Saleh Qazıyev
Saleh Mustafa oğlu Qazıyev (16 sentyabr 1893, Xaçmaz, Nuxa qəzası – 17 iyul 1971, Bakı) — Azərbaycan arxeoloqu, tarix elmləri namizədi.
Saleh Qazıyev | |
---|---|
Saleh Mustafa oğlu Qazıyev | |
Doğum tarixi | 16 sentyabr 1893 |
Doğum yeri | |
Vəfat tarixi | 17 iyul 1971 (77 yaşında) |
Vəfat yeri | |
Vətəndaşlığı |
Rusiya imperiyası AXC SSRİ |
İş yerləri | |
Təhsili |
Həyatı
redaktəSaleh Mustafa oğlu Qazıyev 1893-cü ildə Oğuz rayonunun Xaçmaz kəndində anadan olmuşdur. Əvvəlcə mollaxanada, sonralar kənddə açılmış "Rövzət-ül maarif" adlı məktəbdə oxumuşdur. 1928–1932-ci illərdə Bakı şəhərində Pedaqoji İnstitutda, 1935–1938-ci illərdə SSRİ Elmlər Akademiyasının Azərbaycan filialının aspiranturasında oxumuş, 1941-ci ildə dissertasiya müdafiə edərək tarix elmləri namizədi adına layiq görülmüşdür.
S.Qazıyev həyatının ilk dövrünü xalqın maariflənməsinə həsr etmiş, 1916–1922-ci illərdə Şəki qəzasının Filfilli kəndində, 1925–1928-ci illərdə Nuxa pedaqoji texnikumunda, 1928–1932-ci illərdə Bakı məktəblərində, 1932–1933-cü illərdə Ağdaş pedaqoji texnikumunda müəllimlik etmiş, direktor müavini və direktor olmuş, Nuxa və Ağdaş şəhərlərində maarif şöbəsinin müdiri vəzifəsində çalışmışdır.
O, 1934–1947-ci illərdə Azərbaycan SSR Tarix Muzeyinin elmi işçisi, 1947–1952-ci illərdə direktoru, 1952–1954-cü illərdə EA Tarix İnstitutunun arxeologiya, sonrakı illərdə isə etnoqrafiya şöbəsinin rəhbəri olmuşdur. S. Qazıyev Mingəçevir arxeoloji ekspedisiyasına (1946–1953-cü illər) başçılıq etmişdir. Sayı 20 mindən çox olan Mingəçevir abidələrinin ilk dəfə arxeoloji təsnifatını və səciyyəsini vermişdir. O 40-dan çox elmi əsərin və məqalənin müəllifidir.
Azərbaycanda arxeologiyaya aid ilk sanballı əsər olan "Azərbaycan arxeologiyası"nın müəlliflərindən biri olmuşdur. "Azərbaycan maddi mədəniyyəti" silsiləsinin 4 cildi onun redaktəsi ilə hazırlanmışdır. "Azərbaycanın qədim abidələri" (1948), "Qədim Mingəçevir" (1950) əsərləri, "Mingəçevir küp qəbirləri" (1960) albomunun müəllifidir.
Mənbə
redaktə- E. Cəfərova. Azərbaycan arxeologiyasının inkişafında Saleh Mustafa oğlu Qazıyevin rolu. Bakı: Elm, 2010.
- N. Hüseynov. Oğuzdur elim mənim. I kitab. Bakı: Nasir, 2008.