Səfiəddin Urməvi

Səfiəddin Urməvi (təq. 1216[1][2][…], Urmiya1294[3], Bağdad) – Mənşəcə Güney Azərbaycandan olan[4], Şərq aləmində istedadlı musiqiçi və mahir xəttat kimi böyük şöhrət qazanmış alim.[5]

SƏFİƏDDİN URMƏVİ
Səfiəddin Əbdülmömin ibn Yusif ibn Fahir əl Urməvi
Səfiəddin Urməvinin portreti
Səfiəddin Urməvinin portreti
Doğum tarixi təq. 1216[1][2][…]
Doğum yeri
Vəfat tarixi 1294[3]
Vəfat yeri
Milliyyəti Azərbaycan türkü
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

redaktə

Şərq dünyasının ən məşhur musiqiçi və musiqişünaslarından sayılan Səfi əd-Din Əbdülmömin ibn Yusif ibn Faxir Urməvi Urmiya şəhərində 1216-cı ildə anadan olmuşdur.

İbtidai təhsilini öz vətənində almış, musiqi savadının əlifbasını və udda çalmağı da burada öyrənmişdir. Sonradan Ərəb Xilafətinin paytaxtına, bütün Yaxın və Orta Şərqin elm və mədəniyyət mərkəzi olan əfsanəvi Bağdad şəhərinə gələrək, dəvrünün ən yaxşı universitetlərindən sayılan "Müstənsəriyyə"də təhsilini davam etdirmişdir.

O, burada fəlsəfənin, məntiqin, tibbin, riyaziyyatın, astronomiyanın və dillərin əsasları ilə tanış olur. Musiqi sənətini öyrənməkdə davam edən Səfiəddin xəttatlıqda da böyük uğur qazanır. Təsadüfi deyil ki, əvvəlcə o, musiqi sahəsində deyil, xəttat kimi şöhrət tapır və Abbasilər sülaləsinin son nümayəndəsi xəlifə əl-Müstəsimin sarayına dəvət olunur. Az vaxtda xəlifənin yaxın əhatəsinə daxil olan sənətkar bir müddətdən sonra saray kitabxanasının rəhbəri və baş xəttat təyin olunur. Kitabların üzünü köçürmək və kitabxana rəhbərliyi Səfiəddini musiqi təhsilini davam etdirməkdən yayındırmır, əksinə zəngin kitab xəzinəsində o, öz biliyini artırır, eləcə də saraydakı qəbullar zamanı ud çalması ilə hamının rəğbətini qazanır.

Onun ud çalğısı barədə bir neçə əfsanə var. Bir əfsanədə deyilir ki, qırx gün susuz qalan dəvəni arxa buraxırlar. Bu zaman təsadüfən Səfiəddin oralarda ud çalırmış. Dəvə arxa çathaçatda udun səsini eşidib ayaq saxlayır. Səfiəddin çalğısına ara verdikcə, dəvə suya doğru dartınır, o, çalğısını davam edincə, dayanır. Artıq üçüncü musiqi parçası çalınanda dəvənin gözlərindən yaş axırdı.

Danışılan başqa bir əhvalat Səfiəddinin məşhur Bağdad bağlarından birində ud çalmağı haqqındadır. O, çaldıqca bağda uçan bülbül qanad saxlayır. Yaxınlıqdakı budaqlardan birinə qonub udun bağrından qopan sehrli səslərə sanki qulaq kəsilir. Musiqi bülbülü elə təsirləndirir ki, o daha da yaxınlaşaraq oxumağa, qanadlarını musiqinin havasına uyğun çırpmağa başlayır. Bir az sonra isə bülbül qorxusuz-hürküsüz adamların arasında cəh-cəh vurmağa başlayır.

Səfiəddin özünü həm də istedadlı pedoqoq kimi tanıtmışdı. Bütün Şərq aləmində ünlü sənətçilər kimi ad çıxarmış bir çox musiqişünaslar onun şagirdləri olmuşlar. Məşhur Azərbaycan musiqişünası (XIII–XIV əsrlər) Əbdülqadir Marağayi özünün "Məqasidül-əlhan" əsərində yazırdı ki, Əbdülmömin Səfiəddin Urməvi bir çox görkəmli şəxsiyyətlərin müəllimi olmuşdur. Bunların sırasında Şəms əd-Din Söhrəvərdi, Əli Sitan, Həsən Zəfər və Hüsam əd-Din Qutluq Buğa kimi tanınmış musiqişünasların adları çəkilir.

Səfiəddin iki yeni musiqi aləti yaratmışdı — "Nüzhə" və "Müğni". Nüzhə müasir arfa (çəng) və kanona bənzəyirdi. Bu alətin 81 simi vardı. Söyüd, sərv və ya şümşaddan dördbucaq şəklində düzəldilirdi. Müğninin 33 simi vardı və xarici oxşarlıq baxımından rübaba bənzəyirdi. Sadəcə çanağı iri idi. Müğni ərik ağacından düzəldilirdi.

Bundan başqa Səfiəddin həm də istedadlı bəstəkar idi. Onun sənətinin bu cəhəti haqda da əfsanə dolaşmaqdadır. Deyirlər ki, Bağdadda Lizzəhxan adında bir müğənni yaşayırmış. O, tez-tez Səfiəddinlə görüşər, birlikdə çalıb-oxuyarmışlar. Səfiəddin ona musiqi dərsi keçərmiş. Bir gün, saray qəbullarının birində Lizzəhxan gözəl bir mahnı oxuyur. Mahnı hamıya xoş gəlir və xəlifə onun müəllifinin adını soruşur. Bəstəçinin Səfiəddin olduğunu biləndə onu qəbula dəvət edir və bütün qonaqlar sənətkarın udda çaldığı musiqilərdən feyzyab olurlar. 1258-ci ildə Çingiz xanın nəvəsi Hülakü xanın sərkərdəlik etdiyi monqol qoşunları Bağdadı tutur. Xəlifəni ailəsi ilə birlikdə edam edirlər və bununla da 600 illik ərəb xilafətinə son qoyulur. Xəlifənin yaxın adamları axtarılırdı və Səfiəddinin də adı bunların sırasında idi. Onu şəxsən tanımış tarixçilərdən Həsən Ərbələni həmin hadisələri belə təsvir edir: Səfiəddinin yaşadığı məhəllə Hülakü xanın qoşunları ilə əhatə olunmuşdu. Məhəllə camaatı, xüsusilə də Səfiəddin ölüm təhlükəsi altında idilər. Qoşun sərkərdələrindən biri otuz nəfərlik dəstə ilə Səfiəddinin yaşadığı mülkün qapısını sındırmağa başladı. Ev yiyəsi cəsarətlə döyüşçülərin qarşısına çıxaraq, onları ədəb-ərkanla evə dəvət edir. Sarayda yaxşı diplomatiya məktəbi keçmiş Səfiəddin "qonaqlar"la ümumi dil tapa bilir. Çox söz-söhbətdən sonra dəstə başçısı məhəllə camaatına toxunmadan, Səfiəddini götürüb, Hülaku xanın hüzuruna gətirir. Sənətkar udunu kökləyib, həzin bir melodiya çalır, Ziya adlı müğənni isə oxumağa başlayır. Xanın yanındakıların hamısı Səfiəddinin ustalığına və ağlına əhsən deyirlər. Hülaku xan ona öz sarayında iş təklif edir, məhəllə camaatı isə təhlükədən qurtulur.

Hülaku xanın vəziri Şəms əd-Din Cüveyni (tanınmış tarixçi Əlaəddin Cüveyninin qardaşı) Səfiəddini öz himayəsi altına alır. Oğlanları Bəhaəddinlə Şərəfəddinin tərbiyəsini ona həvalə edir. Səfiəddin onlara hərtərəfli təhsil verməyə çalışır, lakin təbii ki, musiqi dərslərinə xüsusi fikir verir. Şərafəddin təhsildəki uğurları ilə müəlliminin hüsn-rəğbətini qazanır və Urməvi Təbrizdə qələmə aldığı beş hissəlik məşhur "Risaleyi-Şərəfi" adlı musiqi risaləsini ona ithaf edir.

Cüveynilər ailəsi hökmdarın nəzərindən düşdükdən sonra Səfiəddin ömrünün son illərini yoxsulluq içində keçirir və 1294-cü ildə Bağdaddakı borclular həbsxanasında dünyasını dəyişir.

Yaradıcılığı

redaktə
 
Aid olan şəkil səfi əldın urmuy nın əlşərqiə kitabı

Səfiəddin hələ Bağdadda sarayda ikən 1252-ci ildə "Kitab-əl Ədvar" adı ilə məşhur olan musiqi risaləsini tamamlayır. Kitab ərəb dilində yazılmış və on beş fəsildən ibarət idi. Maraqlıdır ki, bu əsərdə qaldırılan musiqi nəzəriyyəsi məsələləri bu gün də aktuallığını itirməyib. Muğamlardan bəhs edən doqquzuncu fəsil çağdaş oxucunu daha çox maraqlandıra bilər. Burada ümumiyyətlə, 12 muğam dəstgahının adı çəkilir ki, bunların da çoxusu bizə məlumdur: Üşşaq, Nəva, Əbu Salik ("Busalik"), Rast, İraq, İsfahan, Zirafkənd, Buzurq, Zəngulə, Rəhavi, HüseyniHicaz. On birinci və on ikinci fəsillərdə Səfiəddin öz sevimli udunu təsvir edir. Musiqinin not yazısına həsr edilən on beşinci fəsil musiqiçi və musiqişünasların sonrakı nəsilləri üçün xüsusilə maraqlıdır.

Səfiəddinin təklif etdiyi sistem üzrə, musiqi hərfi-ədədi üsulla yazılırdı. Ərəblərə məxsus "əbcəd" sisteminin hərfləri səslərin şərti yüksəkliyini, rəqəmlər isə onların uzunluğunu bildirirdi. Misal üçün, yarımtonlardan az intervalların işarəsi kimi T, C, B və s. hərflərdən istifadə olunurdu. Ladların adı, melodiyanın quruluşu və ritmi özəl olaraq rəqəmlərlə qeydə alınırdı. Maraqlıdır ki,"müasir Qərb not sistemi yarımtonlardan kiçik intervalların yazıya alınması üçün imkan vermir və elə buna görə də muğamların, eləcə də ümumən Şərq musiqisinin bütün səs incəliklərini çatdırmaqda çətinlik törədir. Bəlkə də elə buna görə Şərqdə XIX əsrin sonlarına qədər Urməvi sistemindən geniş istifadə olunmuşdur.

Avropanın iki məşhur musiqişünası R. Erlanju və C. Fermer bir -birlərindən xəbərsiz olaraq Urməvinin bir rübai üzərindəki not yazısını müasir not yazısına köçürə bilmişlər. Yeddi yüz ildən bəri susan melodiyalar yenidən səslənmişdir.

Səfiəddin Urməvi "Kitab əl-Ədvar" risaləsinin əvvəlində yazırdı ki, əməllərinə tabe olduğu və qəlblərinin istəklərinə əməl etməkdə xoş əlamət gördüyü, ona tapşırdı ki, "nəğamə"nin tərifi, "bud" və "daur"ların nisbətləri, "iqa" və onların növləri haqqında qısa məlumat yazsın ki, bu elmə və təcrübəyə bir xeyir versin. Bu tapşırığa itaətkarlıqla əməl edərək, Urməvi hafizəsində olanları yazdı və qeyd etdi ki, "bu sənəti diqqətlə öyrənən, əvvəllər bilmədiyi və çoxsunu zamanın məhv etdiyi bir sıra şeylərə vaqif olar".

Artıq 7–8 əsrdir ki, Şərqin və Qərbin bir sıra alimləri böyük musiqişünas Səfiəddin Urməvinin "Kitab əl Ədvar", eləcə də "Şərəfiyyə" risaləsində verilən çox qiymətli, alimin özünün böyük təvazökarlıqla qeyd etdiyi "bir sıra şeylərə vaqif olurlar" və Urməvinin ölməz ənənələrini davam etdirirlər.

İngilis alimi Corc Farmerin dediyinə görə, Səfiəddindən sonra gələn bütün ərəb, fars, türk dilli müəlliflərin hamısı onun nəzəriyyəsinin davamçıları olmuşlar. Bu alimlərdən biz Məhəmməd Cürcanini, Əbdülqadir Marağaini, Qütbəddin Şirazini, Mahmud Amulini, Əbdürrəhman Camini, Zeynəlabdin Hüseynini, Kavkabi Buxarini, Dərviş Əlini, Mirzə bəyi, Mir Möhsün Nəvvabı və XX əsrdə böyük alim və bəstəkar Üzeyir Hacıbəyovu göstərə bilərik.

Urməvinin risalələri orta əsrin qaranlıqlarını yararaq, unikal elmi əsərlər kimi bu gün də yaşayır və dünyanın bir sıra şəhərlərinin kitabxanalarında qiymətli əlyazmalar kimi saxlanılır: Nyu-Yorkun, Parisin, Berlinin, Vyananın, Qahirənin, İstanbulun, Sankt-Peterburqun, Tehranın, Bakının və sair.

Məşhur Avropa alimi Rafael Georq Kizevetter Urməvini "Şərqin Zarlinosu" adlandırmışdır. Böyük ingilis alimi Çarlz Parri Səfiəddinin cədvəlini o vaxta qədər yaranmış cədvəllərin ən mükəmməli hesab edirdi. Corc Farmer isə Səfiəddini parlayan ulduzla müqayisə edib, onu "Sistemçilik məktəbinin" banisi adlandırmışdır.

Səfiəddin Urməvinin əsərləri Şərq musiqi nəzəriyyəsinin, elminin inkişafında yeni dövrdür. O, musiqi elminə "Sistemçilik" məktəbinin yaradıcısı kimi, tabulaturanın banisi kimi daxil olmuşdur. Urməvinin böyük nailiyyəti, ümumən Şərqin səs sisteminin qaydaya salınmasından ibarət idi. Onun sisteminin əsasını təşkil edən on yeddi pilləli qamma əl Kindinin 12 tonlu xromatik qammasından, həm də əl Fərabinin 22 tonlu qammasından fərqlənir. O, Şərq musiqisinin 12 muğam dairəsinin və 6 avazının səs qatarını diatonik qammanın çərçivəsində vermişdir.

Urməvi "Əbcəd notuyla" musiqinin ən qədim melodiyalarını risalələrində yazıb yaşada bilmişdir. Ondan sonra gələn alimlər, ta XVI əsrə qədər bu not yazı sistemindən geniş istifadə etmişlər. Urməvi həm də "Muğni" və "Nüzhə" kimi musiqi alətlərinin ixtiraçısı və udun mahir ifaçısı olmuşdur. Onun ecazkar ifası və həmçinin xəttatlıq, nəqqaşlıq bacarığı və məharəti haqqında Şərqdə müxtəlif rəvayətlər gəzirdi.

Yeddi əsr sonra, yəni XX əsrin ortalarında Üzeyir Hacıbəyov özünün "Azərbaycan xalq musiqisinin əsasları" kitabında yazırdı: "Yaxın Şərq xalqları musiqisinin nəzəri və əməli inkişafı tarixində başlıca yeri dunyada məşhur olan iki nəfər Azərbaycan alimi, nəzəriyyəçi, musiqişünas tutur: Səfiəddin Ədbülmömin ibn Yusif əl Urməvi (XIII əsr) və Əbdülqadir Marağai (XIV əsr)".

Ü. Hacıbəyov öz əsəri üzərində işlərkən böyük miqdarda kitablar arasında məhz "Kitab əl-Ədvar"ın xüsusi əhəmiyyət kəsb etdiyini anlayaraq, onun foto surətini Nurosmaniyə kitabxanasından gətirdib bu əsəri araşdırmışdır. Hacıbəyovun yazdığı "Azərbaycan xalq musiqisinin əsasları" əsəri onda qaldırılan və həll edilən məsələlərə, həm də quruluşuna, üslubuna görə "Kitab əl-Ədvara" çox yaxındır. Xüsusilə də lad sistemi nəzəriyyəsində "Kitab əl-Ədvar"ın ona təsiri böyükdür. Bu əsər Urməvinin risaləsinin elmi müddəalarını müasir Azərbaycan musiqi elminin tələblərinə cavab verən səviyyədə davam etdirmişdir. Ona görə də "Azərbaycan xalq musiqisinin əsasları"nı yeni dövrün risaləsi adlandırmaq olar.

Ümumiyyətlə, bu elmi əsərləri tədqiq və təhlil etdikcə onlar arasında oxşarlıqların, ümumiliklərin çox olduğunu görürsən. Deməli, XX əsrdə Azərbaycanda Səfiəddin Urməvinin ənənələri yaşayırdı və onun bu sahədə xələfi, davamçısı Üzeyir Hacıbəyov olmuşdur. O, əsərinin "Tarixi məlumat" hissəsində yazırdı: "Yaxın Şərq xalqlarının musiqi mədəniyyəti XIV əsrə doğru özünün yüksək səviyyəsinə çatmış və on iki sütunlu, altı bürclü "bina" (dəstgah) şəklində iftixarla ucalmış və onun zirvəsindən dünyanın bütün dörd tərəfi: Əndəlisdən Çinə və Orta Afrikadan Qafqaza qədər geniş bir mənzərə görünmüşdür… Musiqi binasının möhkəm təməlini təşkil edən 12 sütun 12 əsas muğamı və 6 bürc isə 6 avazatı təmsil edirdi".

Hacıbəyova görə Azərbaycan xalqının musiqi sənəti də çox mütənasib və ciddi bir sistemə əsaslanır. Azərbaycan xalq musiqisinin bütün elmi nəzəri məsələləri də öz əsasını bu sistemdən alır. Hacıbəyov XX əsrdə nəinki xalq musiqimizin əsaslarını müəyyən etmiş, onun ciddi qanunlara tabe olduğunu göstərmiş, həm də Şərqdə ilk muğam operası "Leyli və Məcnun"un yaradıcısı olmuşdur. Hal-hazırda Azərbaycanda elə musiqi janrı və musiqi forması tapmaq çətindir ki, bu və ya digər şəkildə musiqimizin klassiki Üzeyir Hacıbəyovun adıyla bağlı olmasın. Onun yaradıcılığına böyük qiymət verən ulu öndər Heydər Əliyev 1995-ci ildə çox önəmli bir fərman imzalamışdır. Bu fərmana görə Üzeyir Hacıbəyovun doğum günü 18 sentyabr Azərbaycanda "Musiqi günü" kimi bayram edilir.

Hər iki əsərin – "Kitab əl-Ədvar" və "Azərbaycan xalq musiqisinin əsasları"nın birinci fəsli səsə, onun əsas xüsusiyyətlərinə həsr edilir. Qeyd edək ki, Urməvinin elə "Şərəfiyyə" risaləsinin də ilk fəsli səsə həsr edilmişdir. Alim "Kitab əl-Ədvar"da "Nəğamə" terminini səs və ton mənasında işlədərək onun müəyyən vaxt ərzində hansısa zillik və bəmlik səviyyəsində davam edən səs olduğunu və ona təbii meyl duyulduğunu göstərmişdir. Hər tonun zillik və bəmlik cəhətdən öz nəzirəsi, ekvivalenti vardır. Urməvi göstərirdi ki, "nəğamə"ni yalnız başqasıyla müqayisə etdikdə onun yüksəkliyi və aşağı olması barədə danışmaq olar. Həm də zil və bəm səslərin səbəblərini alim gərilmiş və ya gərilməmiş uzun, yoğun və ya qısa, nazik simlərlə bağlayırdı4. Urməvi səsin musiqi və fiziki xüsusiyyətlərini şərh etmiş və bu barədə daha geniş "Şərəfiyyə" risaləsində danışmışdır.

Hacıbəyov isə kitabının "Səs sistemi" hissəsində yazırdı ki, musiqişünasların rəyinə görə "Şərq musiqisində ("Azərbaycan musiqisi də buraya daxildir) bütöv və yarım tondan başqa 1/3 və 1/4 ton da vardır, lakin o, qeyd edirdi ki, bu iddia ən kiçik intervalı yarım ton olan Azərbaycan xalq musiqisinə aid ola bilməz. Avropa musiqisində olduğu kimi, Azərbaycan musiqisində də oktava 7 diatonik və 12 xromatik pərdədən ibarətdir. Fərq ancaq temperasiya məsələsindədir ki, o da bir komma qədərdir.

İstedadlı alim, həm də mahir ud çalan Səfiəddin Urməvi "Kitab əl-Ədvar" əsərinin çox əhəmiyyətli ikinci fəslində oxucuları ud alətinin pərdələri ilə, dövrün terminologiyası ilə desək, udun siminin "dəstan"lara bölünməsi ilə tanış edir. Bu fəsildə alim Şərq tonlar sisteminin əsas səs qatarı olan on yeddi pərdəli qammasını oxuculara təqdim edir. Urməvi onun ekvivalentliyini (nəzir) göstərir və yazır ki, bu qammanı o biri oktavalarda da, digər yüksəklikdə eynilə səsləndirmək mümkündür. (Biz onun qammasını nota köçürərək sent ölçüləriylə təqdim edirik).

Ünlü türk musiqiçisi Şükrulla Əhmədoğlu XV əsrdə onun "Kitab əl-ədvar" əsərini türk dilinə çevirmişdir. Sonra bu kitab fransız dilinə də çevrilmişdir. Səfiəddin Urməvinin yaradıcılığı Azərbaycandakı tədqiqatçılarından Ə. Bədəlbəylinin, A. Beqdelinin, T. Bünyadovun və b. adlarını çəkmək olar.

Həmçinin bax

redaktə

İstinadlar

redaktə
  1. 1 2 http://www.academia.edu/8447879/Arabian_and_Turkish_tuning_systems.
  2. 1 2 http://www.setar.info/index.php?limitstart=6&.
  3. 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  4. Bosworth, C.E., redaktorṢanʻaʼ - Ṣawtiyya (New). Leiden [u.a.]: Brill [u.a.] 1995. səh. 805. ISBN 978-9004098343. He may have been of Persian descent (Kutb al-Din Shirazi [q.v.] calls him afdal-i Iran)
  5. "Azərbaycan diasporunun görkəmli simaları". 2013-05-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-08-31.

Mənbə

redaktə

Xarici keçidlər

redaktə