Urbanizasiya (lat. urbanus — şəhər kimi) — şəhərlərin cəmiyyətin inkişafında rolunun artması prosesinin elmi adı. Urbanizasiya aşağıdakılarla xarakterizə olunur:

  • Şəhərlərin və şəhər əhalisinin çoxalması;
  • Şəhər həyat tərzinin yayılması.
13 milyon nəfər əhalisi olan Tokio şəhəri
Urbanizasiya

Müasir urbanizasiya prosesinin 3 əsas xüsusiyyəti var:

  • Şəhər əhalisinin artım sürətinin yüksək olması;
  • Əhalinin və təsərrüfatın, əsasən, böyük şəhərlərdə cəmləşməsi;
  • Şəhərlərin genişlənərək aqlomerasiyalara (meqapolis) və meqalopolislərə çevrilməsi.


Urbanizasiyaya şəhərlərdə sənayenin həcminin artması, şəhərin mədəni və siyasi funksiyalarının artması, əməyin bölgüsü strukturunu dəyişməsi şərtləri səbəb olur. Urbanizasiyanın əsas göstəricisi kənd əhalisinin şəhərlərə köçməsi, kiçik şəhərlərin böyüməsi və ətraf kənd yaşayış yerlərini öz tərkibinə qatmasıdır.

Urbanizasiya prosesində şəhərsalma texnologiyası, onun hüquqi və sosial-ekoloji tərəfləri mühüm şərtlərdən biridir. Son illərdə Bakı şəhərində xeyli çoxmərtəbəli yaşayış binalarının ucaldılması, köhnə binaların sökülməsi, şəhər ətrafındaşəxsi evlərin tikintisinin sürəti şəhərsalmanın hüquqi və sosial-ekoloji məsələlərinin aktual problem olduğunu göstərir.[1]

Urbanizasiya prosesində iri şəhərlərin qlobal ekoloji bəlalarından biri də dünya miqyasında nəqliyyat vasitələrinin sayının çoxalması ilə əlaqədardır. Daxili yanma mühərriki ilə işləyən nəqliyyat növləri havadakı oksigeni mənimsəyərək əvəzində atmosferə karbon qazı, karbon-oksid, karbohidrogenlər, azot oksidi, benzapiren, qurğuşun, kalium və s. buraxır.[2]

Urbanizasiyanın ümumi cəhətləri və oxşar qanunauyğunluqları mövcuddur. Bütövlükdə mütərəqqi proses olan urbanizasiya prosesində şəhərlərdə sənayenin konsentrasiyanın (mərkəzləşməsinin) güclənməsinə yol açılır, iqtisadiyyatın inkişafına xidmət edən yeni-yeni kadr potensialı əmələ gəlir, əhalinin sağlamlığı, mədəni səviyyəsinin yüksəlməsi və məişət şəraitinin yaxşılaşmasına imkan yaranır.Müasir urbanizasiyanın atributlarından olan təhsil, ticarət, tibbi müəssisələr. mədəni-məişət obyektləri, sənaye müəssisələri,tikinti, nəqliyyat və s. bu kimi obyektlərin iri şəhərlərdə konsentrasiyası nəticəsində insanların normal həyat şəraiti üçün genişimkanlar açılır və mütərəqqi ictimai münasibətlərin formalaşması reallaşır.[3]

İEÖ-in əksəriyyətində iri şəhərlərin ekoloji vəziyyətinin pisləşməsi nəticəsində şəhər əhalisinin bir hissəsinin şəhər ətrafına köçməsi suburbanizasiya adlanır.

İEOÖ-də kənd yerlərindən minlərlə işsiz əhalinin iri şəhərlərə, aqlomerasiyalara gəlib məskunlaşması "yalançı urbanizasiya" adlanır. Müasir dövrdə yalançı urbanizasiya ətraf mühitin dəyişməsinə təsir edən ən mühüm amillərdən biridir.

Urbanizasiyaya əks proses ruralizasiya adlanır.

Urbanizasiya aşağıdakların hesabına gedir:

  • kənd yaşayış məntəqələrinin şəhərlərə çevrilməsi ;
  • geniş şəhərətrafı zonaların yaranması;
  • kənd əhalisinin şəhərlərə köçməsi.

Urbanizasiyanın gedişinə həmçinin dövlətdə gedən siyasi proseslər də ciddi təsir edir.

Urbanizasiya prosesləri ilə geourbanistika elmi məşğul olur.

Həmçinin bax

redaktə

İstinadlar

redaktə
  1. Sakit Hüseynov. Şəhərsalmanın sosial-ekoloji və hüquqi məsələləri. Fəlsəfə. Elmi-nəzəri jurnal, Bakı, 2007, №1, s.44
  2. S.Y. Hüseynov,Əliyev B.Ə. Nəqliyyat və ətraf mühit: sosial-ekoloji və hüquqi aspektlər. “Nəqliyyat hüququ”. Elmi-nəzəri, təcrübi jurnal, Bakı, 2007, №1, s.7
  3. Sakit Hüseynov.Urbanizasiya və urboekologiyanın sosio-loji aspektləri.Şərq-Qərb: sivilizasiyaların dialoqu. Elmi-nəzəri jurnal, Bakı, 2006, №(5) 3-4, s.41.