmləri kursları tədris edilir.
Sosial və əxlaq elmləri fakültəsi bakalavr səviyyəsi üçün nəzərdə tutulmuş Fənlərarası ictimai elmlər, Mədəni antropologiya və sosiologiya, Metodologiya və statistika, Pedaqogika və təhsil elmləri, Psixologiya (Sosial və təşkilatçılıq, Kliniki və sağlamlıq, İnkişaf psixologiyası bölmələri) departamentlərindən ibarətdir. Magistr və doktorantların təhsil aldığı Sosial və Əxlaq Elmləri Ali Məktəbi tələbələrinə Mədəni antropologiya: Sosiomədəni dəyişmələr, Cəmiyyətdə uşaq və gənclərin inkişafı, Pedaqoji elmlər: qarşılıqlı əlaqədə öyrənmə, Metodologiya və statistika, Miqrasiya, etnik əlaqələr və çoxmədəniyyətlilik, Sosial və sağlamlıq psixologiyası, Sosiologiya və sosial tədqiqatlar və s. proqramlar təklif edir.
Dəqiq elmlər fakültəsində 8 bakalavr (Tətbiqi riyaziyyat, Biologiya, Kimya, Əczaçılıq, Kompüter, İnformasiya elmləri, Riyaziyyat, Fizika və astronomiya), 25 magistr, onlarla doktorluq, 26 əlavə proqram mövcuddur. Fakültənin nəzdində bakalavrlar üçün Əczaçılıq Kolleci, Yay Məktəbi, magistr və doktorantlar üçün Dəqiq Elmlər, Həyat Elmləri ali məktəbləri fəaliyyət göstərir. Fakültənin elmi-tədqiqat mərkəzlərində Beyin, idrak və davranış, Dərman innovasiyaları, Yer və sabitlik, Dəqiq elmlərin əsasları, Cəmiyyətdə və elmdə informasiya texnologiyaları, Həyat elmləri və biomürəkkəblik, eləcə də digər sahələri əhatə edən proqramlar üzrə tədqiqatlar həyata keçirilir.
Tibb fakültəsi Biotibbi genetika, Ürək və ciyər, Cərrahiyyə, Daxili və dermatoloji xəstəliklər, Pediatriya, Təsvir etmə, İntraəməliyyat, fövqəladə hallar və tibbi qəzalarda yardım, Qadın və körpə bölmələrindən, IC, Yulius Sağlamlıq və İlkin Tibbi Yardım mərkəzlərindən, Əczaçılıq laboratoriyasından ibarətdir. Fakültədə biotibbi elmlər, biotibbi genetika, kliniki epidemiologiya, ürək-damar xəstəlikləri, immunologiya və infeksion xəstəliklər, nevrologiya, onkologiya və digər sahələr üzrə ən yeni tədqiqatlar aparılır.
Baytarlıq fakültəsinin bakalavr pilləsində tədris olunan proqramlar yalnız holland dilindədir. Magistratura pilləsində Baytarlıq epidemiologiyası və iqtisadiyyatı, Baytarlıq və molekulyar patologiya, Heyvanların sağlamlığı proqramları təklif olunur. Fakültəyə Elm və cəmiyyətdə heyvanların yeri (Heyvanların müdafiəsi və laboratoriya heyvanları, Heyvanlarla davranış, İnsan və heyvan əlaqələri bölmələri), Biokimya və hüceyrə biologiyası (Biokimya, Hüceyrə biologiyası bölmələri), Ev heyvanları kliniki tədqiqatları (Şüa diaqnostikası, Daxili tibb, Zoologiya tibbi, Anesteziologiya, Ümumi cərrahiyyə bölmələri, Baytarlıq Diaqnostika laboratoriyası), Atçılıq elmləri (Baytarlıq əczaçılığı, Əczaçılıq və toksikologiya bölmələri), Farm heyvanların sağlamlığı (Gövşəyən heyvanların, Donuzların, Quşların sağlamlığı, Heyvanların qidalanması, İqtisadiyyat, Epidemiologiya, Kənd təsərrüfatı heyvanları, çoxalma, Daxili tibb, Ümumi baytarlıq xidməti bölmələri), İnfeksion xəstəliklər və immunologiya (Kliniki təhsil, tədqiqat, Baytarlıq mikrobiologiyası, Gənə xəstəlikləri, Molekulyar müdafiə, Virusologiya bölmələri), Risk qiymətləndirilməsi departamentləri (Baytarlıq səhiyyəsi, Ekoloji epidemiologiya, Toksikologiya bölmələri), Patobiologiya (Anatomiya və fiziologiya, Patologiya, Molekulyar patologiya, Vəhşi təbiətin mühafizəsi bölmələri, Baytarlıq Pataloji Diaqnostika Mərkəzi), Heyvanların Tədqiqatı üzrə mərkəzi Laboratoriyası (Eksperimental tədqiqatlar, Çoxaltma, kriokonservasiya və sanitariya, Eksperimental cərrahiyyə) daxildir.
İdarəçilik
redaktəİcraçılar və Nəzarətçilər şuraları tərəfindən idarə olunan Uuniversitetin prezidenti və İcraçılar Şurasının sədri İvonn van Roydur. Ali məktəbin rektoru isə professor Hans Stoofdur. Fakültələrə dekanlar rəhbərlik edir. Ali məktəbin əməkdaşlarının sayı təxminən 8700 nəfərə yaxındır. Tibb fakültəsinin əməkdaşlarını çıxmaq şərtilə universitetdə 7479 nəfər işçi çalışır. Əməkdaşların 54%-ni kişi, 46% isə qadın işçilər təşkil edir.
Kontingent
redaktəUtrext Universitetində ümumilikdə 29927 nəfər tələbə təhsil alır. Tələbələrin 6378 nəfəri birinci kurs tələbəsi, 2150 nəfəri isə doktorantlardır. Universitetdə dünyanın 130 ölkəsindən 2532 nəfər əcnəbi tələbə təhsil alır.
Büdcəsi
redaktəUtrext Universitetinin 2009-2010-cu tədris ilində illik büdcəsi 716 milyon avro təşkil edib. Universitetdə təhsil haqqı yerli, Avropa Birliyi və Avropa İqtisadi Məkanı ölkələrini təmsil edən, eləcə də əcnəbi tələbələr üçün fərqlidir. Yerli, Avropa Birliyi və Avropa İqtisadi Məkanı ölkələrindən olan tələbələrin təhsil haqqı 2010-2011-ci tədris ilində bakalavr və magistratura səviyyələrində 1672 avrodur. Əcnəbi tələbələrin təhsil haqqı həmin tədris ilində fakültədən asılı olaraq bakalavr səviyyəsində 6000-8450, magistratura səviyyəsində isə 14000-19500 avro arasında dəyişir.
Təhsil haqqı
redaktəUniversitetdə tələbələrə təhsil haqqı və yaşamaq xərclərini ödəməkdə köməklik məqsədi ilə hər ay DUO qrantı verilir. Bu qrant yerli, Avropa Birliyi və Avropa İqtisadi Məkanı ölkələrini təmsil edən və əyani təhsil alan tələbələrə verilir. Əcnəbi tələbələr üçün isə universitetdə müxtəlif məbləğli Utrext Üstünlük, Sylff, Fulbrayt/NAF, NFP; Çin, Xorvatiya, İslandiya, Makedoniya, Türkiyədən olan tələbələr üçün Huyqens; indoneziyalılar üçün Stuned; çinli doktorant və tədqiqatçılar üçün CsC; ABŞ-dən olan tələbələr üçün FAFSA və FFELP və s. təqaüd proqramları mövcuddur.
Utrext Universitetində tələbəyə yataqxanalarda qalmaq üçün ayda 400-650, qida, geyim, nəqliyyat, məişət xərcləri üçün 350-450, tibbi sığortadan keçmək, müayinə üçün 40-100, kitab və digər dərs ləvazimatları üçün 65-85, ümumi xərclər üçün isə 500 avro lazım gəlir.
Reytinqi
redaktəBöyük Britaniyanın "Times Higher Education Supplement - QS World Universities Rankings" jurnalının 2009-cu ildə apardığı dünya universitetlərinin reytinqinə əsasən, Utrext Universiteti 100 ən yaxşı ali məktəb arasında York Universiteti ilə birgə 70-ci yerdə sıralanmışdır.
2010-cu ildə dünyanın ən nüfuzlu universitetləri arasında "Times Higher Education World University Rankings"in açıqlamasına görə, Utrext Universiteti 143-cü yerdə, "QS World University Rankings"in açıqlamasına əsasən isə 83-cü yerdə qərarlaşmışdır.
2003[2] | 2004[3] | 2005[4] | 2006[5] | 2007[6] | 2008[7] | 2009[8] | 2010[9] | 2011[10] | 2012[11] | 2013[12] | 2014[13] | 2015[14] |
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
40 | 39 | 41 | 40 | 42 | 47 | 52 | 50 | 48 | 53 | 52 | 57 | 56 |
Xarici əlaqələri
redaktəUtrext Şəbəkəsinin üzvüdür.[15]
Məşhur məzunları
redaktəBuranın məzunu olan məşhurlardan misal olaraq aşağıdakıların adlarını çəkmək olar:
- Maunq Maunq – Birma Dövlətinin 7-ci prezidenti;
- Els Borst – Niderland Krallığının sabiq səhiyyə naziri;
- Aqnes Yongerius – Niderland Həmkarlar İttifaqı Konfederasiyasının prezidenti;
- Piter Broertjes – Niderlandın "De Volkskrant" qəzetinin baş redaktoru;
- Vilhelm Rentgen – fizika üzrə Nobel mükafatı laureatı;
- Nikolas Blombergen – fizika üzrə Nobel mükafatı laureatı;
- Peter Debye – fizika üzrə Nobel mükafatı laureatı;
- Gerardus 't Hooft – fizika üzrə Nobel mükafatı laureatı;
- Martinus Veltman – fizika üzrə Nobel mükafatı laureatı;
- Tjallinq Çarlz Kupmans – fizika üzrə Nobel mükafatı laureatı;
- JH van 't Hoff – kimya üzrə Nobel mükafatı laureatı;
- Lavoslav Rujiçka – kimya üzrə Nobel mükafatı laureatı;
- Kistian Eykman – tibb və fiziologiya üzrə Nobel mükafatı laureatı;
- Villem Eynthoven – tibb və fiziologiya üzrə Nobel mükafatı laureatı;
- Rene Dekart – filosof, riyaziyyatçı;
- Klarens Barlou – Niderland bəstəkarı;
- Yan Yakob Lodevik ten Keyt – Niderland şairi.
Şəkilləri
redaktəHəmçinin bax
redaktəMənbə
redaktə- Lamiyə Əliyeva, Dünya universitetləri: Utrext Universiteti Arxivləşdirilib 2014-09-09 at the Wayback Machine, "Azərbaycan müəllimi" qəzeti, 01.04.2011, № 12. (az.)
İstinadlar
redaktə- ↑ "ARWU - Utrecht University". Shanghai Ranking Consultancy. 2015. 2015-04-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 26 avqust 2015.
- ↑ "Academic Ranking of World Universities 2003". 2015-04-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-08-26.
- ↑ "Academic Ranking of World Universities 2004". 2015-09-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-08-26.
- ↑ "Academic Ranking of World Universities 2005". 2015-04-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-08-26.
- ↑ "Academic Ranking of World Universities 2006". 2015-09-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-08-26.
- ↑ "Academic Ranking of World Universities 2007". 2015-04-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-08-26.
- ↑ "Academic Ranking of World Universities 2008". 2015-09-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-08-26.
- ↑ "Academic Ranking of World Universities 2009". 2015-04-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-08-26.
- ↑ "Academic Ranking of World Universities 2010". 2015-12-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-08-26.
- ↑ "Academic Ranking of World Universities 2011". 2011-08-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-08-26.
- ↑ "Academic Ranking of World Universities 2012". 2013-04-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-08-26.
- ↑ "Academic Ranking of World Universities 2013". 2019-03-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-08-26.
- ↑ "Academic Ranking of World Universities 2014". 2015-01-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-08-26.
- ↑ "Academic Ranking of World Universities 2015". 2015-10-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-08-26.
- ↑ Who are the members Arxivləşdirilib 2009-01-07 at the Wayback Machine. utrecht-network.org (ing.)
Xarici keçidlər
redaktə- uu.nl — Rəsmi saytı